Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3269/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla (Açar sözlər: “ölüm faktının müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X2 10 avqust 1995-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum bacısı X7 xx.xx.1995-ci ildə anadan olmuşdur. (doğum haqqında şəhadətnamə alınmışdır). O, 6 ay sonra xəstəlikdən xx.xx.1995-ci ildə evdə vəfat etmişdir. Onun vəfatından sonra ölüm haqqında şəhadətnamə alınmamışdır. Körpə olduğuna görə onun üçün hər hansısa baş daşı qoyulmamışdır, üzərindən 30 ilə yaxın bir vaxt keçmişdir, artıq qəbir yerində də digər işlər görülmüşdür. Onlar heç düşünməzdilər ki, onlara nə vaxtsa Günelin ölüm sənədi lazım olacaqdır. Hazırda atası X10 xx.xx.2024-cü il də vəfat etmişdir. Ondan, yəni Əliyev Vidadidən ünvan 1 ünvanında yerləşən əmlak miras qalmışdır. Onun vərəsəlik işi ilə əlaqədar olaraq qohumluq əlaqələrinin təsdiq edilməsi və bacısı Günel üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti vardır. Hazırda ölüm haqqında şəhadətnamənin alınması və təqdim edilməsi mümkün deyildir. Vərəsəlik işi Bakı şəhəri 52 saylı notariat ofisində açılmışdır. Qeydiyyatda olduğu Nizami rayonu üzrə qeydiyyat şöbəsinə müraciət etmişdir, müraciəti təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, məhkəməyə müraciət edilməsi tövsiyyə edilir. Miras qalmış əmlakın sənədləşdirilməsi üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti vardır. Ölüm haqqında şəhadətnaməni başqa formada ala bilmədikləri üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 10 fevral 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuş X2 10 avqust 1995-ci il tarixdə 26 iyun 2024-cü il tarixdə Ordubad şəhərində vəfat etməsi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili və nümayəndəsi X8 ərizənin məzmununa uyğun izahat verərək, 10 fevral 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuş X2 10 avqust 1995-ci il tarixdə 26 iyun 2024-cü il tarixdə Ordubad şəhərində vəfat etməsi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, Ərizəçi nənəsidir. Uşaq 6 aylıq idi, qəflətən rəhmətə getdi. Qızının qızı idi. Onu çağırdılar, getdi gördü ki, uşaq rəhmətə gedib. Ordubadda dağın ətəyində dəfn edilib. Həmin yeri də traktorla şumlayıblar. İndi orada əsgərlər var.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, 6 aylıq uşaq onun qızı idi. Bir gecə qızdırması oldu. Dərman filan verdi. Səhərə yaxın uşaq rəhmətə getdi. Rayon yeri idi, gecə ilə həkim də tapılmırdı. Müharibə dövrü idi. Ordubad şəhərində dağ ətəyi yer var, 1 yaşı tamam olmayan rəhmətə gedən uşaqları orada dəfn edirdilər. Onlar da uşağı orada dəfn ediblər. Amma ora getməyə icazə yox idi.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, onlarla qonşudurlar. Onun həmin vaxt 15 yaşı var idi. Uşaq 6 aylıq idi, rəhmətə getdi. 1 gün qızdırması oldu, sonra rəhmətə getdi. O vaxt körpə uşaqları qəbiristanlıqda dəfn etmirdilər. Dağın ətəyində yer var idi, orada dəfn edirdilər. İndi orada əsgərlər var.
İş materialları:
8. Maraqlı şəxs 12 sentyabr 2024-cü il tarixli 3-16-5/8-2156-15/24 nömrəli cavab məktubundan görünür ki, ərizəçinin ərizəsinə baxılmış və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X2 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
9. XİX-ЖГ seriyalı, 362176 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 04 avqust 1996-cı ildə Ordubad şəhərində anadan olmuşdur. Ata qrafasında X10, ana qrafasında X6 qeyd edilmişdir.
10. XVİİ-ЖГ seriyalı, 453675 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 fevral 1995-ci ildə Ordubad şəhərində anadan olmuşdur. Ata qrafasında X10, ana qrafasında X6 qeyd edilmişdir.
İşin faktiki halları:
11. Məhkəmə iclasında müəyyən olundu ki, X7 10 fevral 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. X7 10 avqust 1995-ci il tarixdə vəfat etmiş Ordubad şəhərində dəfn olunmuşdur. Ərizəçinin müraciəti Maraqlı şəxs tərəfindən araşdırılmış və izah edilmişdir ki, ərizəçi X2 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:
1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə ərizəçinin, onun vəkili və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini nəzərə alıb və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
15. Göründüyü kimi X2 10 avqust 1995-ci il tarixdə Ordubad şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.
Məhkəmə baxışının hədləri:
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:
9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
Məhkəmə xərcləri:
18. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi dövlət rüsumu ödəməkdən azad edildiyindən məhkəmə xərclərinə aid olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.
Nəticə:
19. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 10 fevral 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuş X2 10 avqust 1995-ci il tarixdə Ordubad şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
Ərizə təmin olunsun. 10 fevral 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuş X2 10 avqust 1995-ci il tarixdə Ordubad şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova