Məhkəmə qərarları › İş №2(007)-3339/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3339/2025

27.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3339/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs 6 saylı Bakı "Asan Xidmət" Mərkəzində Qeydiyyat şöbəsinə qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ölüm faktının müəyyən edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı "Asan Xidmət" Mərkəzində Qeydiyyat şöbəsinə qarşı "ölüm faktının müəyyən edilməsi" haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:

1. Ərizəçi maraqlı şəxs 6 saylı Bakı "Asan Xidmət" Mərkəzində Qeydiyyat şöbəsinə qarşı "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ərizəni təmin edib, xx.xx.1944-cü il təvəllüdlü İlkham Shakhbazovun xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, məhrum llkham Shakhbazov onun əridir. O, xx.xx.1944-cü ildə doğulub. ünvan 1 ünvanında yerləşən mənzildə olduqları vaxt ərinin vəziyyəti pisləşib. O, dərhal Təcili Yardıma məlumat verib, lakin həkimlər gələnə kimi əri keçinib. Əri llkham Shakhbazovu Tərtər rayon Heydər Əliyev prospektində yerləşən qəbirsanlığında dəfn ediblər. Bu barədə “Ölüm haqqında xəbərdarlıq vəsiqəsi” verilib. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə ərinin ölüm şəhadətnaməsinin alınması ilə müraciət edib, lakin müvafiq orqan ölüm faktım təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmayıb. Bu səbəbdən ölün faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyini məsləhət görüblər. Əri llkham Shakhbazovun ölümünü təsdiq edən şəhadətnamə olmadığından vərəsəlik işləri və digər sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət edir.

İş materialları:

3. 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlandırılmış 3-16-5/8-9xx-xx/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1., 8.2. və 8.3-cü bəndlərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır.Ölüm haqqında məlumat tibb müəssiəesi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü ış günü ərzində dövlət qeydiyyatına alır.” Həmin Qaydanın 8.5-ci bəndində isə göstərilir ki, “Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır." Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə tərəflərindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında ərizənin ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanımız xaricindədir.

4. Təcili və X5 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadasının tərkibi xx.xx.2025-ci il saat 19:03-də, çağırış əsasında ünvan 3 ünvanına gəlmiş, X2 həkiməqədər ölüm halı müəyyən edilmişdir.

5. İV-ЖГ seriyalı, 350740 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 nikahı xx.xx.1980-ci ildə bağlanmış və bu barədə akt qeydləri kitabında 128 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şahbazov, arvada Şahbazova soyadı verilmişdir.

6. Tərtər Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 148 saylı arayışından görünür ki, X1 mərhum həyat yoldaşı X7 14 avqust 2025-ci il tarixdə rəhmətə gedib və Tərlər rayon Heydər Əliyev prospektində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur.

7. Məhkəməyə İlkham Shakhbazovun məzar daşını əks etidirən fotoşəkili təqdim edilmişdir.

Tərəflərin izahatları və şahid ifadələri:

8. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs 6 saylı Bakı "Asan Xidməti" Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmiş və məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, ərizçi onun qonşusudur, mərhum isə ərizəçinin əridir. Mərhum yaşlı və xəstə idi, o, xx.xx.2025-ci ildə vəfat edib. Mərhum Tərtər rayonunda dəfn edilib. Mərhumun öldüyünü təsdiq edir.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstəridi ki, ərizəçi onun bacısı, mərhum isə kürəkənidir. Mərhum xx.xx.2025-ci ildə Bəhruz Nuriyev küçəsi, ev 40 ünvanında, böyrək çatışmazlığından vəfat edib. Mərhumun öldüyünü təsdiq edir. Mərhum Tərtər rayonunda dəfn olunub. O, yas mərasimində iştirak edib.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

13. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

15. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

17. Belə ki, Ərizəçinun əri, 15 sentyabr 1944-cü ildə Azərbaycan Respublikasında anadan olmuş İlkham Shakhbazov 13 avqust 2025-ci ildə Bakı şəhərində vəfat etmiş və Tərlər rayon Heydər Əliyev prospektində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. X6 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İlkham Shakhbazovun ölməsi faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz. Məhkəmə qeyd edir ki, 15 sentyabr 1944cü il təvəllüdlü İlkham Shakhbazovnun 13 avqust 2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Həmin fakt iş materialları, ərizəçinin izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır.

18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə, isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır.

19. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun ərinin ölüm faktı müəyyən olunmalıdır.

Nəticə:

20. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli, 15 sentyabr 1944-cü ildə Azərbaycan Respublikasında anadan olmuş İlkham Shakhbazovun 13 avqust 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

21. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 15 sentyabr 1944-cü ildə Azərbaycan Respublikasında anadan olmuş İlkham Shakhbazovun 13 avqust 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar