Məhkəmə qərarları › İş №2(007)-35/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-35/2025

13.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-35/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Tağı oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin paylara uyğun naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçı olaraq o, İddiaçı və Cavabdeh paylı mülkiyyətindədir. Mübahisəli mənzil olan ünvan 2 ünvanda yerləşən mənzil xx.xx.2016-cı il tarixdə adına paylı mülkiyyət hüququ tanınmışdır. İstifadəsində olan hissəsinin ümumi sahəsi 1 otaq olmaqla 16.6 kv.m-dir və həmin hissə onun paylı mülkiyyətindədir. Mübahisəli mənzil olan ünvan 1 ünvanda yerləşən mənzilin digər paylı mülkiyyətçisi isə Cavabdeh mülkiyyətindədir. Digər paylı mülkiyyətçi Cavabdeh ilə onun mənzilinin giriş çıxış qapıları ayrılmışdır və hətta hər birinin ayrıca giriş qapısı vardır və həmin qapılar onların mənzilləri tam ayırmışdır. Digər paylı mülkiyyətçi onun doğma nənəsidir. Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən ona verilmiş Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 88.8 kv.m olan mənzilin 16.6 kv.m sahəsi onun paylı mülkiyyətindədir. Ümumi paylı mülkiyyətində olan evdən onun payının naturada ayrılmasını arzu edir. Lakin cavabdeh olan Cavabdeh ilə aralarında mübahisə olduğu üçün razılıq əldə etmək mümkün deyildir. Ona görə də ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə payının naturada ayrılmasını və istifadəsində olan həmin hissənin adına rəsmiləşdirmək istəyir. Ona görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən, ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən mənzildə iddiaçı olaraq o, İddiaçı mülkiyyətində olan 1 otaq olmaqla ümumi sahəsi 16.6 kv.m hissəsinin payına uyğun olaraq naturada ayrılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil MPM-in 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 29, mənzil 3 ünvanda yerləşən mənzilin paylarına uyğun olaraq naturada ayrılmasına və ya mənzilin açıq hərracdan satışa çıxarılması, mənzilin satışından əldə edilmiş məbləğin paylara uyğun olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və mübahisə predmeti olan mənzilin açıq hərracdan satılaraq əldə edilmiş pul vəsaitinin tərəflərin paylarına uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun bu mənzili satmaq fikri qətiyyən yoxdur. O, bu evdə halhazırda da yaşayır. O, əvvəl iddiaçıya təklif etmişdir ki, evi bölsünlər, lakin onlar özləri razı olmamışdır. Bu təklifi edən zaman onun imkanı olmuşdur, lakin hazırda belə imkanı yoxdur. Evin hərracda satılmasına qəti narazıdır. O, ailəsi ilə birlikdə həmin evdə yaşayır. İddiaçı onun qaynının oğludur və 5-6 ildir ki, orada yaşamır. O, qapını bağlamış və çıxıb getmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan halda, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 88.8 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 29, mənzil 3 ünvanında yerləşən mənzilinin 3 otaq (y/s-46.8 kv.m) hissəsi Cavabdeh adına xx.xx.2013-cü il tarixdə, 1 otaq (y/s-16.6 kv.m) hissəsi İddiaçı adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır; - xx.xx.2023-cü il pretenziyadan (təklif) görünür ki, İddiaçı Cavabdeh paylı mülkiyyətlərində olan əmlakın naturada ayrılması ilə bağlı razılığa gəlməsi məqsədi ilə məktub ünvanlamış və bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən, 100 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/4504 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 29, 3 saylı mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. -“X2” MMC-nin LBC-23/2024 saylı, xx.xx.2024-cü il tarixli əmlakın qiymətlərindirilməsi rəyindən görünür ki, İddiaçı və Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 29 ünvanında yerləşən 3 saylı mənzilin bazar dəyəri 230000 manat, likvid dəyəri 215000 manat müəyyən edilmiş, qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri 300 manatdır. Məhkəmə iclasında müəyyən edildi ki, ümumi sahəsi 88.8 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 29, mənzil 3 ünvanında yerləşən mənzilinin 3 otaq (y/s-46.8 kv.m) hissəsi Cavabdeh adına xx.xx.2013-cü il tarixdə, 1 otaq (y/s-16.6 kv.m) hissəsi İddiaçı adına xx.xx.2016-cı il tarixdə, qeydiyyata alınmışdır. İddiaçı cavabdehə mənzilin paylarına uyğun olaraq naturada bölünməsi ilə bağlı müraciət etsə də, tərəflər arasında razılıq əldə edilməmişdir. Cavabdeh iddiaçının bununla bağlı ərizəsinə cavab verməmişdir. Məhkəmənin qərardadı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/4504 saylı rəyi ilə ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 29, 3 saylı mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq sonuncu tələbində mənzilin naturada paylara mütənasib olaraq bölünməsi, bu mümkün olmadıqda isə açıq hərracda satılaraq dəyərinin paylarına mütənasib şəkkildə bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 29 saylı evin, 3 saylı mənzilin naturada bölünməsinin məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/4504 saylı rəyi ilə texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Mübahisə predmeti olan mənzilin 3 otaq (y/s-46.8 kv.m) hissəsinin mülkiyyətçisi olan Cavabdeh ilə mənzilin digər mülkiyyətçisi olan İddiaçı arasında ümumi mənzildəki payların iddiaçıya satılması, naturada bölünməsi və ya mənzilin açıq hərracda satılıb dəyərinin paylara uyğun ödənilməsinin şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçilərindən İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı, həmçinin cavabdeh ona məxsus payın iddiaçıya satılmasına razı olmadığı üçün məhkəmə hesab edir ki, həmin əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Hazırkı halda məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli 10/4504 saylı rəyi əsaslıdır, işin faktiki halları ilə uyğun gəldiyindən yekun qərar qəbul edilərkən həmin ekspert rəyi əsas götürülməlidir. Məhkəmə bununla bağlı qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara iddiaçı tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Bununla da, müəyyən edildi ki, İddiaçı mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli imkanı itirildikdən sonra məhkəməyə müraciət etmişdir. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə bağlı ekspert rəyi də verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir. İş materiallarından görünür ki, əmlakın qiymətləndirilməsi prosesi zamanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 29 saylı evin, 3 saylı mənzilin hazırkı bazar dəyəri 230000 manat, likvid dəyəri 215000 manat müəyyən edilmişdir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 29 saylı evin, 3 saylı mənzili hərraca çıxarıldıqda, ilkin satış qiyməti 215000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 29, mənzil 3 ünvanında yerləşən mənzili 215000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, əldə olunan pul vəsaitinin paylarına uyğun olaraq 3 otaq- y/s 46.8 kv.m hissəsi Cavabdeh, 1 otaq – y/s 16.6 kv.m hissəsi İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməli, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq “X2” MMC-nin hesabına (VÖEN **********, Bankın VEÖN-ü **********, "xxxx" ASC, Kod 505141, hesab AZ77PAHA40060AZNHC**********, SWİFT kod: PAHAAZ22, müxbir hesab nömərəsi: AZ82NABZ********************) ödənilməli, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat məbləğində pul Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 29, mənzil 3 ünvanında yerləşən mənzil 215000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaiti paylarına uyğun olaraq 3 otaq- y/s 46.8 kv.m hissəsi Cavabdeh, 1 otaq – y/s 16.6 kv.m hissəsi İddiaçı verilsin. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq “X2” MMC-nin hesabına (VÖEN **********, Bankın VEÖN-ü **********, "xxxx" ASC, Kod 505141, hesab AZ77PAHA40060AZNHC**********, SWİFT kod: PAHAAZ22, müxbir hesab nömərəsi: AZ82NABZ********************) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat məbləğində pul Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar