Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3597/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə və dəqiqləşdirilmiş ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X2 04 iyul 2021-ci il tarixdə Bakı şəhərində ölüməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum bacısı X3 04 iyul 2021-ci il tarixdə vəfat etmiş və onu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəbristanlığında dəfn etmişlər. Hal-hazırda onun qəbri Buzovna qəbristanlığında yerləşir. Bacısı ünvan 1 ünvanda onun doğma bacısı 04 iyul 2021-ci il tarixdə gecə vaxtı qəflətən vəfat etmişdir. Həmin vaxt bacısının səhhətinin son dərəcə pisləşdiyini görəndə onlar təcili və təxirəsalınmaz tibbi yardım briqadasını dəvət etmiş, həkim briqadası gəlib çatanadək bacısı vəfat etmişdi. Həkimlər ölüm haqqında xəbərdarlıq vərəqəsi yazıb, orada həkimə qədər ölüm baş verdiyini qeyd etmişdilər. Bacısının ölüm haqqında şəhadətnaməsini almaq üçün Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Həmin şöbədə ölüm haqqında tibbi şəhadətnaməsini təqdim edə bilmədiyindən bacısının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan iddia ərizəsini baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında X5 şahid qismində ifadə verərək göstərmişdir ki, bacısının 76 yaşı var idi və 04 iyul 2021-ci il tarixdə gecə vaxtı qəflətən öz evində qardaşı və onun yanında vəfat etmişdir. Bacılarını Buzovna qəbristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi göndərilmiş 09 iyul 2021-ci il tarixli məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən, ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli arayışdan görünür ki, X3 05 iyul 2021-ci il tarixində Xəzər rayonu, Buzovna qəbristanlığında dəfn olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili və X1 8 saylı bölmənin təcili tibbi yardım briqadasının 04 iyul 2021-ci il tarixli ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, vətəndaş X3 Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 18/7, mənzil 116 ünvanında ölmüşdür. Bioloji ölüm təsdiq olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi bacısı X3 04 iyul 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi bacısının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi bacısı X2 04 iyul 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ərizə ölüm haqqında şəhadətnamənin verilməsi hissədə təmin edilməməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X2 04 iyul 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3597/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3597/2021
13.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver