Məhkəmə qərarları › İş №2(007)-3631/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3631/2024

07.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3631/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla mülki iş üzrə (Açar sözlər: “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediator X1 tərəfindən keçirilmiş mediasiya sessiyasında Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 24 oktyabr 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 2 övladları var. X8 xx.xx.2017-ci ildə və X6 xx.xx.2020-ci ildə anadan olmuşlar. Onlar arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixli qətnaməyə əsasən məhkəmə qaydasında pozulmuşdur. Mediasiya Təşkilatına aliment və uşaqların atanın razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına icazənin verilməsi tələbinə dair müraciət etmiş və həmin tələblərlə bağlı mediasiya qaydasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən növbəti ayın 20-dən 30-na kimi hər uşağa görə 235 manat olmaqla, ümumilikdə hər ya 470 manat məbləğində alimenti ödəməyi, Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək ölkə hüdudlarından kənara çıxma məqsədi ilə, uşaqlara xarici pasportun alınması üçün ona 10 gün müddətində rəsmi qaydada razılıq ərizələri verəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Lakin sazişdəki öhdəliklərini icra etmir. Bu səbəbdən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli oldu. Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Maraqlı şəxs ərizəni etiraf etməyərək bildirdi ki, o, öhdəliyin icrasından yayınmır, öhdəliyin icra olunma müddətinə hələ var. Vaxtı çatanda barışıq sazşinə uyğun icra edəcək. Məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi.

İş materialları:

5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2015-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X4 anası Ərizəçi himayəsində saxlanılması qət edilmişdir.

6. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır.

7. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024- 02304 nömrəli barışıq sazişində “Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər: Birinci tərəf: Ərizəçi İkinci tərəf: (sabiq həyat yoldaşı) Maraqlı şəxs ilə birgə nikadan dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X8 və faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəf: Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər növbəti ayın 20dən 30-na kimi hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində aliment ödəyəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus bank hesabına (kartına) ödəniləcəyi ilə razıdır. .... Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2017-ci il təvəllüdlü X8 və faktiki nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X6 ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək ölkə hüdudlarından kənara çıxması məqsədi ilə, uşaqlara xarici pasportun alınması (anaları ilə xarici səfərlər etməsi) üçün Maraqlı şəxs ona 10 gün müddətində (ASAN xidmət mərkəzində, Notariat və DİN orqanında) rəsmi qaydada razılıq ərizələri verəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır.”

İşin faktiki halları:

8. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02304 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs öhdəsinə götürmüşdür ki, xx.xx.2024-cü il tarixdən etibarən ona hər növbəti ayın 20-dən 30-na kimi hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində aliment ödəyəcək, birgə nikahdan olan övladları xx.xx.2017-ci il təvəllüdlü X4 və faktiki nikahdan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək ölkə hüdudlarından kənara çıxmaları məqsədi ilə xarici pasportun alınması (anaları ilə xarici səfərlər etməsi) üçün 10 gün müddətində rəsmi qaydada razılıq ərizələri verəcəkdir.

9. Ərizəçi Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmədiyini əsas gətirərək xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda. 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

11. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun:

34.1-ci bəndinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmənin mövqeyi:

12. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir.

13. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, lakin maraqlı şəxsin barışıq sazişini icra etməməsi təsdiq edilmir. Belə ki, barışıq sazişinin icra müddəti sazişdə xüsusi ilə qeyd olunub. Alimentin ödənilməsi üçün tarix xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, azyaşlıların ölkədən anaları ilə birlikdə getməsinə razılıq ərizələrinin verilməsi üçün icra müddəti xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. Beləliklə, barışıq sazişində tərəflər öhdəliyin icrası üçün konkret müddət müəyyən etmişlər. Ona görə tərəflərin müəyyən etdiyi icra müddəti keçmədiyindən məcburi şəkildə təsdiq edilməsinə zərurət qalmır və barışıq sazişinin təsdiq olunmasından imtina olunmalıdır.

14. Məhkəmə bildirir ki, hazırki halda barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi gələcəkdə ərizəçinin bununla bağlı müraciət etmək hüququndan məhrum etmir.

Məhkəmə baxışının hədləri:

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Məhkəmə xərcləri:

17. Ərizə təmin edilmədiyindən məhkəmə xərcləri ərizəçinin özünə aid edilsin.

Nəticə:

18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02304 nömrəli Barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir.

19. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi: Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024- 02304 nömrəli Barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Məhkəmə xərcləri ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar