Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3747/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci ildə Bakı şəhərində vəfat etmiş xx.xx.1965-ci il təvəllüdlü mərhum həyat yoldaşı X2 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Mərhum həyat yoldaşı xx.xx.1965-ci il təvəllüdlü X4 xx.xx.2021-ci ildə vəfat etmişdir. Həmin dəqiqə növbətçi həkimi çağırmışlar və həkim gələnəcən mərhum həyat yoldaşı X4 artıq keçinmişdir. Növbətçi həkim bunun əsasında onun ölməsi barədə arayış vermişdir. İddiaçı hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olduğu üçün həmin ölüm haqqında arayışı Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsində ölüm haqqında şəhadətnamə verilməsi üçün təqdim etmişdir, lakin ölüm kağızı verməkdən imtina etmişlər. Mərhum həyat yoldaşı xx.xx.1965-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında vəfat etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, həmin vaxt 2 dəfə təcili tibbi yardım çağırıb, birinci dəfə həkim can verdiyini deyib, ikinci dəfə 1 saatdan sonra təcili tibbi yardımı təkrarən çağırmış və həkim həyat yoldaşının rəhmətə getdiyini bildirmişdir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan iddia ərizəsini baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında X3 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçinin oğlu Ruslan ilə onun qızı eyni məktəbdə, eyni sinifdə oxumuşlar. Aralarında gediş-gəliş olmuşdur. O, ərizəçini tanısa da, onun həyat yoldaşının adını bilmirdi. Həmin gün ərizəçi ona zəng edərək, Ruslanın atasının vəziyyətinin yaxşı olmadığını bildirmiş, lakin ərizəçi özü anasıgildə olduğu üçün ondan evlərinə gedib həyat yoldaşının vəziyyətinin necə olduğu haqqında ona məlumat verilməsini istəmişdir. O, ərizəçinin yaşadığı ünvana getmiş, mərhumun otaqda uzandığını, vəziyyətinin yaxşı olmadığını, içəridən xırıltı gəldiyini eşitmiş və bu barədə ərizəçinin özünə xəbər vermişdir. O, mərhumun vəfat etdiyi tarixi tam xatırlamadığını, lakin havanın isti olduğunu bildirdi. Ərizəçinin özünə xəbər verdikdən sonra o, özünün gələcəyini bildirdi. Daha sonra mərhumun vəfat etdiyini ərizəçidən öyrəndi. Yaxında yaşasalar da, üzrlü səbəblərdən dəfndə iştirak edə bilməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi göndərilmiş 06 avqust 2021-ci il tarixli məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən, ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Bakı şəhəri Sabunçu rayonu, Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli 739 saylı arayışdan görünür ki, X4 həqiqətən də xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Maştağa qəsəbəsindəki “Pirşəhid” qəbristanlığında dəfn olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili və X1 6 saylı bölmənin təcili tibbi yardım briqadasının 26 iyul 2021-ci il tarixli ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, vətəndaş X4 ünvan 1 ünvanında ölmüşdür. Bioloji ölüm təsdiq olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi həyat yoldaşı X4 26 iyul 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi həyat yoldaşının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi həyat yoldaşı X2 26 iyul 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 26 iyul 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3747/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3747/2021
30.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver