Məhkəmə qərarları › İş №2(007)-387/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-387/2023

30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-387/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 29 iyul 1969-cu il təvəllüdlü X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X6 xx.xx.2022-ci il tarixdə, saat 19:20 radələrində ünvan 1 ünvanında qəfildən ürək tutması nəticəsində ölmüşdür. Həmin vaxt evdə qəfildən ürəyini tutub yıxıldığını görən kimi təcili tibbi yardım çağırmış və ona ilkin yardım göstərməyə çalışmışdır. Lakin ilkin yardım göstərməyə çalışsa da onun nəbzinin vurmadığını müşahidə etmişdir. Daha sonra hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri həyat yoldaşı X3 ölüm faktını təsdiq etmişlər. Hal-hazırda həyat yoldaşı X3 ölüm faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, xx.xx.2022-ci il il tarixdə həyat yoldaşı X3 ölümünün qeydə alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmişdi. Lakin Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən cavab olaraq ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda, X3 ölüm faktını təsdiq edən sənəd təqdim edə bilmədiklərindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Göstərilənlərə əsasən hesab edir ki, faktı təsdiq edən həkim şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən həyat yoldaşı X3 ölüm faktı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək 29 iyul 1969-cu il təvəllüdlü X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 izahatında bildirmişdir ki, Nasir qonşusu olub. Lalə xanımın dediyinə görə axşam üstü saat 18:00-da qonaq otağında oturan zaman xırıltı səsi eşidib, elə bilib ki, Nasir zarafat edir. Otağa keçib görüb ki, ağzından köpük gəlir, elə həmin vaxt da rəhmətə gedib. Masallıda Şərəfə kəndində dəfn edilib. Onun həmin vaxt ciddi xəstəliyi yox idi. Yas mərasimində iştirak edib. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində bildirdi ki, Nasir qonşusu olub. Özü həkim idi. Ciddi xəstəliyi yox idi. Rəhmətə gedən günü səs-küy düşdü qonşular yığıldı təcili tibbi yardım çağırdılar lakin onlar gələndə artıq Nasir keçinmişdi. Masallı rayonu Şərəfə kəndində dəfn edilib. Yas mərasimində iştirak edib. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində bildirdi ki, ailəvi dostdurlar. Dünyasını dəyişən kimi gəliblər. Gələndə görüblər ki, həkimlər oradadır. Polislər də gəlmişdirlər. Nasir həkim idi. 2-ci Qarabağ müharibəsində döyüş bölgəsində həkim kimi çox fəaliyyət göstərib. Hərdən şikayət edirdi ki, ürəyi ağrıyır. Həkim dostları da demişdir ki, özünə fikir ver. Müharibədən sonra ürək xəstəliyi tapmışdır. Orada gördükləri ona pis təsir etmişdi. Masallıda Şərəfə kəndində dəfn edilib. Dəfndə iştitak edib. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 059/-2133/15 saylı məktubunun surətindən görünür ki, Maraqlı şəxs tərəfindən atasının ölümünün qeydə alınması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəyə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən "ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.4. bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Eyni zamanda bildirilir ki, bu qaydaların 8.5. bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə bağlı qeyd edilir ki, X3 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Vİ-ЖГ seriyalı, 285476 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X5 arasında xx.xx.1992-ci il tarixdə Masallı Rayon Şərəfə kənd Sovetliyində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Məmmədova” soyadını qəbul etmişdir. - Masallı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə kənd İƏD- üzrə nümayəndəliyinin xx.xx.2022-ci tarixli, 628 saylı arayışından görünür ki, X6 15 oktyabr 2022-ci il tarixdə vəfat etmiş və Masallı rayon Şərəfə kənd qəbristanlığında dəfn olunmuşdur. - Təcili və X4 Stansiyasının xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X1 və X4 gələnə qədər ölmüşdür. - xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X3 14 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 29 iyul 1969-cu il tarixdə Masallı rayonu, Şərəfə kəndində anadan olmuş X3 14 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 29 iyul 1969-cu il tarixdə Masallı rayonu, Şərəfə kəndində anadan olmuş X3 14 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar