Məhkəmə qərarları › İş №2(007)-432/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-432/2025

09.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-432/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının vəkil-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 08 dekabr 2022-ci il tarixdə "Əmək müqaviləsi" bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçı cəmiyyətə xəstə məsləhətçi vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh 1537 saylı, 13 sentyabr 2023-cü il tarixli Əmrinə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə cavabdeh arasında olan əmək mübahisəsi ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin təklifə cavabdeh tərəfindən müsbət cavab verilməmiş, bundan sonra iddiaçı Bakı 14 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Bakı 14 saylı Mediasiya Təşkilatı iddiaçının əmək mübahisəsinə baxmaq üçün mediator X1 təyin etmişdir. Onun tərəfindən ilkin mediasiya sessiyası 08 may 2024-cü il tarixdə təyin olunmuşdur. İlkin mediasiya sessiyasında iddiaçı iştirak etsə də, cavabdeh tərəfin iştirakı olmamış, bu səbəbdən mediator X2 tərəfindən ilkin mediasiya sessiyasında cavabdehin iştirak edilməməsi barədə MŞB/14/2024-00312 nömrəli, 17 may 2023-cü il tarixli Arayış verilmişdir. Cavabdeh hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddi hüquq normalarını pozmaqla iddiaçının əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı pozulmuş əmək hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, Cavabdeh iddiaçı barəsində "Əmək Müqaviləsi "nə xitam verilməsi barədə 1537 saylı, 13 sentyabr 2023-cii il tarixli Əmrini qanunsuz və əsassız hesab edərək iddiaçının işə bərpa edilməsi, iddiaçının qanunsuz işdən azad olunduğu gündən başlayaraq qətnamə icra olunacaq günə kimi məcburi iş buraxmasına görə əmək haqqının ödənilməsi; habelə, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 17.000,00 (on yeddi min) manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 300,00 (üç yüz) manat xərcin və Bakı 14 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50,00 (əlli) manat mediasiya xərcinin Cavabdehndən iddiaçıntn xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, İddiaçı işdən çıxarılmağı barədə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1537 saylı əmrin ləğv olunması, onun işinə bərpa olunmağına, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının, mənəvi zərərin ödənilməsi, vəkilə ödənilmiş 300 manat pulun ve mediasiya xərcinə görə 50 manat, pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi əsassız və qanunsuz olmaqla yanaşı, həm də iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, iddiaçı son haqq hesabı xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli əmri və əmək kitabçasını xx.xx.2023-cü il tarixdə qəbul etməsinə baxmayaraq yalnız 1 il bir ay yəni 13 ay keçdikdən sonra işə bərpa tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş və bu hallara şamil olunan 1 aylıq iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən, iddia müddətinin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli 1583 nömrəli Əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə 3 ay sınaq müddəti müəyyən edilməklə 1 il müddətinə, Xəstəxana Xidmətləri Şöbəsi, Xəstə məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. -xx.xx.2022-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında tərəflərin maddi məsuliyyəti barədə müqavilə bağlanmışdır. - xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin baş direktoru Taner Özbekə ünvanlanmış, İddiaçı tərəfindən yazılmış izahatdan görünür ki, sonuncu şöbədə qəbul etdiyi bir neçə xəstədən ən çoxu 3400 manat civarında olmaqla, aldığı nağd ödənişi özünə məxsus olan bank kart hesabına daxil etdikdən sonra posterminal vasitəsilə ödəniş etməsi, aldığı məvacibi tam formada MMC-nin hesabına köçürdüyündən bu halın hər hansı bir pozuntu olduğunu bilməməsi, belə bir halın təkrarlanmayacağına söz verməsi barədə izahat yazmış və öz imzası ilə təsdiq etmişdir. - Cavabdeh MMC-nin İddiaçı barədə xx.xx.2023-cü il tarixli 1537 nömrəli Əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək funksiyasını yerinə yetirməməsi) əsasən işdən azad edilmişdir. Həmin əmrdə Əmək müqaviləsinə xitam verilməsinə əsas kimi “Rəhbərliyin göstərişi” qeydi qoyulmuşdur. -xx.xx.2023-cü il tarixli xxxxxxx0005X1 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi elektron portaldan çıxarılmış bildirişindən görünür ki, İddiaçı 1537 saylı xx.xx.2023-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə üzrə işçi özünün əmək funksiyasını və ya əmək müqviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda qeydi göstərilmişdir. - Bakı 14 saylı Mediyasiya təşkilatı tərəfindən verilmiş MŞB/14/2024-00312 nömrəli xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh tərəf mediyasiya sessiyasında iştirak etməmişdir. -**********5 tranzaksiya nömrəli qəbzin surətindən görünür ki, İddiaçı “Leqal” Vəkil Bürosunun (VÖEN:**********) hesabına 320.5 manat məbləğində vəsait köçürmüşdür. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2022-ci il tarixli 1583 nömrəli Əmək müqaviləsi əsasında Cavabdeh MMC-nin Xəstəxana Xidmətləri şöbəsinə Xəstə məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli 1537 nömrəli Əmri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Həmin əmrdə Əmək müqaviləsinə xitam verilməsinə əsas kimi “Rəhbərliyin göstərişi” qeydi qoyulmuşdur. Hazırda iddiaçı, Cavabdeh iddiaçı barəsində "Əmək Müqaviləsi"nə xitam verilməsi barədə 1537 saylı, 13 sentyabr 2023-cü il tarixli Əmrini qanunsuz və əsassız hesab edərək iddiaçının işə bərpa edilməsi, iddiaçının qanunsuz işdən azad olunduğu gündən başlayaraq qətnamə icra olunacaq günə kimi məcburi iş buraxmasına görə əmək haqqının ödənilməsi, habelə, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 17.000,00 (on yeddi min) manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 300,00 (üç yüz) manat xərcin və Bakı 14 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50,00 (əlli) manat mediasiya xərcinin Cavabdehndən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə xahişinə münasibətdə qeyd edir ki, hazırkı halda iddia müddətinin tətbiqinə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 379.4-1ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Bununla belə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Tələbin birinci, Cavabdeh iddiaçı barəsində "Əmək Müqaviləsi "nə xitam verilməsi barədə 1537 saylı, 13 sentyabr 2023-cü il tarixli Əmrini qanunsuz və əsassız hesab edilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, hazırda iddiaçı mübahisələndirdiyi əmrin etibarsız hesab edilməsi niyyətindədir. Belə olan halda tələbin birinci hissəsinə yönəldilən hüquqi qiymətləndirmə müvafiq sənədin etibarlılığının olub-olmamasının müəyyən edilməsindən ibarət olmalıdır. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün bir aylıq müddətin ötürülməsini göstərmişdir. Qeyd olunan əsaslandırma iddiaçının hazırki, tələbini əhatə etmədiyindən məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsini əsassız hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərdən keçirib hesab edir ki, hazırki iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməməli və tələbə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda münasibət bildirilməsi məqsədəmüvafiqdir. Məhkəmə iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Məhkəmə iddia tələbinin “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 1537 nömrəli Əmri ilə xəstə məsləhətçisi vəzifəsində çalışan İddiaçı əmək funksiyalarını yerinə yetirmədiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Bu yerdə ilk növbədə məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- 72-ci maddələrində təsbit olunmuş normaların tələbinə münasibətdə qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdə sadəcə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq, onun əmək funksiyasını yerinə yetirməməsi və “rəhbərliyin göstərişi” əsas kimi göstərilmiş, əmrin verilməsinə səbəb olmuş əsaslar (aktlar, digər zəruri sübutlar və.s) göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmamış, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmrdə göstərilməmişdir. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq, “Rəhbərliyin göstərişi”nin əsas kimi göstərilməsi tərəflər arasında bağlanmış əmək müqviləsinə xitam verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslara aid edilməmişdir. Göründüyü kimi qanunun imperativ tələbi olan əmrin tərtib edilməsi qaydası kobud şəkildə pozulduğundan həmin əmrin etibarsız hesab edilməsini zəruri edir. Nəzərə alınmalıdır ki, qeyd olunan əmr işçinin işləmək hüququnun qanunsuz səkildə məhdudlaşdırılmasına səbəbdir. Qanunvericiliyə görə, qeyd olunan əmrin verilməsinə əsas olan müddəalar, həmçinin tərtibatına dair müddəların pozulması həmin əmrin etibarsız hesab edilməsinə əsasdır. Odur ki, işin faktiki halları ilə və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələbləri pozulmaqla, tərtib edilmiş əmr iddiaçının hüquqlarını pozmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Bu yerdə qeyd edilməlidir ki, cavabdehin hazırkı iddia tələbinin əmrin əsassızlığı hissəsi ilə bağlı razılaşmadığı, qəbul etmədiyi hal ondan ibarətdir ki, iddiaçının qeyd olunan əmrin mübahisələdirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsidir. Qeyd olunan əmrin əsaslılığına dair hər-hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə qanunvericiliyin tələblərini pozmuş, əmrdə göstərilən əsas qanunvericliklə müəyyən edilmiş əsaslardan heç biri ilə uzlaşmamış, bununla yanaşı, tətbiq edilmiş maddi hüquq normasının tələbləri üzrə işəgötürən tərəfindən əmək qanunvericliyinin müddəalarının gözlənilməməsi öz təsdiqini tapmışdır. Müəyyən edilən hallara münasibətdə isə işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi xx.xx.2023-cü il tarixli 1537 saylı əmrin etibarsız hesab edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddia tələbinin işdən çıxarılma ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Belə ki, əmək müqaviləsinin xitam verilməsi qaydalarına əməl olunmadığına görə işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməli, bu zaman məcburi iş buraxma müddətinə görə əmək haqqı ödənilməsi müddətinin axımının xx.xx.2023-cü il tarixdən, yəni əmək hüquqlarının pozulduğu andan hesablanmalı olması nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin “vurulmuş mənəvi zərərin əvəzi kimi 17.000,00 (on yeddi min) manat məbləğində pul vəsaitinin ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən iddia tələbi mənəvi ziyanın tutulması hissəsində, cavabdehdən tələb olunan məbləğin ağlabatan həddə olmaması səbəbindən qismən təmin edilməlidir. Belə ki, iddiaçı əmək hüquqlarının kobud surətdə pozulması nəticəsində mənəvi sarsıntıya məruz qalmışdır, cavabdehdən mənəvi ziyanın əvəzi olaraq ağlabatan həddə 1000 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1- 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun: 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyindən mediasiya xərci olaraq ödənilmiş 50 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının əvəzi Cavabdehndən tutularaq İddiaçı ödənilməli, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 1537 nömrəli əmri etibarsız hesab edilməli, İddiaçı əvvəlki iş yerinə - Bona Dea» Məhdud Məsuliyyətli Cəmiyyətinin Xəstəxana xidmətləri şöbəsi, xəstə məsləhətçisi vəzifəsinə bərpa olunmalı, qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixədək hesablanmaqla əmək haqqı verilməli və mənəvi ziyanın əvəzi qismində 1000 manat pul vəsaiti, habelə mediasiya xərci olaraq ödənilmiş 50 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 1537 nömrəli əmri etibarsız hesab edilsin, İddiaçı əvvəlki iş yerinə - Cavabdeh Xəstəxana xidmətləri şöbəsi, xəstə məsləhətçisi vəzifəsinə bərpa olunsun. Qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi tarixədək hesablanmaqla əmək haqqı və mənəvi ziyanın əvəzi qismində 1000 manat pul vəsaiti Cavabdehndən tutularaq, İddiaçı ödənilsin. Mediasiya xərci qismində ödənilmiş 50 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının əvəzi Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar