Məhkəmə qərarları › İş №2(103)-2930/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2930/2025

05.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2930/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-432/2025 saylı qərardadından İddiaçı nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-432/2025 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 1537 nömrəli əmri etibarsız hesab edilməsi, İddiaçı əvvəlki iş yerinə Cavabdeh Xəstəxana xidmətləri şöbəsi, xəstə məsləhətçisi vəzifəsinə bərpa olunması, qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi tarixədək hesablanmaqla əmək haqqı və mənəvi ziyanın əvəzi qismində 1000 manat pul vəsaiti Cavabdehndən tutularaq, İddiaçı ödənilməsi, mediasiya xərci qismində ödənilmiş 50 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının əvəzi Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-432/2025 saylı qətnaməsindən apellyasiya şikayəti və ötürülmüş müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatət onunla əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il, 2(007)-432/2025 saylı qətnaməsi elektron qaydada 23 yanvar 2025-ci il tarixində yüklənmişdir. Məhkəmənin nəzərində çatdırmaq istəyir ki, 19 fevral 2025-ci il tarixindən səhətində yaranmış nasazlıqla əlaqədar qeyd edilən qətnamədən apellyasiya şikayəti verə bilməmişdir. Bu barədə təqdim etdiyi tibbi arayışdan da görünür ki, həmin tarixdə onda kəskin öskürək və qızdırma halları mövcud olmuşdur. Göstərilənləri nəzərə alaraq, buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi və Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il, 2(004) 432/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-432/2025 saylı qərardadı ilə, ərizə təmin edilmiş, 2(007)-432/2025 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh MMC-yə münasibətdə bərpa edilmişdir. Həmin qərardaddan İddiaçı nümayəndəsi-vəkili Vəkil2 tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nizami rayon Məhkəməsinin qətnaməsi elektron kabinetə xx.xx.2025-ci il tarixdə yüklənmiş və yeni qaydaya əsasən də apellyasiya şikayəti yalnız elektron qaydada qəbul edilir. Lakin Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil1 Cavabdeh MMC tərəfindən verilmiş arayışın həqiqiliyi şübhə altındadır. Nizami Rayon Məhkəməsinin 2(007)-432/2025 saylı, xx.xx.2025 tarixli qərardadı əsasızdır və qərardad ləğv edilməlidir. Məhkəmə hüquqi şəxslər arasında olan münasibətləri tənzimləməli olan normaları araşdırmadan, həmin münasibətlərə tətbiq edilməli olmayan mülki hüquq və prosessual normaları tətbiq etmiş və qeyd olunan münasibətlərə tətbiq edilməli olan şikayətdə əks olunan normları tətbiq etməmişdir. Məhkəmə tərəfindən səthi olmaqla qeyriobyektiv mövqe tutulmuş, iddiaçı tərəfin pozulmuş hüquqlarının bərpa olunması üçün yeganə yolunun məhkəmə mübahisəsi olduğunu nəzərə almamış, istinad olunan maddələrin heç birinin hazırki iş üzrə tətbiq olunmalı norma ola bilmədiyi dərindən araşdırılmamışdır. Ona görə də qərardadda tətbiq olunmalı olmayan normaların tətbiq olunması ilə gəlinən nəticə hazırki iş üzrə faktiki hallara uyğun deyildir. Göstərilənlərə əsasən, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-432/2025 saylı qərardadının ləğv edilməsi, şikayətində göstərilənlər nəzərə alınmaqla şikayətinin təmin edilməsinə dair yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-432/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(007)-432/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdehə, Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil1 məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Vəkil1, yüksək hərarət, boğaz ağrısı, ümumi halsızlıq şikayəti ilə Cavabdeh Hospital tibb müəssisəsinə müraciət etmiş, ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilmiş infeksiyası diaqnozu qoyulmuşdur. Beləliklə, cavabdeh vəsatətində göstərilən səbəblərdən şikayəti vaxtında verə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, Belə ki, işin faktiki hallarından göründüyü kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025 ci il tarixli 2(007)-432/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdehə, Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil1 məxsus şəxsi elektron kabinetə yerləşdirilmiş, lakin qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilməmişdir. Halbuki Cavabdeh MMC-nin hüquqlarını yeganə olaraq Vəkil1 tərəfindən təmsil edilməsi ağlabatan deyil. Belə ki, Cavabdeh MMC hüquqi şəxs olmaqla 2018-ci ildə Azərbaycanda yaradılmış və həkim, tibbi və inzibati personal olmaqla xidmət göstərir. (istinad: https://www.livhospital.az/haqqinda) Göründüyü kimi cavabdehin nümayəndəsi-vəkilinin müəyyən vaxtlarda səhhəti ilə əlaqədar olaraq şikayət verməməsi hazırda ötürülmüş müddətin bərpası üçün əsas yaratmır, çünki cavabdeh tərəf hüquqi şəxs olmaqla müəyyən sayda işçi heyəti mövcuddur və cavabdeh tərəf qətnamədən məlumatlı olmuşdur. Eyni zamanda Cavabdeh MMC belə olan halda digər səlahiyyətli şəxsin və ya digər hüquqşünasın xidmətlərindən yararlana bilərdi. “Məhəmmədov və digərləri Rusiyaya qarşı” iş üzrə 28 mart 2017-ci il tarixli qərarında isə həmin məhkəmə vurğulamışdır ki, “...Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir. ...Ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir”. Göründüyü kimi cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün isə ötürülmüş prosessual müddətin üzrlü səbəbləri müəyyən edilməmiş, nəticə etibarilə cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətini vermək iqtidarında olmuş, lakin qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Göründüyü kimi cavabdehin qanunla müəyyən edilmiş prosessual hüquqlarından prosessual müddətlər daxilində həyata keçirilməməsi üçün hər hansı üzürlü səbəb olmadığından, onun ərizəsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 2(007)-432/2025 saylı qərardad ləğv edilməli və buraxılmış müddətin bərpası haqqında ərizə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qaəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-432/2025 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-432/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş “apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə” rədd edilsin. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar