Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5807/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 nömrəli xüsusi İnternat məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: “işə bərpa, iddia müddəti”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və cavabdeh “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 nömrəli xüsusi İnternat məktəbinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1623/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 nömrəli xüsusi İnternat məktəbinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri 9 nömrəli xüsusi internat məktəbinin direktoru Nümayəndə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 112№-li əmək müqaviləsinə xitam verilmsi barədə Əmrə əsasən, İddiaçıt Nüsrət qızı - Məktəbin tərbiyəçisi əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
2. TT016334766AZ saylı EMS çatdırılma xəbərnaməsinə görə, İddiaçı əmək kitabçası 05 dekabr 2023-cü il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Xəbərnamənin ünvançı bölməsində “Mahmudova” soyadı yazılmış və imza qoyulmuş, üstü xətlənmişdir.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 3-29-69/2-M-76-4/2023 nömrəli xx.xx.2023-cü il tarixli İddiaçı göndərilmiş məktubda E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli xüsusi İnternat məktəbinin xx.xx.2023-cü il tarixli 112 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi, Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxıldığından hüquqlarının pozulduğunu hesab edilirsə, müvafiq qaydada məhkəmə orqanlarına müraciət edə bilməsi göstərilmişdir.
4. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/2-04109 saylı, 26 yanvar 2024-cü il tarixli arayışda İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdiyi, “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 nömrəli xüsusi İnternat məktəbinin nümayəndəsinin isə iştirak etmədiyi qeyd olunmuşdur.
5. İddia ərizəsinin xx.xx.2024-cü il tarixdə imzalandığı, xx.xx.2024-cü il tarixdə isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olduğu qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdehlər “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 №-li xüsusi İnternat məktəbi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində 04 dekabr 2023-cü il tarixli 112 nömrəli əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının hesablanmaqla ödənilməsi və 3000 manat məbləğində dəymiş mənəvi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Tələbdə göstərilir ki, E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 saylı Xüsusi İnternat məktəbində uzun müddət çalışmışdır. Sonuncu dəfə işlədiyi məktəbə zəng edərək övladının xəstəxanaya yerləşdirilməsini və bununla bağlı bülleten götürməsini bildirmişdir. Bülletenə çıxdıqdan sonra məktəbə yaxınlaşaraq bülleteni götürməsini bildirmişdir. Bülletenə çıxdıqdan sonra məktəbə yaxınlaşaraq bülleteni təqdim etmək istədikdə məktəbə buraxılmamış və bildirilmişdir ki, onu məktəbdən çıxarılması barədə əmr mövcuddur. İşə buraxılmadığı üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsinə şikayət etmiş və cavab olaraq bildirilmişdir ki, 04 dekabr 2023-cü il tarixli 112 nömrəli əmr ilə onunla bağlanmış əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilməsinə dair cavab məktubu almışdır. Hal-hazırkı müddətə qədər əmək kitabçası və əmr nə rəsmi, nə də poçt vasitəsi ilə iddiaçıya təqdim olunmamışdır. İddiaçı Mediasiyaya müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə cavabdeh iştirak etməmiş və hərəkəti ilə bağlı iddiaçı əmək müfəttişliyinə müraciət etmiş və əmək müfəttişliyi tərəfi inzibati qaydada cərimə edilməsini bildirmişdir və qərarı məhkəmə prosesinə qədər təqdim edəcəklərini bildirir. İddiaçı uzun müddətdir həmin məktəbdə çalışır və barəsində əmr qəbul edilərkən bülletendə olmuş və bülleten götürmə səbəbi övladının əməliyyat olunması ilə əlaqədar olmuşdur. Bunu təsdiq edən sənədlərin surəti iddia tələbinə əlavə olunur. Cavabdehin hərəkətinin nəticəsi olaraq iddiaçının səhhətində problemlər yaranmış və təhqir olunmasının nəticəsi olaraq mənəvi ziyan dəymişdir. Bu əsaslada cavabdehdən 3000 manat mənəvi ziyan istəyir.
8. Cavabdeh “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 №-li xüsusi İnternat məktəbinin direktoru Nümayəndə məhkəmə araşdırması zamanı iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Ərizəni bununla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi o, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verildiyi müddətdən 4 aydan artıq vaxt keçməsinə baxmayaraq "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi barədə" məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən, bu müddət bir ay təşkil edir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzrlü səbəbdən ötürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də hesab edir ki, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir. Ərizə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndi, Mülki Məcəllənin 372.1-ci; 377.1-ci və 375.2-ci maddələri, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarı ilə əsaslandırılmışdır.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1623/2024 saylı, 16 iyul 2024cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Aslanova) iddia tələbinin qismən, yəni cavabdeh 9 saylı İnternat Məktəbinə münasibətdə təmin edilərək cavabdeh «E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün» 9 nömrəli xüsusi İnternat məktəbinin xx.xx.2023-cü il tarixli, 112 №-li “İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə” Əmrin ləğv edilməsi; İddiaçı «E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün» 9 nömrəli xüsusi İnternat məktəbində əvvəlki iş yerinə bərpa edilməsi və ona işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi; iddianın cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə münasibətdə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı «E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün» 9 nömrəli xüsusi İnternat məktəbində uzun illər tərbiyəçi-müəllim işləmişdir. İşəgötürənin xx.xx.2023-cü il tarixli 112№-li Əmri ilə onunla olan əmək müqaviləsinə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən onunla bağlanmış xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə qanunsuz xitam verildiyini bildirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh «E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün» 9 nömrəli xüsusi İnternat məktəbi İddiaçı 3 iş günü ərzində heç bir məlumat vermədən işə gəlməməsi səbəbindən onunla əmək müqaviləsinə əsaslı olaraq xitam verildiyini bildirilmiş və eyni zamanda, iddia müddətinin tətbiqi barədə ərizə verilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia müddəti ilə bağlı ərizəyə hüquqi qiymət verərək qeyd edir ki, işin mübahisəsiz halına görə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, həmin tarix işçinin son iş günü olmuş, həmin tarixdə iddiaçı işdə olmuş və işə gəlməməsinin səbəbləri barədə izahat vermiş, lakin iddiaçıya əmək kitabçası və son-haqq hesab sənədləri, eləcə də, əmək müqaviləsinə xitam verilməsi barədə əmr sonuncu iş günü təqdim edilməmişdir. Bu fakt cavabdeh «E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün» 9 nömrəli xüsusi İnternat məktəbinin direktoru tərəfindən məhkəmə iclasında inkar edilməmiş, əksinə həmin sənədlərin iddiaçıya sürətli poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərildiyi bildirilmiş, həmin poçt zərfi iş materiallarına əlavə edilmişdir. Cavabdeh hesab edir ki, sənədləri poçtla göndərərək işəgötürən kimi öz üzərinə düşən öhdəliyi icra etmişdir, fərdi əmək mübahisəsi üçün 1 aylıq iddia müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır, iddiaçı isə xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə həmin müddəti ötürmüşdür. Cavabdeh göstərilən məktubu heç vaxt almadığını, poçt zərfindəki üstü xətlənmiş yazının onun tərəfindən icra edilmədiyini, onun imzasının və xəttinin başqa cür olduğunu bildirmiş; xx.xx.2023-cü il tarixdə işdə olmasına baxmayaraq ona əmək kitabçasının və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilmədiyini, onun məcburi şəkildə rəhbərliyin tapşırığı əsasında, mühafizə tərəfindən məktəbin ərazisindən uzaqlaşdırıldığını qeyd etmiş, eyni zamanda poçt vasitəsilə əmək kitabçasının və digər sənədlərin göndərilməsinə dair işəgötürənə razılıq vermədiyini bildirmişdir. Əmək müqaviləsinə həm işəgötürən tərəfindən xitam verilməsi qaydası və rəsmiləşdirilməsi, eləcə də, fərdi əmək mübahisəsinə dair iddia ilə məhkəməyə müraciət etmə müddətinin başlanğıcı əmək qanunvericiliyinin müvafiq normaları ilə konkret tənzimlənməklə, həmin normalar (ƏM 296-cı maddə 3-cü hissə; 83-cü maddə 1-ci hissə; 83-cü maddə 2-ci hissə; “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” 6.1-ci bənd) hüquq subyektləri üçün konkret davranış qaydası müəyyən edən (alternativ davranış qaydasına yol verməyən) imperativ normalardır. Həmin normaların tələbinə görə, əmək müqaviləsinə xitam verilməsi günü işçinin sonuncu iş günü olmalı və həmin gün işçiyə əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) surəti təqdim edilməlidir. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 6-cı maddəsi əmək müqaviləsi xitam edildikdə işçiyə əmək kitabçasının verilməsi məsələsini tənzimləyir. 6.2-ci bəndə əsasən, işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Göstərilən normaları təfsir etsə, ilk olaraq normativ qaydanın birbaşa və əks mənalarının müəyyənləşdirilməsi nəticəsində aydın olur ki, hüququn pozulmasının müəyyən edildiyi gün işçiyə müvafiq əmrin, əmək kitabçasının verildiyi gündür - həmin sənədlər işçiyə təqdim edilmədikcə hüququn pozulması aşkar edilməmiş sayılır. İşçi son iş günü işdə olmadıqda əmək kitabçası ona poçt vasitəsilə göndərilir - son iş günü işdə olduğu halda göndərilə bilməz. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir - işçinin razılığı olmadıqda əmək kitabçası poçt vasitəsilə göndərilə bilməz. Təfsirin digər mərhələsində təhlil edilən qaydanın daha üstün hüquqi qüvvəyə malik olan hüquq qaydalarına zidd olub-olmamasını müəyyənləşdirdikdə, həmin qaydanı müəyyən edən normaların eynilik təşkil etdiyi aydın olur. Nəhayət növbəti mərhələdə, qaydanın hüquqi funksiyasını, yəni hansı ehtiyacı qarşılamaq üçün nəzərdə tutulduğunu müəyyən etdikdə məhkəmə qeyd edir ki, hüququn pozulmasının işçi tərəfindən aşkar edilməsi gününün əmrin verilməsi ilə şərtləndirilməsi zamanı qanunverici, xüsusilə işə bərpa tələblərində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsasları ilə işçinin tanış olması, daha sonra iddia və müdafiəsini bu əsaslar üzərində qurmasını təmin etmək məqsədilə normanı məhz həmin formada müəyyən etmişdir. Odur ki, məhkəmə əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin işçiyə göndərilməsi barədə işəgötürənin təqdim etdiyi poçt zərfinə münasibət bildirərək qeyd edir ki, həmin əmrin poçtla göndərilməsi barədə tərəflər arasında razılıq olmamış, işçi İddiaçı bununla bağlı razılığını bildirməmiş, işəgötürən tərəfindən qeyd edilən sənədlər sonuncu iş günü işçiyə rəsmi qaydada təqdim edilməsi barədə sübutlar təqdim edilməmiş, işəgötürən əmək kitabçasını, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surətini işçiyə məhz sonuncu iş günü təqdim etməməsinin ağlabatan səbəblərini bildirməmiş, işçinin son iş günü işdə olmasına baxmayaraq, hansı səbəbdən həmin sənədləri poçt vasitəsilə göndərməsini işəgötürən əsaslandırmamış və ya işçinin əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrini qəbul etməkdən imtina etməsi ilə bağlı hal müvafiq qeyd aparılmaqla rəsmiləşdirilməmişdir. Əlavə olaraq, işə əlavə edilmiş həmin poçt zərfi vasitəsilə göndərilmiş məktubun surəti təqdim edilməmiş, nəticədə həmin zərf vasitəsilə hansı məlumatın göndərilməsi müəyyən edilməmiş, zərf vasitəsilə göndərilməsi iddia edilən əmr və əmək kitabçasının İddiaçı tərəfindən imzalanmaqla qəbul edilməsi barədə xəbərnamə təqdim edilməmiş, iddiaçı həmin zərfi ümumiyyətlə görmədiyini bildirmiş, eləcə də, zərfdə üzərindən xətlər çəkilmiş “Mahmudova sözü və imza”nın vizual baxışla (iddiaçının işdə olan imzası və yazdığı ərizə ilə müqayisə etdikdə) iddiaçıya aid olmaması aydın olur. Göstərilənlərə əsasən, əmək müqaviləsinə xitamla bağlı müvafiq sənədlərin poçt vasitəsilə göndərilməsi əsasları (işçinin son iş günü işdə olmaması və öz razılığı) hazırkı işdə yaranmadığından; cavabdehin təqdim etdiyi poçt zərfi əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin işçiyə qanunla müəyyən edilmiş qaydada təqdim edilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilmədiyindən cavabdeh «E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün» 9 nömrəli xüsusi İnternat məktəbi həmin sənədlərin işçiyə təqdim edilməsi ilə bağlı sübutetmə yükünü yerinə yetirmədiyi üçün müddətin tətbiqi barədə verdiyi ərizə təmin edilə bilməz. Məhkəmə - cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsinin iddiaçının İdarəyə xx.xx.2023-cü il tarixdə hazırkı məsələ ilə bağlı şikayət etməsi və hüququnun pozulmasını ən azı həmin tarixdə bilməsi dəlilinə - münasibət bildirərək qeyd edir ki, nə qədər ki, əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri işçiyə qanunla müəyyən edilmiş qaydada təqdim edilməyib, nə mediasiya sessiyasının nəticələri barədə müvafiq arayışın (protokolun) verilməsi tarixindən, nə də ki, işçilərin hüquqlarının müdafiəsi ilə bağlı dövlət orqanlarına edilmiş şikayət və ya müraciətlər ilə “işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin ləğv edilməsi barədə” iddia müddətinin axımı başlanmış sayıla bilməz. Məhkəmə iddia tələbin “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, əmək qanunvericiliyinin tələbinə əsasən (71-ci maddə), işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli 112№-li Əmr belə əsaslandırılmışdır: İddiaçı ilə əmək müqaviləsinə əmək funsiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əsas: Tərbiyə işləri üzrə direktor müavini Şahid xx.xx.2023-cü il tarixli təqdimatı. Qeyd edilən təqdimatda göstərilir: Məktəbin tərbiyəçisi İddiaçı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan və heç bir məlumat vermədən işə gəlməmişdir. Göründüyü kimi, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsası 70-ci maddənin “ç” bəndi və onun üç iş günü ərzində işdə olmaması olmuşdur. Əmək Məcəlləsi birbaşa müəyyən edir: bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi aşağıdakı şəkildə formulə edilmişdir: işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Həmin Məcəllənin 72-ci maddəsində isə göstərilir: aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;... Qeyd edilən normaların təhlilindən aydın olur ki, işgötürən tərəfindən əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilərkən işçinin qəsdən və ya səhlənkarlıqla əmək funksiyasını yerinə yetirməməsi, habelə qeyd edilən halın müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir. İddiaçının oğlu Nurlan Mahmudovun xx.xx.2023-cü il tarixdə səhər saatlarında təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılaraq kəskin qanqrenoz - perforativ apendisit (yayılmış peritonitlə) diaqnozu ilə əməliyyat edilməsi və xx.xx.2023-cü il tarixədək universitet təhsilindən azad edilməsi barədə iş materiallarına sənədlər təqdim edilmişdir və göstərilənlər işin mübahisəsiz halıdır. Eyni zamanda, iddiaçının vəsatətinə əsasən məhkəmənin müvafiq qərardadı əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş İddiaçıya məxsus 050 840- 30-43 mobil nömrədən gedən və həmin nömrəyə daxil olan zənglərin X1 aydın olur ki, xx.xx.2023-cü il tarixdə, saat 13:57:41-də ********** mobil nömrəsi ilə iddiaçıya məxsus ********** mobil nömrəsi arasında əlaqə saxlanılmışdır. ********** mobil nömrəsinin «E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün» 9 nömrəli xüsusi İnternat məktəbinin direktor müavini Şahid aid olması barədə “getcontact” programından əldə edilmiş çıxarışlar iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin xitamı barədə sözügedən əmrin verilməsinə əsas olan təqdimatda göstərilən hallar, yəni İddiaçı xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlər iş günü olduğu halda tam iş günü işdə olmamasının ağlabatan üzrlü səbəbinin olması aşkardır. Belə ki, oğlunun kifayət qədər ciddi cərrahi əməliyyat keçirməsi səbəbindən iddiaçının bir ana kimi narahatlılıq hisləri keçirməsi, mənəvi bağlılıq nümayiş etdirərək daim övladının yanında qalma arzusu duyması, eləcə də övladının zəruri ehtiyaclarını qarşılamaq üçün onun yanında olması təbii və gözlənilən haldır. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində məhz insan həyatı üçün mənəvi əhəmiyyət kəsb edən bu kimi hallar istisna olaraq müəyyən edilmiş və yaxın qohumunun xəstələnməsi halında bütün iş günü işə gəlməmək işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün» 9 nömrəli xüsusi İnternat məktəbinin xx.xx.2023-cü il tarixli 112№li Əmri yaxın qohumunun xəstə olması halında tam iş günü işə gəlməməsinə baxmayaraq, iddiaçının öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə, yəni əmək qanunvericiliyinin müvafiq maddələrində nəzərdə tutulmuş ləğv edilmə əsasları pozularaq qəbul edildiyindən həmin əmr ləğv edilməli, iddiaçı əvvəlki iş yerinə bərpa edilməli və Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələbinə əsasən, məcburi iş buraxmaya görə əmək haqqı hesablanmaqla ona ödənilməlidir. İddia tələbinin “3000 manat məbləğində dəymiş zərərin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdıraraq müəyyən edir ki, iddiaçı mənəvi zərəri əmək hüquqlarının pozulması ilə əsaslandırmış, bu hüquqların pozulması məhkəmə araşdırması zamanı aşkar edilmişdir. İddiaçı tərəfindən həmin hüquqların bərpa edilməsinə qədər keçən müddətdə onun hər hansı mənəvi iztirab (sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi) yaşaması barədə sübutlar təqdim edilməmiş, mənəvi sarsıntı (ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması) halının olmasına isə ehtimal vermək olar. Lakin məhkəmə qeyd edir ki, istənilən hüquq pozuntusunun hüquqi pozulan şəxsin şüurunda mənfi psixi reaksiyaya səbəb olması aşkar haldır və şəxsin mənəvi stres yaşaması (şəxsin yaxınının ölməsi və ya özünün sağlamlığına ziyan dəyməsi, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi istisna olmaqla) bu tələblərin təmin olunması üçün birmənalı əsas ola bilməz. Məhkəmə bununla bağlı qənaətini belə əsaslandırır ki, hüquq pozuntusu nəticəsində mənəvi sarsıntı baş versə belə, bu iddiaların təmin edilməsi üçün həmin pozuntu müəyyən mənəvi dəyərlərə, şəxsin sağlamlıq vəziyyətinə, cəmiyyətdəki statusuna və ya şəxsi həyatına mənfi təsir göstərməli, bu təsirin müəyyən real nəticələri olmalı, həmin nəticələrlə hüquq pozuntusu arasında səbəbli əlaqə olmalıdır. Belə ki, gündəlik həyat fəaliyyətinə insanın reallaşmayan istənilən arzu və planları mənəvi stress və mənfi psixi reaksiyalara səbəb olur. Odur ki, mənəvi sarsıntıya görə zərərin ödənilməsi tələblərinin təmin edilməsi üçün əsas qismində - hüquq pozuntusu aradan qaldırıldıqdan sonra belə bərpası mümkün olmayan mənəvi itkilər, hüquq pozuntusu törədən şəxsin uzun müddət qəsdən və təkidlə davam edən hüquqi zidd hərəkəti çıxış edə bilər. Göstərilən mövqedən çıxış edərək, hüquq pozuntusunun aradan qaldırılmasından sonra iddiaçının bərpası mümkün olmayan mənəvi sarsıntı və məhrumiyyətlər yaşaması halı hazırkı mübahisədə olmadığı üçün məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi hissəsində iddia təmin edilməməlidir. İddiaya cavab verməli olmayan şəxs olduqlarından cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə münasibətdə iddia təmin olunmamalıdır. Belə ki, əmək müqaviləsinə xitam verilməsi həmin orqanlar tərəfindən həyata keçirilmədiyi, eyni zamanda işə bərpa olunmalı olan orqan qismində çıxış etmədiklərindən, əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə iddiaçının işə bərpa edilməsi həmin cavabdehlər tərəfindən icra edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 nömrəli xüsusi İnternat məktəbi apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmamış, mövcud sübutların sübut əhəmiyyətli olub-olmamasına, sübutların əldə edilməsinin mötəbərliliyinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının məktəbdə həftədə 3 iş günü var- bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri. İddiaçı 27, 28 və 29 noyabr, yəni iş günlərində işdə olmamış, bununla bağlı da onlara heç bir məlumat verməmişdir. İddiaçı xüsusi tərbiyəyə ehtiyacı olan 12 şagirdi heç kimə məlumat vermədən tək qoyub çıxıb gedib. Həmçinin, şəxsin bundan öncə etdiyi pozuntulara görə ona töhmət və xəbərdarlıq verilmişdir. Müəllimlərin davamiyyət jurnalı var. Hər müəllim işə gələn zaman onu imzalayır. Həmin günlərdə iddiaçının imzası yoxdur. Yəni, iddiaçının həqiqətən də 27, 28, 29 noyabr 2023-cü il tarixdə işdə olmaması da davamiyyət jurnalı ilə təsdiqini tapmışdır. 4 dekabrda iddiaçı məktəbə gələrkən isə işdə olmamasının səbəbilə bağlı hansısa sənəd təqdim etməmişdir. İşçinin əmək müqaviləsinə isə 4 dekabrda xitam verilmişdir. İşçi üzrlü səbəbdən işdə olmamasının səbəbləri barədə məlumat verməli olduğu halda bunu etməmiş və bu məlumatı işdə olduğu gün 4 dekabr tarixində verməmişdir. Məhkəmənin əsaslandığı əsas meyar ondan ibarətdir ki, “iddiaçının vəsatətinə əsasən məhkəmənin müvafiq qərardadı əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş iddiaçıya məxsus 050 840-30-43 mobil nömrədən gedən və həmin nömrəyə daxil olan zənglərin X1 aydın olur ki, xx.xx.2023-cü il tarixdə, saat 13:57:41-də ********** mobil nömrəsi ilə iddiaçıya məxsus ********** mobil nömrəsi arasında əlaqə saxlanılmışdır. ********** mobil nömrəsinin «E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün» 9 nömrəli xüsusi İnternat məktəbinin direktor müavini Şahid aid olması barədə “getcontact” proqramından əldə edilmiş çıxarışlar iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir”. "xxxx" tərəfindən verilmiş cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13:57:41-də direktor müavini Şahid məxsus olan ********** mobil nömrəsi ilə iddiaçıya məxsus ********** mobil nömrəyə zəng edilmişdir. Lakin aralarında heç bir danışıq olmamış, iddiaçı ümumiyyətlə telefona cavab verməmişdir. Həmçinin iddiaçı ilə əlaqə saxlamağa çalışan şəxs də məhz direktor müavinidir. Belə olduğu təqdirdə iddiaçı direktor müavini tərəfindən ona zəng edilməsini gördüyü və bildiyi halda Sevinc Mehrəliyevə geri zəng etməmişdir. Bundan başqa, “getcontact” proqramından əldə edilmiş çıxarış iddiaçı tərəfindən deyil, məhkəmə tərəfindən iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasının audio-video yazılarına diqqət etdikdə də həmin xüsusat öz təsdiqini tapmış olacaqdır. “Getcontact” məlumatlarının isə hansı dərəcədə sübut hesab edilib-edilə bilməyəcəyi isə qanunvericiliyə əsasən mübahisə edilir. Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən əmək mübahisələrində ilkin mediasiya sessiyasında iştirak etmək imperativdir. Lakin iddiaçı məhkəmə prosesi zamanı və öncədən ilkin mediasiyada iştirak etməsini təsdiq edəcək sənədi məhkəməyə təqdim etməmiş, həmin sənədin surəti yekun məhkəmə aktı çıxarıldıqdan sonra məhkəmə prosesindən kənar qərarın hazırlanması prosesi zamanı məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, prosessual qanunvericiliyin tələbləri də məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Çünki mediasiya prosesi zamanı iddiaçı ilə razılığa gəlmək də mümkün ola bilərdi. Mediasiya Prosesinin məqsədi isə məhz bundan ibarətdir. Həmçinin, Mülki-Prosessual Məcəllədə ilkin mediasiyada təsdiq edən sənədin əslinin təqdim edilməsi şərt kimi tanınmışdır. Məhkəmə iclasının audio-video yazılarına diqqət etdikdə də həmin xüsusat öz təsdiqini tapmış olacaqdır. Bundan başqa, məhkəmənin səthi əsaslandırma etməsinin digər bir təsdiqi isə aşağıdakı əsaslandırmadan ibarətdir: “zərfdə üzərindən xətlər çəkilmiş “Mahmudova sözü və imza”nın vizual baxışla (iddiaçının işdə olan imzası və yazdığı ərizə ilə müqayisə etdikdə) iddiaçıya aid olmaması aydın olur.” Əmək kitabçası və işdən çıxarılma əmri iddiaçıya sürətli poçt vasitəsilə göndərilmiş, iddiaçı qol çəkərək həmin sənədləri təhvil almış, sonradan isə ad, soyad imza yerinin üzərindən qərəzli və qəsdən xətt çəkərək qaralamışdır. Bununla bağlı məhkəməni aldadaraq guya əmək kitabçası və işdən çıxarılma əmrinin onda olmadığını, guya poçtdan özünün əldə etməsini bildirmişdir. Ali Məhkəmənin Qərarlarında məhkəmələrə edilmiş tövsiyyələrdən də aydın olur ki, imza nümunələrinin şəxsə məxsus olub-olmaması mübahisə doğurursa, məhkəmə ekspertiza təyin etməli və sübutun mötəbərliyini aydınlaşdırmalıdır. Lakin məhkəmə buna sadəcə vizual görüntü əsasında qiymət verərək düzgün hüquqi nəticəyə gəlməmişdir. Həmçinin, hakim özü məhkəmə prosesinin keçirilməyəcəyini bildirmiş, iclası özü təxirə salmış və cavabdehə əvvəlcədən iclasın təxirə salınacağını bildirmişdir. Həmin təxirə salınmış iclasdan sonra axırıncı baxış iclasında şahidin və cavabdehin əməliyyat olunmasını bildirsə də, hakim həmin halları nəzərə almadan iclası onların və şahidin iştirakı olmadan keçirmişdir. Halbuki, iclasın təxirə salınması zərurəti üzrlü səbəbdən baş vermişdir. İş materiallarından göründüyü kimi, İddiaçı müraciətinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cümaddəsi ilə 900 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmiş, lakin Qaradağ Rayon Məhkəməsinin 3(002)-884/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-in 192.4-cümaddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin qeyd etdiyi xüsusatlara birinci instansiya məhkəməsi tərəfindən səthi və işin faktiki hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında cavabdeh “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 nömrəli xüsusi İnternat məktəbinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
14. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi, eləcə də müstəqil tələb irəli sürməyən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
15. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 25. İ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Maddə 11 «b» bəndi. Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 «ç» bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
24. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmuş olsa belə, yəni dispozisiya əlamətləri ilə uzlaşsa belə iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən birinci instansiya məhkəməsinin iddianı təmin etdiyi hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan iddia müddətini tənzimləyən normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin iddia müddətinin keçməsi ilə əlaqədar etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
26. Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır.
27. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini, yəni 72-ci maddəsinin “a” bəndindəki halı pozması əsası ilə ləğv etmişdir.
28. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməməsi ilə bağlı qənaətini əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi göstərir ki, əmək müqaviləsinə xitamla bağlı müvafiq sənədlərin poçt vasitəsilə göndərilməsi əsasları (işçinin son iş günü işdə olmaması və öz razılığı) hazırkı işdə yaranmadığından; cavabdehin təqdim etdiyi poçt zərfi əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin işçiyə qanunla müəyyən edilmiş qaydada təqdim edilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilmədiyindən cavabdeh «E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün» 9 nömrəli xüsusi İnternat məktəbi həmin sənədlərin işçiyə təqdim edilməsi ilə bağlı sübutetmə yükünü yerinə yetirmədiyi üçün müddətin tətbiqi barədə verdiyi ərizə təmin edilə bilməz. Məhkəmə - cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsinin iddiaçının İdarəyə xx.xx.2023-cü il tarixdə hazırkı məsələ ilə bağlı şikayət etməsi və hüququnun pozulmasını ən azı həmin tarixdə bilməsi dəlilinə - münasibət bildirərək qeyd edib ki, nə qədər ki, əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri işçiyə qanunla müəyyən edilmiş qaydada təqdim edilməyib, nə mediasiya sessiyasının nəticələri barədə müvafiq arayışın (protokolun) verilməsi tarixindən, nə də ki, işçilərin hüquqlarının müdafiəsi ilə bağlı dövlət orqanlarına edilmiş şikayət və ya müraciətlər ilə “işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin ləğv edilməsi barədə” iddia müddətinin axımı başlanmış sayıla bilməz.
29. İşdən görünür ki, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 112 №-li əmrə əsasən İddiaçıt Nüsrət qızı - Məktəbin tərbiyəçisi əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə əmr və əmək kitabçası poçt vasitəsilə iddiaçıya göndərilmiş, ancaq iddiaçı həmin tarixdə əmri və əmək kitabçasını almadığını göstərir. Bununla yanaşı, xx.xx.2023-cü il tarixdə iddiaçıya çatacaq son haqqhesab bank hesabına köçürülmüşdür. Bundan əlavə, iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərilmiş xx.xx.2024-cü il tarixlərdə mediasiya prosesi keçirilmiş, ilkin mediasiya sessiyasında cavabdehin iştirak etməməsi barədə 26 yanvar 2024-cü ildə arayış verilib(i.v;3;33;127-129). İddiaçı isə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Demək ki, ilkin mediasiya sessiyasında cavabdehin iştirak etməməsi səbəbindən bu barədə 26 yanvar 2024-cü ildə arayış verildiyi tarixdə iddiaçı artıq hüququnun pozulduğu bilsə də yenə də qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.
30. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində göstərilib ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixdə iddiaçıya çatacaq son haqq-hesab bank hesabına köçürülmüşdür. Ən azından həmin tarixdən iddiaçı hüququnun pozulduğunu bilirdi. Başqa sözlə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində hüququnun pozulmasının aşkar edildiyi günün yalnız işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının verildiyi gün olduğu qənaətinə gəlmək düzgün deyildir. Çünki bu maddədə sadalanan digər əsaslar da vardır. Ona görə də yalnız əmək kitabçası və əmrin surətinin iddiaçıya çatdırılmasının sübut olunmamasına görə iddia müddətinin axımının başlana bilməz kimi qənaəti yanlış olmuşdur. Bu normanı məhkəmə səhv təfsir etmişdir.
31. Göstərilənlərdən əlavə, iddiaçı Mediasiya Təşkilatına müraciət edərək əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mediasiya prosesinin tətbiqini xahiş etmişdir. İddiaçı əmək kitabçasının və əmri almamışdırsa, yaxud bundan məlumatı olmamışdırsa bu cür təkliflə Mediasiya Təşkilatına müraciət edə də bilməzdi. Bütün bu qeyd olunanlara baxmayaraq ilkin mediasiya sessiyasında cavabdeh tərəfin nümayəndəsinin iştirak etməməsi barədə 26 yanvar 2024-cü ildə arayış aldıqdan sonra iddiaçı artıq hüquqlarının pozulduğu günü bilib və həmin tarixdən iddia müddətinin axımı davam etsə yaxud başlasa belə yenə də 1 aylıq müddəti ötürmüş, 70 sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
32. Məhkəmə tərkibi əmək münasibətlərində işçinin daha zəif tərəf olduğunu nəzərə alaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan müddətin üzrlü səbəbdən ötürülməsinə əsas olan səbəblərin mövcud olub-olmaması barədə də hüquqi dəyərləndirmə apardı. Ancaq nə bu normada nəzərdə tutulan səbəblər, nə də digər obyektiv hallar aşkar edilmədi. Hətta iddiaçı da nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində bu cür üzrlü səbəblərin olmasına dair nəinki sübut təqdim edib, ümumiyyətlə hansısa arqument də gətirmədi. Yalnız məhkəməyə vaxtında müraciət etməsini israr etdi. Bu cür vəziyyətdə iddiaçının düşdüyü vəziyyət başadüşülən olsa da ötürülmüş müddətin üzrlü səbəbdən baş verməsi də hər hansı bir sübutla təsdiq edilmədiyindən məhkəmə tərkibi iddia müddətinin tətbiq edilməməsi üçün əsas müəyyən etmədi.
33. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
34. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1623/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 nömrəli xüsusi İnternat məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 nömrəli xüsusi İnternat məktəbinin apellyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1623/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 nömrəli xüsusi İnternat məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.