Məhkəmə qərarları › İş №2(007)-4393/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4393/2025

02.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4393/2025 02.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :

1. Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 05 avqust 1990-cı il təvəllüdlü X3 10 noyabr 1990-cı il tarixdə Kürdəmir rayonu Yenikənd kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, 10 noyabr 1990-cı il tarixdə evdə olduqları zaman 3 aylıq körpə X1 vəziyyəti pisləşmişdir. O, dərhal Təcili Yardıma zəng vurmuş, lakin Təcili Yardım gələnə kimi qızı rəhmətə getmişdir. X2 Kürdəmir rayonu Yenikənd kənd qəbirsanlığnda dəfn etmişlər. Maraqlı şəxsnə qızının ölüm şəhadətnaməsinin alınması ilə bağlı müraciət elmişdir. Lakin müvafiq orqan tərəfindən ölüm faktını təstiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşlər. X1 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir.

İş materialları :

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiklərindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

4. 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 3-16-5/8-11-2308/2025 nömrəli arayışdan görünür ki, 05 avqust 1990-cı ildə Bakı şəhərində anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.

5. Kürdəmir rayonu Yenikənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı mərhum övladı xx.xx.1990-cı il təvəllüdlü X9 xx.xx.1990-ci il tarixdə vəfat etmişdir. Mərhum yaxın qohumlarının iştirakı ilə Kürdəmir rayonu Yenikənd kənd qəbristanlığında dəfn edilmişdir.

6. 6 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 'Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir:İddiaçı (xx.xx.1967), X17 (xx.xx.1961, ölüm tarixi xx.xx.2025), X8 (xx.xx.1989), X9 (xx.xx.1990), X15 (12.01 1992), X4 (xx.xx.1995), X13 (xx.xx.2004).

7. AZ-İİ seriyalı, 522270 nömrəli Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025ci ildə verilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-cı il tarixdə 664 nömrə ilə qeyd edilmişdir.

8. Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 003183 nömrəli, xx.xx.2005-ci il tarixli orderdən görünür ki, X10 ailə tərkibi 6 nəfər ilə ünvan 2 ünvanında yaşamaq hüququ vardır. Ailə tərkibi : özü, arvadı-İddiaçı, qızı-Uğurova A.A.(1989), qızı-İddiaçı(1992), qızı- Uğurova G.A.(1995), oğlu-Uğurov E.A(2004).

9. İş materiallarına üç ədəd şəkil əlavə edilmişdir.

10. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

11. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhər Nizami rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Şahid ifadələri :

13. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirmişdir ki, ərizəçi onun bacısıdır. Bacısı Sevil onun qonşusuna ərə gəlmişdir. Uşaq yay ayında xəstəxanada doğulmuşdur. Uşaq payız ayında yəni 1990-cı ilin oktyabr ayında rəhmətə getmişdir. Uşağı Yenikənd kənd qəbirstanlığında dəfn etmişlər. Uşaq rəhmətə gedəndə 3 aylıq idi.

14. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahatında bildirmişdir ki, ərizəçi onun bacısıdır. Bacısı Bakı şəhərində, özü isə rayonda yaşayır. Rəhmətə gedən uşaq ikinci uşaq idi. Uşaq 1990-cı ildə oktyabr ayında rəhmətə getmiş, o Yenikənd kəndində dəfn olunmuşdur.

Tətbiq edilən hüquq :

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

218.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

İşin faktiki halı :

18. Ərizəçi İddiaçı ərindən miras qalmış mənzili vərəsəlik qaydasında qəbul etməsi üçün qızının ölüm haqqında şəhadətnaməsi tələb olunduğuna görə məhkəməyə müraciət etmişdir.

19. xx.xx.1990-cı il tarixdə anadan olmuş X9 xx.xx.1990-cı il tarixdə vəfat etmiş və Kürdəmir rayonu Yenikənd kənd qəbirstanlığında dəfn edilmişdir.

20. X3 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün Bakı şəhəri Nizami Rayonu Qeydiyyat Şöbəsi tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.

21. X3 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.

22. Məhkəmə qeyd edir ki, xx.xx.1990-cı il anadan olmuş X3 xx.xx.1990-cı il tarixdə ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.

Məhkəmənin mövqeyi :

23. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə qismən təmin edilməlidir.

24. Belə ki, xx.xx.1990-cı il təvəllüdlü X3 xx.xx.1990-cı il tarixdə vəfat etməsi faktı, iş materialları, ərizəçinin izahatı, şahid ifadəsi ilə öz təsdiqini tapmışdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

25. Mülki işin materiallarından da görünür ki, ərizəçi İddiaçı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmaması səbəbindən ölüm haqqında akt qeydinin aparılması mümkün olmamışdır.

26. Belə ki, Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm akt qeydinin aparılmasından imtina edilmiş və ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.

27. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun qızının ölüm faktı məhkəmə qaydasında müəyyən olunmalıdır.

28. Məhkəmə qeyd edir ki, ərizəçi ərizədə qızının 1990-cı ilin noyabr ayında vəfat etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etsə də, şahid ifadələri, o cümlədən ərizəçinin özünün sonradan verdiyi izahata əsasən müəyyən edilmişdir ki, X9 1990-cı ilin oktyabr ayında vəfat etmişdir.

Məhkəmə Xərcləri:

29. Məhkəmə qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Nəticə :

30. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə qismən təmin edilməli və xx.xx.1990-cı il təvəllüdlü X3 xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonu, Yenikənd kəndində ölməsi faktı müəyyən edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X3 xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonu, Yenikənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar