Məhkəmə qərarları › İş №2(007)-4475/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4475/2025

26.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4475/2025 26.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İmanzadə Türbət Rəşad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi :

1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı 1 saylı Mediasiya Təşkilatının MŞB/2/2025-00078 nömrəli, xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin 3, 4 və 5-ci bəndlərinin şərtlərinin təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3599/2025 saylı qətnaməsi ilə, iddiaçı X4 ilə cavabdeh Maraqlı şəxs arasında 28 fevral 2013-cü il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 228 saylı akt qeydinə əsasən bağlanılmış nikah pozulmuşdur. Bakı 1 saylı Mediasiya Təşkilatının MŞB/2/2025-00078 nömrəli, xx.xx.2025-ci il tarixli Barışıq Sazişi ilə, tərəflər aşağıdakı məzmunda razılıq əldə etmişlər: Mediasiya (mübahisə) tərəfləri Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydiyyata alınmış 28 fevral 2013-cü il tarixli, 228 nömrəli qeyd ilə təsdiq edilən, aralarında bağlanmış nikahın davam etdirilməməsi barədə qarşılıqlı razılığa gəldilər. Mediasiya (mübahisə) tərəfləri xx.xx.2014-cü il təvəllüdlü X8 adlı övladın və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı övladın yetkinlik yaşına çatanadək ananın - yəni, X1 himayəsində qalması barədə qarşılıqlı razılığa gəldilər. İkinci tərəf (ata) yəni, Maraqlı şəxs Birinci tərəfə (anaya) - yəni, X2 xx.xx.2014-cü il təvəllüdlü X8 adlı övladın və xx.xx.2016-cı il təvəlüdlü X9 adlı övladın yetkinlik yaşına çatanadək ananın himayəsində yaşayış və digər maddi xərclərini qarşılamaq üçün aliment qismində ümumilikdə 250 AZN (iki yüz əlli manat - hər övlada görə 125 AZN) məbləğində aliment ödəyəcəkdir. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxanda göstərilən aliment məbləğinin - yəni, 250 AZN (iki yüz əlli manat) məbləğin hesablanmasına nikahın pozulması üzrə müvafiq məhkəmə qərarı verilən gündən başlanacaqdır. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği - yəni, 250 AZN (iki yüz əlli manat) məbləğ ata tərəfindən anaya hər təqvim ayının sonuncu gününə qədər ananın təqdim etdiyi müvafiq bank hesabına bağlı bank kartına köçürmə yolu ilə ödənəcəkdir. Bildirir ki, Maraqlı şəxs Sazişin 3, 4 və 5-ci bəndlərinin şərtlərini könüllü şəkildə icra etməkdən yayınır və Sazişin həmin bəndlərindən irəli gələn öhdəliklərini pozur. Belə ki, Sazişin şərtlərinə əsasən nikahın pozulması üzrə müvafiq məhkəmə qərarı verilən gündən, yəni xx.xx.2025-ci il tarixdən Maraqlı şəxs ona hər təqvim ayının sonuncu gününə qədər ona təqdim edilmiş müvafiq bank hesabına bağlı bank kartına köçürmə yolu ilə ayda 250 manat aliment məbləği ödəməli idi. Lakin Maraqlı şəxs Sazişin şərtlərini pozmuş öhdəliyini yerinə yetirməmişdir. Sazişin 8-ci bəndində deyilir ki, Sazişin könüllü icrasından imtina olunarsa, tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İş materialları :

3. Bakı 1 saylı Mediasiya təşkilatında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞB/1/2025-00078 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəfləri Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydiyyata alınmış 28 fevral 2013-cü il tarixli, 228 nömrəli qeyd ilə təsdiq edilən, aralarında bağlanmış nikahın davam etdirilməməsi barədə qarşılıqlı razılığa gəldilər. Mediasiya (mübahisə) tərəfləri xx.xx.2014cü il təvəllüdlü X8 adlı övladın və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı övladın yetkinlik yaşına çatanadək ananın - yəni, X1 himayəsində qalması barədə qarşılıqlı razılığa gəldilər. İkinci tərəf (ata) - yəni, Maraqlı şəxs Birinci tərəfə (anaya) - yəni, X2 xx.xx.2014-cü il təvəllüdlü X8 adlı övladın və xx.xx.2016-cı il təvəlüdlü X9 adlı övladın yetkinlik yaşına çatanadək ananın himayəsində yaşayış və digər maddi xərclərini qarşılamaq üçün aliment qismində ümumilikdə 250 AZN (iki yüz əlli manat - hər övlada görə 125 AZN) məbləğində aliment ödəyəcəkdir. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxanda göstərilən aliment məbləğinin - yəni, 250 AZN (iki yüz əlli manat) məbləğin hesablanmasına nikahın pozulması üzrə müvafiq məhkəmə qərarı verilən gündən başlanacaqdır. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği - yəni, 250 AZN (iki yüz əlli manat) məbləğ ata tərəfindən anaya hər təqvim ayının sonuncu gününə qədər ananın təqdim etdiyi müvafiq bank hesabına bağlı bank kartına köçürmə yolu ilə ödənəcəkdir.

4. AZ-İİİ seriyalı, 463662 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2014-cü ildə anadan olmuş və bu barədə 2 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixində 67 nömrə ilə qeyd edilmişdir. Atası Maraqlı şəxs, anası X3r.

5. AZ-İİİ seriyalı, 850642 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2016-cı ildə anadan olmuş və bu barədə 3 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixində 5989 nömrə ilə qeyd edilmişdir. Atası Maraqlı şəxs, anası X3r.

6. Bakı şəhəri Xətai Rayonu Məhkəməsinin 2(011)-3599/2025 saylı, xx.xx.2025-ci il qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı X7 ilə cavabdeh Maraqlı şəxs arasında 28 fevral 2013-cü il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 228 saylı akt qeydinə əsasən bağlanılmış nikahın pozulması qət edilmişdir.

7. AZ-İ seriyalı 537790 nömrəli “nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X4 arasında nikah Xətai rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Əzizova soyadı verilmişdir.

8. xx.xx.2025-ci il tarixli, ********** nömrəli əbzin surətindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

Tərəflərin izahatları :

9. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, maraqlı şəxslə aralarında iki uşaq üçün 250 manat ödənilməsinə dair saziş bağlanılmasına baxmayaraq o, üzərinə düşən öhdəliyi yerinə yetirmir. Maraqlı şəxs yadına düşən zaman 2-3 aydan bir 20-30 manat ödəniş edir. Ancaq hal-hazırda ödəniş etmir. Alimentin nikahın pozulmasına dair Qətnamə qəbul edildiyi gündən hesablanması barədə razılaşmışlar.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:

3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. “Uşaq Hüquqları haqqında” Qanun :

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

İşin faktiki halı :

16. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 doğulmuşdur.

17. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində MŞB/1/2025- 00078 nömrəli xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 3,4,5-ci bəndlərinə əsasən Maraqlı şəxs nikahın pozulması barədə qərar verilən gündən hər təqvim ayının sonuncu günü iki uşaq üçün cəmi 250 manat aliment ödəməyi öhdəsinə götürmüşdür.

18. Ərizəçi ilə Maraqlı şəxs arasında nikah Bakı şəhəri Xətai Rayonu Məhkəməsinin 2(011)-3599/2025 saylı, xx.xx.2025-ci il qətnaməsi ilə pozulmuşdur.

Məhkəmənin mövqeyi :

19. Məhkəmə iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək və ərizəçinin izahatını dinləyərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

18. Belə ki, ailə qanunvericiliyə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Mediasiya haqqında qanunvericiliyə əsasən isə ailə münasibətlərindən irəli gələn mübahisələr, o cümlədən uşağın saxlanılması qaydası mediasiya vasitəsilə həll oluna bilər. Valideynlər mediasiya prosesində barışıq sazişi bağlamaqla alimentin miqdarını və ödənilmə qaydasını müəyyən edə bilərlər.

19. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər.

20. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış MŞB/1/2025-00078 nömrəli xx.xx.2025-ci il tarixli barışıq sazişinin alimentə dair hissəsinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir.

21. Məhkəmə qeyd edir ki, sözügedən MŞB/1/2025-00078 nömrəli xx.xx.2025-ci il tarixli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentə dair hissəsi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.

22. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

23. Barışıq sazişinə əsasən tərəflər alimnetin tutulmasının nikahın pozulmasına dair qərar verilən gündən hesablanması barədə razılığa gəldiklərindən alimentin tutulması xx.xx.2025-ci il tarixdən başlanılmaqla hesablanmalıdır.

Nəticə :

24. Beləliklə məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/1/2025- 00078 saylı barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir.

25. Məhkəmə qeyd edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 18 mart 2025-ci il tarixli MŞB/1/2025-0078 saylı barışıq sazişinin 3, 4 və 5-ci bəndləri aşağıdakı məzmunda təsdiq edilsin: "İkinci tərəf (ata) - yəni, Maraqlı şəxs Birinci tərəfə (anaya) - yəni, X2 xx.xx.2014-cü il təvəllüdlü X8 adlı övladın və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı övladın yetkinlik yaşına çatanadək ananın himayəsində yaşayış və digər maddi xərclərini qarşılamaq üçün aliment qismində ümumilikdə 250 manat (iki yüz əlli manat - hər övlada görə 125 AZN) məbləğində aliment ödəyəcəkdir. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləğinin - yəni, 250 manat (iki yüz əlli manat) məbləğin hesablanmasına nikahın pozulması üzrə müvafiq məhkəmə qərarı verilən gündən başlanacaqdır. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği - yəni, 250 manat (iki yüz əlli manat) məbləğ ata tərəfindən anaya hər təqvim ayının sonuncu gününə qədər ananın təqdim etdiyi müvafiq bank hesabına bağlı bank kartına köçürmə yolu ilə ödənəcəkdir". Alimentin hesablanması xx.xx.2025-ci il tarixdən başlanılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar