Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-464/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi və ölümün qeydə alınması” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi və ölümün qeydə alınmas” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, anası Ağdam rayonunun Saybalı kəndində doğulmuş X4 19 fevral 1993-cü il tarixdə Ağdam rayonunun, Saybalı kəndində ölümünün faktının müəyyən edilməsi və Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə ölüm haqqında şəhadətnamənin verilməsinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X9 19 fevral 1993-cü il tarixdə Ağdam rayonunun, Saybalı kəndində vəfat etmişdir. Bu fakt Ağdam rayon İcra Hakimiyyəti başçısının Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda da öz əksini tapmışdır. Anası 19 fevral 1993-cü il tarixdə Ağdam rayonu, Saybalı kəndinin qəbirstanlığında dəfn olunmuşdur. Ağdamın işğalı ilə əlaqədar anasına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Bununla bağlı Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi 17.08.2021-ci il tarixdə ona imtina məktubu verərək 106 saylı ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə X9 barəsində ölüm haqqında akt qeydi aparıla bilməz və ona görə də məhkəməyə müraciət etməlidir. X1 adına Ağdam rayonunda torpaq sahəsi vardır və hazırda Ağdam rayonu işğaldan azad olunduğu üçün dövlət tərəfindən kənd sakinlərinin torpaq sahələri özlərinə qaytarılacaqdır. Anasının adına olan torpaq sahəsini ölüm haqqında şəhadətnaməsi olmadığına görə onun adına olan torpaq sahəsini öz adına keçirə bilməyəcəkdir. Ona görə də ölüm haqqında şəhadətnamə alınması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin o bildirdi ki, anasının qırxı çıxmamış Ağdam rayonu işğal olduğu üçün oradan qaçaraq çıxmışlar. Rayon işğal olunduğu üçün anasına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. O, bildirdi ki, atası ilə anası ayrıldıqdan sonra anası ilə nənəsinin yanında yaşamışlar. Onu nənəsi böyütmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan iddia ərizəsini baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında X5 şahid qismində ifadə verərək göstərmişdir ki, o, Ağdam rayonu, Saybalı kəndindində dünyaya gəlmiş məlum hadisələrədək orada yaşamışdır. Ərizəçinin qonşusu olmuş və uzaqdan qohumluq əlaqələri vadır. Ərizəçinin nənəsi X3 və onun anası X6 tanımışdır. Ərizəçinin anası xəstəlikdən əziyyət çəkirdi. O, qaçqınlıq düşməmişdən qabaq rəhmətə getmişdir. Dəfndə iştirak etmişdir. Kənddə dəfn olunmuşdur. Qaçqınlıqdan sonra Bakıya gəlmişlər. O vaxtdan ərizəçinin görməmişdir. Ərizəçi ilə yaxın vaxtlarda rastlaşmışlar. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi göndərilmiş 17 avqust 2021-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Ağdam rayon İcra Hakimiyyəti başçısının Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26.02.2021-ci il tarixli arayışından görünür ki, X9 19 fevral 1993-cü il tarixdə Ağdam rayonu, Saybalı kəndində vəfat etmişdir. 19 fevral 1993-cü il tarixdə Ağdam rayonu, Saybalı kəndinin qəbirstanlığında dəfn olunmuşdur. - 02.01.2008-ci il tarixli, AZ-İ seriyalı, 259581 saylı “Ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, X7 31.12.2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - İV-ЖГ seriyalı, 470021 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi 19.01.1977-ci il tarixdə Abşeron rayonunda anadan olmuşdur. Atası X8, anası X9 olmuşdur. - Vİİ-ЖГ seriyalı, 254290 saylı “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi ilə X10 arasında nikahları 02.12.1997-ci il tarixdə 703 nömrə ilə qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi anası X9 19 fevral 1993-cü il tarixdə Ağdam rayonunun, Saybalı kəndində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi anasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi X1 19 fevral 1993-cü il tarixdə Ağdam rayonu, Saybalı kəndində vəfat etməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin olunmamalıdır. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X4 19 fevral 1993-cü il tarixdə Ağdam rayonu, Saybalı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-464/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-464/2022
27.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver