Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-490/2022 16.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Paşayeva Səbinə Etibar qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil2 Cunar qızının, Cavabdeh1 Məmməd oğlunun vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 131,9 kv.metr olan qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın 101 kv.metrinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X5 2004-cü ilin yanvar ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın özəlləşdirilməsi üçün qanunauyğun formada sənədləşmə işlərinin aparılmasına başlamışdır. Bu hərəkətlərin aparılması üçün lazım olan bütün vəsait onun tərəfindən tam ödənilmişdir. Onunla Cavabdeh1 arasında əldə olunmuş şifahi razılıq əsasında o, sözügedən ünvanda yerləşən daşınmaz əmlakı onun adına rəsmiləşdirmişdir. Şifahi razılıqlarına əsasən o, sözügedən əmlaka nəzarəti həyata keçirtməklə məşğul olacaq, əmlakdan əldə olunmuş aylıq qazancın ¼ hissəsi əmək haqqı kimi ona ödəniləcək, əmlak onun adına rəsmiləşdirildiyi zaman o, həmin əmlakdan 30 kv metr hissəni ona bağışlayacaqdı. Həmçinin, özəlləşmə prosesi ilə bağlı hərəkətlər aparılan zaman Cavabdeh1 tərəfindən hər hansı vəsait xərclənməmiş, əmlak formal olaraq onun adına rəsmiləşdirilmişdir. Əmlak formal Namiqin adına reyestrdən qeydiyyatdan keçsə də onun razılığı əsasında əmlaka nəzarəti də Namiq həyata keçirirdi. O, sözügedən əmlakı təmir etdirmək məqsədi ilə özünə məxsus iki mənzili (Yasamal və Nizami rayonlarının ərazisində yerləşən) 2007-ci ildə satmış, satışdan əldə etdiyi vəsaiti mübahisəli əmlakı təmir etdirmək məqsədi ilə Cavabdeh1 vermişdir. O, ona məxsus vəsait ilə həmin əmlakı təmir etmiş, əmlakın təmirinə cavabdeh tərəfindən bir manat belə vəsait xərclənməmişdir. 2021-ci ilin sentyabr ayında faktiki onun vəsaiti ilə alınmış əmlakı öz adına rəsmiləşdirmək istədikdə, cavabdeh əmlakın bir hissəsini onun adına rəsmiləşdirsə də razılaşdıqları 101,7 kv metr hissəsini onun adına rəsmiləşdirməkdən boyun qaçırtmışdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Pozulmuş hüquqlarını məhkəmədə bərpa etməkdən başqa çıxış yolu qalmamışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi, əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinin “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 131,9 kv metr olan qeyri-yaşayış təyinatlı daşınmaz əmlaka dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat yazısının və onun adına verilmiş çıxarışın ləğv edilməsi” hissəsinə dair mülki işin icraatına xitam verilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlak üzərində mülkiyyət hüququnun tanınması” hissəsinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Cavabdeh1 Məmməd oğlu məhkəməyə xx.xx.2022-ci il tarixdə yazılı etiraz ünvanlayaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbləri tam əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı iddiasını onunla əsaslandırır ki, guya o, 2004cü ilin yanvar ayından Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün qanunauyğun formada sənədləşmə işlərinin aparılmasına başlamış, bunun üçün bütün vəsaiti ödəmiş, lakin şifahi razılığa əsasən əmlak Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Qeyd olunanlar tamamilə uydurma olmaqla, heç bir sübutla təsdiq olunmur. Belə ki, iddiada göstərilən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 418.4 m2 olan qeyri-yaşayış sahəsi 2004-cü ildən Cavabdeh1 mülkiyyətindədir. İddiaçı isə həmin əmlakın özəlləşdirilməsinə, bununla bağlı ödənişin edilməsinə, ümumiyyətlə həmin qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti olmamışdır. İddiaçı iddiasında yuxarıda göstərilən halları, yəni qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün sənədləşmə işlərini aparması, bunun üçün bütün vəsaiti özünün ödəməsini qeyd etsə də, həmin hallarla bağlı heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə bu cür sübut mövcud deyildir. Məlum olduğu kimi Mülki- Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə əsasən, iddiaçının tələbləri, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir. Lakin hazırki iş üzrə İddiaçı tərəfindən prosessual hüquq normasının tələbi pozulmaqla, iddiasında göstərdiyi hallarla bağlı heç bir sübuta istinad olunmamış və həmin sübutların siyahısı iddia ərizəsinə əlavə olunmamışdır. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surəti, dövlət rüsumu ödənilməsi barədə qəbz və yalnız bir ədəd daşınmaz əmlakın reyestrdən çıxarışını əlavə etmişdir ki, həmin çıxarışdan da qeyriyaşayış sahəsinin Cavabdeh1 mülkiyyətində olması görünür. Bununla da tam təsdiq olunur ki, İddiaçı iddiası tam əsassız olmaqla yanaşı, yalnız öz şəxsi ehtimal və mülahizələrindən ibarətdir. İddiaçı öz iddiasını əsaslandırmaq məqsədilə Mülki Məcəllənin 158, 159, 161, 162, 164, 165-ci maddələrinə istinad etmişdir ki, həmin maddi hüquq normaları ilə bağlı iddianın təmin edilməsini ehtimal etməyə heç bir hüquq əsas mövcud deyildir. Belə ki, sadalanan maddi hüquq normaları “sahiblik hüququ"nun müdafiəsi ilə bağlı olan normalardır. Məlum olduğu kimi sahiblik hüququ, mülkiyyət hüququnun sahiblik, istifadə, sərəncam hüquqlarından ibarət olan üç tərkib elementindən biridir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir və belə olan halda həmin əmlaka sahiblik etmək hüququ da məhz Cavabdeh1 məxsusdur. Qeyd edilən əmlaka sahibliyin İddiaçı məxsus olması və yaxud onun faktiki sahibliyində olması ilə bağlı sübutlar olmadığından onun həmin iddiası tamamilə rədd olunmalıdır. Bununla da, tam təsdiq olunur ki, İddiaçı öz iddiasını əsaslandırmaq məqsədi ilə Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə istinad etməsi tamamilə əsassızdır. Cavabdeh1 ona qarşı hazırki iddia tələbinin qaldırılması ilə bağlı bildirdiyi məlumat ondan ibarətdir ki, İddiaçı bacısı Xalidə Məsimova öz əlaqə və imkanlarından istifadə edərək, bu və digər vasitələrlə qanunsuz olaraq Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsini onun əlindən almaq istəyir. Cavabdeh1 bildirdiyi məlumatlar ondan ibarətdir ki, “X4 onun əmisinin baldızı olmaqla yanaşı, hazırda Azərbaycan Respublikası Energetika Nazirliyində nazirin müşaviri vəzifəsində işləyir. Əvvəllər də müxtəlif vəzifələrdə işlədiyindən geniş əlaqələrə və maddi imkana malikdir. 2021-ci ilin sentyabr ayında Xalidə Məsimova ona bildirmişdir ki, əlində olan pul vəsaitinin bir hissəsini daşınmaz əmlaka yatırmaq istəyir və bunun üçün münasib bir qeyri-yaşayış sahəsi axtarır. Həmin dövrdə Cavabdeh1 övladlarının işləri ilə bağlı müəyyən qədər pul vəsaitinə ehtiyacı olduğundan, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsini satmaq fikrində olmuşdur. Xalidə Məsimova da əmlak almaq niyyəti ilə bağlı dedikdə, o, obyektinin bir hissəsini satmaq barədə fikrini Xalidə Məsimovaya bildirmişdir. Danışıqlar nəticəsində belə bir razılıq əldə olunmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan 418,4 kv.m. qeyri-yaşayış sahəsinin 300 kv.m. hissəsini ona satır, o, isə hər kv.m. üçün 2.500 manat pul ödəməklə qeyri-yaşayış sahəsini alır. Razılıq əldə olunduqdan sonra Xalidə Məsimova bildirmişdir ki, o, hazırda vəzifəli şəxs olduğundan əmlakı öz adına deyil, bacısı qızı Vüsalə Məmmədovanın adına rəsmiləşdirəcəkdir. Həmçinin bildirmişdir ki, əmlakın dəyərinin bir hissəsini rəsmi olaraq ödəyəcək, qalan hissəsini isə 1 ay müddətində nağd şəkildə verəcəkdir. Bunu onunla əsaslandırmışdır ki, vəzifəli şəxs olduğundan özünün və qohumunun adının rəsmi qaydada notariat orqanında külli miqdarda pul vəsaitinin dövriyyəsi ilə bağlı hallanmasını istəmir. Bütün bu söhbətlərdən Vüsalə Məmmədovanın da xəbəri və məlumatı olmuşdur. Qohum kimi Xalidə Məsimovaya və Vüsalə Məmmədovaya tam inandığından, onların dediyi bütün təkliflər ilə razılaşmışdır. Çünki onun niyyəti əmlakı satmaq olmuşdur. Beləliklə, tam razılıq əldə olunduqdan sonra sənədləri Daşınmaz Əmlakın Reyestr Xidmətinə təqdim etmişlər və həmin Xidmətin əməkdaşlarının ölçməsindən sonra məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin bölgüsü həyata keçirilərsə, onun tam olaraq 300 kv.m. hissəsi deyil, 286,5 kv.m. hissəsini bölüb ayırmaq mümkündür. Bu hal məlum olduqdan sonra Xalidə Məsimova ilə yenidən müzakirə etmişlər və yekun olaraq belə razılıq əldə olunmuşdur ki, o, qeyri-yaşayış sahəsinin 286.5 kv.m. hissəsini alır, bunun üçün hər 1 kv.m. üçün 2.500 manat olmaqla, ümumilikdə 716.250 manat pul ödəyəcəkdir, lakin həmin pulun 300.000 manatını rəsmi qaydada, qalan 416.250 manatını isə 1 ay müddətində nağd qaydada Cavabdeh1 ödəyəcəkdir. Söhbətlərin bu formada davam etməsindən sonra Vüsalə Məmmədova da əmlakın onun adına rəsmiləşdirilməsinə razılığı vermiş və qalan pulu 1 ay müddətində ödəyəcəyini bildirmişdir. Cavabdeh1 arada olan qohumluq münasibətlərinə görə Xalidə Məsimova və Vüsalə Məmmədovaya tam olaraq etibar etdiyindən, onların təklifinə razılıq vermiş və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 286,5 kv.m. hissəsini Xalidə Məsimovanın bacısı qızı olan Vüsalə Məmmədovanın adına keçirtmişdir. Xalidə Məsimova ilə əldə olunmuş razılığa əsasən 2021-ci ilin oktyabr ayının sonundan qalan 416.250 manat pulu tələb etməyə başlasa da, artıq Xalidə Məsimova yayınmağa başlamış, hər dəfə müxtəlif vədlər verməklə, vaxtı uzatmağa çalışmışdır. Bir müddətdən sonra isə Xalidə Məsimova onu rəhbərliyində çalışdığı Energetika Nazirliyində işə düzətdiyini əsas gətirməklə, gah ödəməli olduğu pulun məbləğini azaltmağa çalışmış, gah da ümumiyyətlə maddi vəziyyəti imkan vermədiyindən imkanı olanda pulu ödəyəcəyini bildirmişdir. Söhbətlər əsnasında Xalidə Məsimova ilk öncə onu işlədiyi Energetika Nazirliyindən işdən çıxardacağı, daha sonra isə geniş əlaqələrindən istifadə etməklə onu həbs etdirəcəyi ilə hədələməyə başlamışdır. xx.xx.2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində Sumqayıt şəhərində 2-ci məhəllədə Cavabdeh1 yaşadığı evin qarşısından özünü DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər heç bir səbəb göstərmədən, öz avtomobilinə otuzduraraq, özləri idarə edib həmin İdarəyə gətirmişlər. Onu orada 2 gün saxlayaraq, qarşısında qəti şərt qoymuşlar ki, o, Xalidə Məsimovadan heç bir məbləğdə pul tələb etməli deyil, bundan əlavə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerdə qalan 131,9 kv.m. hissəsini də Xalidənin bacısı İddiaçı adına keçirtməlidir. Əks halda dələduzluqda ittiham edib həbs edəcəkləri ilə hədələməyə başlamışlar. İlk əvvəl razılaşmasa da, ona göstərilmiş fiziki və mənəvi təzyiqlərə tab gətirməyərək, məcbur qalıb orada iltizam yazılmasına razı olmuşdur ki, həmin iltizamı yazıb oradan çıxa bilsin. Əks halda onu həbs edib saxlayacaqları ilə hədələmişlər. Nəhayət Cavabdeh1 iltizam yazdıqdan sonra onu oradan buraxmışlar. Həmin günün səhərindən başlayaraq, artıq X9 Salamovdan qeyri-yaşayış sahəsini tam olaraq onun adına keçirməyi tələb etməyə başlamış, əks halda onu yenidən BMCMİ-nin əli ilə tutduracağı ilə hədələmişdir. Onun bu hədələrinə əhəmiyyət verməsə də, xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində yenidən BMCMİ-nin əməkdaşları Cavabdeh1 yaşadığı evin qarşısından öz avtomobillərinə oturdaraq həmin İdarəyə gətirmişlər. Bu dəfə isə 3 gün saxlayaraq, ona fiziki və mənəvi təzyiqlər göstərməyə başlamışlar. Orada mülkiyyətində olan qeyri-yaşayış sahəsini Xalidə Məsimovanın bacısı İddiaçı adına keçirməyi və etməyəcəyi təqdirdə, dələduzluqla və yaxud vergidən yayınma ilə məsuliyyətə cəlb edəcəkləri ilə hədələmişlər. Nəhayət ailə üzvlərinin və vəkilinin şikayətlərindən sonra xx.xx.2021-ci il tarixdə axşam saatlarında azad olunmuşdur. Vəziyyəti belə görən X9 Salamovdan əl çəkməyərək, bacısı İddiaçı adından Nizami rayon Məhkəməsində əsassız, qondarma iddia qaldıraraq, onun mülkiyyətində qalan 131,9 kv.m. sahənin də onun mülkiyyətinə keçirilməsinə nail olmağa çalışır. Bütün qeyd olunanlarla bir daha təsdiq olunur ki, İddiaçı iddiası tam əsassız olmaqla, heç bir hüquqi və qanuni əsası mövcud deyildir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 Cunar qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, Cavabdeh1 İddiaçı qaynı oğludur, yəni Vüsalə ilə Namiq əmiqızı, əmioğludur. Deyəsən həmin vaxt Vüsalə yetkinlik yaşına çatmamışdır. Halhazırda Namiq barəsində Baş Prokurorluğa materiallar getmişdir ki, Namiq barəsində cinayət işi başlanılsın. 2004-cü ildə Sevda Namiqə müraciət emişdir ki, onlar bu qeyriyaşayış sahəsini özəlləşdirmək istəyir və oğlu Azərbaycanda olmadığından, özü yaşlı və təzyiq xəstəsi olduğundan Namiqin bu işlərlə orada təmirlə məşğul olmağına, həmin qeyriyaşayış sahəsini icarəyə verməsinə, ora işçi kimi onu götürmələrinə və bu işləri vicdanla yerinə yetirsə sonradan həmin qeyri yaşayış-sahələrinin birini ona bağışlayacaqları barədə qərara gəlmişlər. Özəlləşmə 2004-cü ildə Namiqin adına aparılmışdır. Əmlak özəlləşdiriləndən sonra həmin qeyri-yaşayış sahəsi 418 kvadrat metr olmuş, onun sahəsi böyük olduğu üçün oranın təmiri 2007-ci il tarixdə başlanmış və 2009-cu il tarixdə qurtarmış, təmir üçün çox vəsit xərclənmişdir. Həmin qeyri-yaşayış sahəsini təmir etdirmək üçün İddiaçı özünə məxsus 2 ədəd evi satmış və Namiqə qeyri-yaşayış sahəsini təmir etdirməsi üçün vermişdir. Obyektin təmirinə cavabdeh tərəfindən xərc çəkilməmişdir. Bundan başqa İddiaçı oranın təmiri üçün bir neçə banklardan Namiqin adına pul götürmüş, öz əmlaklarını banka girov qoymuşdur. Belə ki, "xxxx" İKB ASC-yə ünvan 1 ünvanındakı mənzil və 2 dəfə kredit götürülmüş "xxxx" ASC-yə Bakı şəhəri, A .Neymətulla 58 ünvanındakı mənzil girov qoyulmuşdur. Bu qeyri-yaşayış sahəsi təmir olunandan sonra onu işlətməyə başlamışlar. Sonrdan Sevdaya məlum olmuşdur ki, Namiq həmin qeyriyaşayış sahələrindən aldığı icarə haqlarında bunları aldadır. Sevda Namiqə inanmış, lakin Namiq əmlaklara görə hər ay 8000 manat əldə etdiyi halda iddiaçını aldadaraq hər ay 3000 manat gəlir əldə etdiyini bildirmişdir. Onun tərəfindən qalan pul mənimsənilmışdir. Sevdanın mülkiyyət hüquqları pozulmuşdur. Bundan əlavə Baş Cinayət Müfəttəşlik İdarəsinə göndərilmiş sorğunun tam cavabının gəlməməsini bildirmiş və xx.xx.2022-ci il tarixli vəsatətinin təmin edilməsini məhkəmədən xahiş etdi. O bildirmidi ki, əmlakın iddiaçya məxsus olması ilə bağlı Baş İdarədən izahatı alınmış şəxlərin izahatlarının götürülməlidir. Əks təqdirdə onlar iddia tələblərini sübut edə bilməyəcəklər və bu onların müdafiə hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Həmçinin bildirdi ki, Namiqə təzyiq edilməsi ilə bağlı, müstəntiq çağırıla və aydınlaşdırıla bilər ki, orada Namiqə heç kəs təzyiq etməmişdir. Namiq mütəşşəkildə verdiyi öz izahatında da qeyd etmişdir ki, onun adına qeyri-yaşayış sahəsi formal olmuşdur. Həmin əmlak 10-11 ildir ki, işləyir. Xalidə xanım Namiqi vaxtı ilə işə də düzəltmişdir. Onlar məhkəməyə 1 ədəd 45.000 manatlıq kredit müqaviləsi və Sevdanın qızının evinin yüklülüyü barədə müqavilə, obyektlə bağlı xərclərə dair əlyazmanın olmasını, həmçinin Namiqin aylıq gəliri barədə çıxarışı təqdim etmişlər. Onlar hazırda məhkəmədə barışıq olaraq həmin qeyri-yaşayış sahəsinin 100 kv.metrinin cavabdeh tərəfindən götürülməsini və 30 kv.metrin isə onlara verilməsini təklif etdilər. O, iddia müddətinə münasibətdə onu bildirdi ki, iddia tələbi mülkiyyətlə bağlı iddia olduğuna görə müddət tətbiq olunmur. Bundan əlavə iddiaçı 2021-ci ildə obyektlə bağlı alqı-satqı müqaviləsi bağlanarkən aldadıldığını bilmiş və iddia müddəti həmin vaxtdan sonra hesablanmalıdır. Obyekt iddiaçı tərəfindən özəlləşdirildiyindən, təmir edildiyindən və obyektə faktiki sahiblik edildiyindən onun həmin sahəyə dair iddia qaldırmaqda subyektiv hüququ vardır. Məhkəmə iclasında Cavabdeh1 Məmməd oğlunun vəkili və nümayəndəsi Vəkil3 yazılı etirazın məzmununa uyğun izahat verərərk iddianı qəbul etmədiklərini bildirdi. O, məhkəməyə hazırki iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia müddətinin tətbiq edilərək və iddiaçının iddia qaldırmaqda subyektiv hüququnun olmaması əsas götürülərək iddianın rədd edilməsini xahiş etdi. O bildirmişdir ki, iddiaçı tərəfindən daşınmaz əmlak üçün 6 il ərzində iddia qaldırılması üçün müəyyən olunmuş müddəti ötürülmüşdür. Həmçinin o qeyd etdi ki, Baş Cinayət Müfəttəşlik İdarəsində hər hansı proyudisial əhəmiyyət kəsb edən qərar qəbul edilməmiş, Cavabdeh1 Məmməd oğlunun izahatı təsir altında alınmışdır. Həmin izahatla bağlı həmin qurumun məktubu məhkəmə üçün məcburi xarakter daşımamalıdır. Məhkəmənin əvvəlki iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil1 etirazın məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiklərini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, qanunvericiyiə əsasən iddialar əsaslandırılmalıdır, burada iddiaçı heç bir əslandırma gətirmədən, formal olaraq iddia da Cavabdeh1 mülkiyyətində olan əmlaka onun mülkiyyət hüququnun tanınmalı olmasını qeyd etmişdir. İddia tələbinə diqqət yetirilsə görünər ki, 101 kvadrat daşınmaz əmlak Cavabdeh1 mülkiyyətindədir, tərəf nə sübut gətirir gətirsin heç bir hüquqi əsas yoxdur ki, kiminsə mülkiyyətində olan əmlaka başqasının hüququ tanınsın. 400 kvadratlıq əmlak Cavabdeh1 olmuş, 2004-cü ildə Metrologiya və Standartlaşma Patent idarəsinin balansında olmuş, Namiq oranın əməkdaşı olmuş və 2004-cü ildə əmlaklar özəlləşdirməyə çıxarılarkən oranın əməkdaşı kimi Namiq müraciət edib həmin qeyri-yaşayış sahəsini öz adına özəlləşdirmişdir. Sonradan bunlar aralarında razılaşmış və Namiq 300 kvadratı Sevdanın bacısına satmışdır. Sonra Sevda onun adının hallanmaması üçün qızının adına keçirtməsini demiş, amma pulun bir qismini notariusda, qalan hissəsini sonra verəcəyini bildirmişdir. Sonra Namiq gedib qalan pulunu istəyəndə Sevda qeyri-qanuni söhbətlər etmişdir. Bundan da sonra Namiqi evinin qarşısından götürüb bantidizmə aparmış, orada günlərlə Xalidəgildən pul istədiyi üçün saxlamışlar. Bantidizimdə də tələb edirlər ki, qalan 131 kvadratı da Xalidəyə versin. Tutaq ki, Baş Mütəşəkkil Cinayətkarlarla qarşı Mübarizə İdarəsindən gəldi ki, Namiq həmin əmlakı verdiyini yazmışdır. Baş İdarədən yazılandan sonra onların onunla bağlı təkzibləri var. Belə ki, Namiq onu orada məcburi yazdırdıqlarını demişdir. Əgər Namiq barəsində cinayət işi açılarsa onda tərəf özü bilər ki, dayandırmaq lazımdırsa işi dayandırar və ya geri götürər. Sonra əgər Namiq barəsində hökm oxunarsa onda tərəf mülki iddia qaldırar. Bu günki gün tərəf iddiasını səhv verib və sübut əlavə etməyib. Baş Mütəşəkkil Cinayətkarlarla qarşı Mübarizə İdarəsi sübutlarla müəyyən etməlidir ki, bu əmlak Cavabdeh1 adına cinayət yolu ilə keçmişdir, Namiq bu əmlakı düzgün özəlləşdirməmişdir. Bu işi iddiaçı tərəf geri götürməlidir və Baş Mütəşəkkil Cinayətkarlarla qarşı Mübarizə İdarəsi işə baxılıb qurtardıqdan sonra sübutları toplayaraq məhkəməyə verməlidir. O həmçinin bildirdi ki, cinayət təqibi üzrə həmin qeyri-yaşayış sahəsinin üzrinə həbs qoyulmuşdur ki, özəlləşdirmə qanununsuz olmuş, sonra Ağır Cinayətlər Məhkəməsində məhkəmə gedişatında, özələşdirmə zamanı heç bir qanun pozuntusuna yol verilmədiyi və əmlakın üzərinə həbs qoyula bilməməsi aydın olmuşdur. 2004-cü ildən bəri iddiaçı niyə indi gəlib iddia qaldırmışdır. xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş etirazda Namiq özü bildirmişdir ki, onu banditizmə aparırlar, orada ona əmlakların Sevdanın adına keçməsi üçün sənədlərə qol çəkməsinə təsir edirlər. Daha sonra həmin özəlləşmə prosesində iştirak edən şəxslər həbs olundu. Həmin vaxt o Namiqin vəkili olmuşdur. Həmin vaxt nə Xalidə, nə də Sevda orada olmamışdır. Bundan başqa Sevdanın qızı Vüsalə 1981-ci il təvvəlüddür və həmin vaxt 25 yaşı olmuşdur, əgər həmin qeyri-yaşayış sahəsi Sevdanındırsa qızı Vüsalənin adına rəsmiləşdirərdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001682 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Məmməd oğlu ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 418,4 kv metr olan qeyri-yaşayış sahəsini xx.xx.2004-cü il tarixdə satın almışdır. - Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2008-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə X6 və qeyrilərinin CM-nin 179.3.1 və s. maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən Azərbaycan Respublikasının Standlaşdırma Metrologiya və patent üzrə Dövlət agentliyinin balansında olan 418.4 m2 olan qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş həbsin ləğv olunması qərara alınmışdır. - Daşınmaz Əmlakın AN-1 ******* saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 418,4 kv metr olan qeyri-yaşayış sahəsinin 286,5 kv.metr hissəsi Cavabdeh1 Məmməd oğlu tərəfindən X1. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 131,9 kv metr olan qeyri-yaşayış sahəsi Cavabdeh1 Məmməd oğlunun adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətində Cavabdeh1 onu aldadıb Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsini ələ keçirdiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı ərizəsində göstərilənləri təsdiq edərək 2004-cü ilin yanvar ayında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı tələb olunan vəsaitin tam həcmdə onun tərəfindən ödənilərək etibar etdiyi qohumu Cavabdeh1 adına formal olaraq rəsmiləşdirdiyini, özəlləşdirmə prosesində, eləcə də obyektin təmirində Cavabdeh1 tərəfindən heç bir vəsaitin sərf edilmədiyini göstərməklə sonrakı müddətdə qeyri-yaşayış sahəsinin 131,7 kvadrat metr ölçüdə hissəsini ələ keçirdiyini bildirmişdir. Araşdırma zamanı Cavabdeh1 izahatında qohumu İddiaçı bacısı Xalidə Məsimovanın tərəfindən 2004-cü ildə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 57 ünvanında yerləşən 418 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı tələb olunan vəsaitin tam həcmdə onun tərəfindən ödənilərək bundan sonra formal olaraq onun adına rəsmiləşdirildiyini, sonrakı müddətdə obyekti icarəyə verməklə aylıq qazancdan 3.000 manat özünə götürdüyünü, Xalidə Məsimovanın ona obyektin ¼ hissəsini gələcəkdə ona verəcəyini vəd etdiyini, lakin aralarında narazılıq yarandığından 2021 -ci ilin sentyabr ayında Xalidə Məsimovanın tələbi ilə obyektin 286,5 kvadrat metr sahəsini sonuncunun bacısı qızı Vüsalə Məmmədovanın adına sənədləşdirib qalan 131,7 kvadrat metr sahəni özünə götürdüyünü bildirmişdir. Araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən ərizəçiyə əmlak tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığı izah edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 418.4 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2004-cü ildən Cavabdeh1 mülkiyyətində olmuş, Daşınmaz Əmlakın AN-1 ******* saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 418,4 kv metr olan qeyri-yaşayış sahəsinin 286,5 kv.metr hissəsi Cavabdeh1 Məmməd oğlu tərəfindən X2 və yerdə qalan 131,9 kv metr olan qeyri-yaşayış sahəsi Cavabdeh1 Məmməd oğlunun adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən- daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 131,9 kv metr olan qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın 101 kv.metrinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etsə də iddia tələbi üzrə əhəmiyyətli sübutlar təqdim etmədiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 418.4 m2 olan qeyri-yaşayış sahəsi cavabdehin adına tərəflər arasında hər hansı müqavilə əsasında deyil, dövlət tərəfindən özəlləşmə əsasında keçmiş, həmin əmlakın üzərinə cinayət işi ilə bağlı qoyulmuş həbs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2008-ci il tarixli icra vərəqəsi ilə ləğv olunmuşdur. Həmin əmlakın yəni, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 131,9 kv metr olan hissəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 Məmməd oğlunun mülkiyyətindədir və çıxarış da hazırda qüvvədədir. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarından da görünür ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həqiqi hesab edilir. İddiaçı Cavabdeh1 Məmməd oğlunun adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 131,9 m2 olan qeyri-yaşayış sahəsi ilə əlaqədar onun mülkiyyətçi olmasının həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə iddiaçının mübahisəli sahənin təmirinə iddiaçı tərəfindən xərc çəkilməsi, həmin xərc üçün mənzillərin satılması, kredit götürülməsi və əmlakların girov qoyulması dəlilinə münasibətdə bildirir ki, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi Cavabdeh1 tərəfindən götürülmüş kreditin təyinatı, yəni məqsədi evin təmiri üçün müəyyən olunmuşdur. Digər tərəfdən həmin kredit müqaviləsi üzrə İddiaçı tərəfindən əmlakının ipoteka qoyulması ilə bağlı müqavilə üzrə əldə olunan kredit məbləğinin, onun və onun yaxınına məxsus mənzillərin alqı-satqı müqavilələrindən əldə olunan vəsaitlərin də mübahisələndirilən qeyri-yaşayış sahəsinin təmirinə sərf olunması, ümumilikdə isə təmir ilə bağlı 14240 manat xərc çəkilməsi bildirilsə əldə olunan vəsaitlərin məhs mübahisələndirilən obyektin təmirinə xərclənməsi sübut olunmamış və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir. Bundan əlavə məhkəmə bildirir ki, aralarında hazırki mübahisə yarananadək yaxşı münasibətlərdə olan qohumların biri-birinin kreditinə görə əmlakını ipotekaya qoyması ağlabatan hesab oluna bilər. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı bildirir ki, hazırki iddia tələbi mübahisəli əmlaka sahiblik və mülkiyyət hüququnun tanınması ilə bağlı olduğundan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən həmin tələblərə iddia müddəti şamil edilmədiyindən ərizə əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə cavabdehin hazırki iş üzrə iddiaçının iddia qaldırılması üçün sübyektiv hüququnun olmaması dəlili ilə bağlı bildirir ki, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Lakin iddia tələbinin məzmunundan görünür ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin ona məxsus olmasını, həmin əmlaka sahiblik etdiyini və həmin əmlakın formal olaraq cavabdehin adına rəsmiləşdirilməsini əsas gətirərək mübahisələndirilən obyektə mülkiyyət hüququnun tanınması barədə iddia qaldırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırılması ilə bağlı subyektiv hüququnun olmaması qənaətinə gəlinə bilməz. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil2 Cunar qızının Cavabdeh1 dindirilmə protokollarının və onun mübahisəli əmlakın İddiaçı qaytarılmasını öhdəliyinə götürməsi barədə protokolunun və on bir nəfər şahidin dindirilmə protokollarının surətlərinin və ya həmin sənədlərin tam mətni barədə məlumatların məhkəmə tərəfindən alınmasına dair vəsatəti ilə bağlı bildirir ki, Mülki Prosessual Məcəllənin 82.4.-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün və ya cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarının müəyyənləşdirdiyi faktlara münasibətdə preyudisiallıq məhdud olsa da, MPM-nin 82.4-cü maddəsinin mənasına görə, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə və cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı əks olunan hərəkətin olub-olmaması faktı, bu hərəkətin konkret şəxs tərəfindən edilib-edilməsi faktı mülki iş üzrə sübut olunmadan azaddır. İddiaçı yalnız bu qaydada müəyyən edilmiş faktları yenidən sübut etməyə borclu deyildir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cavabdeh1 qeyd olunan əmlakın ona məxsus olmamasına dair etirafı ilə bağlı məhkəməyə təqdim edilmiş məktubu preyudisiallıq kəsb etmədiyindən cavabdehin etirafı kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 131,9 kv metr olan qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın 101 kv.metrinə onun mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 131,9 kv metr olan qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın 101 kv.metrinə onun mülkiyyət hüququnun tanınması” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100,0 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-490/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-490/2022
16.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver