Məhkəmə qərarları › İş №2(007)-519/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-519/2025

06.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-519/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsinə qarşı olan “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :

1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 07 sentyabr 1974-cü il tarixdə doğulmuş atası X3 06 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X8 xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, Kalinino rayonu, Novoseltsevo kəndində anadan olmuşdur. O, 06 oktyabr 2024-cü il tarixdə qəflətən yaşadığı ünvanda vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün ərazi üzrə 6 saylı Bakı “ASAN Xidmət” X4nə müraciət etmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum atası X8 adına ölüm haqqında şəhadətnamə verilməmişdir.

İş materialları :

3. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 6 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 52 nömrəli əmrinə əsasən Neapol 23 m 61 ünvanında yaşayan mərhum X3 poliklinikaya ölümə səbəb xəstəliklə müraciəti olmadığı üçün tərəflərindən ölüm haqqında sənəd (f-a- 106) verilə bilməmişdir.

4. 6 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən verilmiş 3-16-5/8-12xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə tərəflərindən təqdim edilmədiyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında atasının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir.

5. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1974-cü il tarixində Ermənistanda doğulmuşdur.

6. xx.xx.2024-cü il tarixli “Təcili və X5 Stansiyası Xəbərdarlıq vərəqəsi”ndən görünür ki, təcili tibbi yardım briqadasının tərkibi xx.xx.2024-ci il tarixdə, saat 13:59-də çağırış əsasında Neapol küçəsi 23 ünvanına gəlmiş, X3 həkiməqədər ölüm halı müəyyən edilmişdir.

7. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 114 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2024cü il tarixdə vəfat etmiş, Ramana qəsəbəsi, Südçülük Sovxozunda yerləşən qəristanlıqda dəfn olunmuşdur.

8. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

9. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X6 ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Şahid ifadələri :

11. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, mərhum şəxs onun qardaşıdır. Mərhum qardaşı oktyabr ayının 5-6-sı vəfat etmişdir. Onun xəstəliyi olmamışdır. Qardaşının halı pis olduğu zaman ona məlumat verilmiş və o təxminən saat 1, 2-ə işləmiş gəlmişdir. O, gələndə qardaşı yerdə uzanıqlı şəkildə olmuşdur. Onlar polisə zəng etmişlər. Mərhum qardaşı vəfat etdiyi zaman yanında həyat yoldaşı, oğlu olmuşdur.

12. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, vəfat edən şəxs onun qonşusudur. Oktyabr ayının 6-da vəfat etmişdir. Ona zəng edib bildirdilər ki, vəfat edib. O, mərhumun evinə getmiş, orada mərhumun həyat yoldaşı, oğlu, qonşular, qardaşı olmuşdur. O, mərhumun yas mərasimində iştirak etmiş, yas mərasimi H.Aslanovda yerləşən yas mərasim evində verilmişdir.

Tətbiq edilən hüquq :

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

İşin faktiki halı :

16. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi müxtəlif sənədləşmə işləri apararkən ondan atasının ölüm haqqında şəhadətnaməsi tələb olunduğuna görə məhkəməyə müraciət etmişdir.

17. xx.xx.1974-cü il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında təcili tibbi yardım gələnədək vəfat etmiş və Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən qəbiristanlıqda dəfn edilmişdir.

18. X3 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün 6 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.

19. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X3 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.

20. Məhkəmə qeyd edir ki, xx.xx.1974-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.

Məhkəmənin mövqeyi :

21. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

22. Belə ki, xx.xx.1974-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı, iş materialları, ərizəçinin izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

24. Mülki işin materiallarından da görünür ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmaması səbəbindən ölüm haqqında akt qeydinin aparılması mümkün olmamışdır.

25. Belə ki, 6 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən verilmiş 3-16-5/8-12xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə tərəflərindən təqdim edilmədiyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında atasının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.

26. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun atasının ölüm faktı məhkəmə qaydasında müəyyən olunmalıdır.

Nəticə :

27. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1974-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

28. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X3 06 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar