Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-665/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3, X4, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 51 saylı Notariat Ofisi cəlb edilməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3, X4 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 m2 olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair onunla Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 m2 olan qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 418.4 kv.m. olan qeyri-yaşayış sahəsi 2004-cü ildən onun mülkiyyətindədir. X3 onun əmisinin baldızı olmaqla yanaşı, hazırda Azərbaycan Respublikası Energetika Nazirliyində nazirin müşaviri vəzifəsində işləyir. Əvvəllər də müxtəlif vəzifələrdə işlədiyindən geniş əlaqələrə və maddi imkana malikdir. 2021-ci ilin sentyabr ayında Xalidə Məsimova ona bildirdi ki, əlində olan pul vəsaitinin bir hissəsini daşınmaz əmlaka yatırtmaq istəyir və bunun üçün münasib bir qeyri-yaşayış sahəsi axtarır. Həmin dövrdə övladlarının işləri ilə bağlı onun müəyyən qədər pul vəsaitinə ehtiyacı var idi və bu səbəbdən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsini satmaq fikrində idi. Xalidə Məsimova da əmlak almaq niyyəti ilə bağlı ona dedikdə, o, obyektinin bir hissəsini satmaq barədə fikrini Xalidə Məsimovaya bildirdi. Danışıqlar nəticəsində onunla aralarında belə bir razılıq əldə olundu ki, o, mülkiyyətində olan 418.4 kv.m. qeyri-yaşayış sahəsinin 300 kv.m. hissəsini ona satır, o, isə hər kv.m. üçün 2.500 manat pul ödəməklə qeyri-yaşayış sahəsini alır. Razılıq əldə olunduqdan sonra Xalidə Məsimova ona bildirdi ki, o, hazırda vəzifəli şəxs olduğundan əmlakı öz adına deyil, bacısı qızı Cavabdeh adına rəsmiləşdirəcəkdir. Həmçinin bildirdi ki, əmlakın dəyərinin bir hissəsini rəsmi olaraq ödəyəcək, qalan hissəsini isə 1 ay müddətində nağd şəkildə ona verəcəkdir. Bunu onunla əsaslandırdı ki, vəzifəli şəxs olduğundan özünün və qohumunun adının rəsmi qaydada notariat orqanında külli miqdarda pul vəsaitinin dövriyyəsi ilə bağlı hallanmasını istəmir. Bütün bu söhbətlərdən Cavabdeh da xəbəri var idi və məlumatlı idi. Qohum kimi Xalidə Məsimovaya və Cavabdeh tam inandığından, o, onların dediyi bütün təkliflər ilə razılaşmışdır. Çünki onun niyyəti əmlakı satmaq idi. Beləliklə, tam razılıq əldə olunduqdan sonra onlar sənədləri Daşınmaz Əmlakın Reyestr Xidmətinə təqdim etdikdən və həmin Xidmətin əməkdaşlarının ölçməsindən sonra məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin bölgüsü həyata keçirilərsə, onun tam olaraq 300 kv.m. hissəsi deyil, 286,5 kv.m. hissəsini bölüb ayırmaq mümkündür. Bu hal məlum olduqdan sonra, Xalidə Məsimova ilə yenidən müzakirə etmiş və yekun olaraq o, qeyri-yaşayış sahəsinin 286,5 kv.m. hissəsini alması, bunun üçün hər 1 kv.m. üçün 2.500 manat olmaqla, ona ümumilikdə 716.250 manat pul ödəyəcəyi barədə razılıq əldə etmişlər. Lakin həmin pulun 300.000 manatını rəsmi qaydada, qalan 416.250 manatını isə 1 ay müddətində nağd qaydada ona ödəyəcəkdir ki, adının iri məbləğdə pul dövriyyəsi ilə bağlı hallanmasını istəmirdi. Söhbətlərin bu formada davam etməsindən sonra Cavabdeh da əmlakın onun adına rəsmiləşdirilməsinə razılığını vermiş və qalan pulu 1 ay müddətində ödəyəcəyini bildirmişdir. Aralarında olan qohumluq münasibətlərinə görə Xalidə Məsimova və Cavabdeh tam olaraq etibar etdiyindən, onların təklifinə razılıq vermiş və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 286.5 kv.m. hissəsini Xalidə Məsimovanın bacısı qızı olan Cavabdeh adına keçirtmişdir. Xalidə Məsimova ilə əldə olunmuş razılığa əsasən 2021-ci ilin oktyabr ayının sonundan qalan 416.250 manat pulu tələb etməyə başlasa da, artıq Xalidə Məsimova yayınmağa başlamışdır. O, hər dəfə müxtəlif vədlər verməklə, vaxtı uzatmağa çalışırdı. Bir müddətdən sonra isə Xalidə Məsimova onu rəhbərliyində çalışdığı Energetika Nazirliyində işə düzəldiyini əsas gətirməklə, gah ödəməli olduğu pulun məbləğini azaltmağa çalışırdı, gah da ümumiyyətlə maddi vəziyyəti imkan vermədiyindən imkanı olanda pulu ödəyəcəyini bildirirdi. O isə aralarında olan razılığı onun diqqətinə çatdıraraq vədinə əməl edib, pulunu tam ödəməsini tələb edirdi. Söhbətlər əsnasında Xalidə Məsimova ilk öncə onu işlədiyi Energetika Nazirliyindən işdən çıxardacağı, daha sonra isə geniş əlaqələrindən istifadə etməklə onu həbs etdirəcəyi ilə hədələməyə başlamışdır, lakin o, onun sözlərinə və hədələrinə əhəmiyyət verməyərək pulunu və yaxud əmlakını geri qaytarmasını tələb edirdi. xx.xx.2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində Sumqayıt şəhərində 2-ci məhəllədə yaşadığı evin qarşısından özünü DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər heç bir səbəb göstərmədən, onu öz avtomobilinə otuzduraraq, özləri idarə edib həmin İdarəyə gətirdilər. Onu orada 2 gün saxlayaraq, qarşısında qəti şərt qoydular ki, o, Xalidə Masimovadan heç bir məbləğdə pul tələb etməli deyil, bundan əlavə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerdə qalan 131.9 kv.m. hissəsini də Xalidənin hacısı Sevda Salamovanın adına keçirtməlidir. Əks halda onu dələduzluqda ittiham edib həbs edəcəkləri ilə hədələməyə başladılar. İlk əvvəl razılaşmasa da, ona göstərilmiş fiziki və mənəvi təzyiqlərə tab gətirməyərək, məcbur qalıb orada iltizam yazılmasına razı olmuşdur ki, həmin iltizamı yazıb oradan çıxa bilsin. Əks halda onu həbs edib saxlayacaqları ilə hədələyirdilər. Nəhayət o, iltizam yazdıqdan sonra onu oradan buraxdılar. Həmin günün səhərindən başlayaraq, artıq Xalidə Məsimova ondan qeyri-yaşayış sahəsini tam olaraq onun adına keçirməyini tələb etməyə başladı, əks halda onu yenidən BMCMİ-nin əli ilə tutduracağı ilə hədələyirdi. Onun bu hədələrinə əhəmiyyət verməsə də, xx.xx.2021-ci il tarixdə saat 18:00 radolərində yenidən BMCMİ-nin əməkdaşları yaşadığı evin qarşısından onu öz avtomobillərinə otuzduraraq, həmin İdarəyə gətirdilər. Bu dəfə isə 3 gün saxlayaraq, ona fiziki və mənəvi təzyiqlər göstərməyə başladılar. Orada onu mülkiyyətində olan qeyri-yaşayış sahəsini Xalidənin hacısının adına keçirməyi və etməyəcəyi təqdirdə, dələduzluqla və yaxud vergidən yayınma ilə məsuliyyətə cəlb edəcəkləri ilə hədələyirdilər. Nəhayət ailə üzvlərinin və vəkilinin şikayətlərindən sonra xx.xx.2021 -ci il tarixdə axşam saatlarında onu oradan buraxdılar. Vəziyyəti belə görən Xalidə Məsimova ondan əl çəkməyərək, bacısı X2 adından ona qarşı Nizami rayon Məhkəməsində əsassız, qondarma iddia qaldıraraq, onun mülkiyyətində qalan 131.9 kv.m. sahənin də onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bütün qeyd olunanlarla tam təsdiq olunur ki, Xalidə Məsimova, bacısı qızı Cavabdeh ilə birlikdə onu aldatmaqla, etibarından sui-istifadə etməklə onu mülkiyyətində olan əmlakın öz mülkiyyətlərinə keçirilməsinə nail olmuş, nəticədə Cavabdeh ondan almış olduğu əmlakın dəyərini tam şəkildə ödəməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh və Xalidə Məsimova almış olduqları qeyri-yaşayış sahəsinin pulunu sonradan ödəyəcəkləri vədiinə onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı müqavilə bağlanılmasına nail olduqdan sonra, vədlərinə əməl etməyib, pulu ödəməkdən imtina etdiklərindən, onunla Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış AN-İ № ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqı- satqı müqaviləsi etibarsız hesab olunmalı və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqları bərpa olunmalıdır. Cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixdə yazılı etiraz ünvanlayaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilənlər tam olaraq uydurmadır və həqiqətə uyğun deyil. Belə ki, xx.xx.2022-ci il tarixli Nizami rayon məhkəməsinin sorğusuna dair, rəsmi dövlət orqanı olan Azərbaycan Respublikası Daxili İşlər Naziliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində məhkəməyə göndərilmiş cavabında göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 418 kv.metr mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı tələb olunan vəsait tam həcmdə onun qohumu Sevda Salamova tərəfindən ödənilərək İddiaçı adına isə formal olaraq rəsmiləşdirilmişdir, sonrakı müddətdə obyekti icarəyə verməklə İddiaçı aylıq qazancdan 3.000 manatı özünə götürdüyünü, obyektin dörddə bir hissəsinin gələcəkdə ona veriləcəyinin vəd edildiyini, lakin aralarında narazılıq yarandığından 2021-ci ilin sentyabr ayında obyektin 286.5 kvadrat metr sahəsinin X1 Məmmədovanın adına sənədləşdirib, qalan 131.7 kvadrat metr sahəni özünə götürdüyünü bildirmişdir. İddiaçı verdiyi izahatında göstərilənlər tərəfindən məhkəməyə təqdim olunan dəlillərlə sübut olunur. Məhkəməyə sübut kimi təqdim edilmiş İddiaçı öz əli ilə yazdığı və Sevda Salamovaya təqdim etdiyi obyektin fəaliyyətinə dair aylıq hesabatdan da görünür ki, aylıq icarə haqqından ona çatacaq 3.000 manat və Sevda Salamovaya çatacaq 9 min manat və digər xərclər barədə qeyd aparmışdır ki, bu da İddiaçı AR DİN-in BMCMİ-də verdiyi izahatla eynilik təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Daxili İşlər Naziliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İddiaçı dindirilmə və Sevda Salamova ilə üzləşmə zamanı mübahisəli sahənin Sevda Salamovaya məxsus olduğunu, onun adına isə formal olaraq rəsmiləşdirildiyini, həmçinin obyektin özəlləşdirilməsi üçün vəsaitin S.Salamova tərəfindən ödənildiyini, obyektin 2007-2009-cu illərdə təmiri ilə bağlı vəsaitin S.Salamova və onun oğlu Pərviz Salamova məxsus mənzillərin satıldığını etiraf etmişdir. Sevda Salamov və Pərviz Salamova məxsus mənzillərin alqı-satqı müqavilələri məhkəməyə təqdim edilmişdir. Bundan əlavə mübahisəli obyektin təmiri ilə əlaqədar 2009-cu il 09 aprel tarixində Sevda Salamovaya məxsus Bakı şəhəri, Ağa Nemətulla küçəsi, 58 nömrəli evin, 16 nömrəli mənzili ipotekaya qoyularaq X14 Salamovun adına 45 min ABŞ dolları məbləğində kredit verilməsinə dair kredit müqaviləsi bağlanmış və həmin vəsait İddiaçı tərəfindən obyektin təmirinə xərclənmişdir. Bundan başqa məhkəmənin sorğusuna AR DİN BMCM tərəfindən verilmiş cavabında mübahisəli sahənin dördə bir hissənin İddiaçı çatacağı qeyd olunub. Lakin sahənin dörddə bir hissəsi 104 kvadrat metr təşkil etdiyi halda İddiaçı özü də izahatında qeyd etdiyi kimi 131.1 kvadrat metr sahəni özündə saxlamış, yəni ələ keçirmişdir. İddia ilə əlaqədar onu bildirmişdir ki, İddiaçı mübahisəli əmlakın alqı-satqısından Sevda Salamovanın ona 416000 manat borclu olduğunu, yəni mübahisəli obyektin bir hissəsinə dair nisyə alqı-satqı aparıldığını qeyd etmişdir. Əgər nisyə alqı-satqı aparılmışdırsa niyə notarial müqaviləsində bu öz əksini tapmamışdır. İddiaçı iddia ərizəsində sahənin kvadrat metrinin 2500 manata Cavabdeh satmağa razılaşmasını göstərsə də bununla əlaqədar hər hansı sübut təqdim etməmişdir. Əgər tərəflər arasında razılaşma nisyə olsa idi, bu alqı-satqı müqaviləsində öz əksini tapardı. Yəni İddiaçıla nisyə alqı-satqı olsaydı bunu qanunvericiliyin tələblərinə uyğun həyata keçirərdi. Göstərilənlərə əsasən mübahisəli sahənin həqiqətən də Sevda Salamovanın mülkiyyəti olduğunu, İddiaçı isə həmin mübahisəli obyektin mülkiyyətçisi olması formal xarakter daşıdığı tam sübut edilir. Buna görə də mübahisəli obyektin yenidən qiymətləndirilməsinə dair əmtəəşünaslıq ekspertizasının keçirilməsi tam əsassızdır. Rəyin heç bir əhəmiyyəti yoxdur və məhkəmənin əsasız uzanmasına gətirib çıxarır. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil3 iddianı qəbul etmədiklərini, iş üzrə yenidən əmtəəşünaslıq ekspertizasının keçirilməsinə etiraz etdiklərini, alqı-satqının formal olduğunu, bankda kameralardan pulun kim tərəfindən götürüldüyünün göründüyünü bildirdi. O həmçinin qeyd etdi ki, müqavilə azadlığı var, notariat işində də Namiq və onun ailə üzvləri 286,5 kv.metrin daşınmaz əmlakın satılmasına etiraz etmir, razılığını bildirir, elektron çıxarış alınmasını tələb edir və bütün bu sənədləşmələr qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Onlar müqavilə azadlığına zərər gətirə biləcək hər hansı bir sübutu iş materiallarına əlavə etsə də bu iş üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Alqı-satqı pandemiya dövrünə düşür, həmin vaxt qiymətləri müəyyət etmək mümkün deyildir, alıcı-satıcı balansı pozulmuşdur. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, alqı-satqı olub amma tələb olaraq göstərir ki, ona pul qaytarmalı olsa da, pul ödənilməmişdir. İddiaçı müqavilənin etibarsızlığını deyil, hər bir halda pul tələbi ilə bağlı iddia qaldıra bilərdi və həmin iddianı sübut etməkdə iddiaçının üzərinə düşürdü. Alqı-satqı müqaviləsi var və bunu iddiaçı öz iddiasında təsdiq edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı, onun vəkilləri və nümayəndələri müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3, X4, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və Bakı şəhəri 51 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı, onun vəkilləri və nümayəndələri, müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, X7 əmisinin baldızıdır. 2021-ci ilin sentyabr ayında X3 İddiaçı əmlak almaq istədiyini bildirmiş, İddiaçı da ona mülkiyyətində əmlakı olduğunu və satmaq istədiyini bildirmişdir. Onlar öz aralarında belə razılaşmışlar ki, əmlakın 300 kvadrat metrini Namiq Xalidəyə satacaq, sonra Xalidə Mənsimova vəzifəli şəxs olduğu üçün, adının hallanmaması üçün həm əmlakı bacısı qızı Cavabdeh qıznın adına alınmasını həm pulun bir hissəsini kənarda verəcəyini və pulun bir hissəsini alqı-satqıda göstərilməsini istəmişdir. Bunlar aralarında danışıb razılaşırlar, sənədləri Daşınmaz Əmlaka verirlər, Daşınmaz Əmlak qeyri- yaşayış sahəsini ölçür və müəyyən edir ki, oranı tam 300 kvadrat ayırmaq olmaz, yalnız 286 kvadratı ayırıla bilər. X3 ilə İddiaçı aralarında razılaşırlar ki, hər bir kvadrat metri 2500 manatdan olmaqla, ümumilikdə 716.252 manat təşkil edir, onun 300.000 manatını alqısatqıda göstərmiş, yerdə qalan 416.252 manatı da Namiqə Xalidə xanım bir ay ərzində ödəyəcəyini demiş və beləliklə tərəflər halallaşaraq notariat kontorunda alqı-satqı etmişlər və əmlak Xalidə Mənsimovanın bacısı qızı Cavabdeh adına keçmişdir. X12 pulunun yerdə qalan hissəsini istəyəndə aralarında narazılıq başlamış, Xalidə ilk vaxtlar pulu hissə-hissə verəcəyini demiş, Namiq də onun pula ehtiyacı olduğunu bildirmiş və pulunu tələb etmişdir. Sonra Xalidə xanım Namiqi işdən çıxartmaqla hədələməyə başlamışdır. Daha sonra Namiqi Baş Mütəşəkkil Cinayətkarlara qarşı Mübarizə İdarəsi çağırmış və Namiqin qarşısında Xalidə Mənsimovanı narahat etməməli olması və əmlakın digər hissəsini də Xalidənin adına keçirməsi şərt qoyulmuşdur. Namiq 2 dəfə Baş Mütəşəkkil Cinayətkarlara qarşı Mübarizə İdarəsində qanununsuz saxlanılmış və Xalidə ilə razılaşmasını bildirirmiş, onların dediklərinin olmasına məcbur etmişlər. Onlar görmüşlər ki, Xalidə Mənsimova müqavilənin şərtlərini pozur, buna görə də müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırmışlar. Xalidə Mənsimova öz vəzifəsindən istifadə edərək Baş Mütəşəkkil Cinayətkarlara qarşı Mübarizə idarəsində gedən bütün proseslərdən xəbəri olmuş və araşdırmanın materiallarını əldə etmişdir. Namiq öz iddasında qeyd etmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlara qarşı Mübarizə idarəsindən çıxmaq üçün orada dedikləri hər şeyə qol çəkmişdir. Mətbutda da var ki, Namiqi aparıb hədə-qorxu gəlirlər. İddiaçı bu məsələ ilə bağlı Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik İdarəsinə və çox yerə müraciət etmişdir. Namiqin barəsində cinayət işi başlanılmamışdır. Qarşı tərəfin nümayəndəsi Sevdanın evdar xanım olmasını, xəstə olmasını bildirir, əgər onlar dediyi kimi idisə Sevda gedib əmlakı öz adına özəlləşdirərdi, idarə etmək üçün Namiqə etibarnamə verərdi. Nə qədər ki, qanuni qüvvəsini almayan hökm yoxdur, heç kəs dələduz deyildir. Burada onların zorla əmlaklarını əldə etmək istəmişlər, onlar da məhkəməyə müraciət etmişlər. O, eyni zamanda qeyd etmişdir ki, burada əsas məsələ əqdlərin etibarsızlığından ibarətdir. İddianın əsası alqı-satqının predmetini təşkil edən qeyri-yaşayış sahəsinin real bazar qiymətinin satıcı tərəfindən iddiaçıya tam şəkildə ödənilməməsindən ibarətdir. Bunun üçün də həmin sahənin müqavilə bağlanan müddətdə qiymətinin müəyyən edilməsi lazımdır. İddiaçı hədə qorxu təsir altında bu əqdi bağladığını demiş və hazırda bu əqdi mübahisələndirir, etibarsız hesab edilməsini xahiş edir. İddiaçı satışdan əldə olunan pulu qaytarmaq istəyir və əmlakın ona geri qaytarılmasını tələb edir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. O qeyd etmişdir ki, həmin dövrdə daşınmaz əmlakın bazar qiymətini müəyyən etmək çətin məsələ olmamışdır. Ekspert əsassız olaraq həmin dövr üzrə qiymətlərin olmamasını əsas gətirərək rəy verməkdən imtina etmişdir. Mübahisəli əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün iş yenidən ekspertizaya göndərilməlidir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil2 Cunar qızı yazılı etirazın məzmununa uyğun izahat verərərək iddianı qəbul etmədiklərini bildirmişdir. O əlavə olaraq qeyd etmişdir ki, Xalidə Mənsimovanın ümumiyyətlə heç bu işə aidiyyəti yoxdur, o, Standartlaşmanın sədri olmuşdur. Baş Mütəşəkkil Cinayətkarlarla qarşı Mübarizə idarəsinə Sevda Salamova müraciət etmişdir. X5ynı oğludur, 2004-cü ildə Sevda həmin mübahisəli qeyri-yaşayış sahəsini özəlləşdirməyə başlamış, tək qadın olduğu, oğlu Azərbaycanda olmadığı, xəstə olduğu, sənədlərin dalınca gedib-gələ bilməyəcəyi üçün qaynı oğlu Namiqin adına özəlləşdirmiş, ona oranı təmir etməyi və idarə etməyi tapşırmışdır. Həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə təmirinə ayrılan vəsitin hamısını Sevda xanım vermişdir. Bu barədə Baş Mütəşəkkil Cinayətkarlarla qarşı Mübarizə idarəsində də Namiq özü də orada formal xarakter daşıdığını, Sevdanın özünə məxsus 2 mənzilini satdığını və həmin qeyri-yaşayış sahəsinin təmiri üçün ona verdiyini, onun təmir işlərini apardığını və 2010-cu ildən həmin qeyri-yaşayış sahələrini işlətməyə başladığını, ayda 15000 manat gəlir olduğunu, onun 3000 manatının ona, 12000 manatını isə Sevdagilə çatdığını demişdir. Sevda Namiqə demişdir ki, əgər o həmin obyekti vicdanla işlətsə, onun adına 30 kvadratlıq bir mağaza keçirəcəklər. Amma sonra Sevda xanım Namiqin qeyri-yaşayış sahəsindən qat-qat çox gəlir əldə etdiyini bilmiş, o, bu məsələni eşidəndən sonra Namiqə həm bunlardan gizlətdiyi pulları, həm də qeyri-yaşayış sahəsini qaytarmasını istəmişdir. Notariusda alqı-satqı edilən zaman heç kim heç kəsə pul verməmiş, orada sadəcə valyuta dəyişmə məntəqəsindən adam gəlmiş, o pulu qoymuş, götürmüş və sonrada çıxıb getmişdir. Qarşı tərəf böhtan atmaqla nəsə əldə etmək istəyir. Namiq neçə illərdir ki, oradan pul qazanmış, var dövlət yığmışdır. 51 saylı notariatda formal alqı-satqı olmuşdur. Namiq onun qaynı oğludur və münasibətləri çox yaxşı olmuşdur. Alqı-satqı formal olmuş, bankda kameralar var və oradan da görünür ki, pulu kim götürmüşdür. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 51 saylı notariusun vəkili və nümayəndəsi X10 alqı-satqıda alıcı pulu banka qoyur, satıcı gedib bankdan pulu götür və buna notarius nəzarət etmir, buna nəzarət bankın səlahiyyətindədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001682 nömrəli Şəhadətnamənin surətindən görünür ki, İddiaçı Məmməd oğlu ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 418,4 kv metr olan qeyri-yaşayış sahəsini xx.xx.2004-cü il tarixdə satın almışdır. - Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2008-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə X6 və qeyrilərinin CM-nin 179.3.1 və s. maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən Azərbaycan Respublikasının Standlaşdırma Metrologiya və patent üzrə Dövlət agentliyinin balansında olan 418.4 m2 olan qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş həbsin ləğv olunması qərara alınmışdır. - Daşınmaz Əmlakın AN-1 ******* saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 418,4 kv metr olan qeyri-yaşayış sahəsinin 286,5 kv.metr hissəsi İddiaçı Məmməd oğlu tərəfindən 311603,25 manata Cavabdeh satılmışdır. - xx.xx.2021-ci il tarixli ərizələrin surətindən görünür ki, Cavabdeh və İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 311603 manat 25 qəpik qiymətə alqı satqı etmişdir. Onlar alqı-satqı müqaviləsinə əsasən 2 gn müddətinə adlarına elektron çıxarışın və texniki pasportun qeydə alınması ilə bağlı müvafiq tədbir görülməsini xahiş etmişlər. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 131,9 kv metr olan qeyri-yaşayış sahəsi İddiaçı Məmməd oğlunun adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sevda Salamova DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətində İddiaçı onu aldadıb Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsini ələ keçirdiyini bildirmişdir. Araşdırma zamanı Sevda Salamova ərizəsində göstərilənləri təsdiq edərək 2004-cü ilin yanvar ayında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı tələb olunan vəsaitin tam həcmdə onun tərəfindən ödənilərək etibar etdiyi qohumu İddiaçı adına formal olaraq rəsmiləşdirdiyini, özəlləşdirmə prosesində, eləcə də obyektin təmirində İddiaçı tərəfindən heç bir vəsaitin sərf edilmədiyini göstərməklə sonrakı müddətdə qeyri-yaşayış sahəsinin 131,7 kvadrat metr ölçüdə hissəsini ələ keçirdiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı izahatında qohumu Sevda Salamovanın bacısı Xalidə Məsimovanın tərəfindən 2004-cü ildə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 57 ünvanında yerləşən 418 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı tələb olunan vəsaitin tam həcmdə onun tərəfindən ödənilərək bundan sonra formal olaraq onun adına rəsmiləşdirildiyini, sonrakı müddətdə obyekti icarəyə verməklə aylıq qazancdan 3.000 manat özünə götürdüyünü, Xalidə Məsimovanın ona obyektin ¼ hissəsini gələcəkdə ona verəcəyini vəd etdiyini, lakin aralarında narazılıq yarandığından 2021 -ci ilin sentyabr ayında Xalidə Məsimovanın tələbi ilə obyektin 286,5 kvadrat metr sahəsini sonuncunun bacısı qızı Cavabdeh adına sənədləşdirib qalan 131,7 kvadrat metr sahəni özünə götürdüyünü bildirmişdir. Araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən ərizəçiyə əmlak tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığı izah edilmişdir. - Legitim Qiymətləndirmə və Consulting MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 418.4 m2 olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 1.146.000 manat, likvid dəyəri isə 975.000 manat müəyyən olunmuşdur. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixə dair internet saytı, təklif olunan qiymətlər, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsi dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, Bakı şəhəri, Nizami Rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 m2 olan qeyri-yaşayış sahəsinin satıldığı qiymət müqavilə bağlandığı tarixdə olan bazar qiymətinə uyğun, yəni qeyri-yaşayış sahəsinin 2021 -ci ilin sentyabr ayına bazar qiymətlərini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən ümumi sahəsi 418.4 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2004-cü ildən İddiaçı mülkiyyətində olmuş, Daşınmaz Əmlakın AN-1 ******* saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 418,4 kv metr olan qeyri-yaşayış sahəsinin 286,5 kv.metr hissəsi İddiaçı Məmməd oğlu tərəfindən Cavabdeh 311603 manat 25 qəpik qiymətə satılmış və yerdə qalan 131,9 kv metr olan qeyri-yaşayış sahəsi İddiaçı Məmməd oğlunun adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Müqavilə notarial qaydada bağlanılmış, Cavabdeh tərəfindən satış qiyməti ödənilmiş, eyni zamanda əmlak satılan zaman həmin əmlak üzrə digər şəxslərdən, yəni iddiaçının ailə üzvlərindən razılıq alınmış, hər iki tərəf müqavilə üzrə onlara yeni çıxarış verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 337.2-ci maddəsinə əsasən isə əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” qərarında formalaşdırdığı mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmə araşdırmalardan belə nəticəyə gəlir ki, iddiaçının Mülki Məcəllənin 339.2- 339.3-cü maddəyə əsaslanmaqla cavabdehə qarşı iddia irəli sürməsi tam əsassızdır. Belə ki, məhkəmə tərəfindən hazırki iddia tələbinin hüquqi və faktiki əsasının olmadığı müəyyən edilir. Tərəflər arasında məhkəmədə mübahisələndirilən müqavilə bağlanarkən əqdin subyekt tərkibinə, məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər pozulmamışdır. Belə ki, mülkiyyətçinin və alıcının əmlakın alqı-satqısına dair sərbəst iradələri formalaşmış, daşınmaz əmlakla bağlı notarial formaya əməl edilməklə notariat orqanında əmlakın razılaşdırılmış dəyəri notariusun depozit hesaba ödənilməklə digər tərəfin isə həmin məbləği qəbul etməsi ilə əqd bağlanılmışdır. Qeyd olunmalıdır ki, bu müqavlənin məzmununda həmin əmlaka görə digər məbləğin də gələcəkdə alıcı tərəfindən ödənilməsi ilə bağlı şərt müəyyən olunmamışdır. “Notariat hərəkətlərinin aparılması qaydasında” Təlimatın 49-cu bəndində nəzərdə tutulmuşdur ki, notarius əmlakın nisyə alqı-satqısı haqqında müqaviləni təsdiq edərkən, müqavilədə əmlakın satış qiyməti tam göstərilir. Müqavilədə ödəniş müddətləri (günlər, aylar, illər üzrə) müəyyən edilir və alıcı ödənişi müqavilədə nəzərdə tutulduğu müddətdə ödəyir. Müqavilədə belə müddət nəzərdə tutulmadığı hallarda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsi tətbiq edilir. Məhkəmə iddiaçının müqavilə bağlanıldıqdan sonra cavabdehin ona əlavə 416252 manat vəsaitin ödəməli olduğu, həmin vəsaitin verilməsindən yayınmaq üçün hüquq mühafizə orqanları vasitəsi ilə ona hədə-qorxu gəlməsi dəlili ilə bağlı bildirir ki, Mülki Məcəllənin 339.4-cü maddəsində müəyyən olunmuş hallar müqavilə bağlananadək və ya bağlanan anda mövcud olduqda əqdi bağlayan şəxsi əqd bağlamağa məcburetmə hesab oluna bilər. Əqd bağlandıqdan sonra, həmin əqddə müəyyən olunmamış şərt əsas gətirilərək bu şərtin yerinə yetirilməməsinə görə müqavilə tərəfinin digər tərəfə məcburetmə təsirlərinin göstərilməsi mövcud olduğu halda belə bu hal müqavilənin etibarsızlığı üçün əsas kimi qəbul edilə bilməz. Qeyd olunan maddənin dispozisiyasında şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmədən söhbət getdiyi halda iddiaçının iddia ərizəsində cavabdehin və ya digər şəxslərin özünə və onun əmlakına yaranan real təhlükənin nədə ifadə olunması barədə heç bir sübut gətirilməmişdir. Məhkəmə iddiaçının Baş Mütəşəkkil Cinayətkarlara qarşı Mübarizə İdarəsinə məcburi aparılması, oradan çıxmaq və hədə-qorxu altında olduğu üçün orada onların dediyi hər şeyi etməsi dəlili ilə bağlı bildirir ki, qeyd olunan hallar iddiaçının şəxsi mülahizəsindən ibarət olmaqla həmin idarədə konkret ona qarşı hansı məcburiyyət tədbirinin göstərilməsi onun tərəfindən sübuta yetirilə bilməmişdir. Odur ki, göstərilən hallarda əqdin etibarsız sayılması üçün heç bir əsas yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən vəsatət verilərək, mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı mülki iş üzrə tərəflər arasında azad iradə ifadələrini bildirməklə mübahisəli qeyri-yaşayış sahəsinə dair alqısatqı müqaviləsi bağlanılmasını, həmin müqavilənin məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsaslar müəyyən olunmamasını və mübahisəli əmlalkn qiymətləndirilməsinin iş üçün əhəmiyyət kəsb eməməsini nəzərə alaraq vəsatəti təmin etməmişdir. Beləliklə məhkəmə müqavilənin etibarsızlığı üçün əsas olmadığından, iddiaçı tərəfindən məhkəməyə bununla bağlı sübutlar təqdim edilmədiyindən hesab edir ki, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3, X4, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 51 saylı Notariat Ofisi cəlb edilməklə “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 m2 olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair onunla Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 m2 olan qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3, X4, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 51 saylı Notariat Ofisi cəlb edilməklə “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 m2 olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair onunla Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən 286,5 m2 olan qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100,0 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-665/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-665/2022
26.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver