Məhkəmə qərarları › İş №2(007)-686/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-686/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-686/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı "müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-yə əsas borcundan 7096,85 manat, faiz borcundan 556,54 manat, 2638,36 manat olmaqla, cəmi 10291,75 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün tərəflərindən ödənilmiş 30 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar tərəflərindən ödənilmiş 30 manat rüsumun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, həmin borcun Bankla Cavabdeh (ipotekaqoyan) arasında bağlanmış 18 mart 2015-ci il tarixli № 122/SKMF-15 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan (HDQHDƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********03-05301-083014, Qeydiyyat nömrəsi **********, Seriya MA № ******* olan, 12.05.2010-cu il tarixli Çıxarışa əsasən) Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82 a ünvanında yerləşən xüsusi mülkiyyətli mərtəbəsi zirzəmi və ümumi sahəsi 149,9 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış 18.03.2015-ci il tarixli № 122/SKMF-15 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 6% faiz olmaqla 6 (altı) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh ipotekaqoyan) arasında bağlanmış 18.03.2015-ci il tarixli № 122/SKMF-15 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan (HDQHDƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********03-05301-083014, Qeydiyyat nömrəsi **********, Seriya MA № ******* olan, 12.05.2010-cu il tarixli Çıxarışa əsasən) Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82 a ünvanında yerləşən xüsusi mülkiyyətli mərtəbəsi zirzəmi və ümumi sahəsi 149,9 kv.m. olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 38000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, 18.03.2015-ci il tarixli № 122/SKMF-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 19 mart 2020-ci il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh Banka əsas borcundan əsas borcundan 7096,85 manat, faiz borcundan 556,54 manat, 2638,36 manat olmaqla, cəmi 10291,75 manat ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 18.03.2015-ci il tarixli № 122/SKMF-15 saylı kredit müqaviləsinin 2.6-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 56% olmaqla cərimə faizi ödəyir. 3.1.3-cü bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.6-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşmar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən 9.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalanlar kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə sonrakı ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən sonrakı ipoteka predmetinə yönəldə bilər. 9.2-ci bəndə əsasən sonrakı ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ödənişlərin 12 ay ərzində 3 dəfə və ya müddətdən asılı olnmayaraq ardıcıl 2 dəfə gecikdirildikdə, ipoteka predmeti sığortalanmadıqda və ya bu müqavilənin 6.11-ci bəndində nəzərdə tutulmuş digər hallarda, borc alanın və ya ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə, kredit müqaviləsində və həmçinin bu müqavilədə nəzərdə tutulmuş digər hallarda yaranır. İddiaçı “xxxx” ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə 21.04.2021-ci il tarixdə ərizə təqdim edərək qeyd etmişdir ki, cavabdehdən kredit müqaviləsi üzrə 2876,85 manat əsas borcun, 555,82 manat faiz borcun, cərimə borcu 2638,36 manat olmaqla, cəmi 6071,03 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün tərəflərindən ödənilmiş 31 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar tərəflərindən ödənilmiş 30 manat rüsumun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82 a ünvanında yerləşən xüsusi mülkiyyətli mərtəbəsi zirzəmi və ümumi sahəsi 149,9 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən gəlir hesabına İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir Məhkəmə iclasında iddiaçının nümayəndəsi 21.04.2021-ci il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirir ki, icraata xitam verilməsi barədə ərizəni qəbul etmir, rədd edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməinin səbəbi barədə məhkəməyə məlumat bildirməmişdir. Məhkəməyə ərizə ünvanlayaraq bankla razılığa gəldiyini və bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.03.2015-ci il tarixli 122/SKMF- 15 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 6% ödəmək şərtilə 15000 AZN məbləğdə kredit verilmişdir. Cavabdeh 36 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC-nin 03.04.2015-ci il tarixli ÇEK TB № 005151 çekinin surətindən görünür ki, Cavabdeh 15000 AZN məbləği İddiaçı ASC-dən təhvil almışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.05.2010-cu il tarixli MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82 a ünvanında yerləşən xüsusi mülkiyyətli mərtəbəsi zirzəmi və ümumi sahəsi 149,9 kv.m. olan qeyriyaşayış sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 70 №-li reyestr kitabının 6539 nömrəli vərəqində ********** №-si ilə qeydiyyata alınmışdır. - İddiaçı ASC-nin 04.08.2020-ci il tarixli 969 saylı bildirişindən görünür ki, cavabdehlərə banka olan borcu haqqında məlumat verilərək, 5 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq hüquqi prosedurların aparılacağı barədə xəbərdarlıq edilmişdir. - ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 29.03.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82 a ünvanında yerləşən xüsusi mülkiyyətli mərtəbəsi zirzəmi və ümumi sahəsi 149,9 kv.m. olan qeyri-yaşayış sahəsinə İddiaçı ASC-yə ipoteka qoyulmuşdur. - 18.03.2015-ci il tarixli 122/SKMF-15 saylı “ipoteka müqaviləsi”ndən görünür ki, Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82 a ünvanında yerləşən xüsusi mülkiyyətli mərtəbəsi zirzəmi və ümumi sahəsi 149,9 kv.m. olan qeyriyaşayış sahəsi bazar dəyəri 38000 AZN qiymətləndirilərək Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - 21.09.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. - Elekton Xidmətlər Portalından olan çıxarışlardan görünür ki, iddiaçı ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün cəmi 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. - Məhkəmənin qərardadına əsasən “xxxx” Hüquq və Konsaltinq Şirkəti tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının 11.03.2021-ci il tarixli LP-034/21 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82 a ünvanında yerləşən xüsusi mülkiyyətli mərtəbəsi zirzəmi və ümumi sahəsi 149,9 kv.m. olan qeyri-yaşayış sahəsinin hazırkı bazar qiyməti 130000 manat, likvid qiyməti isə 117000 manatdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış 18.03.2015-ci il tarixli № 122/SKMF-15 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 6% faiz olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh (ipotekaqoyan) arasında bağlanmış 18.03.2015-ci il tarixli № 122/SKMF-15 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan (DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş 22.11.2011-ci il tarixdə qeydiyyata alınmış seriya MA 0296234, Reyestr nömrəsi **********87, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) Bakı şəhəri, ünvan 2i ünvanında yerləşən 0,094 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 38000 manat məbləğində qiymətləndirilmişdir. “xxxx” Hüquq və Konsaltinq Şirkəti 11.03.2021-ci il tarixli LP-034/21 nömrəli rəyi ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82 a ünvanında yerləşən xüsusi mülkiyyətli mərtəbəsi zirzəmi və ümumi sahəsi 149,9 kv.m. olan qeyri-yaşayış sahəsinin likvid qiyməti isə 117000 müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Hazırda 18.03.2015-ci il tarixli № 122/SKMF-15 saylı kredit müqaviləsinə əsasən borclu Cavabdeh Banka 2876,85 manat əsas borcun, 555,82 manat faiz borcun, cərimə borcu 2638,36 manat olmaqla, cəmi 6071,03 manat borcu vardır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməmişdir. Bu səbəbdən bank Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi" tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən 36 ay müddətinə cavabdehə 15000 manat məbləğində kredit verilmiş, cavabdeh isə aldığı krediti 36 ay müddətinə, illik 6 faiz olmaqla ödəməyi öhdəsinə götürsə də, öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, 2638,36 manat cərimə borcu 2876,85 manat əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 100 manat saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82 a ünvanında yerləşən xüsusi mülkiyyətli mərtəbəsi zirzəmi və ümumi sahəsi 149,9 kv.m. olan qeyri-yaşayış sahəsi bankın xeyrinə girov (ipoteka) qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü mаddəsinə əsаsən ipоtеkа dаşınmаz əşyаlаrа, hаbеlə rəsmi rеyеstrdə qеydə аlınmаlı оlаn dаşınаr əşyаlаrа əşyа hüquqlаrının məhdudlаşdırılmаsıdır. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 34.1.3-cü mаddəsinə əsаsən ipоtеkа müqаviləsində nəzərdə tutulmuş və ipоtеkа sахlаyаnа ipоtеkаyа tutmа yönəltmək hüququ vеrən şərtinin yеrinə yеtirilməməsi ipоtеkа sахlаyаnın ipоtеkа prеdmеtinə tutmаnın yönəldilməsi hüququnun yаrаnmаsı аnıdır. 39.1-ci mаddəsində göstərilir ki, ipоtеkа sахlаyаn ipоtеkа müqаviləsi üzrə tələbinin ödənilməsi üçün iddiа ilə məhkəməyə mürаciət еdə bilər. 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Buna görə də məhkəmə hesab edir ki, hazırki halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82 a ünvanında yerləşən xüsusi mülkiyyətli mərtəbəsi zirzəmi və ümumi sahəsi 149,9 kv.m. olan qeyri-yaşayış sahəsinə tutma yönəldilməli, əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Yenə “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, ekspert qiymətləndirilməsi prosesi zamanı Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82 a ünvanında yerləşən xüsusi mülkiyyətli mərtəbəsi zirzəmi və ümumi sahəsi 149,9 kv.m. olan qeyri-yaşayış sahəsinin hazırkı bazar qiyməti 130000 manat, ilkin satış likvid qiyməti isə 117000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyinə uyğun olaraq Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82 a ünvanında yerləşən xüsusi mülkiyyətli mərtəbəsi zirzəmi və ümumi sahəsi 149,9 kv.m. olan qeyri-yaşayış sahəsi hərraca çıxarıldıqda, ilkin satış qiyməti 117000 manat müəyyən edilməlidir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 2876,85 manat məbləğində əsas borc, 555,82 manat məbləğində faiz borcu, 100 məbləğində cərimə, ümumilikdə isə 3532,67 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalı, kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəliklər cavabdeh tərəfindən vaxtında və lazımi qaydada icra edilmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82 a ünvanında yerləşən xüsusi mülkiyyətli mərtəbəsi zirzəmi və ümumi sahəsi 149,9 kv.m. olan qeyri-yaşayış sahəsinə tutma yönəldilməli, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 117000 manat müəyyən edilməli, ipoteka predmeti hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya olan borc ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehə qaytarılmalıdır. Məhkəmə, iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq Banka təhvil verilməsi hissəsinə münasibət bildirərək qeyd etmək istəyir ki, iddia tələb həmin hissədə qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82a ünvanında yerləşən ümumi sahəsi 149,9 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Hazırda qeyd olunan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İş materiallarından da göründüyü kimi, ipoteka predmeti olan mənzillər məhz kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82a ünvanında yerləşən ümumi sahəsi 149,9 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq sahəvi qanunvericilik aktı olan Mülki Məcəllədə də öz əksini tapmışdır. Belə ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəllənin: 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82a ünvanında yerləşən ümumi sahəsi 149,9 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir. Yəni qeyd olunan qeyri-yaşayış sahəsi bankın mülkiyyətinə keçməmişdir və əşya hüququ ilə cavabdehə məxsusdur. Heç kəsin əşya hüququ ilə ona məxsus olan əmlakdan istifadə, sahiblik və sərəncam hüquqları məhdudlaşdırıla bilməz. İddiaçı tərəf əmlakların satılmasından sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi tələbini irəli sürsə də, hazırda əmlakın gələcək mülkiyyətçilərini müəyyən etmək mümkün deyil və belə bir tələblə əmlakın mülkiyyətçilərinin məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi hissəsində rədd edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2876,85 manat məbləğində əsas borc, 555,82 manat məbləğində faiz borcu, 100 məbləğində cərimə, ümumilikdə isə 3532,67 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma İddiaçı ASC ilə Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82a ünvanında yerləşən ümumi sahəsi 149,9 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməli, qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 117000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait İddiaçı ASC-yə ödənilməli, “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılmalı, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82a ünvanında yerləşən ümumi sahəsi 149,9 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı QSC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 12,54 (on iki manat əlli dörd qəpik) manatı iddiaçıya, 17,46 (on yeddi manat qırx altı qəpik) manatı cavabdehə aid edilməli İddiaçı tərəfindən 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2876,85 manat məbləğində əsas borc, 555,82 manat məbləğində faiz borcu, 100 məbləğində cərimə, ümumilikdə isə 3532,67 manat məbləğində pul, 17,46 (on yeddi manat qırx altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 12,54 (on iki manat əlli dörd qəpik) manat iddiaçıya aid edilsin. Tutma İddiaçı ASC ilə Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82a ünvanında yerləşən ümumi sahəsi 149,9 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilsin, qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 117000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait İddiaçı ASC-yə ödənilsin. “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi müvafiq olaraq Cavabdeh qaytarılsın. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 82a ünvanında yerləşən ümumi sahəsi 149,9 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar