Məhkəmə qərarları › İş №2(007)-691/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-691/2021

05.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-691/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzilin tərəflərin ümumi birgə mülkiyyəti hesab edilərək onların arasında bərabər paylara bölünməsinə dair məhkəmə qətnaməsinin qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Ermənistanın Krasnoselo rayonunda anadan olmuş və məlum hadisələrlə əlaqədar olaraq valideynləri ilə birlikdə Azərbaycan Respublikasına gələrək Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır. Cavabdeh onun doğma dayışı qızıdır. O,uzun müddətdir ki, Bakı şəhərində yaşayır və Bakıda doğulmuşdur. O, Şəmkir rayonu, Çənlibel kəndində valideynlərinin yanında qeydiyyatda olsa da, həddi büluğa çatdıqdan sonra, yəni 1998-ci ildə Bakı şəhərinə gəlmiş və o vaxtdan daimi olaraq Bakı şəhərində yaşamış və burada işləmişdir. O, Bakı şəhərində “Sədərək” Ticarət Mərkəzində işə düzəlmiş və hal-hazıradək orada işləyir. O, işləyib pul topladıqdan sonra 2001-ci ilin 27 aprel tarixində Bakı şəhəri, A.Manafov küçəsi, 5 saylı evin 29.1 kv.m sahəyə malik 1 otaqlı, 42-ci mənzilini alqı-satqı yolu ilə əldə etmişdir. Sonradan maddi imkanları genişləndiyindən və eləcə də ailə qurmaq niyyətində olduğundan daha geniş mənzil əldə etmək istəmiş və bu məqsədlə 2005-ci il yanvar ayında həmin 1 otaqlı mənzili 21.500 (iyirmi bir min beş yüz) ABŞ dollarına satmış və bu məbləğin üstünü düzəldib hazırda cavabdehin qeydiyyatda olduğu ünvan 1-da yerləşən 3 otaqlı, 58 saylı mənzili alqı-satqı yolu ilə əldə etmişdir. Sözügedən mənzili əldə edərkən onun artıq 25 yaşı tamam olmuşdu və şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi vaxtından iki ay keçmişdi. Mənzilin satıcısı isə Kanadaya getməli olduğundan tələsik bir vaxtda düşmüşdü. Həmin dövrdə isə şəxsiyyət vəsiqəsi təxminən bir ay müddətinə dəyişdirilirdi. Məhz bu səbəbdən o mənzili öz adına sənədləşdirə bilməmiş və hesab etmişdir ki, artıq cavabdehlə bir ailədirlər və ona görə də həmin mənzili cavabdehin adına rəsmiləşdirmişlər. Cavabdehlə o təxminən 2004-cü ildə dekabr ayında el adəti üzrə nişanlanmış və onların rəsmi nikahları 2005-ci ilin may ayında rəsmiləşdirilmişdir. Sözügeən mənzildə o 2015-ci ildə əsaslı təmir işləri həyata keçirmiş və mənzili “Evrotəmir” etdirmiş və mənzilin təmirinə təxminən həmin dövrdə 30-35 min ABŞ dolları məbləğində vəsait xərcləmişdir. Cavabdehlə ailə qurduqdan sonra onlar bir müddət bir ailə kimi həmin mənzildə yaşamış və həmin mənzildə onlar cavabdehlə birgə nikahlarından iki oğlan övladları 03.06.2006-cı il təvəllüdlü Murad və 14.12.2008-ci il təvəllüdlü Fuad adlı uşaqları doğulmuşdur. Həmin mənzildə onlar təxminən 2016-cı ilin ortalarınadək birgə yaşamış və sonradan cavabdeh onu qeyd edilən mənzildən qovmuşdur. 2014-cü ildə o Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsindəki 4 saylı evin 3 otaqlı 27 saylı mənzilini əldə etmiş və həmin mənzili hal-hazırda onun mülkiyyətində və qanuni istifadəsindədir. ünvan 1-da yerləşən 58 saylı mənzili əldə etdiyi vaxt Cavabdeh məktəbi yeni qurtarmışdı və ATS-də operator işləyirdi və onun aylıq əmək haqqı təxminən 200-250 AZN təşkil edirdi ki, bu pula da hər hansı bir mənzil əldə etmək mümkün deyildi. Onun valideynlərinin isə belə bir məznili alıb qızlarına hədiyyə etməyə maddi imkanları yox idi. Hazırda cavabdehin adına olan mənzil yəni ünvan 1-da yerləşən, 58 saylı mənzil onun cavabdehlə birgə nikahda olduqları dövrdə əldə edilmiş mənzil kimi dəyərləndirilməli və həmin mənzil də onların arasında tən yarı bölünməlidir. Məhkəmənin 01 mart 2021-ci il tarixli iclasında ddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmin tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mənzil alınarkən müqagvilə onun adına bağlanmışdır. İddiaçı onun atasının maddi imkanının olmadığını bildirsə də, atası Azərbaycan Texniki Universitetində təsərrüfat müdiri, özü isə ATS-də operator deyil, mühəndis vəzifəsində çalışmışdır. Mübahisəli mənzil onun adınadır və birgə nikah dövründə əldə edilməmişdir. Mübahisəli mənzilin təmirini isə 2015-ci ildən əvvəl atası,2015-ci ildə isə iddiaçı ilə birlikdə həmin mənzildə yaşayarkən birlikdə etdirmişlər. Odur ki, idda tələbini əsassız hesab edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, o, tərəflərin hər ikisini tanıyır. O tərəflərlə 2004-2006-cı illərdə tanış olmuşdur. Həmin vaxtlar Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində onun ofisi var idi.Tərəflər mübahisəli mənzili alarkən ona müraciət etmişlər və həmin vaxt iddiaçının şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən notariat ofisində ona müqavilə bağlamağa icazə vermədilər. O da həmin mənzili nişanlısının adına almışdır. Mənzili nişanlısının adına almasına daha bir səbəb isə mənzili satan şəxsin xaricə köçməsi səbəbindən tələsməsi idi. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, o, tərəflərin hər ikisini tanıyır. Belə ki, İddiaçı və Cavabdeh hər ikisi onun qonşularıdır. O özü, ünvan 1, mənzil 61-də qeydiyyatdadır. Mübahisəli mənzili də o həmişə İddiaçı məzili kimi bilmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, o, İddiaçıla əvvəllər şərik işləmişdir, prosesdə iştirak edən digər şəxsləri isə tanımır və heç biri ilə ədavəti yoxdur. O, 1998-ci ildən 2012-ci ilədək İxtiyarla birlikdə Sədərək Ticarət Mərkəzində şərikinə mağaza işlətmişlər. O, dəqiq bilir ki, İxtiyar 2001-ci ildə 1 otaqlı mənzil almışdır. 2004-cü ilin axırlarında İxtiyar dayısı qızı Samirə ilə nişanlanmışdır. 2005-ci ildə isə İxtiyar ona dedi ki, Sevinc Kinoteatrının yaxınlığında 3 otaqlı mənzil almaq istəyir, yeni mənzil almaq üçün 38500 pul verməlidir. Mənzili alması üçün onun 5000 ABŞ dolları pulu çatmamış və ondan borc istəmişdir. O da bir şərik, dost kimi İddiaçı borca pul vermişdir. İxtiyar məzili təmirsiz və öz pulu ilə almışdır. Bundan sonra onların 2005-ci ildə toyları olmuş və o da, toyda iştirak etmişdir. Sahid Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh İddiaçıla nişanlı olduqları dövrdə mağazaya gəlib-getmişdir. Həmin vaxtlar o, ATS-də mühəndis vəzifəsində çalışmışdır. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, o, İddiaçıı tanıyır və onun mənzilini təmir etmişdir. 2015-ci ildə o, İddiaçıla tanış olmuş və onun mənzilini təmir etmişdir. Mənzil Sevinc Kinoteatrının yanında yerləşirdi. İxtiyarın yoldaşı təmir dövründə cəmi 1 dəfə həmin mənzildə olmuşdur. Həmin vaxt Samirə xanımın üzüyü trapa düşmüş və o, üzyü trapdan çıxarıb qaytarmışdır. Qalan vaxtlar isə onu görməmişdir. Mənzilin bütün təmir xərclərini İxtiyar qarşılamışdır. Onun təmirə təxminən 30-35 min ABŞ dolları xərc çıkmişdir. Şahid4 ona verilmiş suala cavab olaraq bildirdi ki, onun zəhmət haqqını İddiaçı ödəyib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Şəmkir RPŞ tərəfindən 24.04.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1979-cu ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmuş İddiaçı Şəmkir rayonu,Çənlibel kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 018-10537-1220 №-li, 15 oktyabr 2020-ci il tarixli məktubuna əsasən xx.xx.1979-cu ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmuş İddiaçı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən Şəmkir rayonu, Çənlibel kəndi üzrə 11.03.2005-ci il tarixdə ilk dəfə olaraq AZE-02258163 nömrəli və 29.04.2014-cü il tarixdə 35 yaşına çatması ilə əlaqədar AZE-******** nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. -07 yanvar 2005-ci il tarixli AN-İ ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı İddiaçı Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 5-də yerləşən 42 saylı mənzili 105.995.00 (yüz beş milyon doqquz yüz doxsan beş min) manata alıcı X1. -07 yanvar 2005-ci il tarixli AN-İ ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı X3 ünvan 1-da yerləşən 58 saylı mənzili 186.354.000 (yüz səksən altı milyon üç yüz əlli dörd min) manata alıcı Cavabdeh satmışdır. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsin seriya ÖM 225141№li qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, A.Manafov küçəsi, 16 saylı evin 58 saylı mənzili Cavabdeh adına 12 fevral 2005-ci ildə qeydə alınmışdır. -İş materiallarına əlavə olunmuş 03 may 2005-ci ildə Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsi tərəfindən nikah haqqında şəhadətnamənin surətinə əsasən həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 393 № ilə qeyd aparılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1-da yerləşən 58 saylı mənzil 07 yanvar 2005-ci il tarixində Cavabdeh adına alınmışdır. İddiaçı ilə cavabdeh 2004-cü ilin dekabr ayında el adəti ilə nişamlanmış, 03 may 2005-ci ildə isə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından iki oğlan övladları 03.06.2006-cı il təvəllüdlü Murad və 14.12.2008-ci il təvəllüdlü Fuad adlı uşaqları doğulmuşdur. Şahid ifadələrindən və izahatlardan aydın olur ki, mənzil tərəflər nikahda olan zaman ailənin birgə gəliri hesabına əsaslı şəkildə təmir edilmişdir. Bununla da əmlak Cavabdeh adına birgə nikahdan əvvəl, yəni 07 yanvar 2005-ci ildə alınsa da, ər-arvadın əməyi, ümumi vəsaiti hesabına yaxşılaşdırıldığından onların birgə mülkiyyətinə çevrilmişdir. Tərəflər arasında bağlanmış nikahın pozulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsinə əsasən nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan övladlarının analarının himayəsində saxlanması qət edilmişdir. Hazırda isə onlar arasında münasibətlər kəskinləşmiş və İddiaçı ünvan 1 ünvanında yerləşən 58 saylı mənzilə ½ hissədə pay hüququnun tanınmasını tələb edir. Cavabdeh da iddia tələbini qəbul etməmiş və mənzili atasının təmir etdirdiyini bildirsə də bu halı əsaslandıra bilməmiş və məhkəməyə hər hansısa bir mötəbər sübut təqdim etməmişdir.Bundan başqa,iddiaçı ilə həmin mənzildə birgə yaşadıqları və ümumi birgə təsərrüfat apardıqları dövrdə mənzilin təmir olunduğunu etiraf etmişdir. Göründüyü kimi mənzillin 07 yanvar 2005-ci il tarixdə nikahdan əvvəl alınmasına baxmayaraq, mənzilin təmiri tərəflər evləndikdən sonra həyata keçirilmişdir.Mənzili təmir edən ustanın məhkəmə iclasında verdiyi ifadə nəzərə alınmaqla təmirdən sonra mənzilin dəyərinin nəzərəçarpacaq dərəcədə 30-35 min ABŞ dolları civarında artması müəyyən olunur. İddiaçı mənzilin təmirinə vəsait sərf etmiş, bununla da əmlak nikahdan əvvəl əldə edilsə də onun təmir xərcləri ümumi (ailə) büdcədən maliyyələşdiyindən tərəflərin birgə mülkiyyətinə çevrilmişdir. İddiaçı birgə mülkiyyətçi kimi əmlaka hüquqları yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; Şərh olunan maddi normalara uyğun olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Qanun bu halda ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumi prezumpsiyasını müəyyən edir. Bu o deməkdir ki: 1) birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur; 2) birgə nikah müddətində əldə edilmiş bütün əmlak qanunda həmin əmlakın ümumi əmlaka daxil olmasının göstərilibgöstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır; 3) hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakın ərin və ya arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyəti hesab olunan Bakı şəhəri, Nizami rayonu, A.Manafov küməsi, 16 saylı evin 58 saylı mənzili tərəflər arasında bölünməli və əmlak üzərindəki paylar müəyyən edilməlidir. İddiaçı iddia tələbində paylar müəyyən olunarkən onun payının 1/2 hissə, cavabdehin payının isə 1/2 faiz hissədə hesab olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Cavabdeh birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etməsi barədə İddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir, o cümlədən belə bir hal məhkəmə iclasında da müəyyən edilməmişdir.Bunun əksinə olaraq cavabdehlərin birgə nikahından doğulmuş hər iki uşaq Cavabdeh himayəsindədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikah müddətində əldə etdikləri ümumi birgə mülkiyyətdə olan əmlakdakı payları Cavabdeh 3/5 hissədə, İddiaçı isə 2/5 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 16 saylı evin 58 saylı, 3 otaqlı mənzil birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunmaqla həmin əmlakdan tərəflərin payı aşağıdakı qaydada müəyyən olunmalıdır: Cavabdeh Manaf qızının payı 3/5 hissədə, İddiaçı payı isə 2/5 hissədə. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 16 saylı evin 58 saylı, 3 otaqlı mənzili tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunmaqla həmin mənzildən tərəflərin payları aşağıdakı qaydada müəyyən edilsin: İddiaçı 5/2 hissədə. Cavabdeh 5/3 hissədə Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar