Məhkəmə qərarları › İş №2(007)-875/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-875/2024

28.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-875/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: ilkin iddia “mənzildən çıxarılma, mənzilə köçürülmə, mənzilin livhəṫ verı̇ lməsi və mənzildən maneəsiz istifadənin məhdudlaşdırılmasına son qoyulmasının cavabdehlərin üzərinə qoyulması”” tələbi qarşılıqlı iddia “mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “mənzildən çıxarılma, mənzilə köçürülmə, mənzilin livhəṫ verı̇ lməsi və mənzildən maneəsiz istifadənin məhdudlaşdırılmasına son qoyulmasının cavabdehlərin üzərinə qoyulması” tələbinə dair ilkin iddia ərizəsinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2nə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İlkin iddia tələbi :

1. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “mənzildən çıxarılma, mənzilə köçürülmə, mənzilin livhəṫ verı̇ lməsi və mənzildən maneəsiz istifadənin məhdudlaşdırılmasına son qoyulmasının cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şahin Mirzəyev küçəsində “MY HOME” Yaşayış Kompleksində yerləşən binanın “A” blokunda, 1-ci mərtəbəsində, A.1.6 nömrəli, 140 kv.m olan 3 otaqlı mənzilin naturada ona təhvil verilməsi və maneəsiz istifadənin məhdudlaşdırılmasına son qoyulmasının cavabdehlərin üzərinə qoyulması, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Şahin Mirzəyev küçəsində “MY HOME” Yaşayış Kompleksində yerləşən binanın “A” blokunda, 1-ci mərtəbəsində, A.1.6 nömrəli mənzildən çıxarılması və onu ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İlkin iddia tələbinin əsaslandırıldığı hallar :

2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 02 aprel 2019-cu il tarixində onunla Cavabdeh2 arasında 0550 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Şahin Mirzəyev küçəsində “MY HOME” Yaşayış Kompleksində yerləşən binanın “A” blokunda, 1-ci mərtəbəsində, A.1.6 nömrəli, 140 kv.m olan 3 otaqlı mənzilə görə müqavilədə göstərilmiş məbləği tam ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə dəyəri 140 200 manat olan mənzilin ödənişini həyata keçirmişdir. Bununla bağlı, 02 aprel 2019-cu il tarixində Cavabdeh2 tərəfindən MA- 398 nömrəli maliyyə arayışı təqdim olunmuşdur. 2021-ci il tarixində Cavabdeh2 ona məxsus olan mənzili onun razılığı olmadan müqavilə əsasında Cavabdeh1 satmışdır. Ona məxsus olan mənzildə hal-hazırda təmir işləri aparıİmaqdadır. Hal-hazırda ona məxsus olan mənzilə daxil ola bilmir, maneələr yaradılır. Qeyd olunan məsələ ilə bağlı vəkili tərəfindən "xxxx" MMC-yə sorğu edilərək, “həmin mənzildə yaşayan alıcı ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin surəti və həmin alıcının adı, soyadı və ata adı yazılmaqla məlumatın verilməsi” istənilmişdir. Lakin, bugünə qədər "xxxx" MMC tərəfindən hər hansı bir cavab verilməmişdir.

Qarşılıqlı iddia tələbi :

3. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı və Cavabdeh2nə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh2 MMC-nin M.Abbasov və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən binanın A blokunda 1-ci mərtəbədə yerləşən 6 saylı mənzilə (köhnə A.1.6 saylı mənzil) (köhnə ünvan Ş.Mirzəyev küçəsi, 38 Cavabdeh2 MMC MTK-blok A mənzil 6) dair onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar :

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı olan cavabdeh İddiaçı (bundan sonra “cavabdeh”) ilkin iddia tələbi üzrə ona qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia edir ki, 02 aprel 2019-cu il tarixində onunla Cavabdeh2 MMC arasında 0550 nömrəli müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Şahin Mirzəyev küçəsində “MY HOME” yaşayış kompleksində yerləşən binanın A blokunda 1-ci mərətəbədə, A.1.6 nömrəli, 140 kv.m olan 3 otaqlı mənzilə görə müqavilədə göstərilmiş məbləği tam ödəməyi və mənzili qəbul etməyimi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə dəyəri 140200 manat olan mənzilin ödənişini tam həyata keçirmişdir. Bununla bağlı 02 aprel 2019-cu il tarixində Cavabdeh2 MMC tərəfindən MA-398 nömrəli maliyyə arayışı təqdim edilmişdir. 2021-ci il tarixində tarixində Cavabdeh2 MMC ona məxsus olan mənzili onun razılığı olmadan müqavilə əsasında Cavabdeh1 satmışdır. Ona məxsus olan mənzildə hal-hazırda təmir işləri aparılmaqdadır. Hal-hazırda ona məxsus mənzilə daxil ola bilmir ona maneələr yaradılır. İddiaçı iddia ərizəsində qeyd etdikləri tam həqiqəti əks etdirmir. Bildirmək istəyir ki, 27 may 2019-cu il tarixində o Cavabdeh2 MMC-dən ilkin ödəniş 60000 manat, qalan məbləği isə hissə-hissə ödəməklə A94 nömrəli mənzili almışdır. Daha sonra həmin mənzil 10-cu mərtəbədə olduğundan və daha böyük mənzil almaq istədiyindən Cavabdeh2 MMCyə müraciət etmiş və daha böyük mənzil almaq istədiyini bildirmişdir. Cavabdeh2 MMC-nin direktoru X2 və oranın işlərini aparan X3 bildirmişlər ki, onunla Cavabdeh2 MMC-nin direktoru X2 ilə Cavabdeh1 arasında 20 noyabr 2021-ci il tarixində mənzilin alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Alıcı kimi o-Cavabdeh1 müqavilənin 3.1-ci maddəsi və 3.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrini tam şəkildə yerinə yetirmişdir. Mənzilin dəyəri tərəfindən tam ödənilmişdir. Belə ki, alıcı Cavabdeh1 müqavilənin 3.1-ci maddəsi və 3.2-ci maddəsində nəzərdə tutulmuş mənzilin dəyərini tam şəkildə ödəmiş və Cavabdeh2 MMC-nın direktoru X2 tərəfindən mənzilin dəyərinin tam ödənilməsi və borcunun olmaması barədə 20 noyabr 2021-ci il tarixli MA-672 nömrəli maliyyə arayışı verilmişdir. Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh2 MMC-nin M.Abbasov və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən binanın A blokunda 1-ci mərtəbədə yerləşən 6 saylı mənzil (A.1.6 saylı mənzil), (köhnə ünvan Ş.Mirzəyev küçəsi. 38 Cavabdeh2 MMC MTK-blok A mənzil 6) Cavabdeh1 məxsusdur. Eyni zamanda alıcı Cavabdeh1 tərəfindən qaz, işıq və su sayğaçının quraşdırılmasına görə 1500 manat məbləğində manat məbləğində pul Cavabdeh2 MMC-nın hesabına ödənilmişdir. Təmir zamanı istifadə ediləcək yüklərin mənzilə qaldırılması üçün “MMC” tərəfindən quraşdırılmış avadanlıqlardan istifadəyə görə 700 manat məbləğində pul ödənilmiş və bu barədə 10 avqust 2022-ci il tarixli kassa mədaxil qəbzi verilmişdir. Bundan sonra “MY HOME” yaşayış kompleksində yerləşən binanın A blokunda 1-ci mərətəbədə, A. 1.6 nömrəli, 140 kv.m olan 3 otaqlı mənzilin sahibi Əliyev-Bəxtiyar İsa mənzilini təmir elətdirmiş və hazırda da bir ilə yaxındır ki həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Cavabdeh1 ilə Azəriqaz arasında bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-05821xx/xx-2023 saylı müqavilədən də müəyyən edilir ki, qeyd olunan mənzil qazla təchiz edilmişdir. Eyni zamanda qaz su da Cavabdeh1 adınadır. Bundan əlavə Cavabdeh1 hər ay 64 manat Cavabdeh2 MMC-nə xidmət haqqı ödəyir. Lakin qanunsuz olaraq İddiaçı hazırda yaşadığı mənzilinə dair iddia qaldırmışdır. O iddianı bildikdən sonra Cavabdeh2 MMC-nə yaxınlaşməş və oradan bildirmişlər ki, İddiaçı 13 iyul 2021-ci il tarixdə ərizə ilə müraciət edərək A.1.6 mənzilin satışa çıxarılmasını xahiş etdiyindən onun razılığı əsasında həmin mənzil satışa çıxarılmış və ona satılmışdır. Həmin ərizələrin və digər sənədlərin surətlərini ona təqdim etmişlər. Təqdim edilmiş 59/21 nömrəli xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin surətindən müəyyən edilir ki, İddiaçı A.1.6 nömrəli mənzilin qismən pulunun geri qaytarılması üçün 10000 (on min) manatı qəbul etdmişdir. 63/21 nömrəli, 06 avqsut 2021-ci il tarixli kasa məxaric orderinin surətindən görünür ki, İddiaçı A.1.6 nömrəli mənzilin qismən pulunun geri qaytarılması üçün növbəti 20000 (iyirmi min) manatı qəbul etdmişdir. 000233 nömrəli, xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı A. 1.6 nömrəli mənzilin qismən pulunun geri qaytarılması üçün 10000 (on min) manatı qəbul etmişdir. 000236 nömrəli, xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı A. 1.6 nömrəli mənzilin qismən pulunun geri qaytarılması üçün 50000 (əlli min) manatı qəbul etmişdir. 26 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş və Cavabdeh2 MMCnın direktoru X2 və İddiaçı tərəfindən imzalanmış akta əsasən “MY Home” yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən A. 1.6 saylı mənzilə görə Cavabdeh2 MMC ilə İddiaçı arasında imzalanmış 398 saylı, 02 aprel 2019-cu il tarixli müqaviləni şirkətə geri qaytarmışdır. Müqaviləyə əsasən İddiaçı ödənilməli olan 140000 (yüz qırx min) manat məbləğdən 40000 (qırx min) manat ödənilmişdir. xx.xx.2023-cü il tarixdə isə daha 50000 (əlli min) manat ödənilmişdir. Aralarında 50000 (əlli min) manat qalmışdır. 000255 nömrəli, xx.xx.2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı A.1.6 nömrəli mənzilin qismən pulunun geri qaytarılması üçün 22000 (iyirmi iki min) manatı qəbul etmişdir. Nədənsə İddiaçı iddia ərizəsində bunları qeyd etməyi yaddan çıxarmışdır. Bütün bunları təsdiq edən və mənzili həqiqətən satdığını təsdiq edən İddiaçı məxsus səs yazıları onda mövcuddur onları lazım olsa məhkəmə prosesində təqdim edəcəkdir.

İş materialları :

5. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0550 nömrəli müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən icraçı Nizami rayonu, “MY Home” yaşayış kompleksində A blokunun, 1-ci mərtəbəsində yerləşən A. 1.6 saylı ümumi sahəsi 140.2 kv.m. olan mənzilin tikintisi başa çatdıqdan sonra sifarişçiyə təhvil verməyi, sifarişçi isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaitini ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.

6. Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, MA-398 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında imzalanmış 0550 nömrəli, xx.xx.2019-cu il tarixli “Nəğd satış” müqaviləsinin predmeti sayılan ünvan 2ndə tikilməkdə olan A bloku, A.1.6 nömrəli mənzil üçün borc xx.xx.2019-cu il tarixində tam ödənilmiş və xx.xx.2019-cu il tarixində müştərinin heç bir borcu yoxdur.

7. Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, MA-672 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış 0814 nömrəli, xx.xx.2021-ci il tarixli “Satış” müqaviləsinin predmeti sayılan Bakı şəhəri, Mehdi Abbasov küçəsində A blokunda yerləşən 142.6 kv. metr sahəsi olan A.1.6 nömrəli mənzil üçün 142600 manat (yüz qırx iki min altı yüz manat) tam ödənilmiş və xx.xx.2021-ci il tarixində müştərinin heç bir borcu yoxdur.

8. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0814 nömrəli müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən icraçı Nizami rayonu, “MY Home” yaşayış kompleksində A blokunun, 1-ci mərtəbəsində yerləşən A. 1.6 saylı ümumi sahəsi 142.6 kv.m. olan mənzilin tikintisi başa çatdıqdan sonra sifarişçiyə təhvil verməyi, sifarişçi isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaitini ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.

9. Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC-nin M.Abbasov və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən binanın A.Blokunda 1-ci mərtəbədə yerləşən 6 saylı mənzil (A.1.6 saylı mənzil), (köhnə ünvan Ş.Mirzəyev küçəsi. 38 Cavabdeh2 MMC MTK-blok A mənzil 6) Cavabdeh1 məxsusdur.

10. Azəriqaz ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AKX- 05821xx/xx-2023 “qaz paylayıcı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilədən görünür ki, Şirin Mirzəyev küçəsi "xxxx" Blok A 6 saylı mənzil qazla təchiz edilmişdir.

11. Azəriqaz ASC, Azərişıq ASC və Azərsu ASC tərəfindən verilmiş xəbərdarlıq bildirşlərindən müəyyən olunur ki, abonent Cavabdeh1 mülkiyyətində olan Ş.Mirzəyev küçəsi, Cavabdeh2 MMC MTK-blok A mənzil 6 ünvanına kommunal ödənişlər ilə bağı xəbərdarlıq bildirişləri göndərilmişdir.

12. "xxxx" MMC tərəfindən verilmiş mənzil kommunal xidmətinə dair mədaxil qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən blok A, 6 saylı mənzilə yük qaldırılması xidmətinə görə 700 manat ödəniş edilmişdir.

13. İddiaçı tərəfindən Cavabdeh2 direktoru Ceyhun Quliyeva ünvanlandırdığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı ərizədə "xxxx" MMC-də A.1.6 saylı mənzili onun iştirakı və imzası olmaqla satışa çıxarılmasına etiraz etmədiyini bildirmişdir.

14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı tərəfindən 50 000 manat, xx.xx.2023-cü il tarixli orderdən görünür ki, 10 min manat, xx.xx.2021-ci il tarixli orderdən görünür ki, 20 min manat, xx.xx.2021-ci il tarixli orderdən görünür ki, 10 min manat, xx.xx.2024-cü il tarixli orderdən görünür ki, 22 min manat pul vəsaiti qəbul edilmişdir.

15. Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində, 2535-ci məhəllə ünvanında “My Home” yaşayış kompleksinin 1-ci mərtəbəsində yerləşən A.1.6 saylı mənzilə görə "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış 398 saylı xx.xx.2019-cu il tarixli müqaviləni şirkətə geri qaytarmış, müqaviləyə əsasən İddiaçı ödənilməli olan 140000 (yüz qırx min) mant məbləğdən 40.000 (qırx min manat) ödənilmiş, xx.xx.2023-cü il tarixdə isə 50.000 (əlli min manat) daha ödənilmiş və aralarında 50 min manat qalmışdır.

16. Cavabdeh2 tərəfindən verilmiş ********** nömrəli kassa mədaxil orderindən görünür ki, 20 noyabr 2021-ci il tarixdə Cavabdeh1 A 1.6 saylı mənzilin qalıq dəyəri olan 31978 manat pul vəsaitini ödəmişdir.

17. İddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********775 nömrəli ərizənin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən blok A mərtəbə 1 olan yaşayış binasının ümumi sahəsi 140.2 kv.m., olan A.1.6 saylı 3 (üç) otaqlı mənzilə dair adına olan müqavilədən və pay hüququndan imtina etdiyini və həmin pay hüquqlarının digər şəxsin adına keçirilməsini xahiş etdiyini, gələcəkdə "xxxx" MMC-yə hər hansı maddi iradı və tələbinin olmayacağını bildirmişdir.

18. X1 tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********776 nömrəli ərizənin surətindən görünür ki, X1 "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən blok A mərtəbə 1 olan yaşayış binasının ümumi sahəsi 140.2 kv.m., olan A.1.6 saylı 3 (üç) otaqlı mənzilə dair İddiaçı adına olan müqavilədən və pay hüququndan imtina etməsinə etiraz etməmiş, gələcəkdə "xxxx" MMC-yə hər hansı maddi iradı və tələbinin olmayacağını bildirmişdir.

19. İddiaçı tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, onun adına müqavilə nömrəsi 0550 nömrəli 02 aprel 2019-cu ildə imzalanmış müqaviləyə xitam verilib ləğv edilməsini, tam şəkildə şirkət tərəfindən 140000 (yüz qırx min) manat pul vəsaitinin qaytarıldığını, gələcəkdə bunun ilə bağlı A.1.6 heç bir iradı və iddiası olmayacağını, mənzilin Cavabdeh1 adın keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir.

20. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

21. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh1 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

21. Məhkəmə iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, İddiaçı və onun həyat yoldaşı notarial ərizə yazaraq öz pay hüquqlarından imtina etmişlər. Maliyyə arayışı ilə təsdiq edilir ki, Cavabdeh1 tam ödəniş etmiş və borcu yoxdur. Belə ki, mübahisə predmeti olan mənzildə Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır və kommunal xərclərini ödəyir. Bunları nəzərə alaraq ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

22. Digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməkləri barədə hər hansı bir məlumat verməmişdirlər.

23. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə İddiaçı və cavabdeh "Vesta Construction” MMC-nin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halı :

24. Məhkəmə tərəfindən işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Nizami rayonu, “MY Home” yaşayış kompleksində A blokunun, 1-ci mərtəbəsində yerləşən A. 1.6 saylı ümumi sahəsi 140.2 kv.m. olan mənzil Cavabdeh2 il’ İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0550 nömrəli müqavilə əsasında satış qiyməti tam ödənilməklə İddiaçı satılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi əsasında Cavabdeh2 mübahisəli mənzili Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 0814 nömrəli müqavilə əsasında satış qiyməti tam şəkildə ödənilməklə Cavabdeh1 satmışdır.

25. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Cavabdeh2 tərəfindən mübahisəli mənzilin satış qiyməti İddiaçı tam şəkildə qaytarılmamışdır və bu hazırki məhkəmə mübahisəsinin yaranmasına səbəb olmuşdur.

26. Məhkəmə prosesi gedişində qalıq məbləğ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən İddiaçı ödənilmiş və İddiaçı mübahisəli mənzilə dair müqavilə və pay hüququndan imtina etmişdir.

27. Mübahisəli mənzil Cavabdeh1 faktiki sahibliyində və istifadəsindədir və məhkəmədən həmin mənzilə sahiblik və istifadə hüququnun tanınmasını xahiş edir.

Məhkəmə baxışının hədləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

452. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

Məhkəmənin mövqeyi :

31. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin edilməlidir.

32. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüqqu normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. Hazırda ilkin iddia tələbi üzrə iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər (qarşılıqlı iddia tələbi üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma, mənzilə köçürülmə, mənzilin livhəṫ verı̇ lməsi və mənzildən maneəsiz istifadənin məhdudlaşdırılmasına son qoyulmasının cavabdehlərin üzərinə qoyulması” tələbini ona məxsus olan mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh1 satılması və ona məxsus olan mənzilə daxil ola bilməməsi ilə əsaslandırmışlar.

34. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Nizami rayonu, “MY Home” yaşayış kompleksində A blokunun, 1-ci mərtəbəsində yerləşən A. 1.6 saylı mənzil qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 sahibliyində və istifadəsindədir.

35. Belə ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0814 nömrəli müqavilə üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək mübahisəli mənzili Cavabdeh1 təhvil vermişdir. Cavabdeh "Vesta Construction” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, qarşılıqlı iddiaçı tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. Həmçinin "Vesta Construction” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan da görünür ki, arayışda mübahisəli mənzilin Cavabdeh1 məxsus olduğu qeyd edilmişdir. Eyni zamanda mübahisəli mənzilə dair kommunal xidmətlər Cavabdeh1 adınadır.

36. Məhkəmə qeyd edir ki, belə olan halda hazırki iddianın qanuni əsası kimi mübahisəyə Mülki Məcəllənin 452-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya görə fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

37. Belə olan halda, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə” anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir.

38. Həmin maddənin tələblərinə görə mənzil qarşılıqlı iddiaçının sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur.

39. İlkin iddia tələbi ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından görünür ki, ilkin İddiaçı məhkəmə prosesi gedişində mübahisəli mənzilə dair müqavilə və pay hüququndan imtina etməsinə dair Cavabdeh2nə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Lakin məhkəmə iclasında iştirak etməmiş və iddia ərizəsini geri götürülməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cavabdeh isə ilkin iddia tələbinə mahiyyəti üzrə baxılaraq ilkin iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

40. İşin bütün halları nəzərə alınaraq ilkin iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ilkin iddia tələbi üzrə İddiaçı məhkəməyə bildirdiyi işin faktiki halları hazıki mübahisənin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından ilkin iddia tələbi rədd edilməlidir.

41. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı “sahiblik və istifadə hüququnun tanınması” tələbini mübahisəli mənzilin onun tərəfindən satın alınması və hazırda onun sahibliyində və istifadəsində olması ilə əsaslandırmışdır.

42. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

43. Hüquq nəzəriyyəsində sahibliyin müdafiə olunmasının iki üsulu fərqləndirilir: hüquq mənasında sahibliyin müdafiəsi;- fakt mənasında sahibliyin müdafiəsi. Hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir.

44. İlkin İddiaçı tərəfindən Cavabdeh1 qarşı hazırkı ilkin iddia tələbinin irəli sürülməsi onun sahiblik hüququnun pozulmasına yönəldiyindən Cavabdeh1 öz sahiblik hüququnun müdafiəsi üçün qarşılıqlı iddia tələbini irəli sürmüşdür.

45. Əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir.

46. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərar).

47. Mübahisəli mənzilin qarşılıqlı iddiaçı Cavabdeh1 sahiblik və istifadəsində olması işin mübahisəsiz halı olduğundan o, həmin mənzilə istifadə və sahiblik hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır və ona görə də, qarşılıqlı iddia əsaslıdır və təmin edilməlidir.

Məhkəmə xərcləri :

48. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onların özlərinə aid edilməlidir.

Nəticə :

49. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, Cavabdeh1 "xxxx" MMC-nin M.Abbasov və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən binanın A blokunda 1-ci mərtəbədə yerləşən 6 saylı mənzilə (köhnə A.1.6 saylı mənzil) (köhnə ünvan Ş.Mirzəyev küçəsi, 38 "xxxx" MMC MTK-blok A mənzil 6) dair sahiblik və istifadə hüququ tanınmalıdır.

50. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və və Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onların özlərinə aid edilməlidir..

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İlkin iddia tələbi rədd edilsin və qarşılıqlı iddia tələbi təmin edilsin. "xxxx" MMC-nin M.Abbasov və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən binanın A blokunda 1-ci mərtəbədə yerləşən 6 saylı mənzilə (köhnə A.1.6 saylı mənzil) (köhnə ünvan Ş.Mirzəyev küçəsi, 38 "xxxx" MMC MTK-blok A mənzil 6) dair Cavabdeh1 sahiblik və istifadə hüququ tanınsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və və Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar