Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-881/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması və ya dəyərinin pulla ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması və ya dəyərinin pulla ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 evlərindən apardığı “PANASONİC NA-140VG3” markalı 10 kq ağ rəngində olan paltaryuyan maşının qanunsuz sahibliyindən alınaraq onlara qaytarılması, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini 4945 (dörd min doqquz yüz qırx beş) manat məbləğində pulun onların xeyrinə tutulması və ödənilmiş 70 (yetmiş) manat pulun, cəmi 5015 (beş min on beş) manat pulun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar cavabdeh X2 ilə 1995-ci il tarixində tanış olmuşlar. Onların bu tanışlıqların uzun illərdir ki, ailəvi davam etmişdir. Ağabey Kiçibəyov ara-sıra onlara gəlir, zamanı gələndə həyatının ən xoş və ya ağrılarını onlarla bölüşüb, onlar da belə hallarda daima ona qayğı göstərmiş, hər bir həmsöhbətlərində aradakı səmimiyyəti, mehribanlığı qoruyub saxlamışlar və ona daha çox diqqət yetirmişlər. Beləliklə, onlar evlərinə ev cihazları dükanından hissə-hissə ödənişlə ağ rəngində “PANASONİC NA-İ40VG3” 10 kq paltaryuyan maşın almışlar. Amma mətbəxlərində təmirlə bağlı iş çox olduğundan paltaryuyan maşını istifadə etməmişlər. Hal-hazırda həmin ağ rəngində “PANASONİC NA-140VG3” 10 kq paltaryuyan maşının qiyməti 4945 (dörd min doqquz yüz qırx beş) manatdır. 2017-ci ilin mart ayında Ağabey Kiçibəyov onlara gəlib bildirmişdir ki, bu paltaryuyan maşını ona versinlər, onun evində paltaryuyan xarab olmuşdur, həm də 5 kq-dır və çox kiçikdir. O, maaşını alanda gətirib pulunu verərcək və onlar özlərinə lazım olan vaxtda alarlar. Cavabdeh dəfələrlə gəlmiş, israrla onlardan xahiş etmişdir ki, paltaryuyan maşını ona versinlər, onlar da cavabdehin səmimiliyinə inanaraq paltaryuyan maşını cavabdehə vermişlər. xx.xx.2017-ci il tarixində Ağabey gəlib evlərindən paltaryuyan maşını aparmışdır, lakin uzun müddət keçməsinə baxmayaraq Ağabey Keçibəyov paltaryuyan maşının pulunu gətirib verməmişdir. O, beləcə onların etibarlarından sui-istifadə edərək, onları aldadaraq ağ rəngdə “PANASONİC NA-140VG3” markalı 10 kq markalı paltaryuyan maşını aparır və bu zamana kimi pulunu heç qaytarmağı da düşünmür. Onun bu əməlinə nə ad vermək olar. O, arada olan isti münasibətlərdən, xoş rəftarlarından və səmimiyyətlərindən sui-istifadə edərək belə etməklə müxtəlif bəhanələrlə bu işi ört-bas etməyə çalışmışıdr. Onlar cavabdehə dəfələrlə zəng etmiş, mesaj yazmışlar. Ağabey Kiçibəyov bildirirdi ki, 3 günə, 5 günə pulu gəlirib verəcəkdir. Günlər, həftələr, aylar belə keçmiş, onlara heç bir cavab verməmişdir. Bundan başqa 2019-cu ilin iyun ayın 6-da onlar Ağabey Kiçibəyov ilə yolda rastlaşmış və bütün bu olanlar barədə danışmışlar. Cavabdeh onlara demişdir ki, o, paltaryuyan maşını evinə apapmamış, başqası üçün aparmışdır, bir gün zəngləşib danışarlar. O, vaxtdan bu zamana kimi Ağabey Kiçibəyov heç bir dəfə də onlara zəng etməmişdir. X3 onların etibarlarından sui-istifadə edib, onları aldadaraq evlərindən qiymətli əşyalarını aparmışdır. O, apardığı ağ rəngli “PANASONİC NA-140VG3” 10 kq paltaryuyan maşının qaytarmalı və ya dəyərinin pulunu onlara ödəməlidir. Keçirdikləri stress, əsəb və heyacan onlara çox pis təsir edib, olanları indiyə kimi unuda bilmirlər. İçlərində olan sıxıntı və həyacan sağlamlıqlarını və rahatlıqlarını əllərindən alıb normal həyat yaşamaqlarına mane olur. X4suz hərəkəti ilə bağlı Sabunçu rayon Baş Polis idarəsinə müraciət etsələr də, müraciətlərini məhkəmə qaydasında etmələri onlara izah edilmişdir. Nəticədə, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Yaşadıqları bu çətinlikləri (stress, narahatlıq, mənəvi sarsıntı keçirməkləri səbəbindən) Cavabdeh evlərindən apardığı ağ rəngli “PANASONİC NA- 140VG3” 10 kq paltaryuyan maşının pulunun ödənilməsində onlara köməklik göstərilməsini xahiş etmişlər. Hesab edirlər ki, onlara mülkiyyət hüququ ilə mənsub olan yuxarıdakı daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən geri alınaraq onlara verilməlidir. Məhkəmədən cavabdeh X1 evlərindən dən apardığı “PANASONİC NA-140VG3” markalı 10 kq ağ rəngində olan paltaryuyan maşının qanunsuz sahibliyindən alınaraq onlara qaytarılması, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini 4945 (dörd min doqquz yüz qırx beş) manat məbləğində pulun onların xeyrinə tutulması və ödənilmiş 70 (yetmiş) manat pulun, cəmi 5015 (beş min on beş) manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçıların irəli sürdüyü dəlillər tam əsassızdır. Əvvəla, cavabdeh iddiaçıların evinə gəlib-gedən bir adam yox, iddiaçıların evində kirayədə yaşamışdır, həmin vaxt paltaryuyan maşın da mətbəxtdə quraşdırılmış və işlək vəziyyətdə olmuş, cavabdeh də həmin maşından istifadə etmiş, məhz həmin vaxt maşın xarab olmuş, cavabdeh maşını düzəltmək istəsə də, iddiaçılar buna razı olmamış, ondan maşının pulunu yəni, 1500 (bir min beş yüz) manat pul istəmiş, paltaryuyan maşını da götürüb aparmağı ondan tələb etmişlər. Bundan sonra cavabdeh də öz qardaşı vasitəsi ilə 1500 (bir min beş yüz) manat pulu iddiaçılara vermişdir. İddiaçılar özlərinin də dediyinə görə hadisə 2017-ci ilin mart ayında baş vermişdir. Həmin vaxtdan uzun müddət vaxt keçmişdir. İddiaçılar bir dəfə də olsun heç yerə müraciət etməmiş, yalnız 2023-cü il tarixində polisə müraciət etmişlər. İddiaçılar özləri də məhz həmin vaxt cavabdehin onlara məxsus evdə kirayədə yaşamasını sadəcə olaraq gizlədirlər, ona görə ki, hərşeyin üstü açıla bilər. Sadəcə olaraq iddiaçılar uzun müddət keçdikdən sonra cavabdehdən pul almaq üçün bu yola əl atırlar. Məhkəməyə təqdim olunmuş iddia ərizəsindən də görünür ki, iddiaçılar həmin vaxt yəni, hələ 2017-ci il tarixdə paltaryuyan maşını xarab olduğu üçün öz xoşları ilə cavabdehə vermiş, cavabdeh də həmin maşının pulunu iddiaçıya verdiyinə görə maşını ondan götürmüşdür. Baş vermiş bu hadisədən də uzun müddət vaxt keçmiş, bu vaxt ərzində də, iddiaçılar hec hara müraciət etməmişlər. İddiaçıların irəli sürdüyü dəlillər təmamilə absurddur. Belə ki, istənilən satış mağazalarında sərbəst şəkildə paltaryuyan maşınları satılır, iddiaçıların qeyd etdikləri məbləğdə, fantastik məbləğdə onlardan paltaryuyan maşını almaq görəsən cavabdehin nəyinə lazımdır. Ona görə də iddiaçının iddia tələbi əsassız olduğu üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əmlakın qanunsuz sahibliyindən alınması və ya əmlakın dəyərinin tutulması” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edib, ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, paltaryuyan maşının onlara qaytarılmasını, əks təqdirdə onun dəyərinin ödənilməsini xahiş edir. Onlar paltaryuyan maşını 989 manat almışlar və əmlakları 2017-ci ildən cavabdehdə olduğu üçün beş il üçün 4945 manat pul tələb edirlər. Həmçinin, qeyd edir ki, cavabdeh tərəf hər dəfə fərqli izahatlar vermişdir. Etirazda onlara böhtan ataraq göstərilmişdir ki, guya cavabdeh onların evlərində kirayəçi kimi yaşamışdır. Halbuki, belə bir hal olmamışdır. Polisdə verdiyi izahatında isə paltaryuyan maşının guya onun pulu ilə aldığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edib, ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib, izahat verərək bildirdi ki, 2017-ci ildə cavabdeh paltaryuyan maşını iddiaçılardan almışdır. Lakin hazırda paltayuyan maşın cavabdehin istifadəsində deyil. Cavabdeh indi də barışıq olması üçün iddiaçılara 1000 manat pul təklif edir. Hesab edir ki, iddia əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkmə iclasında şahid kimi dindirilən X5 ifadəsində göstərdi ki, o 1998-2017-ci ilə kimi Qara Qarayevdəki obyektdə fərdi sahibkarlıqla məşğul olmuşdur. İndi işləmir və təqaüddədir. İddiaçılar 2014-cü ildə ondan PANASONİC markalı 10 kq ağ rəngində olan paltaryuyan maşın almışlar. Həmin paltaryuyan maşının dəyəri 989 manat olmuşdur. Hazırda sənədlər 5 ildən artıq saxlanılmadığı və VÖEN-i ləğv edildiyi üçün sənədlər onda yoxdur. Hazırda həmin paltaryuyan maşının dəyəri ən çoxu 2000-2500 manat olar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib, iddia ərizəsinə verilmiş etirazı və mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh tərəfindən Nizami RPİ-ində xx.xx.2022-ci il tarixli verilmiş izahatın surətindən görünür ki, onun Rəsmiyyə Əliyava ilə qohumluq münasibəti var, onların evinə mütəmadi olaraq gəlib-getmişdir. Rəsmiyyənin göstərdiyi paltaryuyanı 2017-ci ildə, dəqiq yadında qalmadığı tarixdə onlara alıb vermişdir. Yəni onun verdiyi 1200 manat pulun müqabilində Rəsmiyyənin bacısı Nailə həmin məhişət texnikasını almışdır. Həmin paltaryuyanı Rəsmiyyə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində olan evində saxlamışdır. Onlara gəlib getdikdə həmin paltaryuyanın istifadə etmədiklərini görmüşdür. Səbəbini onlardan soruşduqda Rəsmiyyə ona demişdir ki, paltaryuyan iri həcimli olduğu üçün onu işlədə bilmirlər. Buna görə də, o, həmin paltaryuyanı onlardan Rəsmiyyənin icazəsi ilə həmin tarixdə yaşadıqları evdən götürüb yenisini alıb verəcəyinə söz vermişdir. Lakin həmin tarixdən pulu ödməməmişdir. Paltaryuyanın pulunu Rəsmiyyə 10 gün ərzində ödəcəyinə söz verir. Qeyd edir ki, həmin paltaryuyanı əmisi oğlunun ailəsinə vermişdir. - Məhkəməyə mobil telefon vasitəsi ilə döndərilmiş SMS bildirişlərin əks olunduğu fotoşəkillərin surətləri təqdim edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 iddia ərizəsinin verilməsi üçün 70 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 2014-cü il tarixdə “PANASONİC NA-140VG3” markalı 10 kq ağ rəngində olan paltaryuyan maşın almışlar. Həmin paltaryuyan maşın 2017-ci ildə Cavabdeh verilmişdir. Hazırda isə iddiaçılar “PANASONİC NA-140VG3” markalı 10 kq ağ rəngində olan paltaryuyan maşının cavabdehin qanunsuz sahibliyindən qaytarılmasını, əmlak mövcud olmazsa dəyəri olan 4945 manatın cavabdehdən alınıb, onlara verilməsini xahiş etmişlər. İş materiallarının və sübutları tətqiqi zamanı aydın oldu ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 2014-cü il tarixdə “PANASONİC NA-140VG3” markalı 10 kq ağ rəngində olan paltaryuyan maşını 989 manata əldə etmişlər. Cavabdeh isə 2017-ci ildə həmin əşyanı iddiaçılardan təhvil almışdır. Göstərilənlərə işin mübahisəsiz və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış hallarıdır. Qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili izahat verərkən, cavabdeh tərəfindən iddiaçılara paltaryuyan maşının alınması üçün 1200 manat pulun verildiyini, iddiaçılar tərəfindən polisə şikayət olunan zaman cavabdehin iddiaçılara 900 manat təklif etdiyini, lakin iddiaçıların razılaşmadıqlarını, həmçinin, həmin təklifin hazırda da keçərli olduğunu, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında hazırda paltaryuyan maşının cavabdehdə olmadığını, iddianın əsassız olduğunu, məhkəməyə təqdim edilmiş etirazda isə cavabdehin iddiaçılara məxsus evdə kirayədə yaşadığını, həmin vaxt paltaryuyan maşının xarab olduğu və cavabdehin iddiaçılara 1500 manat verərək, paltaryuyan maşını özü ilə apardığını qeyd etmişdir. Göründüyü kimi, işin halları ilə bağlı cavabdeh tərəfindən məhkəməyə fərqli izahatlar verilmişdir. Bununla belə, cavabdeh tərəfindən Nizami Rayon Polis İdarəsində xx.xx.2022-ci il tarixdə vermiş olduğu izahatı ilə müəyyən edilir ki, cavabdeh 2017-ci ildə paltaryuyan maşını götürdüyünü etiraf etmiş, həmçinin 10 gün ərzində 1200 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İzahatda məhz paltaryuyan maşının onun verdiyi 1200 manat müqabilində alındığını bildirilsə də, sonda paltaryuyan maşının pulunun qaytarılacağı göstərilmişdir. Həmçinin, cavabdeh paltaryuyan maşını əmisi oğlunun ailəsinə verdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “ “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətin müdafiəsini təmin edən MM-in 157.2-ci maddəsinin məzmunundan aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdeh(lər)in əşyanın sahibi olması, cavabdeh(lər)in əşyaya sahiblik hüququnun olmaması. Odur ki, mülkiyyətin müdafiəsi ilə bağlı tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh 2017-ci il tarixdə iddiaçılardan “PANASONİC NA-140VG3” markalı 10 kq ağ rəngində olan paltaryuyan maşını təhvil almış və 1200 manat pulu iddiaçılara verəcəyini öhdəsinə götürmüşdür. Lakin hazırkı vaxtadək nə əşya, nə dəki, onun dəyəri iddiaçılara qaytarılmamışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli izahatı ilə “PANASONİC NA-140VG3” markalı 10 kq ağ rəngində olan paltaryuyan maşının hazırda mövcud olduğunu və onun tərəfindən əmisi oğlunun ailəsinə verildiyi qeyd etmişdir. Belə ki, əmlakın cavabdeh tərəfindən kimə verilməsindən asılı olmayaraq cavabdeh tərəfindən təhvil alınmışdır və hazırda əmlakın cavabdehin sahibliyində olması halı da istisna edilmir. Bu səbəbdən iddiaçılara məxsus olan əşya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin “əşya olmadığı təsdirdə isə dəyərinin qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində bəzi hallar var ki, tərəflər həmin hallarda sübutetmə yükündən azaddır. Bu hallara faktın etirafı (Maddə 106.3), iddia tələbinin etirafı (Maddə 52.2, 191), hamıya bəlli olan hallar (Maddə 82.1), preyudisial qərarlarla müəyyən edilmiş hallar (maddə 82.3, 82.4) və s. aid etmək olar. MPM-in: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə tərəfindən “PANASONİC NA-140VG3” markalı 10 kq ağ rəngində olan paltaryutan maşının 989 manata alındığı müəyyən edilsə də, hazırda iddiaçılar beş il üzrə, əmlakın dəyərinin beş misli miqdarında, yəni 4945 manat məbləğində pulun ödənilməsini xahiş etmişlər. Məhkəmənın xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili 900 manat, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında isə 1000 manat təklif etdiklərini bildirmişdir. Cavabdeh isə polis idarəsində verdiyi izahatında əmlakın 1200 manata alındığını və dəyərini 10 gün müddətində ödəyəcəyini qeyd etmişdir. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəlləsinin 191.3-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə şəxsən cavabdeh tərəfindən tərtib edilmiş izahatda qeyd edilənləri iddianın qismən etirafı kimi qəbul edərək, cavabdeh tərəfindən 1200 manat məbləğində pulun iddiaçılara ödənilməsi ilə bağlı öhdəlik götürdüyünü qeyd edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh tərəf iddiaçılara edilmiş ödənişlərə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh X1 “PANASONİC NA- 140VG3” markalı 10 kq ağ rəngində olan paltaryuyan iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılmalı, həmin əşya qaytarılmadığı təqdirdə isə onun dəyəri kimi 1200 manat məbləğində pul Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 “PANASONİC NA- 140VG3” markalı 10 kq ağ rəngində olan paltaryuyan iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılmalı, həmin əşya qaytarılmadığı təqdirdə isə onun dəyəri kimi 1200 manat məbləğində pul Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün 70 manat dövlət rüsumu ödənilmişdir. İddiaçıların tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, ödənilmiş 70 manat dövlət rüsumunun 53 manatı İddiaçı1, 17 manatı isə cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 “PANASONİC NA-140VG3” markalı 10 kq ağ rəngində olan paltaryuyan iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın, həmin əşya qaytarılmadığı təqdirdə isə onun dəyəri kimi 1200 manat məbləğində pul və ödənilmiş 17 manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 53 manatı İddiaçı1 aid edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-881/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-881/2023
05.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver