Məhkəmə qərarları › İş №2(007)-913/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-913/2024

15.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-913/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla (Açar sözlər: “ölüm faktının müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 10 iyun 1925-ci il təvəllüdlü X5 29 dekabr 2006-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, 29 dekabr 2006-cı ildə anası X9 evdə olduğu vaxt vəziyyəti pisləşmişdir. O, dərhal Təcili Yardıma zəng vurmuşdu, lakin Təcili Yardım gələnə kimi anası rəhmətə getmişdir. X2 Qaraçuxur qəsəbə qəbiristanlığında dəfn etmişlər. Maraqlı şəxsnə anasının ölüm şəhadətnaməsinin alınması ilə müraciət etmişdir. Lakin müvafiq orqan ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. X1 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət edir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, xx.xx.1925-ci ildə Xudat rayonu, Yasab-Oba kəndində anadan olmuş X5 29 dekabr 2006-cı il tarixdə Bakı şəhərində vəfat etməsi barədə faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudurlar. X9 10 ildən çox olar ki, rəhmətə getmişdir. Qaraçuxurda dəfn ediblər. Yaşlı qadın idi, xəstəliyinin olub-olmamasını dəqiq bilmir. Təcili yardım gələndə işdə olmuşdur. İşdən gələndən sonra bilmişdir ki, Peykər xanım rəhmətə gedib.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudurlar. X9 çoxdan rəhmətə gedib. Xəstə idi, deyəsən qaraciyərində problem var idi. Təcili yardım gələndə qonşular hamısı gördü. Onun bütün yas mərasimlərində iştirak etmişdir. Qaraçuxurda dəfn ediblər.

İş materialları:

7. Maraqlı şəxs 18 yanvar 2024-cü il tarixli 3-16-5/7-148-15/24 nömrəli cavab məktubundan görünür ki, ərizəçinin xx.xx.2024-cü il tarixli ərizəsinə baxılmış və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.4. bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X5 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

8. AZE seriyalı, 03010505 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1925-ci ildə Xudat rayonu, Yasab-Oba kəndində anadan olmuşdur.

9. Suraxanı Rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən verilən 27 dekabr 2023-cü tarixli, 451 saylı arayışından görünür ki, X9 29 dekabr 2006-cı il tarixdə vəfat etmiş və Qaraçuxur qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.

10. Bakı şəhəri X7 30 dekabr 2006-cı il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 ölüm faktı təsdiq olunmuşdur.

İşin faktiki halları:

11. Məhkəmə iclasında müəyyən olundu ki, X9 xx.xx.1925-ci ildə Xudat rayonu, Yasab-Oba kəndində anadan olmuşdur. X9 29 dekabr 2006-cı il tarixdə Təcili və X8 gələnə qədər vəfat etmiş və Qaraçuxur qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçinin müraciəti Maraqlı şəxs tərəfindən araşdırılmış və izah edilmişdir ki, ərizəçi X5 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:

1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini nəzərə alıb və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

16. Göründüyü kimi X5 29 dekabr 2006-cı il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X5 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.

Nəticə:

17. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 10 iyun 1925-ci il tarixdə Xudat rayonu, Yasab- Oba kəndində anadan olmuş X5 29 dekabr 2006-cı il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.

18. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

Ərizə təmin olunsun. 10 iyun 1925-ci il tarixdə Xudat rayonu, Yasab-Oba kəndində anadan olmuş X5 29 dekabr 2006-cı il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar