Məhkəmə qərarları › İş №2(007)-985/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-985/2022

04.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-985/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, yoldaşı X6 1999-cu il tarixdə qardaşını gətirmək üçün Rusiyanın Ulyanovsk şəhərinə getmiş və həmin gündən etibarən onlar yoldaşının barəsində heç bir məlumat əldə edə bilməmişlər. Belə ki, o, itkin düşmüşdür. Şahidlərin də ifadələrinə əsasən məhkəmə qaydasında itkin düşmüş hesab edilmişdir. Göyçay Rayon Məhkəməsinin 25 mart 2002-ci il tarixli 2-34 saylı qətnaməsinə əsasən yoldaşı X6 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Artıq illərdir ki, atasından heç bir məlumat ala bilməmişlər. Və qanunvericiliyə uyğun olaraq atasının məhkəmə qaydasında ölümünün qeyd edilmə faktının müəyyən edilməsini istəyirlər. Buna görə də, yoldaşı X5 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Göyçay Rayon Məhkəməsinin 2-34/2002 saylı 25.03.2002-ci il tarixli qətnaməsindən görünür ki, X6 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi 02 yanvar 1962-ci il tarixdə anadan olmuş əri X2 Göyçay Rayon Məhkəməsinin 25.03.2002-ci il tarixli qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edilmişdir. Həmin iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X6 15 noyabr 1999-cu il tarixdə Rusiya Federasiyasına getmiş və ondan məlumat yoxdur. Həmçinin, Ulyanovsk şəhər polis şöbəsi tərəfindən verilmiş arayışda 441 saylı axtarış işində X5 itkin düşməsi qeyd edilmişdir. Həmin vaxtdan X2 haqqında heç bir məlumat əldə edilməmişdir. X1 arvadı onun ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə görə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər; 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə istinad edilən qanunvericilik normalarına əsasən hesab edir ki, Ərizəçi əri X5 ölməsi faktı məhkəmədə öz təsdiqini tapır. Belə ki, 15 noyabr 1999-cu il tarixdə Rusiya Federasiyasına getdikdən sonra X4 hər hansı bir məlumat olmamış, onun axtarışları müsbət nəticə verməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlar əsasında Ərizəçi əri X5 1999-cu ildən Azərbaycan Respublikasını tərk etdiyi və həmin vaxtdan onun barəsində məlumat olmadığı müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə ərizənin əsaslı olması tam təsdiq edilir, habelə işin faktiki hallar ilə müəyyən olunur ki, ərizəçinin itkin düşmüş X5 ölməsi faktını təsdiq edən müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi əxsin ölmüş elan edilməsi haqqında ərizə ilə yaşadığı yerin məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir; 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi əri X6 ölmüş elan edilməli, ölmüş elan edilmə haqqında qətnamənin qanuni qüvvəyə mindiyi gün X5 ölüm günü sayılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə X5 ölüm haqqında akt qeydinin tərtib edilərək bu barədə şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 yanvar 1962-ci il təvəllüdlü X6 ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün 02 yanvar 1962-ci il təvəllüdlü X5 ölüm günü sayılsın. Hazırkı qətnamə X5 ölüm haqqında akt qeydinin tərtib edilərək bu barədə şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar