Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1183/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh X4, onun nümayəndəsi və vəkili Vəkil1, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 (Cavabdeh5) və Cavabdeh6 qarşı “evdən çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 (Cavabdeh5) və Cavabdeh6 qarşı “evdən çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və onun həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Belə ki, 2015-ci ildə Bakı şəhərində aparılan yenidənqurma işləri ilə əlaqədar ünvan 3 ünvanında yerləşən 17 kv.m sahəsi olan mənzilin söküntüsü ilə bağlı mənzilinə görə ödənilən pula ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini hazırda Köhnə Günəşli qəsəbəsi İlqar İsmayılov küçəsi ev 58 mənzil 79 ünvanında yaşayan X5 almışdır. Evin çıxarışı olmasa da, 1961-ci ildə tərtib olunmuş Bakı şəhər X1 Bürosunun verdiyi texniki pasportu var. Rusiyada yaşayan cavabdehlər - bacısı X4 və onun qızı hər il Rusiyadan Bakıya gələndə onun evində 2-3 ay qonaq qalırdılar, daha sonra isə çıxıb gedirdilər. Evinin təmiri qurtarandan sonra bacısı Qəmər ona demişdir ki, “sən savadsızsan, səni aldadarlar, evinin kommunal sənədlərini ver gedib sənin adına rəsmiləşdirim”. O da bacısına inanıb sənədləri ona vermişdir. Bir neçə gün sonra bacıları Qəmər və İlhamə tanımadığı 2 kişi və bir qadınla gəlmişlər. Evini ölçüb yazmışlar. Tanımadığı qadın bacısı Qəmərdən soruşdu ki, “sən bacından icazə almısan ki?” Bacısı Qəmər isə dedi ki, “o kimdir, burda əsas mənəm”. Tanımadığı həmin şəxslər evdən gedəndən sonra isə bacısı Qəmər ona demişdir ki, təbii qaz xətti çəkdirmək üçün həmin şəxsləri evə dəvət edib. Bu ilin iyun ayından bacıları Qəmər və İlhamə ailələri ilə birlikdə yuxarıda adları göstərilən, müxtəlif ünvanlarda qeydiyyatda olan şəxslərlə onun evinə yığılıb oturublar. Bununla bağlı mübahisələri düşəndə iyun ayının 16-da cavabdehlər onu döyüb təhqir etmişlər, bədəninin müxtəlif nahiyələrinə ventilyatorun dəmiri ilə çoxsaylı xəsarətlər yetirmiş və evindən çıxarmışlar. O, həmin gün bununla bağlı 102 çağrı mərkəzinə zəng etmişdir. Polis əməkdaşları gəlmiş, vəziyyəti öyrənmiş və 3 gün sonra onları 12-ci Polis Bölməsinə çağırmışlar. Onları barışdırmaq istəmişlər, lakin o, barışmamışdır. Çünki onu döymüş, çoxsaylı xəsarətlər yetirmişlər, evindən qovmuşlar və həmin gündən sonra bir daha evə buraxmamışlar. Bununla bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər etmişdir, hazırda şikayəti ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. Onun qalmağa başqa yeri yoxdur. O, yaşlı, xəstə və çarəsiz qadın öz evi ola-ola hazırda qardaşının yoldaşına məxsus evdə yaşamaq məcburiyyətində qalmışdır. Ona məxsus əşyalar da sözügedən evdədir və cavabdehlər əşyalarını istifadə edir və oğurlayırlar. Cavabdehlərin tələbi odur ki, “sən evi bizə ver, sonsuzsan, ev sənin nəyinə lazımdır”. Cavabdehlər faktiki olaraq bu cür qanunsuz hərəkətlər nəticəsində son vaxtlara qədər yaşadığı və ona məxsus əşyalarının yerləşdiyi yaşayış evinə buraxmamaqla faktiki olaraq onu yeganə olan yaşayış yerindən məhrum etməyə çalışırlar. Hesab edir ki, cavabdehlərin özbaşına müdaxiləsinin qarşısı məhkəmə tərəfindən alınmalıdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur, onun tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, hazırda da bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni onun həmin evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli evi 2015-ci ildə 25.000 (iyirmi beş min) manata X5 almışdır. Evin texniki pasportu var. 1961-ci ildə Bakı şəhəri İcraiyyə Komitəsinin Texniki İnvertarlaşdırma Bürosunun Sabunçu (əvvəlki adı Lenin) rayon şöbəsi tərəfindən Sabunçu qəsəbə sakini X9 adına verilmişdir. Həmin dövürdə evi kim alıb, kim satıb məlumatı yoxdur. Ondan əvvəl Nağı Məmmədov sözügedən mənzili kimdən alıb və ya atasından qalıb o barədə də məlumatı yoxdur. Məhkəməyə şahid qismində dəvət olunsa bu barədə məlumat verə bilər. 2015-ci ildə ev Nağıya məxsus idi. Həmin evdə qeydiyyatda idi və həmin evdə hal-hazırda da qeydiyyatdadır. Nağı evi satmaq istəyirdi. Bakı şəhərində aparılan yenidənqurma işləri ilə bağlı söküntü ərazisində yerləşən (qüllənin yanı) Yasamal rayonu Muxtarov küçəsi ev 87 mənzil 7 ünvanında yerləşən evinin söküntüsü ilə bağlı ona verilən pulla o da özünə yeni ev almaq istəyirdi. Şifahi qarşılıqlı razılaşmaya əsasən o, makler, evin sahibi olan Nağı və Nağının əmisi arvadının iştirakı ilə 25.000 (iyirmi beş min) manat pulu Məmmədov Nağıya verdi. O da evin bütün kommunal borclarını ödəyəndən sonra qaz, işıq su və digər sənədləri, evin texniki pasportunu ona verdi və bu barədə bələdiyyəyə məlumat verdi və.s. Həmin vaxtan evin bütün kommunal, qaz, elektirik və su sayğacları onun adındadır və evin bütün kommunal xərclərini o ödəyir. 2015-ci ildən o, təkbaşına həmin mənzildə yaşayır. 2018-ci ilin 18 sentaybr tarixində Prezidentə və Sabunçu İcra Hakimiyyəti Başçısı Adil Vəliyevə ərizə ilə müraciət edərək evinin təmiri və yaşayış şəraitinin yaxşılaşdırılması üçün kömək istəmişdi. Təkbaşına, köməksiz, yaşlı qadın olduğuna görə ona yardım etdilər. Cavabdeh Qəmər adlı bacısının Bakı şəhərində nə qeydiyyatı, nə də evi var. Heç vaxtda olmayıb. Rusiya Federasiyasında yaşayıb. Bakıya qonaq gələndə onlarda qalıb. Cavabdeh Qəmər adlı bacısı ev təmir olandan sonra evini gizli surətdə İlhamə bacılarının adına sənədləşdirmək üçün başqa adla onda olan sənədləri istədi və bildirdi ki “sən savadsızsan, səni aldadarlar bəs evi sənin adına keçirirəm”. O da sənədləri bacısı Qəmərə verdi. Bir də öyrəndi ki evi İlahə bacısının adına sənədləşdirmək istəyir. O, buna etiraz etdikdə onu döyüb evdən qovdular. 2022-ci ilin iyun ayından bu günə kimi o, evsiz-eşiksiz, paltarsız küçələrdə qalmışdır və qardaşının evində müvəqqəti yaşayır. Evini zəbt edib, onu döyüb küçəyə atan cavabdehlərin heç birinin onun evində oturmağa hüququ yoxdur. Evin alınmasında və təmirində 1 manat da belə olsun vəsait xərcləməyiblər. Özü işləmiş, pul yığmış, evinin sökülməsi ilə bağlı ona pul verilib, qardaşı köməklik edib, dövlət köməklik edib, o, bu evi almış və təmir etdirmişdir. Bacıları onu özünə məxsus olan evə yaxın buraxmırlar, onu əxlaqsız sözlərlə təhqir edirlər və ona bildirirlər ki “sən sonsuzsan ev sənin nəyinə lazımdı sen get qardaşıngildə yaşa”. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehlər bacıları Qəmər və İlhamənin onu aldadaraq evinin sənədlərini aparıb Sabunçu Bələdiyyəsinin sədri Həsənova rüşvət verərək ondan gizlin evinin bir hissəsinə kommunal xərcləri, həm də torpaq pulu ödəmək üçün bacısı İlhamənin adına qeydə aldırmışlar. O, bilən kimi etiraz etmişdir. Bir neçə dəfə mübahisələri oldu. 15 iyun 2022-ci il tarixdə onu döyüb evindən qovdular. Həmin vaxtdan öz evinə o, tək gedə bilmir. Evindən bir şey götürməli olsa mütləq başqa adamla getməli olur. Hələlik qardaşıgildə yaşayır. İş üzrə cavabdehlər bacıları onun xəbəri olmadan, heç kəsdən icazə almadan evində tikinti və yenidənqurma işləri aparırlar. O, evinə gedən zaman cavabdeh Qəmər və İlhamənin oğlu Nurlan onun şəklini çəkirlər və o, bunun səbəbini bilmir. O, axırıncı dəfə, yəni fevral ayında paltarlarını götürmək üçün rəfiqəsinin qızı ilə evinə gedərkən həyətinin hasarla bölündüyünü, darvazanın yerinin dəyişdirildiyini, ayrı pilləkən qoyulduğunu, kombinin kəsilərək yerinin dəyişdirildiyini və.s görmüş və qeydə almışdır. Bundan əlavə, həmin evə görə ondan başqa heç kim bir manat da pul xərcləməyib, o, həmişə işləmişdir, pulunu toplamış və lazım olanda banklardan kredit almışdır. Sabunçu rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyevin qəbuluna gedərək tikintiyə icazə almışdır. Belə ki, kirayənişin saxlamaq üçün iki kiçik otaq tikdirmək istədiyini demişdir. Başçı da sağ olsun onu dinləmiş, vəziyyəti danışmış, həm maddi, həm mənəvi köməyə ehtiyacı olduğunu nəzərə alaraq əlavə otaq tikdirməyə ona icazə vermişdir. Tikintiyə sərf olunan bütün vəsaiti özü ödəmişdir. Kredit alaraq yavaş-yavaş tikib düzəltmişdir. Yəni Nağıdan aldığı evi özü tikib bugünkü vəziyyətə gətirmişdir. Evi sökülərkən ona 50.000 manat pul vermişdilər. O, həmin pulla daha yaxşı ev ala bilərdi. 2015-ci ildə Qəmər bacısının Ələviyyə adlı qızı Moskvada oğurluq cinayəti üstündə həbs olunmuşdur. Qəmər bacı olaraq ondan pul istədi. O, Qəmərə 25.000 manat borc pul verdi. İndiyə kimi pulunu qaytarmayıb. Yaxşlığın əvəzini belə verirlər, üstəlik evini ələ keçirib evindən qovurlar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, bildirdi ki, hazırkı cavabdehlər Üzürənin döyülüb evdən qovulmasında iştirak etmiş, odur ki, bütün cavabdehlərin həmin evdən çıxarılması və Üzürənin həmin evə köçürülməsi barədə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, o, Üzürəni döyüb evdən qovmamışdır, həmin ev alınanda Rusiyada olmuşdur, Üzürə heç vaxt ona pul verməmiş, göndərməmişdir. Evi cavabdeh öz hesabına tikdirmiş, evin tikilməsinə, təmirinə pulu özü xərcləmiş, ustanın pullarını özü vermişdir. Digər cavabdeh Nigar onun qızıdır, o burada yaşamamış, hərdən qonaq gəlib-getmişdir. Digər cavabdehlər Nurxan, İlhamə və Aytən orada yaşamış, Qurban isə yaşamamışdır. Üzürə özü iyun ayında İlhaməni uşaqları ilə birlikdə o evə gətirmiş, daha sonra İlhamə ilə aralarında mübahisə yaranmışdır. Üzürə evin qıfılını, açarını dəyişərək evdən özü çıxmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini etiraf etmədi və Mamedova Qəmərin izahatındakı xüsusatları təsdiq edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, o, qızı və oğlu müvəqqəti olaraq Üzürənin evində yaşamış, Üzürənin qardaşı ilə telefon danışıqları zamanı onu həmin evdən çıxarmaq istəməsi haqqında eşitmiş, daha sonra Üzürə ilə aralarında mübahisə yaranmışdır. Həmin ev onun evi deyildir, evi Qəmərlə Üzürə birlikdə tikdirmiş, o həmin evi tikdirməmiş, özünün evi və torpağı vardır, satıb hazırda öz evini düzəltdirir. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, həmin evi o, 2015-ci ildə Üzürə xanıma 25000 manata satmış, aralarında alqı-satqı müqaviləsi olmamış, sadəcə pul verilmiş, o da evi Üzürə xanıma vermişdir. O, hazırda həmin evdə qeydiyyatdadır, evin sadəcə texniki pasportu var. Həmin evi hazır vəziyyətdə almışdır, tikməmişdir. Evi satarkən yalnız Üzürə xanımı tanımış və evin sənədlərini ona təqdim etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehlərlə ailəvi dost olmuşdur. Üzürə uzun müddət işləyərək özünə ev almış, evi plana düşmüş, evdən aldığı pul ilə hazırkı mübahisəli evi almışdır. Ev çox köhnə ev olmuşdur. Üzürə evi daha sonra təmir etdirmişdir. İlhamə xanım Üzürə xanımın evində yaşayırmış, istəyirmiş ki, ev onun olsun. O, Qəmər xanımdan əvvəl gəlmişdir. Daha sonra bacılar arasında konfilikt yaranmışdır. Qəmər həmin evə 3-4 aydan bir gəlib gedirmiş, o Moskavada yaşamışdır. Bacılar dalaşanda İlhamə qonşu olduğundan onun evinə gəlmiş, Üzürə ilə dalaşdığını və Üzürənin onu evdən qovduğunu bildirmişdir. Məhkəmə iclasında şahid X16 ifadəsində bildirmişdir ki, o İlhamə xanımın oğlu ilə iş yoldaşı olmuş, evlərinə gediş-gəlişli olmuşdur, Üzürəni Qəmər xanımın bacısı kimi tanımışdır. Qəmər xanımla evin tikintisi üçün material almağa getmiş, materialların pulunu Qəmər xanım vermişdir. Söhbət əsasında Qəmər xanım evin birinci mərtəbəsinin onun, ikinci mərtəbəsinin isə bacısının olduğunu demişdir. Həmin ev 2018-ci ildə tikilmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, Üzürə və Qəmər xanım onun atasının xalası qızlarıdır. Evi Qəmər ilə Üzürə tikdirmiş, o, ikinci mərtəbənin hörgüsü üçün evə usta gətirmiş, özü isə evin dam örtüyünü düzəltmişdir. Qəmər xanımdan evin dam örtüyünü düzəltmək üçün 1000 manat pul almışdır. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, o Üzürəni Qəmər xanımın vasitəsi ilə tanımışdır. O, usta kimi köhnə evin birinci mərtəbəsini sökmüş və evin tikinti işini həyata keçirmişdir. O, evin Üzürə xanımın olduğunu bilmiş, ancaq təmirin pullarını ona Qəmər xanım vermişdir. Həmçinin Qəmər xanım ona evini sataraq həmin pul ilə evi tikdirdiyini demişdir. O ancaq evin birinci mərtəbəsini təmir etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, iddiaçı Üzürə, cavabdehlər Qəmər və İlhamə onun bacılarıdır. Üzürə əvvəllər qardaşının evində qalmış, Qəmər isə kirayədə yaşamışdır. Üzürənin 2 otaqlı balaca evi olmuş, Üzürənin evi sökülərək iki mərtəbəli ev tikilmişdir. Qəmər 1 otaqlı evini sataraq həmin evin 40000 manat pulunu Üzürənin aldığı evin tikilməsinə xərcləmişdir. Üzürə evin alt mərtəbəsində Qəmərin qalmasına razılaşmış, lakin ev tikiləndən sonra Üzürə həmin evdə Qəmərin yaşamağına razı olmamışdır. Həmin evin çıxarışı yoxdur. Qəmərin satdığı ev onun mülkiyyətində olmuş, ev satılanda Üzürəyə inanmadığı üçün evin pulunu bankdan çıxarıb Üzürəyə vermək istəməmiş, bankdan pulu çıxaranda bacısının qızı yanında olmuş, pulu bankdan çıxarıb Qəmərə vermişdir. Həmçinin Üzürə özü İlhaməni öz evinə aparmış, daha sonra evindən döyüb onu qovmuşdur. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək ərizəsini onunla əsaslandırmışdır ki, Moskva şəhərində yaşayan Qəmər adlı bacısının Bakı şəhərində Ağca bacısının adına evi olub. Lakin həmin evi Qəmər adlı bacısı 2015-ci il də 40.000 manata sataraq Moskva şəhərində yaşayan və orada oğurluq etdiyinə görə həbs olunan Ələviyyə adlı qızını qurtarmaq üçün xərcləmişdir. Hətta 25.000 manat ondan qızının işi üçün borc almış, indiyə kimi qaytarmamışdır. X15 banklarından aldığı kredit borcunu, üstəlik qızını həbsdən qurtarmaq üçün o və Moskva şəhərində yaşayan qardaşı Lütviyarla ona köməklik etmişlər. Məhkəmədə şahid kimi ifadə verən Azad adlı şəxsi onun evinin sənədlərini bacısı İlhamənin adına gizli yolla keçirtmək üçün Qəmər bacısı ilə Sabunçu Bələdiyyəsinin sədrinin arasında vasitəçilik edən şəxs kimi tanıyır. Azad adlı şəxsin məhkəmədə tikinti-təmir işləri ilə əlaqədar verdiyi ifadələr yalandır, yalançı şahiddir. Onu da məhkəməyə dəvət ediblər ki, məhkəmədə yalandan desin ki, guya onun evinin təmir işlərini o yox, bacısı Qəmər edib. Tikinti materiallarına, ustaya, sürücüyə pulları o yox guya ki, bacısı Qəmər verib. Azad adlı şəxs onun həyətinə heç vaxt qum, sement və digər tikinti materialları gətiməyib. Bacısı Qəmər onun evinin təmiri, artırılması və.s işlərlə bağlı hara, kimə pul verib sə ondan alıb verib. 2021-ci ilin may ayının ortalarına kimi evin çox işlərini Pənah adlı usta ilə görmüşdür. 2022-ci ilin may ayında bacısı Qəmər Moskvadan gəldi gördü ki, o, evini təmir etdirərək artırmalar etmişdir. Guya ona canıyanan bacı kimi, hər şeydən başı çıxan, əlindən hər iş gələn qoçaq insan kimi özünü göstərərək, onu da ustanı da söyməyə başladı ki, guya usta onu aldadaraq savadsız qadın olmasından istifadə edib onun işlərini baha görüb. Pənah adlı usta (oğlu ilə işləyirdi) oğlunu da götürüb getdi. Bu günə kimi Qəmər adlı bacısının əlindən onun zəhmət haqqını da verə bilmir. Tez-tez ona zəng vuraraq pulunu istəyir. Pənah usta gedən vaxtdan onun pullarının hammısını bacısı Qəmər ondan alırdı ki, “sən savadsızsan, tupoysan səni aldadarlar bundan sonra qalan işləri mən gördürəcəm, pulları ver sən heç bir işə qarışma”. Bacısı olduğuna görə ona inanmış və pulları ona vermişdir. O da onun etibarından sui-stifadə edərək onun pulları ilə onun evinin 1-ci mərtəbəsini artıraraq bəzi işlər görməyə başladı. Dəfələrlə bacısı Qəmərə verdiyi 3000 manat puldan Pənah ustanın pulunu verməsini desə də vermədi. Pullarını alandan sonra ona dedi ki özün ver. Gördü ki, özü üçün onun pulları ilə həyətində özünə yer düzəldir. Bu yandan da İlhamə adlı bacısı öz külfəti ilə gəlib onun evinə. İlhamə bacısı ona görə onun evinə gəlib ki, onun evini əvvəl İlhamə bacısının adına keçirtdirsin. Sonradan isə hansısa yolla öz adına keçirtdirsin. İlhamə bacısının onun evinə ehtiyacı yoxdur, onun Ramana qəsəbəsində öz evi var. Qəmər Azərbaycan Respublikasının vətəndaşı olmadığına görə onun bunun adına ev alır. Əvvəllər də Ağca bacısının adına ev almışdır. Azad adlı şəxs məhkəmədə yalançı şahid kimi ifadə verir. Azad adlı şəxsin vasitəsi ilə bələdiyyə sədri ilə əlaqə qurub onun evinin sənədlərini İlhamə bacısının adına keçirdiyi üçün o, buna etiraz etdiyinə görə onu döyüb öz evindən atmışlar. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - kommunal ödənişlərə (qaz, işıq və su) dair qəbzlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair abonent kodları İddiaçı adınadır. - Bakı şəhəri Sabunçu RİHB-nın Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1/526 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, nümayəndəlikdəki ev kitablarına əsasən ünvan 1 ünvanında X13 qeydiyyatdadır. Həmin ev özbaşına tikilidir, heç bir hüquqi sənədi yoxdur. - 81 saylı MKİS tərəfindən verilmiş 01/265 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 20 saylı evin 2 nömrəli mənzilində qeydiyyatdadır. - Sabunçu Bələdiyyəsinin 25 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən ev öz ərizəsinə əsasən İddiaçı adına vergi qeydiyyatına alınmışdır. - 1961-ci ildə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ev X10 məxsusdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı tərəfindən alınmışdır. İddiaçı mübahisəli fərdi yaşayış evini aldıqdan sonra hazırkı mübahisə yaranana qədər orada yaşamışdır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçının bacısı – Cavabdeh5 iddia edir ki, həmin fərdi yaşayış evini iddiaçı alan zaman ev köhnə tikili və yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. O, öz vəsaiti hesabına həmin evi sökərək yerində təzə ev tikmiş və iddiaçı ilə birlikdə həmin evdə yaşayır. Ona görə də onun da həmin evdə yaşamaq hüququ vardır. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında ailə münasibətlərinin gərginləşməsi nəticəsində iddiaçının mübahisəli evdə yaşamasına cavabdehlər tərəfindən maneçilik törədilmiş və iddiaçı başqa yaşayış yeri olmadığından hüquqlarının təmin olunması məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisəli ev iddiaçının yaşayış yeridir. Cavabdehlərin iddiaçını həmin evdə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunan hallara əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi evə köçürülmə hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları hissəsində iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mübahisəli fərdi yaşayış evinin hüquqi qeydiyyatdan keçməsinə dair tərəflər hər hansı bir sübut təqdim etməmişlər, mövcud sübutlar isə həmin evin özbaşına tikili olmasına dəlalət edir. Bundan başqa, məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 (iddiaçının bacısı), Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (Cavabdeh1 ailə üzvləri) yaşayış yerləri vardır və onlar mübahisəli fərdi yaşayış evinə iddiaçının razılığı ilə daxil olmuş, hazırda isə iddiaçı tələb etsə də o evdən çıxmırlar. Həmin cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçı yaşayış yerindən məhrum olmuşdur. Həmçinin, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mübahisəli fərdi yaşayış evində qanunsuz qalmaqla, həmin evdə iddiaçı ilə birgəyaşayışı dözülməz vəziyyətə gətirmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh6 Cavabdeh5 qızıdır və daimi olaraq Rusiya Federasiyasında yaşayır. Cavabdeh6 ilin müəyyən günlərində mübahisəli evə qonaq kimi gəlib gedir, lakin iddiaçının mübahisəli evdən döyülərək qovulmasında iştirak edərək orada yaşamasına o da maneə törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh6 mübahisəli evdə mütəmadi yaşamasa belə tərəfindən iddiaçının mübahisəli evdə yaşamasına maneə törədildiyindən, iddia tələbi Cavabdeh6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində də təmin edilməlidir. Məhkəmə, Cavabdeh5 ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evindən çıxarılması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, məhkəmə dinləmələri zamanı Cavabdeh5 mübahisəli fərdi yaşayış evinin onun vəsaiti hesabına tikildiyini iddia etsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, təqdim olunmuş pul köçürmələrinə dair çıxarışlar isə mübahisəli evin məhz həmin pul vəsaiti hesabına inşa edilməsini təsdiq etməmişdir. Lakin məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə əsasən mübahisəli fərdi yaşayış evinin Cavabdeh5 tərəfindən inşa etdirildiyi, həmin evin tikintisi və usta xərclərinin Cavabdeh5 tərəfindən ödənildiyi müəyyən edilmişdir. İddiaçı bu halları inkar etsə də, əksini sübut edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yalnız mülahizə xarakterli izahat verməklə kifayətlənmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh5 mübahisəli fərdi yaşayış evindən çıxarılması hissəsində əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Cavabdeh6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Cavabdeh6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. İddia qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-1183/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1183/2023
31.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver