Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1961/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinə giriş-çıxışına törədilən maneənin aradan qaldırılması, həmin torpaq sahəsində inşa edilən evin cavabdehin vəsaiti hesabına sökülməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinə giriş-çıxışına törədilən maneənin aradan qaldırılması, həmin torpaq sahəsində inşa edilən evin cavabdehin vəsaiti hesabına sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 50a nömrəli qərarına əsasən onun üçün ayrılmış, Kürdəxanı qəsəbəsinin şimal hissəsində (Yeni massiv adlanan ərazidə) yerləşən 300 kv.m torpaq sahəsində inşa edilən evin cavabdehin vəsaiti hesabına sökülməsi və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-ci ildə Cavabdeh Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Yeni massiv adlanan ərazidə yerləşən 300 kv.m torpaq sahəsini 7500 manata almışdır. Həmin torpaq sahəsini öz adına sənədləşdirmək üçün Kürdəxanı Bələdiyyəsinə getmişlər. Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 50a nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən, əkintiyə yararsız 300 kv.m torpaq sahəsi ayrılaraq, onunla Bələdiyyə arasında alqı-satqı müqaviləsinin bağlanması və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Daha sonra o, aldığı torpaq sahəsinə divar çəkdirib, gələcəkdə tikdirəcəyi evin təməlini qazdıraraq, beton tökdürmüşdür. 2021-ci ildə aldığı torpaq sahəsinə gedən zaman, görmüşdür ki, torpaq sahəsinə giriş qapısı bağlanmış, həmin torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikilmişdir. Lakin həmin evdə yaşayış yoxdur. Maraqlanan zaman qonşular ona Cavabdeh həmin torpaq sahəsini başqa bir şəxsə də satdığını bildirmişlər. Bundan sonra o, Cavabdeh barədə şikayət ərizəsi ilə Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət etmişdir. Bölmədə Cavabdeh öz izahatında 12 sot torpaq sahəsinin olduğunu, 2007-ci ildə həmin torpaq sahəsinin 3 sotunun onun adına sənədləşdirildiyini, sözügedən torpaq sahəsini başqa səxsə satmadığını bildirmişdir. Cavabdeh izahatı "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" xx.xx.2023-cü il tarixli qərarda qeyd edilmişdir. Beləliklə ona iddiaçıya aydın olmuşdur ki, Bələdiyyə qərarına əsasən Cavabdeh aldığı torpaq sahəsinin giriş qapısının bağlanması və orada evin tikilməsinə görə Cavabdeh məsuliyyət daşıyır. Dəfələrlə Cavabdeh ilə əlaqə saxlayıb, torpaq sahəsinə girişinə törədilən maneənin aradan qaldırılmasını və həmin torpaq sahəsində tikilmiş evin sökülməsini xahiş etməyə cəhd etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, hüquq müəyyənedici sənəd bələdiyyə sənədidir, halhazırda həmin sənəd qüvvədədir. Alqı-satqı müqaviləsi yoxdur, ümumiyyətlə iddiaçı sənədləşmə işləri bağlı heç bir hərəkət edə bilməyib, çünki hüququn qeydə alınması xərc tələb edir, onun isə imkanı aşağıdır. Hal-hazırda evin təməli atılmışdır, cavabdeh torpaq sahəsini sahiblənib. Həmin torpaq sahəsi bütövlükdə cavabdehə ayrılmışdır və 7500 manat müqabilində torpağı iddiaçıya satmışdır. İddiaçının subyektiv hüququ vardır, belə ki, əşyaya sahiblik edən şəxs də başqasının qanunsuz sahibliyindən tələb edə bilər. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirir ki, iddiaçıya 2007-ci ildən torpaq ayrılıb. Ola bilsin bələdiyyə tərəfində sərəncam verilib. Torpağa dair iddiaçının heç bir alqı-satqı müqaviləsi yoxdur. Cavabdeh o torpağa heç bir aidiyyəti yoxdur, əsl cavabdehlə əvəz edilməli idi. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 50a nömrəli "Torpaq sahəsinin ayrılması haqqında qərar"dan görünür ki, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007 tarixli 02 nömrəli pratakoluna əsasən İddiaçı fərdi yaşayış eyinin tikintisi üçün Kürdəxanı qəsəbəsinin Şimal hissəsində yerləşən əkintiyə yararsız 300 kv.m. torpaq sahəsi ayrılması, ayrılmış torpaq sahəsində Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 9802 nömrəli il inşaat pasportuna əsasən tikinti-abadlıq işlərinin aparılması qərara alınmışdır. - Sabunçu RPİ-nin 15-ci PB-nin xx.xx.2023-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Yeni massiv adlanan ərazidə yerləşən 300 kv.m torpaq sahəsi iddiaçıya Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 50a nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Mübahisəli torpaq sahəsinə iddiaçının hüquqları dövlət reyestrində qeydiyyata alınmamış, onun mülkiyyət hüququnu təsdiq edən başqa sənəd təqdim edilməmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəssəsinin 4.1ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasında qanuni istifadədə olan torpaq sahələrinin mülkiyyətə verilməsinin əsasları "Torpaq İslahatı haqqında" Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli, 155-İQ nömrəli Qanununu ilə müəyyən edilmişdir. Həmin Qanununun 9 və 10-cu maddələrinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair şəhadətnamə verilir. Torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir (maddə 67.3). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (maddə 67.4). Sadalanan normalarının birgə təhlilindən görünür ki, hüququn müdfiəsi üçün iddia tələbi ilə müraciət etməyin başlıca şərtlərdən biri subyektiv hüquqa malik olmaqdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı hazırki iş üzrə iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli evin olduğu torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud mübahisəli evin olduğu torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. İddiaçı mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Yeni massiv adlanan ərazidə yerləşən 300 kv.m torpaq sahəsi bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən əmlakın hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir, ona görə iddia rədd olunmalıdır. İddiaçı həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, hazırki iddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməli, yəni bu hissədə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinə giriş-çıxışına törədilən maneənin aradan qaldırılması, həmin torpaq sahəsində inşa edilən evin cavabdehin vəsaiti hesabına sökülməsi" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-1961/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1961/2024
14.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver