Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2137/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş evin və tikililərin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı”zəbt edilmiş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş evin və tikililərin sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Ramana südçülük sovxozu ünvanında yerləşən mülkiyyət hüququ (icarə) əsasında ona məxsus olan 0.03 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. 2012-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Ramana südçülük sovxozu ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin icarə hüququnu almışdır. Həmin torpaq sahəsinin icarə hüququ əsasında ona məxsus olması Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş RX seriyalı ******* saylı çıxarışla təsdiq edilmişdir. Həmin torpaq sahəsi onun istifadəsində olsa da, bir qədər əvvəl cavabdeh sözügedən əraziyə qanunsuz daxil olaraq orada qanunsuz tikinti işləri aparmağa başlamış və bu günədək də cavabdehin qanunsuz hərəkətləri davam edir. Cavabdeh qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tərəfindən müraciət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, qeyd olunan məsələ Xidmətin Bakı ərazi şöbəsinin işçiləri tərəfindən onun iştirakı ilə yerində araşdırılan zaman icarəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Ramil adlı şəxs tərəfindən fərdi yaşayış evinin inşa edilməsi faktı təsdiqini tapmışdır. O, cavabdehə mülkiyyətində olan torpaq sahəsindən çıxmağı tələb etməsinə baxmayaraq, həmin ərazini boşaltmaqdan və onun istifadəsinə qaytarmaqdan imtina edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsinə dair icarə hüququ xx.xx.2010-cu il tarixli 093 nömrəli icarə müqaviləsi və xx.xx.2012-ci il tarixli 3M-02-554 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən xx.xx.2010-cu ildən başlayaraq 99 il müddətinə İddiaçı xeyrinə yüklü edilmişdir. - xx.xx.2012-ci il tarixli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsinə dair icarə hüquqlarını 3000 manata İddiaçı satmışdır. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AA seriyalı 041916 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçıya ünvanladığı 16 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana südçülük sovxozu ərazisində qanunsuz tikinti işlərinin aparılması barədə iddiaçının müraciəti Xidmətin Bakı ərazi şöbəsinin işçiləri tərəfindən iddiaçının iştirakı ilə yerində araşdırılan zaman vətəndaş İddiaçı icarəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Ramil adlı şəxs tərəfindən fərdi yaşayış evinin inşa edilməsi faktı təsdiqini tapmışdır. Bununla bağlı səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Xidmət tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxıldığını nəzərə alaraq aidiyyəti üzrə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X2 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə aralarında yaranmış məsələ mülki xarakterli olduğundan Sabunçu Rayon Məhkəməsinə müraciət etməli olduqları izah edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli torpaq sahəsinə dair məlumat verilməsi barədə məktubundan görünür ki, elektron kadastr məlumat bazasına əsasən keçmiş Ramana südçülük sovxozunun ərazisində yerləşən 0.03 ha torpaq sahəsi Abşeron rayonunun istifadəsində olmaqla, Bakı şəhəri Sabunçu rayonu inzibati ərazisinin hüdudları daxilində yerləşir. İşin məhkəmə iclasında araşdırılan hallarına və iş materiallarında olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Ramana südçülük sovxozu ünvanında yerləşən 0.03 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsinə əsasən İddiaçı icarəyə verilmiş, torpaq sahəsi həmin vaxtdan etibarən sonuncunun qanuni istifadəsində olmuş, lakin Cavabdeh həmin torpaq sahəsini zəbt etməsi səbəbindən İddiaçı qanuni əsaslarla ona icarəyə verilmiş torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 93-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Ramana südçülük sovxozu ünvanında yerləşən iddiaçıya məxsus 0.03 ha torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməli və cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Ramana südçülük sovxozu ünvanında yerləşən iddiaçıya məxsus 0.03 ha torpaq sahəsindən çıxarılsınlar, torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin və cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2137/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2137/2023
22.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver