Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2277/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanında yerləşən əmlaka görə ikinci tərəf Maraqlı şəxs ilə aralarında bağladığı 22.11.2021-ci il tarixli Barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsasladırmışdır ki, keçmiş əri Maraqlı şəxs ilə 14.12.1986-cı il tarixində rəsmi nikah münasibətinə daxil olmaqla ailə qurmuşlar. Bu rəsmi nikahdan 3 övladı dünyaya gəlmişdir. Övladlarının hamısı yetkinlik yaşına çatmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04.12.2019 tarixli, 2(008)- 5503/2019 saylı qətnaməsi əsasında rəsmi nikahı pozulmuşdur. Rəsmi nikahda olduğu zaman qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzili əldə etmişlər. Birgə nikah dövründə mənzili əldə etdiyi üçün həmin mənzilə olan ½ hissədə payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək istəmişdir. Bunun üçün qarşı tərəf Maraqlı şəxs mediasiya üçün müraciət məktubunu göndərmişdir. Tərəfdən cavab almadıqdan sonra üsuluna uyğun olaraq mediator təyin edilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurasından işə baxılması üçün mediator Ş.Əbilov təyin edildi. İkinci tərəf Maraqlı şəxs ilə aralarında 22.11.2021-ci il tarixində Barışıq Sazişi imzalandı. Barışıq Sazişinə əsasən, birgə nikah dövründə əldə olunan ünvan 1 ünvanında yerləşən əmlakın ½ hissəsi qanuvericiliyə müvafiq olaraq onun mülkiyyəti hesab olundu. Hal-hazırda həmin Barışıq Sazişinin icra olunması üçün məhkəmənin təqsdiqinə ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili X3 ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 344792 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi qarasında bağlanmış nikah 27 fevral 2020-ci il tarixdə, 85 nömrəsi ilə ləğv edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 117439 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Maraqlı şəxs ondan ötrü ki, Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseyn küçəsi, 18 saylı evin 39.0 kv.metr yaşayış sahəsindən ibarət 13 saylı mənzili Maraqlı şəxs adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21.12.2021-ci il tarixli, 05A4/1957 nömrəli arayışından görünür ki, Maraqlı şəxs ünvan 2 ünvanında yerləşən mənzil üzərində tam mülkiyyət hüququna malikdir. 22.11.2021-ci il tarixli barışıq sazişindən görünür ki, (bundan sonra "Birinci tərəf") və Maraqlı şəxs (bundan sonra "İkinci tərəf") (bundan sonra "Birinci tərəf" və "İkinci tərəf" birlikdə ismin müvafiq hallarında "Tərəflər" adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində 00139 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 (bundan sonra "Mediator") iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra "Saziş") imzaladılar. 1-ci bəndinəə əsasən birgə nikah dövründə əldə olunan ünvan 3 ünvanda yerləşən əmlakın ½ hissəsinin qanunvericiliyə müvafiq olaraq "birinci tərəf"in mülkiyyəti hesab olunsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi 22.11.2021-ci il tarixdə bağlanmasına baxmayaraq ərizənin verildiyi tarixədək yəni 23.02.2022-ci il tarixədək sazişin ikinci tərəfi barışıq sazişinin icrası üçün hər hansı bir hərəkət etməmişdir, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən təsbit edilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 22 noyabr 2021-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 22.11.2021-ci il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin. Birgə nikah dövründə əldə olunan ünvan 4 ünvanda yerləşən əmlakın ½ hissəsinin qanunvericiliyə müvafiq olaraq Ərizəçi mülkiyyətinə verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2277/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2277/2022
10.03.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver