Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2585/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4141 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq, iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 06.09.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən, sonuncu 3 aylıq sınaq müddəti tətbiq edilməklə, satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. Cavabdeh 11.12.2019-cu il tarixli, 552-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 29.04.2020-ci il tarixli, 233-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 13.03.2020-ci il tarixdə İddiaçı MMC-nin “Oba-Bakıxanov 6” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması aşkar edilmiş, 13.03.2020-ci il tarixli “İnventarizasiya nəticələrinə” dair akta əsasən, yekun ziyan məbləği 4852,38 manat məbləğində müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, 4852,38 manat borcdan 711,38 manat cəmiyyət tərəfindən güzəşt edilmiş, qalıq borc 4141 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun İddiaçı MMC-yə heç bir borcu yoxdur. O, İddiaçı MMC-yə işə qəbul olunan zaman hüquq və vəzifələri, əmək funksiyaları izah edilməmiş, ona yalnız toyuq-cücə sayımı ilə bağlı sual verilmiş, həmin suala cavab verməsə belə, işə qəbul edilmişdir. İşlədiyi dövrdə İddiaçı MMC-nin “Oba-Bakıxanov 6” mağazasında malların əksik gəlməsi ilə bağlı çoxsaylı müraciətləri olsa da, heç bir tədbir görülməmişdir. O, özündən başqa, digər şəxslərin də həmin halla üzləşdiklərini gördükdən sonra ərizəsini yazaraq, işdən çıxmışdır. Hal-hazırda “Grandmart” supermarketlər şəbəkəsinə daxil olan marketlərin birində baş nəzarətçi vəzifəsində işləyir. İddiaçı MMC-də işləməzdən əvvəl də başqa mağazada işləmişdir. İşlədiyi həmin mağazaların heç birində bu cür problemlərlə üzləşməmiş, işləri hər zaman qaydasında olmuşdur. İddiaçı MMC-dəki işindən çıxdıqdan təxminən 10-11 ay sonra həmin cəmiyyətin işçisi zəng edib, onu ofisə çağırmışdır. O, həmin yerə getdikdə, sanki onunla bazarlıq edilirmiş kimi, filan qədər borcunun olması, nə qədər verə biləcəyi tipli söhbətlər olunmuşdur. O, həmin şəxslərə öz etirazını bildirərək, heç bir borcu olmadığını, hətta onları şikayət edəcəyini deyib oradan çıxıb getmişdir. Bundan sonra həmin cəmiyyətdə çalışan başqa işçilərlə bu barədə söhbət edən zaman ona məlum olmuşdur ki, cəmiyyət işdən çıxan keçmiş işçilərinin üzərinə bu vasitə ilə borclar yazır və müxtəlif yollara əl atmaqla onlardan pul tələb edir. O, yalnız işdən çıxma ərizəsinə imza etmiş, başqa heç bir sənədə imza etməmişdir. Onun iştirakı ilə heç bir akt, borcla bağlı digər sənəd tərtib olunmamışdır. Məhkəmə bildirişi ona çatdırıldıqdan sonra o, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə tanış olmuşdur. Qeyd etdiklərinə əsasən, iddia tam əsassızdır. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Cavabdeh ilə işlədiyi İddiaçı MMC-də tanış olmuşlar. Hazırki iddia tələbində qeyd olunan hallar onun da başına gəlmişdir. Belə ki, dəfələrlə faktiki olaraq, mağazaya gəlməyən mallar onun hesabına əlavə olunmuşdur. Bununla bağlı sənədləri də mövcuddur. Bu ilin fevral ayında 9 kisə şəkərtozu gətirilməli olduğu halda, 6 kisə şəkərtozu gətirilmişdir. O, bu barədə dərhal bölgə müdirinə və depo üzrə səlahiyyətli şəxsə məlumat verdikdə, ona işçilərin səhv etdikləri bildirilmişdir. Şəkərtozu kisəsi kiçikölçülü, gözdən yayınacaq məhsul olmadığından, hesab edir ki, bu, qəsdən edilmişdir. O, mal gələn kimi hesabatını aparmadıqda, dərhal kamera görüntülərinə baxılaraq, ona zəng edilir və malın hesabatını aparıb depoya təhvil verilməli olduğu bildirilir. Gələn malların hesabatını depoya təhvil verdiyindən, həmin malların depoda olub-olmaması yoxlanılmalıdır. Bundan başqa, o, göndərilən 600 qutu xurmanı qəbul etmiş, 35 qutu qaytarılmışdır. Həmin xurma qutularının fakturasını özü sistemdə işləmiş və ofisə göndərmişdir. Lakin həmin faktura sistemdə 600 qutu iadə (qaytarma) gəlmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçı cəmiyyət sistemə istəyi kimi müdaxilə edə bilir, sistemi özləri qurduqlarından, özləri də istənilən məlumatı dəyişə bilirlər. Sayım zamanı bu fakt aşkar olunmuşdur. O, 600 qutu xurmanı qəbul etmiş, sistemdə iadə işlənmişdir. Sayıma az qalmış cəmiyyət ondan pul almaq üçün 600 qutu xurma artıq göstərmişdir. Sistemə həmin qutuları alışa qeyd etməsi, daha sonra adından silinəcəyi barədə ona ofisdən zəng gəlmişdir. O, deyilənləri etsə də, xurma qutuları adından silməmişdir. Həmçinin “Beta” çayları ilə bağlı eyni hal yaşanmışdır. O, bununla bağlı cəmiyyətlə əlaqə saxladıqda, ona bütün sayların düz gəldiyi bildirilsə də, cəmiyyət tərəfindən ona 22 ədəd kəsir yazılmışdır. O, fakturanı götürüb sistemdə yoxladıqda, digər fakturanın sənədinin sistemdən silindiyini görmüşdür. Həmçinin yumurta göndərilən zaman əksik olan mallarla bağlı videogötüntülər mövcuddur. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, izahatları və ifadəni iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC-nin 06.09.2019-cu il tarixli, 386-K saylı “İşə qəbul etmə haqqında” əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh cəmiyyətin satış departamentinin satış 4 şöbəsinə 06.09.2019-cu il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə, satıcıkassir vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06.09.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh cəmiyyətin satış departamentinin satış 4 şöbəsinə 06.09.2019-cu il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə, satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən, işçinin əmək funksiyası, işçinin Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməli olmasından ibarətdir. İddiaçı MMC-nin 11.12.2019-cu il tarixli, 552-K saylı “Vəzifə dəyişikliyi haqqında” əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh 11.12.2019-cu il tarixdən cəmiyyətin satış departamentinə administartor vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə 11.12.2019-cu il tarixli əlavənin surətindən görünür ki, Cavabdeh 11.12.2019-cu il tarixdən cəmiyyətin satış departamentinin satış 4 şöbəsinə administartor vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə əlavə 06.09.2019-cu il tarixli əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06.09.2019-cu il tarixli və 11.12.2019cu il tarixli "tam maddi məsuliyyət” haqqında müqavilələrin surətlərindən görünür ki, Cavabdeh həmin müqavilələrin şərtlərinə əsasən, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verilməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. Cavabdeh “X6” MMC-nin rəhbərliyinə ünvanladığı 27.04.2020-ci il tarixli ərizəsində 29.04.2020-ci il tarixdən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İddiaçı MMC-nin 29.04.2020-ci il tarixli, 233-K saylı “İşdən azad edilmə haqqında” əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh - cəmiyyətin satış departamentinin satış 4 şöbəsinin administratorunun əmək müqaviləsinə 29.04.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmiş, son haqq-hesab: istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməli olmuşdur. İddiaçı MMC-nin “Oba-Bakıxanov 6” mağazasında aparılmış “Aktivlər üzrə inventarizasiya nəticələrinə” dair 13.03.2020-ci il tarixli yekun akta əsasən, 13.03.2020-ci il tarixli inventarizasiya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyahıya alınmış malmaterial qiymətlərinə dair faktiki məlumatlarla uçot məlumatlarının üzləşdirilməsi aparılmış və yekun ziyan məbləği 4852,38 manat məbləğində müəyyən edilmişdir. İddiaçı MMC-nin “Oba-Bakıxanov 6” mağazasında aparılmış “Növbədənkənar inventarizasiya nəticələrinə” dair 13.03.2020-ci il tarixli yekun akta əsasən, yekun ziyan məbləği 4852,38 manat məbləğində müəyyən edilmişdir. 13.03.2020-ci il tarixli İmtina aktında qeyd edilmişdir ki, İddiaçı MMC-nin “Oba- Bakıxanov 6” mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə 13.03.2020-ci il tarixdə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticələrinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. 13.03.2020-ci il tarixli İmtina aktında qeyd edilmişdir ki, İddiaçı MMC-nin “Oba- Bakıxanov 6” mağazasında 13.03.2020-ci il tarixdə maddi-məsul şəxs Cavabdeh öhdəsində olan ticari malların yoxlanılması məqsədi ilə, şifahi müraciətlər edilməsinə, şirkətə məxsus xidməti telefonuna zənglər edilməsinə baxmayaraq, o, çağırışlara məhəl qoymadan mağazaya gəlməmiş və bununla da, malların inventarizasiyasında iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən də, maddi-məsul şəxs Cavabdeh iştirakı olmadan, inventarizasiya aparıb nəticəsi qanuna uyğun müvafiq qaydada aktlaşdırılmışdır. 13.03.2020-ci il tarixli “X6” MMC-nin inventarizasiya komissiyasına iltizamnamədə Cavabdeh qeyd etmişdir ki, sayım qaydalara uyğun şəkildə aparılmış, mağazada sayılmayan mal qalmamışdır, verilən çəki kodlarına cavabdehdir. İddiaçı MMC tərəfindən verilmiş 24.12.2020-ci il tarixli arayışdan görünür ki, 13.03.2020-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq, hesabında 4852,38 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. 711,38 manat cəmiyyət tərəfindən güzəşt edilərək, Cavabdeh cəmiyyətə 4141 manat məbləğində borcu qalmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu ilə sonuncudan 4141 manat qalıq borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçirililəcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıq məktubunun tarixi və nömrəsi qeyd olunmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 195-ci maddəsində işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar müəyyən edilmişdir. Sadalanan normaların məzmunundan göründüyü kimi, işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün üç tərkib element: ziyanın həqiqətən vurulduğunun aşkar olması; işçinin əməlinin qanuna zidd olması; işçinin qanunazidd əməli ilə həmin əməlin nəticəsi arasında səbəbli əlaqə olması tələb olunur. Məhkəmə qeyd edir ki, ilkin olaraq, ziyanın həqiqətən vurulduğunun aşkar olmalı olması ilə bağlı tərkib elementi araşdırılmalıdır. Həmin tərkib elementi müəyyən edilmədiyi təqdirdə, digər tərkib elementlərinin araşdırılmasına ehtiyac aradan qalxır. Məhkəmə hesab edir ki, hazırki işdə ziyanın həqiqətən vurulduğu aşkar edilmir. Bununla bağlı iddiaçının təqdim etdiyi sübut qeyri-mötəbər olmaqla, həm də ziddiyyətlidir. Belə ki, iddiaçının istinad etdiyi yeganə sübut 13.03.2020-ci il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə” dair yekun aktdır. Həmin akt yalnız cəmiyyətin əməkdaşları tərəfindən imzalanmış, maddi məsul şəxs hesab edilən Cavabdeh həmin aktı imzalamamışdır. 13.03.2020-ci il tarixli İmtina aktının məzmunundan görünür ki, 13.03.2020-ci il tarixdə inventarizasiya Cavabdeh iştirakı ilə keçirilmiş, o, inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etmiş, lakin heç bir irad və səbəb bildirmədən sənədləri imzalamaqdan və izahat verməkdən imtina etmişdir. Elə həmin tarixli, yəni 13.03.2020-ci il tarixli İmtina aktında isə qeyd edilmişdir ki, 13.03.2020-ci il tarixdə Cavabdeh öhdəsində olan ticari malların yoxlanılması məqsədi ilə, şifahi müraciətlər edilməsinə, şirkətə məxsus xidməti telefonuna zənglər edilməsinə baxmayaraq, o, çağırışlara məhəl qoymadan mağazaya gəlməmiş və bununla da, malların inventarizasiyasında iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən də, maddi-məsul şəxs Cavabdeh iştirakı olmadan, inventarizasiya aparıb nəticəsi qanuna uyğun müvafiq qaydada aktlaşdırılmışdır. Göründüyü kimi, iddiaçı cəmiyyətin əməkdaşları tərəfindən tərtib edilmiş eynitarixli iki imtina aktı bir-birini inkar edir. Aktların birində Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etdiyi qeyd olunsa da, digər akt onun inventarizasiyada iştirak etməkdən imtina etməsi ilə bağlı tərtib edilmişdir. Digər tərəfdən, məhkəmə belə hesab edir ki, Cavabdeh həqiqətən də, cəmiyyətə maddi ziyan vurduğu müəyyən edilsəydi, o, işəgötürən tərəfindən dərhal işdən kənarlaşdırılar və ya ən azından barəsində intizam tənbehi tətbiq edilərdi. Lakin iş materiallarından görünür ki, Cavabdeh əmək müqaviləsinə 29.04.2020-ci il tarixdə (13.03.2020-ci il tarixdən təxminən bir ay yarım keçdikdən sonra) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Həmçinin barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Məhkəmə qeyd edir ki, maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf həmin halları, ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübuta yetirməyə borcludur. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona maddi ziyan vurulduğunu sübuta yetirə bilməmiş, hətta məhkəmə tərəfindən ona mötəbər sübutlar təqdim etməsi təklif edilsə də, iddiaçı tərəf heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə, öz izahatı və məhkəməyə təqdim etdiyi şahid ifadəsi ilə təqsiri olmadığını sübuta yetirə bilmiş, mülki işin digər materialları ilə yanaşı araşdıraraq, məhkəmə həmin izahat və ifadəni mötəbər sübut kimi qəbul etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiq edilməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Bu baxımdan, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ziyan vurulduğu təsdiq olunmayan iddia qanunsuz və əsassızdır, ona görə də, təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarında olan 28.01.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2585/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2585/2021
28.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver