Məhkəmə qərarları › İş №2(008)-275/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-275/2022

28.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-275/2022 28.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Mehti oğlunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı CavabdehMNehti oğluna qarşı “tut ağacının cavabdehin hesabına kəsilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçın Cavabdeh Mehti oğluna qarşı “tut ağacının cavabdehin hesabına kəsilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsində onun evinin (Bakı şəhəri, Sabunçu rayonu.Zabrat qəsəbəsi, Neftçilər küçəsi) divarına bitişik sahədə əkilmiş tut ağacının cavabdehin hesabına kəsilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu,Zabrat qəsəbəsi, Şirvani küçəsində yaşayır. Cavabdeh onun divar qonşundur. O, yaşadığı evin həyətinə tut ağacı əkmişdir. Nəticədə ağac onun evinin divarının altında kök salmış evinin divarında çatlar əmələ gəlmişdir. Dəfələrlə ona irad tutaraq ağacını başqa yerdə əkməyi xahiş etsə də, dediklərinə məhəl qoymamışdır. Bundan sonra Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsi aidiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Yaşıllaşdırma İdarəsi və Zabrat qəsəbəsi üzrə nümayəndəliyə göndərilmişdir. Lakin müraciətləri nəticəsiz olmuş, cavabdehə ağacın sökülməsi ilə bağlı irad tutulmamışdır. Bundan sonra 11 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinə, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə üzrə nümayəndəliyinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinə müraciət edilmişdir. 11 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin mütəxəssisləri tərəfindən yerində baxış keçirilmiş və akt tərtib edilmişdir. Həmin aktla onunla cavabdehin həyətındəıki ağaclar arasındakı məsafənin düzgün saxlanılmadığı müəyyən edilmişdir. Cavabdehin həyətindəki tut ağacının nəinki budaqları, kökləri də onun ailə üzvlərinin həyat və sağlamlığı üçün təhlükə yaradır. Ağacın köklərinin dərinə getməsi nəticəsində evinin bünövrəsinin uçma təhlükəsi vardır. Budaqlarına gəldikdə isə, ağacın budaqları və yarpaqların xışıltı səsindən evində yaşaya bilmirlər. Odur ki, cavabdeh tərəfindən əkilmiş tut ağacının sökülməsi ilə bağlı məhkəməyə müraciət edir. Cavabdeh Məmmədov X6 Federasiyasındadır. Uzun müddətdir ki, bu problemlə əlaqədar onunla əlaqə saxlaya bilməmişdir. Yalnız onun arvadı ilə şifahi şəkildə əlaqə saxlamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Mehti oğlunun nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək bildirdi ki, həmin tut ağacının iddiaçıya heç bir maneçiliyi yoxdur. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycna Respublikası Ekologiyası və Təbii Sərvətlər Nazirliyi X1 Agentliyinin 22/3120 nömrəli, 23 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, təhlükəsizliyin təmin edilməsi və yaşıllıqların mühafizəsi məqsədilə ilkin olaraq 1 ədəd tut ağacının ev istiqamətinə inkişaf etmiş bir neçə kök zoğları bir qədər qısaldılmalı, evin dam örtüyünə, eləcə də kommunikasiya xətlərinə toxunan budaqlarına budama xidməti göstərilməli, ağacın budanması aqrotexniki tələblərə uyğun, inkişafının dayanmasına səbəb olmayacaq şəkildə, nisbi sükunət dövründə müvafiq texniki imkanları və mütəxəssis heyətinə malik ixitasaslaşdırılmış qurum tərəfindən həyata keçirilməli, budamadan əmələ gələn ağac qalıqları bu növ tullantılar üçün nəzərdə tutulmuş yerlərə daşınması barədə məlumat verilmiş və bildirilmişdir ki, mövcud qanunvericiliyə əsasən yaşıllıqlara dair rəy verilməsi üçün tələb olunan sənədlər əlavə edilməklə Ekologiyası və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmalıdır. - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin 10.11.2017-ci il tarixli, 077-13166H-4217 nömrəli məktubdan görünür ki, müraciət polis orqanlarına aid olmadığı səbəbindən aidiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Yaşıllaşdırma İdarəsi və Zabrat qəsəbə üzrə nümayəndəliyinə göndərilmişdir. - Azərbaycan Respublikaqsının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 yanvar 2022-ci il tarixli, 10/6328 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh Mehti oğlunun faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsində yerləşən fərdi yaşayış evinin həyətində əkilmiş bir ədəd tut ağacının İddiaçı faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsində yerləşən fərdi yaşayış evinə faktiki olaraq zərər vurmadığı müəyyən edilir. Lakin İddiaçı faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsində yerləşən fərdi yaşayış evinə yaxın şəkildə (15-20 sm) ara məsafəsində tut ağacının əkildiyini nəzərə alaraq gələcəkdə (yaşayış evinin dam örtüyünə və digər konstruktiv elementlərinə) zərərin dəyməsi istisna olunmur. - Mədaxil qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən 5.74 manat və 238.24 manat bələdiyyə əmlak vergisi ödəmişdir. - 26.10.2020-ci il tarixli tədiyyə bildirişindən görünür ki, 243.98 manat ödəniləcək məbləğ müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 174.1-ci maddəsinə əsasən əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2.1-ci bəndinə əsasən Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin qərarın 2.2-ci bəndinə əasən yaşıllıqlar şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda götürülməsinə yol verilir. Həmin qərarın 2.4-ci bəndinə əsasən Fiziki və hüquqi şəxslər (bundan sonra ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Həmin qərarın 2.5-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə dair müraciətə fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti; götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd; yaşıllığın götürülməsinin əsaslandırılmasına dair sənədlər əlavə olunur. Həmin qərarın 4.5-ci bəndinə əsasən yaşıllığın götürülməsi müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurumlar tərəfindən yerinə yetirilməlidir. Beləliklə işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şirvani küçəsində yerşələn həm iddiaçının həmdə cavabdehin faktiki istifadəsində olan fərdi yaşayış evləri özbaşına tikililərdir. İddiaçı məhkəmədən Cavabdeh Mehti oğlunun istifadəsində olan fərdi yaşayış evinin həyətindəki tut ağacının kəsilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, iddiaçı qonşu olan cavabdehin faktiki istifadəsində olan həyətdəki əkili olan tut ağacının onun faktiki istifadəsində olan əmlakdan istifadə hüququnun həyata keçirməsinə mane olduğunu qeyd etsədə, Azərbaycan Respublikaqsının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 yanvar 2022-ci il tarixli, 10/6328 nömrəli ekspert rəyindən görünür ki, sözügedən tut ağacı iddiaçının istifadəsində olan fərdi yaşayış evinə hər hansı zərər vurmadığı müəyyən edilmişdir. Bundan başqa məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarındanda görünür ki, yaşıllaşdırılmanın götürülməsini tələb etmək hüququ həmin yaşıllaşdırmanın maneyə olduğu torpaq sahəsinin qanunu istifadəsiçisinin adiyyatı qurumlardan tələb etmək hüququ olduğu halda hal-hazırdakı müllki işdə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə və fərdi yaşayış evinindən qanuni istifadəsinin təsdiq edəcək hər hansı sənədləri olmadığından, məhkəmə hesab edir ki, ümumiyyətlə iddiaçının sözügedən iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Mehti oğluna qarşı “tut ağacının cavabdehin hesabına kəsilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh Mehti oğluna qarşı “tut ağacının cavabdehin hesabına kəsilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı ekpert rəyi üzrə 100 (bir yüz) manat ekspert xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifat kodu:142595, 210005 nömrəli dövlət xəzinədarlığı Agentliyi VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi ,VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar