Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-301/2026 07.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin zəbtinə son qoyulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndə və vəkili Rzazadə İqbal Kamil oğlunun, cavabdeh Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq səhəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ##.##.2013-cü il tarixli, RX seriyalı,****** saylı, ************ reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən adına qeydə alınmış 0.067593 ha torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən qanunsuz zəbtinə son qoyulması, torpaq sahəsindəki tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və zəbt edilmiş torpaq sahəsinin mülkiyyətçilərinin qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.067593 ha ərazini almış, daha sonra torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə aldırmışdır. ##.##.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı, ************ reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0.067593 ha torpaq sahəsi adına qeydə alınmışdır. Torpaq sahəsinin koordinatlarını əks etdirən torpaq sahəsinin planı və ölçüsü də mövcuddur. Lakin ona məxsus olan torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Torpaq sahəsi hasara alınmış və orada qanunsuz tikinti işləri aparılmışdır. Buna görə torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinə müraciət etmişdir. Şöbənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş və onun torpaq sahəsinin zəbt edilməsi faktı aşkar edilmişdir. Bu barədə DT və XK-nin Abşeron Rayon Şöbəsinin ##.##.2014-cü il tarixli, ** saylı məktubu ilə məlumat verilmişdir. Torpaq sahəsinin ona məxsus olduğu barədə Cavabdeh məlumatlandırmışlar. Bütün bunlara baxmayaraq cavabdeh torpaq sahəsini geri qaytarmaqdan imtina etdiyinə görə torpaq sahəsinin zəbtinin aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, aparılmış ekspert tədqiqatının dəyəri kimi 100 manat pul vəsaitinin iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, ekspert rəyli ilə ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,0634 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,1179 ha torpaq sahəsinin daxilində yerləşməsi, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin 147 kv.m hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşməsi müəyyən edilmişdir. İddiaçının mülkiyyətində 0.067593 ha torpaq sahəsinin olduğu, həmin torpaq sahəsinin mübahisələndirilən hissəsinin cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz olması işin mübahisəsiz halıdır. Lakin öz torpaq sahəsində yaşayış evi tikən mülkiyyətçi qərəzsiz olaraq qonşu torpaq sahəsinin sərhədini pozduqda və bunu görərək qonşu mülkiyyətçi etiraz etməzsə, ağır məsrəflər hesabına başa gələn bina tikilib istifadəyə verildikdən sonra, şübhəsiz ki, onun sökülməsini tələb etmək ədalətsiz olardı. Buna görə də qanunvericilikdə nəzərdə tutulmuşdur ki, belə halda sərhədi pozulmuş qonşu müəyyən pul kompensasiyası almaqla həmin pozuntuya dözməlidir. İddiaçı mübahisələndirdiyi torpaq sahəsinin zəbt olunması barədə 2014-cü ildən məlumatlı olmuş, cavabdeh isə torpaq sahəsini 2008-ci ildə çıxarış əsasında əldə etdikdən sonra həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişdir. İddiaçı 2014-cü ildə bu faktı bildikdən sonra cavabdehin tikintini dayandırması ilə bağlı hər hansı orqana şikayətlə müraciət etməmiş, cavabdeh tərəfindən isə fərdi yaşayış evi 2018-ci il tarixədək tikilib başa çatdırılmışdır. İddiaçı 2020-ci ildə torpaq sahəsinin başqa şəxslər tərəfindən zəbt edilməsi barədə təkrar məlumat əldə etmiş, lakin istər 2014-cü ildə, istərsə də 2020-ci ildə bu barədə məlumat əldə etdikdən sonra cavabdehə qarşı hər hansı iddia irəli sürməmişdir. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsinin zəbt edilməsi iddiaçıya uzun illər bundan öncə məlum olmuş olsa da tərəflər arasında hər hansı narazılıq olmamışdır. Bu faktı tərəflər öz izahatlarında da təsdiq etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, ağır məsrəflər hesabına başa gələn, tikilib istifadəyə verilən fərdi yaşayış evinin 147 kv.m hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşən 0.0634 ha hissəsində sökülərək, cavabdehin həmin ərazidən çıxarılması fərdi yaşayış evinin tikilib istifadəyə verildikdən sonra, şübhəsiz ki, onun sökülməsi ədalətsiz olardı.
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1391.1, 139-1.1.5, 139.3, 140, 146.1, 146.2, 152,157.2, 157.4, 164.1, 165.1, 172.1, 172.2, 172.3, 172.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qanunvericiliyin, maddi hüquq normalarının tələbləri nəzərə alınmamış, işin faktiki və hüquqi hallaına uyğun olmayan qətnamə qəbul edilmişdir. Mülkiyyətində Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən, ##.##.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla dövlət qeydiyyatına alınmış, ümumi sahəsi 0,067593 ha olan torpaq sahəsi mövcuddur. Torpaq sahəsinin planı, ölçüsü və koordinatları mövcud olmaqla, mülkiyyət hüququ qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilmişdir. Cavabdeh Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi qanunsuz şəkildə zəbt edilmiş, həmin sahədə fərdi yaşayış evi inşa olunmuş, hansı ki əkin məqsədli kənd təssərrüfatı təyinatlı torpaq sahəsidir, torpaq sahəsi hasara alınaraq onun faktiki istifadəsi tamamilə mümkünsüz hala salınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin ##.##.2014-cü il tarixli məktubu, Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2020-ci il tarixli cavabı, eləcə də ##.##.2025-ci il tarixli məhkəmə-tikinti texniki ekspertiza rəyi ilə təsdiq olunmuşdur ki, mülkiyyətində olan 0,067593 ha torpaq sahəsinin 0,0634 ha hissəsi cavabdehin faktiki istifadəsindədir. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində inşa edilmiş 147 kv.m yaşayış evi hissəsi birbaşa mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir. Bu faktlar iş üzrə mübahisəsizdir və birinci instansiya məhkəməsi tərəfindən də açıq şəkildə tanınmışdır. Birinci instansiya məhkəməsi torpaq sahəsinin zəbt edilməsi faktını, cavabdehin sahibliyinin qanunsuzluğunu, ekspertiza rəyi ilə müəyyən edilmiş pozuntunu tanımasına baxmayaraq, belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən ağır məsrəflər hesabına inşa edilmiş yaşayış evinin sökülməsi “ədalətsiz” olardı və iddiaçı bu pozuntuya pul kompensasiyası almaqla dözməlidir. Qətnamə onun konstitusion Mülkiyyət hüququnu pozmuşdur. Mülkiyyət hüququnun mahiyyəti inkar edilmiş, hüquq formal reyestr qeydinə endirilmişdir. Məhkəmənin mövqeyinə görə konstitusion hüququndan, habelə mülkiyyətindən məhrum edilməsi ədalətlidir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin kifayət qərarları mövcuddur. Birinci instansiya məhkəməsi qanunsuz olaraq torpaq sahəmin zəbtini, habelə qanunsuz olaraq tikilmiş özbaşına tikilini “Ədalətli” hesab edir. Birinci instansiya məhkəməsi ümumiyyətlə baxmamışdır ki, əkin təyinatlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsin fərdi yaşayış evi tikmək olardımı?! Məhkəmə araşdırması zamanı bütün sübutlar onun xeyrinə olduğu halda sonda bu cür mövqe sərgiləmək, məhkəmə araşdırmasının mahiyyətini belə sıfıra endirşmişdir. İddiaçıya verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunması faktı iş üzrə bütün sübutlar, ekspert rəyləri ilə tam təsdiq olunduğundan bu hal, iddiaçının hazırki iddianı qaldırmaqda həm subyektiv hüququnun mövcud olduğunu təsdiq edir, həm də iddiasında haqlı olduğu üçün onun iddiasının təmin olunması üçün əsas verir. Birinci instansiya məhkəməsi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikilinin belə qanunsuz olduğunu, özbaşına tikili olduğunu gözardı etmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsini Mülki Məcəllənin 172.3cü maddəsi ilə əsaslandırmışdır. Lakin həmin norma yalnız müəyyən hallarda tətbiq edilə bilər və onun məqsədi mülkiyyət hüququnun ləğvi deyil, müəyyən sərhəd pozuntularının balanslaşdırılmasıdır. İlk növbədə müəyyən edilməlidir ki, cavabdeh torpaq sahəsinin mülkiyyətçisidirmi? Cavabı isə işdə olan sübutlarla tam şəkildə təsdiq olunmuşdur ki, cavabdehin mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi olmamışdır. İkinci məsələ sərhədlərin qərəzsiz pozulmasıdır. Lakin hazırki işdə isə cavabdeh tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları qərəzli şəkildə pozulmaqla zəbt edilmişdir. İddiaçı dəfələrlə cavabdehə, habelə bununla bağlı dövlət orqanlarına müraciət etmiş, cavabdeh isə torpağın ona məxsus olduğunu bildirmiş, iddiaçı isə koordinatlarla sübuta yetirmişdir ki, torpaq sahəsi məhz iddiaçının xüsusi mülkiyyətindədir. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfində mülkiyyətə qəsd bügunə kimi davam etməkdədir. Digər bir məsələ isə cavabdeh hüquqmüəyyənedici sənədlərlə iddiaçının sərhəd qonşusudurmu? – Bununda cavabı xeyrdir. Bundan başqa, iddiada yalnız qanunsuz olaraq tikilmiş özbaşına tikili ilə bağlıdırmı yoxsa zəbt edilmiş bütün topaq sahəsi ilə bağlı?! Hazırkı işdə isə: - pozuntu əhəmiyyətsiz deyil, torpaq sahəsinin əsas hissəsini 99 %-ni əhatə edir; - pozuntu müvəqqəti deyil, daimi xarakter daşıyır; söhbət sadəcə sərhəd xəttinin bir neçə santimetr keçilməsindən deyil, yaşayış evinin 147 kv.m hissəsinin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsindən, ən əsası da iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin tam şəkildə zəbt edilməsindən gedir. Belə hallarda 172.3-cü maddənin tətbiqi normanın məqsədinə tam ziddir və onu mülkiyyət hüququnun məhdudlaşdırılması alətinə çevirir. Məhkəmə qətnaməsinin əsaslandığı arqumentlərdən biri iddiaçı tərəfin guya uzun müddət susqun qalması və cavabdehin tikinti işlərinə faktiki etiraz etməməsi barədə qənaətdir. Lakin bu nəticə nə iş materialları ilə, nə də məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla uzlaşır və xüsusilə məhkəmənin özünün qəbul etdiyi ekspert rəyi ilə açıq ziddiyyət təşkil edir. İş üzrə tərtib edilmiş məhkəmə-ekspertiza rəyindən aydın şəkildə görünür ki, cavabdehə məxsus fərdi yaşayış evi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini faktiki olaraq zəbt etmiş, tikinti sərhədləri mülkiyyət sənədlərində müəyyən edilmiş koordinatlardan kənara çıxmışdır. Ekspert rəyi mübahisəli hissənin ölçüsünü, yerləşməsini və torpaq sahələrinin sərhədlərinin pozulmasını konkret texniki göstəricilərlə müəyyən etmiş və bu pozuntunun obyektiv xarakter daşıdığını təsdiq etmişdir. Belə olan halda, məhkəmənin pozuntunun mövcudluğunu qəbul edib, lakin onun hüquqi nəticələrini aradan qaldırmaqdan imtina etməsi, ekspert rəyinin hüquqi əhəmiyyətini formal səviyyəyə endirmək deməkdir. Eyni zamanda, qətnamədə iddiaçı tərəfin susqun qalması barədə irəli sürülən nəticə iş materialları ilə təkzib olunur. Belə ki, qətnamənin özündə də qeyd edildiyi kimi, iddiaçı torpaq sahəsinin zəbt edilməsi faktı ilə bağlı müxtəlif dövrlərdə müvafiq dövlət orqanlarına müraciət etmiş, faktın araşdırılmasını və qanunsuz müdaxilənin qarşısının alınmasını tələb etmişdir. Hətta dəfələrlə cavabdehə və oğluna bu zəbtə son qoymasını tələb etmişdir. Bu hallar iddiaçının hüquqlarına biganə qalmadığını, əksinə, mövcud pozuntunu hüquqi yollarla aradan qaldırmağa çalışdığını göstərir. Beləliklə, bir tərəfdən ekspert rəyi ilə torpaq sahəsinin zəbt edilməsi faktı dəqiq və mübahisəsiz şəkildə təsdiqlənir, digər tərəfdən isə iddiaçının bu pozuntuya dözməsi və ya razılaşması barədə hər hansı hüquqi və ya faktiki əsas mövcud deyil. Məhkəmənin bu halları nəzərə almadan, ekspert rəyinin nəticələrini faktiki olaraq hüquqi nəticəsiz qoyması və iddiaçının müraciətlərini susqunluq kimi qiymətləndirməsi maddi hüquq normalarının səhv tətbiqinin bariz nümunəsidir. Bu yanaşma nəticə etibarilə mülkiyyət hüququnun müdafiəsini təmin etmir, əksinə, ekspertiza ilə sübuta yetirilmiş hüquq pozuntusunu qoruyur və qanunsuz vəziyyətin davam etdirilməsinə hüquqi don geyindirir ki, bu da məhkəmənin vəzifəsinə və ədalət mühakiməsinin məqsədinə ziddir. Digər bir tərəfdən qeyd edilməlidir ki, məhkəmənin əsaslandığı “Ağır məsrəf” arqumenti hüquqi meyar deyil və mülkiyyət hüququndan üstün tutula bilməz. Məhkəmə iddianı rədd edərkən əsas arqument kimi cavabdeh tərəfindən yaşayış evinin “ağır məsrəflər hesabına” inşa edilməsini göstərmişdir. Lakin mülki hüquq sistemində xərcin çoxluğu hüququ qanuniləşdirən meyar deyil. Məhkəmə haradan müəyyən etdi ki, ağır məsrəfə qanunsuz olaraq başqasının mülkiyyətində olan torpaq sahəsində, özbaşına tikili tikmişdir. Əksinə, özgə torpaq sahəsində tikinti aparan şəxs: öz davranışının hüquqi riskini əvvəlcədən bilməli, həmin riskin nəticələrinə dözməlidir. Əgər “çox pul xərclənməsi” hüququ qoruyan meyara çevrilərsə, bu hüququn deyil, maddi gücün üstünlüyü prinsipinin qəbul edilməsi demək olar. Belə yanaşma mülkiyyət hüququnun mahiyyətini tamamilə sarsıdır və hüquqi müəyyənlik prinsipini aradan qaldırır. Yuxarıda sadalanan bütün hallar birlikdə onu göstərir ki, Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi təkcə ayrı-ayrı hüquq normalarının səhv tətbiqi ilə deyil, mülkiyyət hüququna yanaşmanın mahiyyətcə yanlış olması ilə xarakterizə olunur. Məhkəmə mülkiyyət hüququnu real müdafiə mexanizmindən ayırmış, hüququ formal tanımaqla onun faktiki birinci instansiya məhkəməsi torpaq sahəsinin zəbt edilməsi faktını, cavabdehin sahibliyinin qanunsuzluğunu, ekspertiza rəyi ilə müəyyən edilmiş pozuntunu tanımasına baxmayaraq, belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən ağır məsrəflər hesabına inşa edilmiş yaşayış evinin sökülməsi “ədalətsiz” olardı və iddiaçı bu pozuntuya pul kompensasiyası almaqla dözməlidir. Bu azmış kimi məhkəmə nəzərə almamışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin 99%-i cavabdeh tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriya ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Abşeron rayonu, Məmmədi kəndində yerləşən əkin məqsədli kənd təsərrüfatı təyinatlı 0.067 ha torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə ##.##.2013-cü il tarixdə Dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən Torpaq sahsinin plan və ölçüsü tərtib edilmiş, torpaq sahəsinin planı(cizgisi) verilmiş, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əks olunmuşdur. Onun xüsusi mülkiyyətində olan torpaq sahəsi cavabdeh Cavabdeh tərəfindən zəbt edilmişdir. Torpaq sahəsi hasara alınmış və orada qanunsuz tikinti işləri aparılmışdır. Dəfələrlə əlaqə saxlamağa çalışmışdır. Dəfələrlə gedərək bu hərəkətlərə son qoyulmasını tələb etmiş, cavabdeh özü onunla görüşməmiş, torpağın ona məxsus olduğunu bildirmişdir. Ondan bununla bağlı sənəd tələb etdikdə isə heçbir sənəd təqdim etməmişdir. Torpaq sahəsinin dəqiq yerini müəyyən etmək, torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinə müraciət etdmişdir. Şöbənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş və onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi faktı aşkar rəsmi şəkildə aşkar edilmişdir. Bu barədə DT və XK-nin Abşeron Rayon Şöbəsinin ##.##.2014-cü il tarixli ** saylı məktubu ilə ona rəsmi cavab da verilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh xüsusi mülkiyyətimdə olan torpaq sahəmdən çıxmaq əvəzinə əkin məqsədli kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. Məhkəmə iddianı rədd edərkən əsas arqument kimi cavabdeh tərəfindən yaşayış evinin “ağır məsrəflər hesabına” inşa edilməsini göstərmişdir. Lakin mülki hüquq sistemində xərcin çoxluğu hüququ qanuniləşdirən meyar deyil. Əksinə, özgə torpaq sahəsində tikinti aparan şəxs: öz davranışının hüquqi riskini əvvəlcədən bilməli, həmin riskin nəticələrinə dözməlidir. Əgər “çox pul xərclənməsi” hüququ qoruyan meyara çevrilərsə, bu, hüququn deyil, maddi gücün üstünlüyü prinsipinin qəbul edilməsi demək olar. Belə yanaşma mülkiyyət hüququnun mahiyyətini tamamilə sarsıdır və hüquqi müəyyənlik prinsipini aradan qaldırır. Məhkəmə mülkiyyət hüququnu real müdafiə mexanizmindən ayırmış, hüququ formal tanımaqla onun faktiki həyata keçirilməsini mümkünsüz etmişdir. Bu cür yanaşma nə Konstitusiyanın, nə Mülki Məcəllənin, nə də hüquqi dövlət prinsipinin tələblərinə cavab verir və apellyasiya instansiyası tərəfindən aradan qaldırılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Rzazadə İqbal Kamil oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçını adına reyestrdən çıxarış verilib. Reyestr xidməti tərəfindən torpaq sahəsinin plan-ölçü sənədləri verilib. İddiaçı 2014-cü ildə ona məxsus torpaq sahəsinə baxış keçirən zaman zəbt olunduğunu öyrənib. Bununla bağlı qeydiyyat orqanına müraciət edib, komitədən gələn cavab məktubunda bildirilib ki, ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunub. İddiaçı dəfələrlə həmin ünvana getmiş, cavabdeh qapını açmamış, bir dəfə oğlu qapını açmış, torpaq sahəsinə dair rəsmi sənədlərinin olduğunu bildirmişlər. İddiaçı onlardan sənədləri göstərmələrini istəsə də, razılaşmamış, iddiaçıya istədiklərini etmələrini bildirmişlər. Bundan sonra 2020-ci ildə hüquqlarını müdafiə etdiyi şəxs Reyestr xidmətinin müvafiq ərazi idarəsinə müraciət etmiş, müraciətə cavab məktubunu əldə etmişdir. Təmsil etdiyi şəxs 2014-cü ildən indiyə qədər bütün tədbirləri görmüşdür. Birinci instansiya məhkəməsində ekspertiza təyin edilmiş, ekspert rəyində hər iki tərəfə məxsus olan torpaq sahələrinin ölçüsü, hətta yerləri belə göstərilmişdir. Rəydən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehin mülkiyyətində olan torpaq sahəsinin yerləşmə yerinə nəzər saldıqda görünür ki, təmsil etdiyi şəxsə məxsus olan torpaq sahəsindən kənarda yerləşməklə, qonşuluğunda da deyildir. Həmçinin rəydə kənd təsərrüfatı təyinatlı torpaq olduğu bildirilir. Hansı ki, cavabdeh həmin təyinatlı torpaq sahəsində yaşayış evi inşa etdirmişdir. Cavabdehin inşa etdirdiyi özbaşına tikili onun mülkiyyətində olmamış, iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməklə iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı bütün üsul və vasitələrdən istifadə etdikdən sonra nəticənin olmadığını görmüş, məhkəməyə müraciət etmişdir. Birinci istansiya məhkəməsinin qətnaməsində qeyd olunur ki, iddiaçı susqunluq nümayiş etdirmişdir. Halbuki eyni qətnamədə iddiaçının dəfələrlə reyestr xidmətinə müraciətlər etdiyi də göstərilmişdir. Müdafiə etdiyi şəxs mülkiyyətində olan torpaq sahəsini alıb, istifadə etmirsə, bu o demək deyildir ki, o zəbt olunmalıdır. Eyni zamanda, qətnamədə qeyd olunur ki, cavabdehə məxsus tikili ağır məsrəf hesabına inşa etdirilib, hansıki bu ifadəni hüquqi meyar hesab etmir. Hər bir halda iddia tələbinin qanuni və əsaslı olduğunu düşünür. Cavabdeh özü də etiraf edir ki, ona məxsus torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşir.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, təxminən 2016-cı ildə cavabdehin oğluna ona məxsus torpaq sahəsini zəbt etdiklərini bildirmişdir. 2014-cü ildən iddia ərizəsi verilən tarixədək hazırki cavabdehə qarşı iddia qaldırmamağının səbəbi iddiasını Pənahov Nazim adlı şəxsə yönləndirməsi ilə bağlı olmuş, 2014-cü ildə ona qarşı iddia qaldırmış, məhkəmə iclaslarında iştirak etmiş, sonda ərizə baxılmamış saxlanılıb. Bundan sonra həmin şəxsə qarşı 2019-ci ildə yenidən iddia qaldırmış, məhkəmə həmin şəxsə məxsus torpaq sahəsi ilə onun torpaq sahəsinin qonşu olmadığını müəyyən etmişdir. Bundan sonra əsl cavabdehin məhz Cavabdeh olduğunu öyrənmişdir. 2021-ci ildə Cavabdeh qarşı iddia qaldırmış, artıq 4 ildir ki, məhkəmə prosesləri davam edir. 2014-cü ildə gedib yarımçıq tikilinin olduğunu görmüş, qapını döymüş, açan olmayıb, ustaları görüb onlara bildirmişdir ki, tikinti işləri aparan şəxsə bildirin ki, bura onun torpaq sahəsidir. Torpaq sahəsini 2013-cü ildə almışdır. Hazırda istifadəsində olan heç bir torpaq sahəsi yoxdur. Ev tikərkən cavabdehi görməmişdir. Evi tikdirən şəxsin Cavabdeh olduğunu sonradan öyrənmişdir. Həmin ərazidə bundan qabaq başqa iki nəfərlə birgə 3 ha torpaq sahəsi olub, özləri üçün biraz saxlayıb, qalan torpaq sahəsini başqa şəxsə satmışlar. Özünə təxminən 07 sota yaxın torpaq sahəsi saxlamışdı. Torpaq sahəsini satmazdan öncə reyestr xidmətinə müraciəti olub, ölçülərlə bağlı heç bir problem yaşanmayıb, razılıq verilib, sonradan reyestr xidmətinə müraciət edəndə ona məxsus torpaq sahəsinin zəbt olunduğu bildirilib. Apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul etməyinizi xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, torpaq sahəsini 2008-ci ildə almış, sərəncamı var. Yaşayış evini 2010-2018-ci illər ərzində yavaş-yavaş tikdirmişdir. Torpaq sahəsinin yerləşdiyi yeri torpağı ona satan şəxs göstərib. Dostu Teyyubla torpaq sahəsi almış, hasar çəkmiş, torpaq sahəsinin yarısı onda, qalanı isə dostunda olmuşdur. Bundan sonra ev tikdirməyə başlamışdır. Teyyub torpaq sahəsini satmaq istədiyini bildirdikdə, ondan torpaq sahəsini ona verməyini xahiş etmiş, pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Hazırki məhkəmə mübahisəsindən sonra yenicə öyrənmişdir ki, mülkiyyətində olan torpaq sahəsi başqa yerdə yerləşir, İlkin adlı şəxsin istifadəsindədir, orada ev tikdirib yaşayır. O da onun kimi aldanıb, ona qarşı iddia qaldıra bilməz. Aldığı torpaq sahəsinin yerləşim yerini müraciətinə əsasən reyestr xidmətinin təqdim etdiyi koordinatlara əsasən müəyyənləşdirmişdir. Həmin ərazidə sürüşmə olmuş, hər kəs bir-birinin torpaq sahəsinə daxil olmuşdur. Ona məxsus torpaq sahəsini İlkin adlı şəxs zəbt edib, həm iddiaçının, həm də onun İlkinlə danışıqları olub. İlkinin torpaq sahəsini də başqa şəxs istifadə edir. İddiaçı ona ilk dəfə 2020-ci ildə müraciət edib. Torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bilsə idi, həmin yerdə ev tikdirməzdi. Buna görə də apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.
İşdə olan sübutlar
13. RX Seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən ümumi sahəsi 0.067593 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində ##.##.2013-cü il tarixdə ************ reyestr, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Onun adına ##.##.2013-cü il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.
14. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2014-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində ************ reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0,067593 ha torpaq sahəsi ölçülmüş, ölçü zamanı torpaq sahəsinin kənar şəxs tərəfindən zəbt edildiyi bildirilmişdir.
15. DƏDRX-in * saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2020-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən ************ reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0,067593 ha torpaq sahəsi başqa şəxslər tərəfindən mişar daşla hasara alınmış və fərdi yaşayış evləri inşa edildiyi üçün döngə nöqtələrinin koordinatlarının təyin etmək mümkün olmadığı bildirilmişdir.
16. MH Seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində ##.##.2008-ci il tarixdə 308013017170 reyestr, 1608011324 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Onun adına ##.##.2008-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.
17. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən ümumi sahəsi 0.05 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində ##.##.2021-ci il tarixdə ************ reyestr, 1621021071 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Onun adına ##.##.2021-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.
18. Abşeron RİHB-nın ##.##.2010-cu il tarixli Sərəncamından görünür ki, Cavabdeh DƏDRX-nin MH seriyalı, № ******* saylı çıxarışı ilə Məmmədli kəndi ərazisində ona məxsus 0,05 ha torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır.
19. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞnin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Məmmədli ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadast məlumatı bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.
20. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ##.##.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmış, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,067593 ha torpaq sahəsinin 0,0634 ha hissəsinin cavabdeh Cavabdeh faktiki istifadəsində olan 0,1179 ha torpaq sahəsinin daxilində yerləşdiyi (plan və ölçü sənədlərindəki koordinatlara əsasən), cavabdeh Cavabdeh xüsusi mülkiyyətində olan ##.##.2021-ci il tarixdə 1621021071 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,05 ha torpaq sahəsinin, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən 6 metr kənarda yerləşdiyi (plan və ölçü sənədlərindəki koordinatlara əsasən), İddiaçı xüsusi mülkiyyətində olan 0,067593 ha torpaq sahəsi ilə Cavabdeh xüsusi mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin plan və ölçü sənədlərindəki koordinatlara əsasən üst-üstə düşmədiyi, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin 147 kv.m hissəsinin İddiaçı xüsusi mülkiyyətində olan 0,067593 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir (plan və ölçü sənədlərindəki koordinatlara əsasən).
21. Abşeron Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qərardadından görünür ki, iddiaçı İddiaçı və Ələkbərov Musa israyıl oğlu cavabdeh X3 qarşı torpaq sahəsinin zəbtinə son qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavadbehə qarşı ayrı-ayrı ioddiaçılar tərəfindən ayrı-ayrı torpaq sahələrinə dair iddia ərizələri birləşdirildiyindən mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmışdır.
22. İşə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsinin zəbtinə son qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmədiyinə görə iddia ərizəsi geri qaytarılmışdır.
23. İşə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsindəki tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və zəbt edilmiş torpaq sahəsinin mülkiyyətçinin qanuni sahibliyinə qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, sonradan ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyası
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur;
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
26. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respbulikası Prezidentinin ## #### 2016-cı il tarixli, *** saylı Fərmanı
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki:
2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.
27. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
28. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. İddiaçı cavabdehin ona məxsus torpaq sahəsini zəbt etdiyini və üzərində yaşayış evi və başqa tikililər inşa etdiyini iddia edərək, həmin tikililərin sökülməsi və torpaq sahəsinin onun sahibliyinə geri qaytarılmasını tələb etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərə məxsus torpaq sahələrinin koordinatlarına müvafiq olaraq mübahisəli ərazinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsinin müəyyən edilməsi üçün müvafiq mütəxəssis və ekspertiza təyin edilmişdir. Lakin, DƏDKR publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli məktubu ilə mütəxəssis rəyinin verilməsindən imtina edilmiş və imtinada qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli, *** nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Məmmədli ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumatı bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı rəyi ilə iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan 0,067 ha torpaq sahəsinin 0,0634 ha hissəsinin cavabdeh Cavabdeh faktiki istifadəsində olan 0,1179 ha torpaq sahəsinin daxilində yerləşdiyi, cavabdeh Cavabdeh xüsusi mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən 6 metr kənarda yerləşdiyi (plan və ölçü sənədlərindəki koordinatlara əsasən), o cümlədən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin 147 kv.m hissəsinin İddiaçı xüsusi mülkiyyətində olan 0,067593 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan prosessual qanunvericiliyə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunmaqla, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrının tərtibi və aparılmasını, ünvan reyestrini, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini aparan müvafiq dövlət orqanı, Abşeron rayonu, o cümlədən Məmmədli kəndi ərazisində torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqların mövcud olduğunu, buna görə də Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri aparıldığını, elektron kadastr məlumatı bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra mövcud olan uyğunsuzluqların aradan qaldırılmasının təmin ediləcəyini və ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacağını bildirməklə mütəxəssis rəyinin verilməsindən imtina etmişdir. DƏDKR publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli imtina məktubunda qeyd edilən halların mövcudluğu halında ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsi də mümkünsüz hesab olunur. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdehin mülkiyyətində hər biri 0,05 ha olmaqla, ************ və *********** reyestr nömrəli qonşu torpaq sahələri olsa da iş üzrə ekspertiza yalnız ************ reyestr nömrəli torpaq sahəsinin koordinatları üzrə həyata keçirilmiş, *********** reyestr nömrəli torpaq sahəsinə münasibətdə isə ekspert qarşısında sual qoyulmamış və rəy alınmamışdır. DƏDKR publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli imtina məktubunda qeyd edilən halların mövcudluğu isə *********** reyestr nömrəli torpaq sahəsinə münasibətdə müvafiq araşdırma aparılmasının zərurərini aradan qaldırmışdır.
32. Torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqlar yalnız hazırkı tərəflərə aid olmamaqla, ölkə ərazisində bir sıra torpaq istifadəçilərinə də aid olan məsələ olmuşdur ki, bununla əlaqədar olaraq da “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respbulikası Prezidentinin ## #### 2016-cı il tarixli, *** saylı Fərmanına əsasən qeyd edilən uyğunsuzluqların mərhələlərlə tənzimlənməsi nəzərdə tutulmişdir. Belə ki, qeyd edilən Fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmış, lakin hazıkrı vaxtadək iş üzrə mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə qeyd edilən işlər başa çatdırılmamışdır. Buna görə də cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsini birmənalı olaraq qəbul etmək mümkün deyildir. Odur ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respbulikası Prezidentinin ## #### 2016-cı il tarixli, *** saylı Fərmanına uyğun olaraq, tərəflərin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra iddiaçı cavabdeh tərəfindən ona məxsus torpaq sahəsini zəbt etdiyini iddia etdiyi halda məhkəməyə müraciət edə bilər.
33. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin iddianı rədd etməsinə dair əsaslandırması ilə də razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçıya 2014-cü il tarixdən etibarən müvafiq orqan tərəfindən torpaq sahəsinin başqa şəxslər tərəfindən istifadə edildiyi bildirilsə də iddiaçı torpaq sahəsinin harada yerləşməsini dəqiq müəyyən edə bilməməklə, hazırkı cavabdehdən daha əvvəl digər şəxslərə qarşı da iddialar qaldırırılmışdır. Hərçənd ki, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatından da göründüyü kimi o, daha əvvəl 3 ha torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini hissə-hissə satmaqla, özünə təxminən 0,07 ha torpaq sahəsini saxladığını bildirmişdir. Qeyd edilən hallar isə mübahisəli ərazidə torpaq istifadəçilərinin, o cümlədən tərəflərin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar olmasını bir daha təsdiq etmişdir. Belə olduğu təqdirdə isə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respbulikası Prezidentinin ## #### 2016-cı il tarixli, *** saylı Fərmanına uyğun olaraq, müvafiq orqan tərəfindən mövcud olan uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra iddiaçı cavabdehin onun torpaq sahəsini zəbt etdiyini iddia etdiyi halda da cavabdeh tərəfindən çəkilmiş xərclərin ödənilməsi öhdəliyini daşımaq və ya müvafiq razılığa əsasən kompensasiya almaq hüququ yaranacaqdır.
34. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.