Məhkəmə qərarları › İş №2(105)-531/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-531/2025

15.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-531/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X19 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Nümayəndə3, Azərbaycan Respublikasının Qida X2-X14 nümayəndələri X11 və X13 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikasının Qida X2-X18) qarşı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(012)-790/2024 nömrəli qətnaməsindən İddiaçı verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə görə cavabdehin saxladığı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, seriya A № 667273 saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Abşeron rayonu, Daş Qüzdək qəsəbəsindəki torpaq sahəsi iddiaçının tam mülkiyyətindədir. Təyinatı - yaşayış sahəsidir. Çəpər qonşusu Cavabdeh1 məxsus sahədə ferma saxlanılır. Ferma saxlamağın nəticəsində həyətdə oturmaq belə mümkün deyil, iy,qoxu, həşəratlar, birələr var. Bu barədə 2022-ci il may ayında Abşeron Polis İdarəsinə müraciət etmişdir. Yoxlama aparıldı və nəticədə qonşusu söz verdi ki, sentyabr ayına qədər fermasını boşaldacaq və dağ tərəfdə onlara məxsus fermaya heyvanları aparacaq. Bir müddət sakitçilik idi, yalnz toyuqları qalmışdı. 2023-cü il may ayında yenə də heyvanları topladı və ferma yenidən fəaliyyətə başladı. Onun narazılığına isə bildirmişdir ki, haraya şikəyət edirsən, et. O, 2023-cü il iyul ayında AR yanında X12-Xızı regional agentliyinə müraciət etmişdir. Agentlik bildirmişdir ki, Nümayəndə2 sahəsində ferma saxlayır, lakin fermanın işinə xitam vermək onların səlahiyyətlərində deyil. Bu işə hüquq -mühafizə orqanları baxır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-H-l 112-8/2023 saylı məktubunda onun müraciəti ilə bağlı bildirmişdir ki, Nümayəndə2 tərəfindən xüsusi mülkiyyətində olan yaşayış məntəqəsi təyinatlı 0,10 hektar torpaq sahəsində heyvandarlıqla məşqul olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 39.1-ci maddəsində göstərilir ki, hər kəsin sağlam mühitdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.1 maddəsində göstərilir ki, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxs üç yüz manat məbləğində cərimə edilir. (torpağın təyinatı yaşayış, ferma saxlamaq təyinata uyğun deyil, ferma yalnız qeyri-yaşayış təyinatlı sahəsinə aiddir). AR Torpaq Məcəlləsinin 9.2. maddəsində qöstərilir ki, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu, su fondu, ehtiyyat fondu torpaqları. Azərbaycan Respublikasının torpaq Məcəlləsinin 4.3-cü maddəsində göstərilir ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatı, torpaq sahəsində onun hüquqi forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni əhətə edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10.1-ci maddəsində göstərilir ki, torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasina uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativhüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir( torpaq sahələrinin məqsədli təyinatı - yaşayış sahəsidir ). AR Torpaq Məcəlləsinin 81-ci maddəsində göstırilir ki, torpaq istifadəçilərin və icarəçilərin hüquqları aşağıdakılardır: torpaqdan təyinatı üzrə istifadə etmək. AR Torpaq Məcəlləsinin 82-ci maddəsində göstərilir ki, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyi borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək. AR Şəhərsalma və tikinti Məcəlləsinin 57.2.2-ci maddəsinə əsasən tikinti obyekti sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı,sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir. Odur ki, Cavabdeh1 ona məxsus torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə görə onun saxladığı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, torpaq sahəsinin ikinci mülkiyyətçisi Cavabdeh2 cavabdeh kimi hazırki mülki işə cəlb edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(012)-790/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəmsinin 2(012)-790/2024 saylı 27 sentyabr 2024 ci il tarixli qətnaməsini tam ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərin hüquqlarının müdafiə edilməsini əsas götürmüşdür. Nəticədə isə iddiaçının qanunvericiliklə ona verilmiş hüquqları tamamilə nəzərə alınmamışdır. Belə ki, iddia tələbi - cavabdehlərin torpaqdan təyinatı ilə istifadə olunmaması və qanunsuz fermanın sökülməsidir. Məhkəmənin ilk iclası noyabr-2023-cü il tarixə təyin edilmiş, cavabdehin məhkəməyə ilk gəlişi mart ayında olmuşdur. Fevral ayından ərazi intensiv şəkildə təmizlənmişdir. Məhkəmə tərəfindən iddiaçının Konstitusiyanın 39-cu maddəsinin 1-ci hissəsində və 60-cı maddəsinin 1-ci hissəsində təsbit olunmuş sağlam mühitdə yaşamağının və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı, 9.2-ci, 10.1-ci, 81-ci, 83.1-ci, 48.4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1ci, 180.3-cü, Azərbaycan Respublikası Şəhərsalma və tikinti Məcəlləsininin 23.1-ci, 23.2ci, 23.2-ci, 15-ci tətbiq edilməli halda tətbiq edilməmişdir. Məhkəmənin qətnaməsində göstərilir ki, AR X5 X4 nümayəndəsi izahatında bildirmişdir ki, fermada sanitariya-gigiyena normalarına əməl olmuşdur. AQTA-nın nümayəndəsi cavabdehlərin sahibkarlıq obyektinin nə səbəbdən AQTA-da qeydiyyata alınmaması ilə maraqlanmamışlar. Halbuki, bu onların səlahiyyələrinə birbaşa aiddir. Məhkəmənin qətnaməsində AQTA-nın Kollegiyasının 19 saylı qərarına istinad edərək göstərmişdir ki, yalnız heyvan və quş kəsimi məntəqələri yaşayış sahəsindən 300 metr aralıqda yerləşməlidir. Odur ki, AQTA-nın hər hansı heyvandarlıq fəaliyyətinə xitam verməyə səlahiyyəti yoxdur. Qətnamədə tövlələrin cavabdehlərin xüsusi mülkiyyətində olan yaşayış torpağında tikilməsi əsas götürülərək cavabdehlərin heyvandarlıqla məşğul olmaları qanuna uyğun hesab edilmişdir. Məhkəmə nəzərə almır ki, 30 sot torpaqda 3 torpaq mülkiyyətçisi indiyə qədər torpaqları təyinatına uyğun istifadə etmir və torpaqlarda fermalar qurmaqla, heyvandarlıqla məşğul olmaqla onlar yalnız öz ailələrinin tələbatını təmin etmir. Cavabdehlər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Cavabdehlər heyvandarlıqla məşğul olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiqlənmiş Heyvanların saxlanması, yetirişdirilməsi və istifadə olunması Qaydalarının normalarını da pozurlar. Belə ki, Qaydaların 2.1 bəndində göstərilir ki, heyvanların saxlanması, yetişdirilməsi və istifadəsi ilə məşğul olan iri heyvandarlıq təsərrüfatına və vətəndaşlara mənsub heyvan saxlanan binalar yeraltı suların yaxın olmadığı yerlərdə tikilməli, onların ətrafı yaşıllaşmalıdır. Fermaların ətrafı iddiaçının torpaq sahəsidir. Qaydaların 2.14 bəndində göstərilir ki, heyvanların saxlanması, yetişdirilməsi və istifadə edilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslər onları həddindən artıq ekspluatasiya etməməli, ətraf mühitin çirklənməsinə yol verməməli, əldə edilən peyin kütləsi müvafiq qaydada biotermik zərərləşdirilməlidir. Küçələrin ətrafı peyinlə doludur. Peyin küçəyə boşaldılır. Məhkəmə bunu baxış zamanı görüb. Cavabdehlər həmin Qaydaların əksər normalarına riayət etmilər. Cavabdehlər qanunsuz torpaq sahələrinin kateqoriyalarını dəyişdiriblər və bununla da Torpaq Məcəlləsinin 9.3-cü, Nazirlər Kabinetinin 20 yanvar 2017-ci iltarixli 10 saylı Qərarı ilə təsdiq olunmuş torpaqların kateqoriyaya aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin tələblərini pozmuşlar. Qətnamədə göstərilir ki, cavabdehlərin iddiaçıya qonşu olaraq hər hansı bir təqsiri sübuta yetirmədiyindən məhkəmə hesab edir ki, iddia əsassızdır. Məhkəmə mart ayı 2024-cü ildən 27 sentyabr 2024-cü ilədək yalnız qonşu ətrafda qoxu sübuta yetirilməsini məqsəd qoymuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, Mülki Məcəllənin, Şəhərsalma və Tikinti Məcəlləsinin, Nazirlər Kabinetinin Qərarlarını nəzərə almaq məqsədi yox idi. Hal-hazırda ətrafda iy də var, qoxu da var. Məhkəmənin qətnaməsinə əsasən iddiaçının sağlam mühitdə yaşamaq hüququ cavabdehlərin istəyindən asılı edilir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümyəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, orada artıq fermanın fəaliyyət göstərməsini istəmir, öz ailəsinin tələbatını təmin etmək üçün ailə bir, uzağı iki baş inək saxlaya bilər, lakin orada ferma işlətmək onun hüquqlarını pozur. İndi inəklərin səsi gəlmir, bəlkə bir-iki baş inək var, amma əvvəllər çox heyvan saxlayırdılar. İlk dəfə polis şöbəsinin nümayəndələri ilə birlikdə ora gedəndə cavabdeh qırx baş inək, iki baş qoyun olduğunu, yolun digər tərəfində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onların başqa fermalarının da olduğunu və bunları da oraya aparacaqlarını bildirmişdir. Bir müddət sonra yenə buraya gətirmişlər. Bir sözlə, təsərrüfat yenə də fəaliyyət göstərir. Ferma iddiaçının torpaq sahəsinin hasarına bitişikdir. Onun torpaq sahəsinin ölçüsü 5 sot, cavabdehlərdə isə 30 sotdur. Cavabdeh2 cavabdehin bacısıdır, hər biri 10 sot olmaqla biri cavabdehin qızının, biri cavabdehin bacısının, biri isə özünündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Nümayəndə3 izahatında bildirdi ki, işə Abşeron Rayon Məhkəməsində baxılarkən də bildirmişdir ki, artıq X10 yarandığından həmin səlahiyyətlər onlardan alınaraq X6 verilmişdir. Ona görə hazırda bu işlə bağlı mübahisənin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qida X2-X14 nümayəndəsi X11 izahatında bildirdi ki, baytarlıq şöbəsinin əməkdaşları tərəfindən yerli baxışda iştirakı təmin edilmiş, həmin ərazidə hər hansı narahatlıq törədən nə isə aşkar olunmamışdır. Yalnız beş baş mal aşkar olundu ki, həmin mal-qaranın sənədləri var. Yəni vaxtında dezinfeksiya işləri aparılıb. Eyni zamanda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin əraziyə baxış keçirilməsi ilə bağlı X6 sorğu daxil olmuş, sorğuya əsasən baytarlıq sektorunun müdüri Əlizadə Sadiq və həmin sektorun böyük məsləhətçisi Nümayəndə4 oraya baxış keçirmişlər. Baxış zamanı cavabdeh müntəzəm olaraq orada dezinfeksiya işinin aparılması ilə bağlı əməkdaşlara sənəd təqdim etmişdir. Eyni zamanda iddiaçı tərəf 40 baş iribuynuzlu, 200 baş xırdabuynuzlu heyvan saxlanıldığını bildirmişdir, amma orada bunlar aşkar olunmamışdır. Əməkdaşlar gedəndə orada 2 baş iribuynuzlu mal-qara saxlanıldığı aşkar olunmuşdur. X3raq vətəndaşın fermasının sökülməsi, orada mal-qara saxlamaması barədə göstəriş və ya əmr vermək səlahiyyətləri yoxdur. Dezinfeksiya işlərinə Agentliyin baytarlıq sektoru baxır, amma ərtaf mühitin çirkləndirilməsi ilə bağlı məsələlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri daxilindədir. İribuynuzlu mal-qaranın yaşayış sahəsində saxlanılması ilə bağlı onlarda tənzimləyici normativ akt yoxdur. Sadəcə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 39 saylı qərarı var, orada da iribuynuzlu mal-qaradan söhbət getmir, it, pişik, ev heyvanlarının saxlanılması ilə bağlı normalar öz əksini tapmışdır. Hazırki mübahisənin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qida X2-X14 nümayəndəsi X15 izahatında bildirdi ki, iddiaçı ilə birlikdə təsərrüfata baxış keçirmişdir, təsərrüfatda 3 baş iribuynuzlu heyvan, 40 baş hind toyuğu, 30 baş toyuq-cücə, 60 baş göyərçin və bir baş da it var idi. Eyni zamanda təsərrüfatda tövlələrin içinə baxan zaman cavabdehdə aldığı məlumata görə 11 baş xırdabuynuzlu heyvan da hal-hazırda təsərrüfatda deyil, yataqdadır. Hər biri 10 sot torpaq sahəsi olmaqla 20 sot xırda ailə təsərrüfatıdır. Təsərrüfatla Cavabdeh1 və iki oğlu məşğul olur, Cavabdeh2 öz torpaq sahəsini qardaşına vermişdir. Göyərçinləri tam saya bilmədiklərindən, cavabdehdən dəqiq məlumat götürmüşlər. Cavabdehdən nə üçün bu qədər göyərçinləri saxladığını sorşduqda oğlunun buna marağı olduğunu bildirmişdir. Hind toyuqları və toyuq-cücələrini isə şəxsi istifadə üçün saxlayır, həm suyundan, həm də ətindən istifadə edirlər. Təsərrüfatda olan heyvanlar Abşeron Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən qeydiyyatdadır, müntəzəm olaraq vaksinlər olunur və ayda bir dəfə dezinfeksiya tədbirləri aparılır. Bu məlumatı Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq İdarəsindən öyrənmişdir. Dezinfeksiya tədbirlərinin aparılması barədə aktı cavabdeh onlara təqdim etmişdir. Təsərrüfat Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşir. Aktda səhvən təsərrüfatın Qobuda yerləşdiyi qeyd olunmuşdur. Ailə təsərrüfatı olduğu üçün Qida Təhlükəsizliyi haqqında Qanuna əsasən onu qeydiyata ala bilmirlər. İndiyədək heyvanlar birkalanmamışdır, amma bu ayın sonuna kimi cavabdeh identifikasiya tədbirlərini aparacaq, bu barədə məcburi göstərik vermişlər. Qanunvericilikdə ferma anlayışı yoxdur, heyvanların təsərrüfatı anlayışı var. Nəzarət tədbirlərini artırmaq və cavabdehin satışla məşğul olduğunu öyrənmək üçün qıraq yerlərdən də maraqlanmışlar, heyvanların südü şəxsi istehlak üçün olduğunu öyrənmişlər. Şəxsi istehlak olan zaman labarotatoriya və müayinə şəxs tərəfindən aparılır, amma satış üçün olduqda Agentliyin icazəsi ilə olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında qeyd olunmuşdur ki, şəhər və ya qəsəbətipli hündür mərtəbəli binalarda bir evdə yalnız bir baş it və iki baş pişik saxlanıla bilər. Tam olaraq qanunvericilikdə açıq yerdə fermanın saxlanılmasının qadağan olunması barədə norma yoxdur. Ailə təsərrüfatı olduğu üçün məhkəmənin sorğusu və vətəndaşın müraciəti olmadığı təqdirdə o sahəyə agentliyin işçiləri girə bilmir. Çünki ilkin istehsal sahəsi də deyil, təsərrüfat fərdi yaşayış evinin həyətində olduğundan qeydiyyata da ala bilmirlər.Qeyd olunanlara əsasən apellyasiya şikayətinin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Güzdək qəsəbəsi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Güzdək qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2015-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Güzdək qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, müraciətdə qeyd olunan məsələ Xidmətin Abşeron ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılan zaman vətəndaş Cavabdeh1 tərəfindən xüsusi mülkiyyətində olan yaşayış məntəqəsi təyinatlı 0,10 hektar həyətyanı məqsədli torpaq sahəsində heyvandarlıqla məşğul olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Qida X2-X18 tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Agentliyin X4 əməkdaşları tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsi, köhnə ANS telekanalının yaxınlığında, iddiaçının qonşuluğunda yerləşən fermanın fiziki şəxs Cavabdeh1 məxsus olduğu müəyyən edilmişdir və təsərrüfata baxış keçirilmişdir. Baxış zamanı fiziki şəxs Cavabdeh1 məxsus həyətyanı təsərrüfatında 2 (iki) baş iribuynuzlu heyvan, 15 (on beş) baş xırdabuynuzlu heyvan və 50 (əlli) baş toyuq, 6 (altı) baş ördək, 6 (altı) baş hinduşkanın və 70 (yetmiş) baş göyərçin saxlanıldığı, sanitargigiyena və zoogigiyena qaydalarına əməl olunduğu, təsərrüfatda qoxunun ətraf əraziyə yayılmadığı müşahidə edilmişdir. Fiziki şəxs Cavabdeh1 zoogigyena və sanitariya qaydalarına riayət etmək üçün tərəfimizdən icrası məcburi göstərişlər verilmişdir. Həmçinin Azərbaycan Respublikası X10 X7 tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Qida X2-X14 Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun əməkdaşları tərəfindən 2(105)-531/2025 saylı iş üzrə mübahisə predmeti ilə bağlı baxış keçirilmişdir.Qeyd edilmişdir ki, baxış zamanı şikayətçi İddiaçı iştirakı regional bölmə tərəfindən təmin edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə 3 baş iribuynuzlu heyvan, 35 ədəd toyuq, 40 ədəd hindquşu, 60 ədəd göyərçin və 1 ədəd it saxlanılmaqdadır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Qida X2-X18 tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli cavab məktubundan göründüyü kimi Cavabdeh1 məxsus həyətyanı təsərrüfatında sanitar-gigiyena və zoogigiyena qaydalarına əməl olunduğu, təsərrüfatda qoxunun ətraf əraziyə yayılmadığı müşahidə edilməsi göstərilmişdir. Eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə5 izahatında bildirmişdir ki, idarədə iy və qoxunun araşdırılması üçün xüsusi avadanlıqlar vardır. Bu qurğular sulfat, kükürd kimi qazları müəyyən edir. Onu da qeyd edir ki, mal-qara və heyvanların ifrazatının qoxusunu müəyyənləşdirən avadanlıq Ekologiya və Təbii Sərvətlər Nazirliyində mövcud deyildir. Əyani olaraq qoxunu hiss etmək mümkün olsa da, hansı dərəcədə olduğunu nizamlayan norma yoxdur. Bundan əlavə məhkəmə yerli baxış keçirmiş, cavabdehlərə məxsus tövlədə mal-qara və hər hansı iy-qoxu yaradacaq tullantılar aşkar edilməmişdir. Göründüyü kimi qonşu olaraq cavabdehlər tərəfindən iddiaçıya təsir edən ağır qoxuların olması və qanunsuz təsirlər müəyyən edilməsi mümkün olmamışdır. Tövlələr cavabdehin xüsusi mülkiyyətində olan yaşayış torpağında tikilmişdir. Hər bir şəxsin öz yaşayış torpağında şəxsi istehlakı üçün mal-qara saxlamaq hüquq vardır. Hər hansı bir qanunvericilik mülkiyyətçiyə bunu qadağan etmir. Cavabdehlərin iddiaçıya qonşu olaraq hər hansı bir təsiri sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.1 -ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Hazırki tələbin qanuni əsasını Mülki Məcəllənin 170.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında üçüncü şəxsin nümayəndəsi X15 tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli məktub, üçüncü şəxsin nümayəndəsi tərəfindən mübahisə predmetinə baxış keçirilən zaman çəkilmiş video görüntüləri əks etdirən fləşkart və dezinfeksiya işlərinin aparılması haqqında aktlar təqdim edilmişdir. Fleşkartla müəyyən olunmuşdur ki, mübahisəli ərazidə iddiaçının qeyd etdiyi kimi, heyvanların saxlandığı ferma aşkarlanmış, heyvan səsləri eşidilmişdir. Dezinfeksiya işlərinin aparılması haqqında aktlarla bağlı kollegiya qeyd edir ki, həmin aktların təqdim edilməsi iddianın əsaslılığını şübhə altına almır. Belə ki, iş materiallarında istinad olunan çıxarışlarla müəyyən olunur ki, iddiaçı və cavabdehlərə məxsus torpaq sahələri yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələridir. "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin № 38-li qərarının 4.4.5-ci bəndinə əsasən şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması qadağandır. Bununla yanaşı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əhalinin sağlamlığının təhlükəsizliyi baxımından cavabdeh tərəfindən saxlanılan heyvanların qanunvericiliyə müvafiq olaraq identikləşdirilməsi aparılmamışdır. Belə ki, Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması” Qaydalarının 1.2-ci maddəsinə əsasən heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması məcburidir. Bununla belə, kollegiya iddianı qismən əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 0.10 ha torpaq sahəsi cavabdehlərdən Cavabdeh2 mülkiyyətində olsa da, həmin torpaq sahəsində Cavabdeh2 deyil, yalnız Cavabdeh1 qanunsuz olaraq iri və xırdabuynuzlu ev heyvanlaının saxlanması ilə məşğul olur. Bu səbəbdən iddia Cavabdeh2 aid hissədə əsassız olduğundan təmin edilməməlidir.Eyni zamand məhkəmə kollegiyası qeyd edir ki, ferma tikilişi xüsusi mülkiyyətdə olan torpaq sahəsində olduğundan, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ cavabdehin qanunsuz mal-qaranın saxlanması ilə əlaqədar pozulduğundan, iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddianın qismən əsaslılığı ilə bağlı sübutları məhkəməyə təqdim etmiş, sübutetmə vəzifəsini icra etmişdir. Cavabdehlər isə iddianın əsassızlığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(012)-790/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən xx.xx.2021-ci il tarixdə qeydə alınmış daşınmaz əmlakın reyestr nömrəsi **********55 olan 0,05 ha torpaq sahəsinə qonşu olan tikilidə Cavabdeh1 tərəfindən iri və xırda buynuzlu ev heyvanlarının saxlanılması qadağan edilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar