Məhkəmə qərarları › İş №2(008)-275/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-275/2025

13.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-275/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı1, İddiaçı3 iştirakları ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin təmin edilməsini və ünvan 1 ünvanında yerləşən əmlakın naturada paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq (keçmiş Kuybışev) küçəsində yerləşən 7 nömrəli ev ümumi paylı mülkiyyət kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 1/4 hissəsi İddiaçı1, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 3/16 hissəsi İddiaçı2, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 1/4 hissəsi İddiaçı3, 1/4 hissəsi (açıq qalaraq) mərhum X5 və 1/16 hissəsi isə (açıq qalaraq) X2 məxsusdur. Cavabdeh, İddiaçı1 və İddiaçı2 mərhum qardaşı, X4 həyat yoldaşı olmuşdur. İddiaçı3 isə mərhum X4 qardaşı oğludur. Cavabdehlə bir yerdə yaşamaq mümkün olmadığından iddiaçıların faktiki istifadəsindəki evin iddiaçılara düşən hissəsinin naturada paylara uyğun bölünməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Digər iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq küçəsində yerləşən 7 nömrəli ev ümumi paylı mülkiyyət kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 1/4 hissəsi İddiaçı1, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 3/16 hissəsi İddiaçı2, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 1/4 hissəsi İddiaçı3, 1/4 hissəsi (açıq qalaraq) mərhum X5 və 1/16 hissəsi isə (açıq qalaraq) X2 məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə X7 Şəhadətnamədən görünür ki, xx.xx.1987-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçı2 - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 186.30 kv/m olan fərdi yaşayış evinin mərhuma məxsus 3/4 hissədə pay almışdır. Qalan ¼ hissə mərhumun adında açıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə X7 Şəhadətnamədən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 186.30 kv/m olan fərdi yaşayış evinin mərhuma məxsus1/4 hissədə pay almışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhəkəmə Ekspertiza Mərkəzinin 10/7192 nömrəli 04 aprel 2025-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin və fərdi yaşayış evlərinin faktiki yerləşmə vəziyyətini nəzərə almaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq (keçmiş Kuybışev) küçəsində yerləşən 7 saylı evin texniki pasportunda qeyd olunan “A” və “B” tikililərinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışda göstərilən paylara uyğun olaraq təcrid mənzillər şəklində bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-ci maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müdəallarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qərardadında aşağıdakılar göstərilmişdir: Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər. Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Göründüyü kimi, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. İddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İşdən göründüyü kimi mübahisəli torpaq sahəsi ümumi paylı mülkiyyətdədir. ünvan 1 ünvanında yerləşən əmlakın naturada paylara uyğun bölünməsi tələbi üzrə: İddia tələbini təmin etməyən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhəkəmə Ekspertiza Mərkəzinin 10/7192 nömrəli 04 aprel 2025-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq (keçmiş Kuybışev) küçəsində yerləşən 7 saylı evin texniki pasportunda qeyd olunan “A” və “B” tikililərinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışda göstərilən paylara uyğun olaraq təcrid mənzillər şəklində bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığından, həmin evin naturada ayrılmasının mümkün olmaması müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, payın naturada ayrılması mümkün olmadığından, məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. Lakin iddiaçılar payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyindən, məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan əmlakın naturada bölünməsi” barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan əmlakın naturada bölünməsi” barədə iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar