Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2990/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində göstərildiyi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində göstərildiyi barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağladığı xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi, məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha girmişlər. Birgə nikahdan xx.xx.2009cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X9 anadan olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. O, nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbi barədə mediasiya təşkilatına müraciət etmişdir. Maraqlı şəxs mediasiya sessiyasında iştirak etmiş və aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Həmin sazişin şərtinə görə, maraqlı şəxs sazişin bağlandığı gündən ödəməklə, birgə nikahdan doğulmuş uşaqların saxlanmasından ötrü hər ay hər bir uşağa 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimenti ona ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin maraqlı şəxs sazişin şərtinə əməl etməyərək alimenti ödəmir. Göstərilənlərə əsasən, ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul etməyərək izahatında bildirdi ki, onlar xx.xx.2024-cü il tarixdən boşansalar da, faktiki olaraq bir yerdə yaşamışlar. İddiaçı heç vaxt işləməmişdir, 15 ildir ki, ailəyə yalnız o baxır, ailənin ehtiyaclarını qarşılayır. Barışıq sazişini könüllü formada bağlasa da, ərizəçi ilə barışmaq üçün cəmi 660 manat aliment ödəyəcəyi barədə öhdəlik götürşümdür. O, qeyd olunanlara əsasən, ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər, aralarında Kürdəmir RİHB-nın Xırdapay kəndi üzrə nümayəndəliyində bağlanmış xx.xx.2008-ci il tarixli, 23 nömrəli nikahın pozulması üçün məhkəməyə müraciət etmələri barəsində razılığa gəlirlər. İİ tərəf Maraqlı şəxs birgə nikahdan doğulan xx.xx.2009-cu il təvəllüdlü övladı X8, xx.xx.2011-ci il təvəllüdlü övladı X6 və xx.xx.2014-cü il təvəllüdlü övladı X4 İ tərəf Ərizəçi yanında (himayəsində) qalmasına etiraz etmir, razıdır. İİ tərəf Maraqlı şəxs birgə nikahdan doğulan xx.xx.2009-cu il təvəllüdlü övladı X8, xx.xx.2011-ci il təvəllüdlü övladı X6 və xx.xx.2014-cü il təvəllüdlü övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür. Alimentin hesablanması saziş imzalandığı tarixindən hesablanacaq. İ tərəf Ərizəçi İl tərəf Maraqlı şəxs uşaqlarla istənilən vaxt görüşməsinə şərait yaradacağını öhdəsinə götürür. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından X8 xx.xx.2009-cu ildə, X6 xx.xx.2011-ci ildə və X10 xx.xx.2014cü ildə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-529/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 23 nömrəli akt qeydi ilə xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3-cü maddəsinə görə, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 75.1-ci və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Beləliklə, işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü şəkildə icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti saziş bağlandığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, ərizəçi aliment tələbi ilə bağlı mediatora müraciət etmiş və mediasiya prosesi nəticəsində barışıq sazişi xx.xx.2023-cü il tarixdə bağlanılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti hazırkı ərizənin məhkəməyə verildiyi vaxtdan deyil, xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X10 anaları Ərizəçi himayəsində saxlansınlar.
2. xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun.
3. Ərizəçi Maraqlı şəxs uşaqlarla istənilən vaxt görüşməsinə şərait yaratsın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Həqiqət Mahmudova