Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3106/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X4, vəkili X3, cavabdehin nümayəndəsi və vəkili X7, 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları 16.08.2010-cu il təvəllüdlü X10 və 06.03.2013-cü il təvəllüdlü X11 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, 62 saylı binanın qarşısında yerləşən 10 sot torpaq sahəsi üzərində cavabdehlə birgə nikah dövründə özbaşına tikdiyi və hazırda Cavabdeh istifadəsində olan bir mərtəbəli, beş otaqlı fərdi yaşayış evinə köçürülməklə həmin evdən istifadə hüququnun edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10.11.2009-cu ildə el adəti ilə ailə qurub toy etməklə cavabdehin valideyinlərinə məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 62, mənzil 3-ə gəlin köçmüşdür. Cavabdehlə nikahları rəsmi qaydada qeydiyyata alınmışdır. Nikahlarından 16.08.2010-cu il təvəllüdlü Rasim adlı oğlu və 06.03.2013-cü il təvəllüdlü Ləman adlı qızı dünyaya gəlmişdir. Yaşadığı Maştağa qəsəbəsi, Subtropik sovxozu, 62 saylı binanın qarşısındakı 10 sot torpaq sahəsində birgə nikaha daxil olandan sonra, birgə vəsait hesabına 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış sahəsi tikib, həmin evə cehizlərini də daşımaqla, 2013-cü ildən həmin fərdi yaşayış evində cavabdeh və uşaqla birlikdə yaşamışdır. Həmin yaşayış sahəsini cavabdehin məvacibi (cavabdeh AR Gömrük Komitəsinin Azərterminalkompleks Birliyində işləyir) və atasının maddi köməkliyi hesabına tikib başa çatdırsalar da, bu günədək həmin torpaq sahəsi və üzərində inşa olunmuş yaşayış sahəsi rəsmi olaraq dövlət orqanlarında qeydiyyata alınmamış və cavabdehin, yaxud da digər hər hansı şəxsin həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmamışdır. Hal-hazırda cehiz əşyaları da həmin evdə qalmaqdadır. Lakin, cavabdehlə ailə münasibətləri dözülməz hala çatdığından və bu səbəbdən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edildiyindən cavabdeh onu evdən qovmuş və evə girməsinə, evdən istifadə etməsinə imkan verməmişdir. O, 2020-ci ilin dekabr ayının əvvəllərindən məcburiyyət qarşısında qalaraq iki uşağı ilə birlikdə valideyinlərinin yaşadığı Maştağa qəsəbəsi, Subtorpik sovxozu, 51 saylı evə müvəqqəti sığınmışdır. Onu da bildirir ki, o valideyinlərinə məxsus yaşayış sahəsinə qeydiyyatda olsa da, birgə nikahdan olan uşaqları faktiki mübahisəli yaşayış sahəsinə qeydiyyatdadırlar. O, birgə nikah dövründə birgə vəsait hesabına tikib başa çatdırdığı mübahisəli evə köçüb yaşamaq istədiyini dəfələrlə bildirsə də, cavabdeh buna razı olmamış və maneçilik törətmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, izahatında bildirdi ki, mübahisəli evi birgə nikah dövründə tikiblər və o ev iddiaçının yeganə yaşayış yeridir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili X8 və iddiaçının nümayəndəsi X9 iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X13 iddia tələbini qəbul etmədiklərini, iddiaçının iddiada göstərilən hallara dair sübut təqdim edə bilmədiyini və iddiaçının evə dair heç bir hüququnun olmadığını bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs qismində cəlb edilmiş X5 izahatında bildirdi ki, torpaq sahəsi ona məxsusdur, 2009-cu ildən etibarən tərəflər onunla yaşamışlar, 2019-cu ildə isə o, fərdi yaşayış evi tikdirib oğlunu və gəlinini oraya köçürtmüşdür. Odur ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan 27.04.1990-cı il tarixli Azərbaycan SSSR Abşeron rayon İcraiyyə Komitəsinin qərarından çıxarışın surətindən görünür ki, Maştağa qəsəbəsi, Subtropik sovxozun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin aytılması haqqında qərarına əsasən X2 0,07 ha torpaq sahəsinin ayrılması və həmin həyətyanı sahədə 60 kv.m ölçüyə kimi yaşayış evinin tikilməsinə icazə verilməsi qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.10.2019-cu il tarixli **********67 saylı məktububdan görünür ki, X2 torpaq sahəsinin yerini və sərhədlərini müəyyənləşdirməyə imkan verən yerləşmə sxemini təqdim etməklə Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edəcəyi təqdirdə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılacağı bildirilmişdir. - Azərsu ASC-nin, Azərişiq ASC-nin və Azəriqaz İB-nin hesab fakturalarından görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda yerləşən fərdi yaşayış evi üzrə sayğaclar Tağıyev Mərdanın adına qeydə alınmışdır. - Azərbaycan Respublikası Abşeron rayonu, “Subtropik” kənd təsərrüfatı istehsalı müəssisəsi tərəfindən verilmiş 29.08.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Maştağa qəsəbəsi, Subtropik sovxozda yaşayır. Ailə tərkibi X11, X6 ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nikah 2009cu ildə qeydiyyata alınmışdır. Evləndikdən sonra cavabdehin atasına məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 62, mənzil 3-ə gəlin köçsə də, 2019-cu ildə qeyd olunan ünvanın qarşısında yerləşən torpaq sahəsində tikilən fərdi yaşayış evinə koçmüşdür. Birgə nikahdan iki övladları var. İddiaçının köçürülməsini tələb etdiyi Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, statusuna görə özbaşına tikilidir. Tərəflər, yəni iddiaçı və keçmiş həyat yoldaşı nikaha girdikdən sonra həmin ev tikilmiş və evlilik boyu onlar hər ikisi orada yaşamışlar. Hazırda isə iddiaçı öz valideynləri ilə birlikdə yaşayır. İddiaçı cavabdehlərin maneə törətdiyinə görə ora daxil ola bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin və atası Tağıyev Mərdanın ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur və iddiaçı mübahisəli evə köçürülməlidir. Belə ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. İddiaçı həmin evdən yaşamaq hüququ olduğu üçün o mübahisəli evə köçürülməlidir. Belə ki, cavabdehin sözügedən özbaşına tikiliyə hansı hüququ varsa, İddiaçı da eyni əsaslarla orada yaşamaq hüququ var. Belə ki, İddiaçı da yaşayış yeri məhz həmin evdir. Beləliklə də iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının azyaşlı uşaqları da onunla birlikdə mübahisəli evə köçürülməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2- ci maddəsinin 3-cü bəndinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Yəni, ev özbaşına tikili olduğu üçün həmin evə istifadə hüququ yarana bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə iddia tələbinin iddiaçının sözügedən mənzilə istifadə hüqunun tanınması tələbinə dair hissəsində əsasız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 119, 216-220ci, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı övladları 16.08.2010-cu il təvəllüdlü X10 və 06.03.2013-cü il təvəllüdlü X11 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxoz, 62 saylı binanın qarşısında yerləşən 10 sot torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3106/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3106/2021
02.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver