Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3430/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil İddiaçının nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “mülkiyyət hüququnun tanınması, yaradılmış maneələrin aradan qaldırılması və özbaşına tikililərin sökülməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “mülkiyyət hüququnun tanınması, yaradılmış maneələrin aradan qaldırılması və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli texniki pasporta əsasən, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi ünvanında yerləşən 56 nömrəli fərdi yaşayış evi və ümumi istifadədə olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınması, texniki pasportda göstərilən fərdi yaşayış evlərinə və onların yerləşdiyi ümumi istifadədə olan torpaq sahəsinə giriş üçün nəzərdə tutulan ümumi həyətyanı sahədən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı yaradılmış maneələrin aradan qaldırılması, həmin sahə üzərində qanunsuz tikilən tikililərin, 56 nömrəli tərdi yaşayış evi ilə 54 nömrəli fırdi yaşayış evi arasındakı bitişik divarla bağlı texniki paportda nəzərdə tutulan ölçüləri nəzərə almadan, tikinti norma və qaydalarının tələblərinə riayət olunmadan edilmiş əlavə və artımların, ara məsafəsi saxlamadan inşa edilmiş dam örtüyünün Cavabdeh2 tərəfindən öz hesabına sökülməsi, digər Cavabdeh1 tərəfindən iddiaçının evinə hava axınını kəsməklə tikinti norma və qaydalarına riayət olunmadan, iddiaçının razılığını almadan etdiyi artım və əlavələrin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixində Bakı şəhəri 4 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.2000-ci tarixində vəfat etmiş babası X3 qalmış miras əmlaka (ünvan 1) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X4 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından mövcud qanunvericiliyin tələbinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında təlimat’ın 7-ci hissəsinin tələblərinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə qeydiyyat orqanı arayış verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bu baxımdan 4 saylı notariat ofisinin notariusu Nizami Tağıyev tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid texniki pasportun və dövlət reyestrdən çıxarışın verilməsi ilə bağlı ərizəsinin icrası mümkün olmamışdır. Belə ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli texniki pasporta əsasən Balaxanı qəsəbəsi, Bolşevik (indiki Dirçəliş) küçəsi ünvanında yerləşən 52, 54, 56 nömrəli fərdi yaşayış evləri və onların yerləşdiyi 634.70 m2 torpaq sahəsi X4, X11 və X5 ümumi paylı mülkiyyətində olduğundan yuxarıda qeyd olunan fərdi yaşayış evlərinə 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına tam şərait yaradılmamış və digər payçıların razılıq ərizələri əlavə edilməmişdir.Bundan əlavə cavabdehlərlə yuxarıda qeyd olunan miras əmlakın istifadəsi ilə bağlı mübahisələr mövcuddur və bu səbəbdən digər payçılar olan cavabdehlər razılıq ərizələrini verməmişlər. Belə ki, 1963-cü ildə verilmiş texniki pasportda göstərilən fərdi yaşayış evlərinə və onların yerləşdiyi ümumi istifadədə olan torpaq sahəsinə giriş üçün nəzərdə tutulan ümumi həyətyanı sahə Cavabdeh2 tərəfindən zəbt edilmiş və həmin sahədə tikinti norma və qaydalarına riayət olunmadan qanunsuz tikililər inşa edilmişdir. Nəticədə ümumi həyətə və fərdi yaşayış evlərinə giriş üçün nəzərdə tutulan ümumi istifadədə olan sahədən iddiaçı istifadə edə bilmir və onun mülkiyyət hüquqları pozulmuşdur.Eyni zamanda Cavabdeh2 tərəfindən iddiaçıya məxsus 56 nömrəli fərdi yaşayış evi ilə 54 nömrəli fərdi yaşayış evi arasındakı bitişik divarla bağlı texniki pasportda nəzərdə tutulan ölçüləri nəzərə almadan tikinti norma və qaydalarına riayət olunmadan, onun razılığı alınmadan artımlar və əlavələr etmiş, eyni zamanda ara məsafəsi saxlamadan dam örtüyü inşa etdirmişdir. Bu isə onun dam örtüyü inşa etdirməyimə əngəl yaradır, yağıntı zamanı evi su basır və eyni zamanda yanğın təhlükəsizliyi tələblərini pozur.Digər Cavabdeh1 isə iddiaçıdan yaşadığı 52 nömrəli fərdi yaşayış sahəsinə giriş üçün ona yol verilməsini tələb edir. Halbuki Cavabdeh1 fərdi yaşayış evinə giriş üçün kifayət qədər əlavə sahəyə malikdir. Eyni zamanda iddiaçının evinə hava axınını kəsməklə tikinti norma və qaydalarına riayət olunmadan, iddiaçının razılığını almadan artımlar və əlavələr etmişdir.Nəticədə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş (nümayəndəsinin iştirakını təmin etməmişdir) gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı vərəsəlik əsasında texniki pasportda babasının adına olan mənzili adına keçirmək istəyir. Babası 2000-ci ildə rəhmətə getmiş və həmin vaxt iddiaçı babasına məxsus olan sahədə yaşamayıb. Vərəsəliyi qəbul eməmiş və babasının hazırda 2 qızı 1950-ci il təvəllüdlü X21 və 1956-cı i təvəllüdlü X1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbəli vərəsələrdir. İddiaçı ikinci növbəli vərəsədir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 52,54,56 saylı fərdi yaşayış evləri X4, X11 və X5 adlarına qeydiyyata alınmışdır. Sabunçu rayon VVADQ şöbəsi tərəfinən verilmiş AZ 035406 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan SSR Lenin rayonu Balaxanı qəsəbəsi üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş İV-ЖГ 268261 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. 4 saylı Notariat ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı 1 saylı Ərazi İdarəsinə ünvanladığı məktubdan görünür ki, İddiaçı babası X3 qalmış miras əmlaka (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi) ölən X4 hüquqlarının qeydiyyata alınmadığı üçün vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Bu səbəbədən miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1963-cü il tarixdə texniki pasporta əsasən X10, X17 və X8 verilmişdir. İddiaçı X4 nəvəsidir. Mübahisəli evin sahiblərinin hüquqları dövlət reyestrində qeydiyyata alınmamış, bu səbəbdən də miras əmlak vərəsələr arasında bölünməmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, 4 saylı Notariat ofisinə babasından qalan əmlakın qəbul edilməsi üçün müraciət edilmiş, lakin o, imtina cavabı almışdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasında qanuni istifadədə olan torpaq sahələrinin mülkiyyətə verilməsinin əsasları «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikasının xx xxxx 1996-cı il tarixli, 155-İQ nömrəli Qanununu ilə müəyyən edilmişdir. Həmin Qanununun 9 və 10-cu maddələrinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair şəhadətnamə verilir. Torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır (maddə 67.1.). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir (maddə 67.3.). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (maddə 67.4.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məhkəmə ilkin olaraq iddia tələbinin “iddiaçının mülkiyyət hüququnun tanınması” hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı mübahisəli evə dair mülkiyyət hüqununun tanınmasını xahiş etdiyi ev vaxtilə onun babasının və digər şəxslərin sahibliyinə verilsə də, sonradan həmin şəxslər tərəfindən dövlət qeydiyyatına alınmalı idi. Mübahisəli ev yalnız qeydiyyata alındığı təqdirdə babasının vəfatından sonra onun vərəsələri arasında bölünə bilərdi. İddiaçı ona vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariusa müraciət etsə də, qeyd olunan evə dair onun babasının hüquqlarının dövlət qeydiyyatına alınmaması səbəbilə ona şəhadətnamə verilməsindən imtina olunmuşdur. Göründüyü kimi hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasına əsas verən hər hansısa bir hal müəyyən olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırda mübahisəli evə dair mülkiyyət hüququnun olmaması onun mülkiyyət hüququndan irəli gələn tələblərinin təmin olunmamasına əsas verir. Belə ki, “maneələrin aradan qaldırılması” və “tikilinin sökülməsi” kimi tələblər mülkiyyət hüququndan irəli gələn tələblər sırasına aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “mülkiyyət hüququnun tanınması, yaradılmış maneələrin aradan qaldırılması və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3430/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3430/2020
23.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver