Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-277/2025 15.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi ünvanda mülkiyyət hüququ əsasında “GİLAN-TN" MMC-nə məxsus 4.50 ha torpaq sahəsində cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən mülkiyyətdə olan ərazi zəbt edilərək özbaşına qanunsuz tikinti işləri aparılmışdır. Bir müddət bundan öncə cavabdehlərə bildirilən iradlarla bağlı onlar iddiaçı barəsində Abşeron Rayon Prokurorluğuna əsassız şikayətlər edərək, guya onlara məxsus torpaqdan çıxmaları üçün hədə-qorxu gəlib, qanunsuz tələblər irəli sürdüklərini bildirmişlər. Həmin araşdırmaların nəticəsində şikayətin əsassız olması məlum olmuşdur. Cavabdehlərə dəfələrlə tərəflərindən torpaq sahəsində qanunsuz tikililərin sökülməsi barədə xəbərdarlıq edilmiş, həmin ərazinin mülkiyyət hüququ üzrə İddiaçı MMC-nə məxsus olması barədə bildirilsə də, buna məhəl qoyulmamış, söküntü işləri aparılmamışdır. Nəticədə İddiaçı MMC-nə məxsus torpaq sahəsinin bir hissəsi zəbt edilərək tikinti işləri aparılmışdır. Hal-hazırda həmin ərazidən qanunsuz istifadə edilərək AR Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüquqları kobud şəkildə pozulmaqdadır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırki mülki iş üzrə ekpertiza təyin edilməsi nəticəsində xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, İddiaçı MMC-nə sənəd üzrə mülkiyyətinə verilmiş texniki pasportda göstərilən cizgilər daxilində yerləşən S=4.5 ha torpaq sahəsinin yerində olduğu, üst-üstə düşdüyü və arxiv olan S=4.5 ha torpaq sənədlərinə istinadən iddiaçının mülkiyyətində sahəsində cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən St.a=261.0kv.m tikili inşa edildiyi və S=0.3163 ha torpaq sahəsi istifadə edilməkdə olduğunu, bundan əlavə iddiaçının göstərdiyi, başqa məcburi köçkün UBL ailələri tərəfindən istifadə edilən S=0.6007 ha torpaq sahələrinin də olduğu müəyyən olunmuşdur. Qeyd etmişdir ki, iddia tam əsaslı və qanunidir, odur ki, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və mülki iş üzrə iddianın təmin edilməsini, iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin öz vəsaiti hesabına sökülməsini və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı MMC-nin vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, çıxarış uzun müddətdir ki, alınmışdır. Cavabdehlərlə aralarında 1 ildən artıqdır ki, hazırki mübahisə var. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdirlər. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -X2 (satıcı) və İddiaçı MMC (alıcı) arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi ünvanda yerləşən və mülkiyyətində olan ümumi ölçüsü 4.5 ha torpaq sahəsində yerləşən 390.5 m2 ümumi, 269.3 m2 əsas, 121.2 m2 köməkçi sahədən ibarət əmlak kompleksi və torpağı alıcıya verməyi, alıcı isə bunun müqabilində 165000 manat ödəməyi öz öhdəsinə götürür. -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH ******* saylı çıxarışdan müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi ünvanda yerləşən ümumi ölçüsü 4.5 ha olan torpaq sahəsində yerləşən 390.5 m2 ümumi, 269.3 m2 əsas, 121.2 m2 köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə, ********** qeydiyyat, **********06-12301 reyestr nömrəsi ilə 1 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2009-cu il tarixdə İddiaçı MMCnin adına texniki pasport əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1247 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin müvafiq mütəxəssiz izrəyinə əsasən xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, İddiaçı MMC-nə sənəd üzrə mülkiyyətinə verilmiş texniki pasportda göstərilən cizgilər daxilində yerləşən S=4.5 ha torpaq sahəsi yerindədir, üst-üstə düşür. Həmçinin arxiv olan S=4.5 ha torpaq sənədlərinə istinadən İddiaçı MMC-nin mülkiyyətinin sahəsində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən St.a=261 m2 tikili inşa edilmiş və S=0.3163 ha torpaq sahəsi istifadə edilməkdədir. Bundan əlavə iddiaçının göstərdiyi başqa məcburi köçkün ailələri tərəfindən istifadə edilən S=0.6007 ha torpaq sahəsi də var. Məhkəmə tərəfindən işin araşdırılan hallarından, iş materiallarından iddiaçının mülkiyyətində olan torpaq sahəsinin onun sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmçinin 0.3163 ha hissəsinin cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur, mütəxəssis və ekspertiza rəylərinə əsasən təsdiqini tapmışdır. İddiaçıya məxsus hüquq müəyyənedici sənədlər hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində onun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi İddiaçı MMC-nin adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlərin mübahisəli torpaq sahəsinə (zəbt edilmiş hissəyə) dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onların bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı MMC-nə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi ünvanda yerləşən və mülkiyyətində olan ümumi ölçüsü 4.5 ha torpaq sahəsində yerləşən 390.5 m2 ümumi, 269.3 m2 əsas, 121.2 m2 köməkçi sahədən ibarət əmlak kompleksi və torpağında inşa olunmuş qanunsuz tikililər onların hesabına sökülməli və həmin ölçüdə torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bundan əlavə Mülki Prosessual Məcəllənin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə **********88 saylı qəbz əsasında dövlət büdcəsinə 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün 95 manat pul ödəmiş, eyni zamanda ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu əvəzi, 95 manat mütəxəssis tədqiqatının dəyəri müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçının xeyrinə, həmçinin ekspert tədqiqatının dəyəri kimi 100 manat pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi ünvanda yerləşən torpaq sahəsində inşa olunmuş qanunsuz tikililər cavabdehlərin hesabına sökülsün və həmin ölçüdə torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin. Mütəxəssis tədqiqatının dəyəri olan 95 manat pul vəsaiti və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı MMC-nə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-277/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-277/2025
15.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver