Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-169/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçının Maraqlı şəxs3, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi, maddi zərər, əldən çıxmış fayda, hüquqi yardım xərci və dövlət rüsumunun tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi, maddi zərər, əldən çıxmış fayda, hüquqi yardım xərci və dövlət rüsumunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri Nəsimi rayonu Sabit Rəhman küçəsi, 223, 225, (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın qarşısında yerləşən özbaşına tikilmiş konstruksiyanın sökülməsi; Cavabdeh ona vurulmuş maddi zərər, əldən çıxmış faydaya, habelə hüquqi yardım və mübahisənin həlli ilə bağlı müraciətlərin edilməsinə görə 130.100 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, 223, 225, (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın qarşısında yerləşən özbaşına tikilmiş metal-şüşə konstruksiyanın tam şəkildə cavabdehin hesabına sökülməsi; cavabdehdən ona vurulmuş maddi zərər qismində 141.100 manat, hüquqi yardımın göstərilməsi üçün 1.000 manat və konstruksiyanın sökülməsi ilə bağlı müraciətlərlə əlaqədar 100 manat, əmlakın icarə haqqının qiymətləndirilməsi üçün 500 manat, iddia ərizəsi üzrə ilkin ödənilmiş dövlət rüsumu kimi 435 manat (ilkin tələb üzrə rüsum) və hazırki tələbin həcminin artırılması ilə əlaqədar olaraq ödənilmiş 123 manat rüsum, cəmi 143.258 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Maraqlı şəxs3 MTK, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 941-ci məhəllədə yerləşən, Maraqlı şəxs3 MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın 1-ci mərtəbəsində 111,4 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin qeyri-yaşayış sahəsinin alt hissəsində yerləşən zirzəmiyə obyektin qarşısından, səkinin üzərində layihədən kənar, qanunsuz giriş qapısı açılıb, girişin üstündə dövlət qurumlarından müfaviq icazə alınmadan iddiaçıya məxsus obyektin pəncərəsinə bitişik, birinci mərtəbə səviyyəsində metal və şüşə konstruksiyadan ibarət əlavə tikili inşa edilib. Nəticədə piyada yolu zəbt olunub, obyektin pəncərələrinə zərər vurulub, həm də ümumi görünüşü pozub, həmçinin binanın qaz xəttinin ümumi kranı (ventil) həmin tikilinin içində qapalı vəziyyətdə qalıb. Halbuki ümumiyyətlə, qeyd olunan binanın təsdiq olunmuş baş planında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin altında hər hansı zirzəmi nəzərdə tutulmayıb. Qeyd edilən konstruksiya Cavabdeh məxsusdur. Konstruksiyanın yerləşdirilməsi zamanı iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin pəncərələrinə zərər vurulub, alüminium ramalarla birləşdirilib. Yerləşdirilmiş konstruksiya iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə düşən günəş işığının qarşısını alır, habelə, qeyri-yaşayış sahəsinin tam qarşısında yerləşdirilməsi sahənin kommersiya cazibədarlığını aşağı salır, həmin sahənin cari bazar qiymətlərinə uyğun olaraq icarəyə verilməsinə mane olur. Hazırda qeyri-yaşayış sahəsi bazar qiymətindən dəfələrlə çox aşağı qiymətə icarəyə verilmişdir. Bu isə iddiaçının maliyyə vəziyyətinə ciddi şəkildə təsir göstərir, cavabdehlər qarşısında kompensasiya hüququ yaranır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 07 avqust 2023-cü il tarixli icarə müqaviləsindən də aydın olur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin icarə haqqı kimi aylıq 600 manat müəyyən olunmuşdur. Lakin faktiki olaraq qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə, əlverişli mövqeyinə və ölçüsünə və bu kimi əhəmiyyətli digər hallara görə aylıq icarə haqqı 3.250 manat (2023-cü ilədək) olmalıdır. Müvafiq konstruksiyanın qeyri-yaşayış sahəsinin qarşısında yerləşdirilərək sahənin istifadəsinə hər baxımdan mane olması onun icarəyə götürən şəxslərə daha ucuz məbləğə icarəyə verilməsinə səbəb olur. İddia ərizəsinə əlavə olunmuş daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, 223, 225, (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın xx.xx.2023-cü il tarixinə bazar dəyəri 780.000 manat təşkil edir. Arayışdan da aydın olur ki, qeyd edilən əmlakın dəyəri yüksək olduğu üçün buna mütənasib olaraq onun icarə haqqı da yüksək olmalıdır və bu mülkiyyətçinin ən əsas hüquqlarından biridir ki, əmlakı bazar dəyərinə uyğun üçüncü şəxslərin iradəsindən azad şəkildə icarəyə verərək gəlir əldə etsin. Aylıq icarə haqqının müəyyən edilməsi zamanı qeyri-yaşayış sahəsinin bazar dəyərinin minimum 5%, maksimum 10% hissəsi hesablanır. İddiaçıya məxsus əmlakın dəyəri 780.000 manat müəyyən edildiyi üçün qiymətləndirmənin aparıldığı tarixdən (xx.xx.2023-cü ildən) 07 avqust 2023-cü ilədək minimum 5%-dən hesablandıqda aylıq icarə haqqı (iddiaçının maraqları nəzərə alınmaqla) 3.250 manat, 2023-cü ilin avqust ayından etibarən isə 3.700 manat müəyyən edilmişdir. İddiaçı ilə icarəçilər arasında 11 mart və 18 may 2023-cü il tarixlərdə icarə müqavilələri bağlansa da, icarəçilər ilk ayın ödənişini etməklə, konstruksiyanın söküləcəyi təqdirdə növbəti aylarda ödəniş edəcəklərini şərtləşdirmişlər. Lakin konstruksiya iddiaçının çoxsaylı müraciətlərinə baxmayaraq sökülmədiyi üçün iddiaçıya ümumilikdə (300 (aprel ayı üçün ödənilməmiş məbləğ) + 3.000 (iyul ayı üçün ödənilməmiş icarə haqqı) 3.300 manat maddi zərər vurulmuşdur. Əlavə olaraq, bildirirlər ki, 2020-ci ildə qeyri-yaşayış sahəsi köçürmə müqavilələrinə əsasən təhvil verildikdən sonra həmin binada yerləşən digər qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri onlara məxsus daşınmaz əmlakları icarəyə verə bilsə də, iddiaçı yaranmış problemlə bağlı icarəyə vermək üçün müştəri tapa bilməmiş, 2023-cü ilədək qeyri-yaşayış sahəsi üzərindən gəlir əldə edə bilməmişdir. Bazar qiymətlərini nəzərə almaqla, 2020-ci il üçün orta aylıq məbləğ kimi hər ay üçün 2.500 manat; 2021-ci ildən 2023-cü ilin aprel ayınadək 2.800 manat olmaqla: 2020-ci ilin iyul ayından hesablanmaqla 2020-ci il üçün 15.000 manat; 2021-ci il üçün 33.600 manat; 2022-ci il üçün 33.600 manat; 2023-cü il üçün: Yanvar-mart ayları 2.800 manat olmaqla, cəmi 11.400 manat; Aprel-iyul ayları 3.250 manat olmaqla, cəmi 13.000 manat; Avqust 2023-cü ildən-yanvar 2024-cü ilədək 3.100 manat olmaqla (3.700-600), cəmi 18.600 manat və maddi zərər qismində ərizənin 11-ci bəndində qeyd olunmuş 3.300 manat məbləğ, cəmi isə 128.500 manat məbləğində iddiaçının əldən çıxmış faydası və maddi zərəri var və qeyd edilən məbləğ; habelə, hüquqi yardımın göstərilməsi üçün 1.000 manat və konstruksiyanın sökülməsi ilə bağlı müraciətlərlə əlaqədar 100 manat, əmlakın icarə haqqının qiymətləndirilməsi üçün 500 manat, cəmi 130.100 manat cavabdehlərdən tutulmalıdır. Ərizəyə əlavə edilmiş icarə müqavilələrində nəzərdə tutulmuş məbləğlərlə obyektin tutduğu mövqeyə, ölçüsünə, şəraitinə görə hazırki bazar qiymətini müqayisə etdikdə aydın olur ki, qeyri-yaşayış sahəsinin qarşısında olan konstruksiya onun bazar qiymətinə uyğun məbləğdə icarəyə verilməsinin qarşısını alır. İddiaçıya məxsus əmlaka dair xx.xx.2024-cü il tarixdə qiymətləndirmə aparılmışdır. Qiymətləndirməyə əsasən, əmlakın icarə bazar dəyəri bir aya münasibətdə 3.008 manat müəyyən olunmuşdur. Hesab edirlər ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, 223, 225, (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın qarşısında qanunsuz quraşdırılmış, özbaşına tikili olan konstruksiya sökülməli, qanunsuz tikilmiş konstruksiya nəticəsində yuxarıda qeyd edilən səbəblərə görə iddiaçıya vurulmuş kompensasiya məbləği kimi ümumilikdə 130.100 manat tutulmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və öz izahatında bildirdi ki, faktiki olaraq təqdim etdikləri sübutlar bir-birini tamamlayır və ardıcıl olaraq cavabdeh əlavə ekspertiza, araşdırma aparılmasını təşkil etmək istəyib. Düzdür, məhkəmələr obyektiv araşdırmanı təmin etmək səlahiyyətindədir, eyni zamanda araşdırmanın predmetə uyğun gəlib-gəlməməsi də vacib məsələdir. Mülki işin süründürməçiliyə aparılması ilə bağlı məhkəməyə müraciət etmişlər ki, cavabdeh tərəfin bu hərəkətləri nəzərə alınsın. İddia ərizəsindən əlavə verilmiş ərizələrin təmin edilməsi, tam həcmdə vurulmuş zərərin əvəzinin ödənilməsi, eyni zamanda cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin mülki qanunvericiliyə əsasən tam şəkildə ödənilməsi xahiş olunur. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və öz izahatında bildirdi ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi, 2021-ci ildə bina tikilib. MTK da bunu təsdiqləyir, istismar aktı həmin il verilib. 2021-2022-ci illərdə iddiaçıya ziyan vurula bilməz, 2021-ci ildə istismara verildikdən sonra obyekt təmir olunmamışdır və təmir işləri 2023-cü ilin fevralında başlayıb. Bunu MTK-nın 18 aprel 2024-cü il tarixli məktubu sübut edir. Əlavə olaraq MTK-nın 15 iyun 2025-ci il tarixli arayışından görünür ki, iddiaçının obyektində elektrik sayğacı 2023-cü ilin fevralın 6-sı, mart ayının 9-u isə qaz quraşdırılıb. Bu da onu göstərir ki, bu tarixə qədər işıq və su təchizatı olmayıb. Belə olan halda isə heç bir sahibkar işıq və su olmayan obyekti 2021-2023-cü illərdə təmir olunmadan götürüb işlədə bilməzdi. Bu da o deməkdir ki, şəxsin iddia ərizəsində yazılan rəqəmlər məhkəməni aldatmağa və cavabdehin hesabına əsassız varlanma məqsədi güdmüşdür. Qiymətləndirmə aparan şirkətlər vasitəsilə Bakının istənilən ərazisi üzrə müxtəlif icarə qiymətləri çıxarmaq olar. Digər məsələ isə odur ki, çıxarışda obyektin sahəsi 111,4 m2 göstərilsə də, faktiki olaraq 126,5 m2-dir. 11 mart 2023-cü il tarixli icarə müqaviləsində iddiaçının obyektinin sahəsinin nəyin hesabına artırılıb, o qeyd olunub. Öz obyektinin hesabına sahəsi artırılıb. 2019 və 2020-ci illərdə pilləkən üzərində tikili üçün təşəbbüs qaldırdılar ki, obyektin qarşısında 2-ci qapını açsınlar. Beş il keçdikdən sonra iddia irəli sürmək qərarına gəldilər. Əvvəlcədən planlı şəkildə saxta sənədlər toplayıb, bu dələduzluğun bir formasıdır və onun vaxtını alaraq, ona əsassız böhtan atdığı üçün qarşı tərəfin cərimə edilməsini xahiş etmişdir. Həmçinin qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2017-ci il tarixli müqavilədən (köçürülmə) görünür ki, Maraqlı şəxs3 MTK ilə Cavabdeh arasında köçürülmə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1, 1.2, 1.3 və 1.4cü bəndlərinə əsasən: - «Kooperativ» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına əsasən «Bakı şəhəri, Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə...» Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun 941 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və ətraf mühit üçün harmoniyası pozulmuş beş mərtəbəli 31 mənzilli yaşayış evinin söküntüsünü, eləcə də həmin ərazidə yeni hündür mərtəbəli yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda «Mülkiyyətçi»nin söküntüsü nəzərdə tutulan mülkiyyətində 77.6 m2-dən ibarət, qeyriyaşayış sahəsinin Dövlət Reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 %-dən az olmamaq şərti ilə əlavə etməklə, tikiləcək binanın zirzəmisində, çıxış hissəsi Səməd Vurğun küçəsinə olan ümumi tikinti sahəsi 130 m2-dən ibarət, təmirsiz qeyri yaşayış sahəsini «Mülkiyyətçi»nin sərəncamına verməyi öhdəsinə götürür; - Bu Müqavilə Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin 25 sentyabr 2017-ci il tarixli 248 saylı sərəncamına və İcra Hakimiyyəti ilə MTK arasında bağlanmış 09 oktyabr 2017-ci il tarixli müqaviləyə uyğun olaraq Tərəflər arasında rəsmiləşdirilmişdir; - S.Vurğun küçəsi 941 ünvanındakı ümumi sahəsi 77,6 m2 olan qeyri-yaşayış sahəsi ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş Seriya RX - ******* reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh mülkyyətindədir; - «Mülkiyyətçi» söküntüsü nəzərdə tutulan qeyri-yaşayış sahəsinin Müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində təhvil-təslim aktı əsasında qeyriyaşayış sahəsini «Kooperativ»ə təhvil verir, bundan sonra «Mülkiyyətçi»yə aylıq icarə haqqı verilir. xx.xx.2018-ci il tarixli müqavilədən (köçürülmə) görünür ki, Maraqlı şəxs3 MTK ilə İddiaçı arasında köçürülmə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərinə əsasən: - «Kooperativ» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına əsasən «Bakı şəhəri, Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə...» Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun 941 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və ətraf mühit üçün harmoniyası pozulmuş beş mərtəbəli 31 mənzilli yaşayış evinin söküntüsünü, eləcə də həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda «Mülkiyyətçi»nin söküntüsü nəzərdə tutulan mülkiyyətində 78.48 m2-dən ibarət, qeyriyaşayış sahəsinin Dövlət Reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə əlavə etməklə, tikiləcək binanın 1-ci mərtəbəsində, çıxış hissəsində 2 (iki) qapı Səməd Vurğun küçəsinə, 1 qapı arxa həyət tərəfdən olan, ümumi tikinti sahəsi 126 m2-dən ibarət, təmirsiz qeyri-yaşayış sahəsini «Mülkiyyətçi»nin sərəncamına verməyi öhdəsinə götürür; - Bu Müqavilə Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin 25 sentyabr 2017-ci il tarixli 248 saylı sərəncamına və İcra Hakimiyyəti ilə MTK arasında bağlanmış 09 oktyabr 2017-ci il tarixli müqaviləyə uyğun olaraq Tərəflər arasında rəsmiləşdirilmişdir; - S.Vurğun küçəsi 941 ünvanındakı ümumi sahəsi 78,48 m2 olan qeyri-yaşayış sahəsi ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Seriya RX - ******* reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Orudzhova Zivar-ın mülkyyətindədir; - «Mülkiyyətçi» söküntüsü nəzərdə tutulan qeyriyaşayış sahəsinin Müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində təhvil-təslim aktı əsasında qeyri-yaşayış sahəsini «Kooperativ»ə təhvil verir, bundan sonra «Mülkiyyətçi»yə aylıq icarə haqqı verilir. İcarə haqqı 2018-ci ilin may ayının 1-dən etibarən aylıq 1.700 manat ödəniləcək. Maraqlı şəxs3 MTK-nın 03 mart 2023-cü il tarixli 02/03 saylı məktubundan görünür ki, MTK Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlamışdır. Məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Sabit Rəhman 223 ünvanda yerləşən 16 mərtəbəli 2 girişli binanın tikintisi Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarını rəhbər tutaraq, İcra Hakimiyyətinin 158 saylı sərəncamı əsasında pilot layihə kimi layihələndirilmişdir. Yeni tikilən bina, qəzalı 5 mərtəbəli binanın yerində vətəndaşları müvəqqəti köçürülərək, 16 mərtəbəli yaşayış binası tikilmişdir. Göstərilən qeyri-yaşayış sahəsi ilkin layihədə pilləkən və zirzəmidəki artırması olmuşdur. Sonradan qeyri-yaşayış sahəsinin köhnə uçurulan binada pilləkəni çöldə olduğuna görə, sakinin ərizəsinə baxılaraq layihədə sahəsinə uyğun dəyişiklik edilmiş, pilləkən qəfəsi 5 mərtəbəli binada olduğu kimi layihələndirilmiş və Nəsimi rayon İcra Hakimiyyətində xx.xx.2017-ci il tarixdə yenidən razılaşdırılmışdır. Göstərilən dəyişikliyin nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs3 MTK-nın ünvan 5 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının layihəsində pilləkən qəfəsi ilə bağlı edilmiş dəyişikliklərə dair müvafiq məlumatların bazaya əlavə edilməsi haqqında xx.xx.2023-cü il tarixli 02/03 nömrəli müraciətinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, qeyd olunan ünvana dair təqdim edilmiş sənəd arxiv qovluğuna əlavə edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış 3M-442 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan, ünvan 6 ünvanda yerləşən, binanın birinci mərtəbəsindəki ümumi sahəsi 126 m2 təşkil edən qeyriyaşayış sahəsini 300 manat icarə haqqı ödəmək şərti ilə xx.xx.2023-cü il tarixədək X6 icarəyə vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sabit Rəhman küçəsi ev 223, 225 (yeni qaydalarla: ünvan 7 ünvanda yerləşən 111,40 m2 sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Zıvar Orudzhova-nın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sabit Rəhman küçəsi ev 223, 225 (yeni qaydalarla: ünvan 7 ünvanda yerləşən 111,40 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 780.000 manat təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sabit Rəhman küçəsi ev 223, 225 (yeni qaydalarla: ünvan 8 ünvanda yerləşən 147,40 m2 sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyri-yaşayış sahəsinin eyni orqan tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiqlənmiş texniki pasportundan görünür ki, zirzəmiyə giriş pilləkən qəfəsi vasitəsilədir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 43 saylı Notariat ofisində bağlanmış 3M-1951 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan, ünvan 9 ünvanda yerləşən, ümumi sahəsi 111,4 m2 təşkil edən qeyri-yaşayış sahəsini 1.500 manat icarə haqqı ödəmək şərti ilə xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-yə icarəyə vermişdir. Elektron notariat X1 çıxarışdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan, ünvan 9 ünvanda yerləşən, ümumi sahəsi 111,4 m2 təşkil edən qeyri-yaşayış sahəsini 600 manat icarə haqqı ödəmək şərti ilə xx.xx.2024-cü il tarixədək X4 icarəyə vermişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 fevral 2024-cü il tarixli 3-35/2-1105/2024 saylı məktubundan görünür ki, Vəkil İddiaçına məxsus Bakı şəhəri Nəsimi rayonu Sabit Rəhman küçəsi ev 223, 225 (Yeni qaydalarla: ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qarşısında quraşdırılmış konstruksiyanın eskiz layihəsinə dair məlumatların Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosuna verilməsinə dair xx.xx.2024-cü il tarixli 45 nömrəli müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 482 nömrəli qərarı ilə ləğv edilmiş «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarına uyğun olaraq Bakı şəhəri Nəsimi rayonu Sabit Rəhman küçəsi ev 223, 225 (Yeni qaydalarla: ünvan 7 ünvanda inşa edilmiş qeyri-yaşayış obyektinin tikintisinə və istismarına icazə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verildiyindən aidyyəti üzrə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı iddia ərizəsində qeyd olunan məsələlərlə bağlı cavabdehə müraciət edərək, tələblərinin yerinə yetirilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. "xxxx" MMC-nin 21 fevral 2024-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 9 ünvanda yerləşən, ümumi sahəsi 111,4 m2 təşkil edən qeyri-yaşayış sahəsinin (obyektin) icarə bazar dəyəri aylıq 3.008 manat təşkil edir. Azərbaycan Respublikası FHN X12 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-18-5/2- 1991/2024 saylı məktubundan görünür ki, Vəkil FHN-ə ünvanladığı xx.xx.2024-cü il tarixli 42 saylı sorğusuna baxılmışdır. Bildirilmişdir ki, sorğuda qeyd edilənlər X12 Xidmətinin fəaliyyət istiqamətinə aid olmadığından aidiyyəti üzrə Bakı Regional Qaz İstismarı Departamentinə xx.xx.2024-cü il tarixli 3-18-63/2-867/2024 saylı məktub ünvanlanmışdır. Bakı Regional Qaz İstismarı Departamentinə ünvanlanmış həmin məktub əlavə olunmuşdur. Maraqlı şəxs3 MTK-nın xx.xx.2024-cü il tarixli 06 saylı məktubundan (məlumatından) görünür ki, ünvan 12 ünvanda MTK-ya məxsus olan yaşayış binası 09 iyul 2020-ci il tarixdə istismara təhvil verilmişdir və həmin tarixdə qeyri-yaşayış sahəsi sahibinə təhvil verilmişdir. İddiaçı özünə məxsus olan, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin təmirinə 2023-cü ilin fevral ayında başlamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya etirazda qeyd etmişdir ki, İddiaçı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək «Cavabdeh məxsus Bakı şəhəri, ünvan 13 (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 179A) ünvanda yerləşən daşınmaz əmlakın qarşısında yerləşən özbaşına tikilmiş konstruksiyanın sökülməsi, cavabdehdən iddiaçıya vurulmuş maddi zərər, əldə çıxmış faydaya, habelə hüquqi yardım və mübahisənin həlli ilə bağlı müraciətlərin edilməsinə görə 130.100 manat məbləğində məbləğin tutulması» barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, iddia ərizəsinin surətini məhkəmədən xx.xx.2024-cü ildə əldə etmişdir. İddia ərizəsi aşağıdakı hüquqi faktlara, dəlillərə və mülahizələrə görə əsassızdır, qanunsuzdur və rədd edilməlidir. İddiaçı ərizənin 2-ci abzasında iddia edir ki, guya onlara məxsus «qeyri-yaşayış sahəsinin alt hissəsində yerləşən zirzəmiyə obyektin qarşısından, səkinin üzərində layihədən kənar, qanunsuz giriş qapısı açılıb, girişin üstündə dövlət qurumlarından müvafiq icazə alınmadan iddiaçıya məxsus obyektin pəncərəsinə bitişik, birinci mərtəbə səviyyəsində metal və şüşə konstruksiyadan ibarət əlavə tikili inşa edilib.» Bu mülahizə tamamilə saxtadır, yalandır, heç bir hüquqi fakta və sənədə əsaslanmır. Belə ki, Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mülkiyyətçi Cavabdeh adına verdiyi və xx.xx.2023-cü ildə təsdiq edilmiş texniki pasportdan görünür ki, 2021-ci ildə tikilmiş, mərtəbələrinin sayı 15 olan ünvan 13 ünvanda, yeni qaydalarla ünvan 14nın zirzəmisində sahəsi 147,4 m2 olan obyekt vardır və həmin obyektin girişi və pilləkən qəfəsi ilə bağlı məlumatları özündə əks etdirən sənəd 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğuna əlavə edilmişdir. Bu fakt həm də onunla təsdiq olunur ki, Maraqlı şəxs3 MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə (köçürmə) tikiləcək binanın zirzəmisinin çıxış hissəsinin Səməd Vurğun küçəsinə olması göstərilmişdir. Bundan başqa, "xxxx" ASC-nin M.Z.Vəliyevə verdiyi xx.xx.2009-cu il tarixli TN-835 nömrəli arayışından da görünür ki, S.Vurğun küçəsi 941-ci məhəllədə yerləşən 5 mərtəbəli köhnə binanın zirzəmisində mağaza təşkil edilmişdir və 2008-ci ildən qabaq da fəaliyyət göstərmişdir. Eyni zamanda inventar nömrəsi 11/3585 olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli texniki pasportdan görünür ki, ünvan 15 ünvanda yerləşən, 1956-cı ildə tikilmiş 5 mərtəbəli yaşayış binasının zirzəmisi olubdur, həmin zirzəmi qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstəribdir və onun Səməd Vurğun küçəsi tərəfdən giriş-çıxışı olubdur. Həmin dövrdə zirzəminin üzərində Qəbələ restoranı fəaliyyət göstərmişdir. İddiaçının bir çıxışlı qapısı olan mağazası köhnə binanın indiki Cinema Plaza tərəfdəki sahəsində olmuşdur. Köhnə binada onların obyektləri arasında restoranın girişi olmuşdur. Restoranla onların girişin arasında 5 metr məsafə olmuşdur. Restorandan 3 metr sonra indiki Cinema Plaza tərəfə onların bir giriş qapısı olmuşdur. Daha sonra iddia ərizəsinin 2-ci abzasında qeyd olunan mülahizəyə qiymət verərək qeyd edir ki, Maraqlı şəxs3 MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın baş planında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin altında zirzəmi ərazisi vardır. İddiaçıya çıxarış verilən 2017-ci il tarixdə binada heç bir yaşayış olmadığı dövrdə cavabdeh tərəfindən çəkilmiş binanın fasad hissəsinin foto-şəklindən də görünür ki, zirzəmi deyilən obyektin giriş qapısı və giriş qapısının üzərində yağışdan və küləkdən qorunmaq üçün kiçik dam örtüyü olan konstruksiya olmuşdur və giriş qapısının sol tərəfində isə iddiaçının obyektinin pəncərəsi və giriş qapısı olmuşdur. Hələ o vaxt iddiaçının razılığı, təşəbbüsü və ideyası ilə, eləcə də Maraqlı şəxs3 MTK-nın razılığı ilə bu gün sökülməsi tələb olunan həmin konstruksiya tikilmişdir. Bu konstruksiyanın tikilməsi üçün iddiaçı zirzəmi deyilən obyektin pilləkəni üzərində betondan süni səki tikdirmişdir. Əslində iddiaçının məqsədi gələcəkdə öz obyektini 2 dükana çevirib, yeni obyekti üçün 2ci qapı açmaq olubmuş. Bu barədə daha ətraflı etirazın 3-cü bəndində verilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş layihədən də görünür ki, obyektin pilləkəni və giriş-çıxışı vardır (Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin təsdiq etdiyi 248 nömrəli xx.xx.2017-ci il tarixli razılaşdırılmış və qeyriyaşayış sahəsinin olduğu zirzəmi mərtəbəsinin planı əlavə edilir). Bundan başqa, "xxxx" ASC-nin M.Z.Vəliyevə verdiyi xx.xx.2009-cu il tarixli TN-835 nömrəli arayışdan da görünür ki, S.Vurğun küçəsi 941-ci məhəllədə yerləşən 5 mərtəbəli köhnə binanın zirzəmisində mağaza təşkil edilmişdir və 2008-ci ildən qabaq da fəaliyyət göstərmişdir. İddia ərizəsinin 3-cü abzasına dair qeyd etməlidir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən heç bir zərər vurulmayıb. Belə ki, iddiaçının özünün təşəbbüsü və birbaşa iştirakı ilə MTK rəhbərliyi pilləkən qəfəs üzərinə 2.80 metr uzunluğunda beton təbəqə tökərək süni səki yaratmışdır ki, gələcəkdə həmin beton səki üzərindən ona məxsus obyektə 2-ci qapı açılsın. Göründüyü kimi, bu 2-ci qapı barədə heç bir sənəddə - nə köhnə binadakı obyektin çıxarışında və texniki pasportunda, nə də yeni binadakı obyektin çıxarışında və texniki pasportunda məlumat yoxdur, lakin iddia ərizəsində bu 2-ci qapının faktiki mövcudluğu barədə məlumatı iddiaçı məhkəmədən gizlətmişdir, çünki həmin 2-ci qapı qanunsuzdur, dövlət orqanları tərəfdən təsdiq edilməmişdir. Həmin beton səkinin pilləkənin üzərindən çəkilməsi əslində cavabdehin obyektinə gəlib-gedənlərin rahat və maneəsiz giriş-çıxışını çətinləşdirmiş və onların həyatı üçün təhlükəli vəziyyətin yaranmasına gətirib çıxartmışdır. Belə ki, cavabdehin obyektinə daxil olan şəxslər pilləkənlə obyektə düşərkən başlarını əyməli və içəri daxil olmalıdırlar. Əks halda insanlar başlarından zədə və ciddi xəsarət ala bilərlər. O vaxt cavabdeh obyektdən istifadə etmədiyinə görə iddiaçı MTK ilə razılaşdıraraq həmin beton səkini çəkmişdirlər. Cavabdeh o vaxt buna etiraz etmişdir, lakin iddiaçı qeyd etmişdir ki, süni şəkildə salınmış beton səki cavabdehin obyektinin pilləkəni üzərində örtük yaratdığından guya onları yağışdan və küləkdən qoruyur. Amma əslində iddiaçı həmin beton səkidən dayaq nöqtəsi kimi istifadə edib qapını onun üzərində açmışdır. Əgər həmin beton səki sökülərsə və əvvəlki vəziyyətə qaytarılarsa, onda iddiaçı öz obyektində Səməd Vurğun küçəsi tərəfdən 2-ci qapı, ümumiyyətlə, aça bilməyəcək. Bu da o deməkdir ki, əslində binanın baş planında iddiaçının obyekti üçün 2-ci qapı açılması nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçının cavabdehə «xoş niyyəti»nin ifadəsi kimi və onun biləvasitə «xeyir-duası» ilə cavabdeh də həmin süni beton səki üzərində binanın ümumi fasadına uyğun şəkildə metal-dəmir konstruksiyadan pilləkən üzərində şüşə pəncərədən ibarət örtük tikmişlər. Həmin pəncərə qoyularkən iddiaçının qızı X8 tələb edirdi ki, pəncərə 30- 40 sm. süni beton səki üzərində pilləkən istiqamətinə sürüşdürülsün ki, 2-ci qapıdan 40-45 sm. aralı olsun. Yəni bütün bunlar iddiaçının təşəbbüsü və razılığı, eləcə də MTK-nın xeyir-duası ilə həyata keçirilmişdir. Hətta 2017-ci ildə Nəsimi rayon İcra Hakimiyyəti cavabdehin obyektin planını razılaşdırıb təsdiq edərkən bu gün mübahisə predmeti olan pilləkən üzərindəki konstruksiya ilə bağlı heç bir yazılı irad bildirilməmişdir. Bundan başqa, MTK da buna irad bildirməyib, əksinə MTK 1 saylı Bakı Ərazi İdarəsinə göndərdiyi xx.xx.2023-cü il tarixli 02/03 nömrəli məktubunda pilləkən qəfəsin 5 mərtəbəli köhnə binada olduğu kimi layihələndirilməsini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Öz növbəsində 1 saylı Bakı Ərazi İdarəsi də təqdim edilmiş sənədin arxiv qovluğuna daxil edilməsini MTK-ya ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir. İddia ərizəsinin 4-cü abzasına gəlincə qeyd edir ki, günəş şüaları ilə bağlı məsələ daha çox yaşayış evlərinə aiddir, lakin indiki vəziyyətdə də günəş şüaları iddiaçının obyektinə daxil olur. Lakin iddiaçı indi 2-ci qapı açılandan sonra bu cür absurd, mənasız və məntiqsiz iddialar səsləndirir. Çünki əgər iddiaçı günəş şüaları üçün darıxırsa, onda təklif edirlər ki, iddiaçının vəsaiti hesabına cavabdehin obyektin pilləkən qəfəsi üzərindəki süni şəkildə salınmış beton səki sökülsün və pilləkən qəfəsinin ətrafında dəmirdən düzəldimiş perila (dəmir dirəklər) qoyulsun və çəkdikləri xərclər (25 min manat) cavabdehə iddiaçı tərəfdən ödənilsin. Bu halda iddiaçının 2-ci qapısı avtomatik olaraq əbədi bağlanmış olacaq və bu da cavabdehin obyektinə daxil olan şəxsləri beyin və kəllə sümüklərində baş verə biləcək bədbəxt hadisələrdən qorumuş olacaq. İddia ərizəsinin 5, 6, 7, 8, 9, 10, 11, 12-ci abzaslarındakı mülahizələrə gəlincə, qeyd etməlidir ki, bu cür iddialar əsassızdır. Bundan başqa, iddiaçı vergidən diqqəti yayındırmaq və icarəyə verdiyi obyektlər üçün müştərilərdən aldığı real məbləği vergidən gizlətmək üçün belə bir iddia ilə çıxış edir. Əslində iddiaçı obyektini icarəyə verdiyi şəxslərlə bağladığı müqavilədə məbləği qəsdən az göstərmişdir. Adətən bəzi icarədarlar vergidən yayınmaq üçün bu cür kiçik məbləğli müqavilələr imzalayırlar kı, bu da vicdan məsələsidir. İddiaçı həyatda mövcud olmayan zərərin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Belə ki, iddiaçı özündən rəqəmlər uydurmuş və özlərinin təşəbbüsü ilə tikilən süni beton səki və onun üzərində dəmir-metal şüşə konstruksiya nəticəsində guya iddiaçıya 130.100 manat ziyan dəymişdir. Cavabdehdə olan məlumata görə iddiaçı əslində obyektini 3.000 manatdan yuxarı məbləğdə icarəyə vermişdir. Lakin iddiaçı ərizənin 10-cu abzasında göstərdiyi kimi, 11 mart və 18 may 2023-cü il tarixli icarə müqavilələrini çox aşağı qiymətlərlə bağlamışdır, saxtakarlığa yol vermişlər, əslində bu saxta icarə müqavilələri ilə məhkəmə üçün «sübutlar» hazırlayıblar. Çünki 2 icarə müqavilələri üzrə adı çəkilən icarədarlar müqavilə bağladıqları andan heç bir ayda fəaliyyət göstərməyiblər və şəxsən cavabdeh onları iddiaçının obyektində görməmişlər. Bundan başqa, iddiaçı bu müqavilələrin pozulmasında əsas səbəb kimi pilləkənin üzərindəki konstruksiyanın sökülmədiyini göstərir. Lakin məhkəməyə təqdim etdikləri icarə müqavilələrinin surətlərini nəzərdən keçirəndə aydın olur ki, icarəçi ilə icarədar arasında bağlanmış həmin müqavilələrdə konstruksiyanın sökülməsinə dair heç bir qeyd-şərt yoxdur. Bu da onu deməyə əsas verir ki, iddiaçının bu mülahizələrinin heç bir hüquqi əsası yoxdur. Ümumiyyətlə, bu cür icarə müqavilələrinin pozulması müxtəlif səbəblərdən ola bilər. Yəni bunu sırf metal-dəmir şüşə konstruksiya ilə əlaqələndirmək və bu qədər fantastik bir rəqəm göstərmək utopiyadan başqa bir şey deyil. Həm də nəzərə almaq lazımdır ki, bu icarə müqavilələrinin 7-ci bəndindən də görünür ki, icarəyə götürən şəxslərin bir ay qabaq yazılı xəbərdar etməklə icarə müqaviləsini pozmaq hüququ olmuşdur. İcarə müqavilələrində iddiaçının absurd və uydurma iddialarını əks etdirən qeyd-şərt olmadığından, bir daha aydın olur ki, iddiaçı bu absurd iddiaları səsləndirməklə özünü ifşa etmişdir. Xüsusilə qeyd etmək istəyir ki, iddiaçı X5 Orucova cavabdehin obyektini icarəyə götürmək istəyən şəxsləri (kişiləri) dəfələrlə pilləkənin önündə qarşılayıb, əl hərəkətləri ilə çığırmış, tanımadığı adamlara deyirdi ki, «siz kimsiz bura gəlirsiz, buranı heç kim icarəyə götürə bilməyəcək, mən buranı sökdürəcəyəm, pilləkəni basdıracağam və s». Bu da onu göstərir ki, adıçəkilən xanımın psixi durumunda problemlərin olmasına əsaslı şübhələr vardır. Baş vermiş hadisələri görən şahidlər vardır. Həm də qeyd edir ki, əgər obyekti icarəyə götürən şəxslər icarədar qarşısında digər mülkiyyətçiyə məxsus obyektin və ya tikilinin sökülməsi tələbini və ya şərtini qoyursa, heç bir ağıllı icarədar o şərtlər daxilində icarə müqaviləsi imzalamayacaq. Bütün bunlar iddiaçının psixi cəhətdən normal düşüncəyə malik olmaması anlamına gəlir. Ona görə də, vəsatət qaldırırlar ki, tibbi-ekspertiza təyin olunsun və iddiaçının və onun qızının psixi vəziyyəti yoxlanılsın. İddiaçının absurd və məntiqsiz, eləcə də mənasız mülahizələri ərizənin 11-ci abzasından da açıq-aydın görünür və saxta fikirlərlə məhkəmədə rəy yaratmaq və nəticədə pul qazanmaq istəyir, yəni kiminsə bədbəxtçilyi üzərində xoşbəxtliyini qurmaq istəyir. Belə ki, 11-ci abzasda iddiaçı qeyd edir ki, guya 2020-ci ildən obyektini icarəyə verə bilmir. Birincisi, 2020-ci ildə pandemiya dövrü olub. İkincisi, həmin dövrdə bina istifadə üçün təhvil verilməmişdi, üçüncüsü, iddiaçı obyektini təxminən 1 il qabaq, yəni 2023-cü ilin martında təmirə başlamışdır. Belə olan halda, iddiaçı pandemiya dövrü də daxil olmaqla, 2023-cü ilin mart-aprel aylarına qədər olan dövr üçün cavabdehdən bu qədər pulu hansı əsasla, məntiqlə və vicdanla tələb edə bilər? Yəni 2023-cü ilin martında icarə müqaviləsinin imzalanmasının tamamilə yalan olması bir daha sübut olunur. Bu da göstərir ki, iddiaçının psixoloji probleminin olmasına dair əsaslı şübhələr vardır. Cavabdeh isə 2022-ci ilin mayında təmirə başlamışlar, 2022-ci ilin payız aylarında təmiri qismən bitirmişlər. Yəni cavabdeh obyektində təmir aparanda iddiaçının ofisində heç bir təmir işləri aparılmırdı. Hətta cavabdeh öz obyektində təmir apararkən, bəzi materialları iddiaçının boş və təmirsiz obyektində saxlamışlar. Necə ola bilər ki, iddiaçı təmirsiz obyekti 3.300 manata icarəyə verib? Tamamilə absurd və utopik düşüncədir. Xüsusilə qeyd etmək istəyir ki, iddiaçı cavabdehə ünvanladığı pretenziya məktubu əsasında məhkəmədə iddia qaldırmışdır. Guya cavabdeh pretenziya məktubuna 5 iş günü ərzində cavab verməmişdir. Ümumiyyətlə, bu pretenziya məktubu cavabdehə poçtla çatdırılmayıb, əks halda əgər pretenziya məktubunu vaxtıda əldə etsəydi, cavabdeh birinci olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərdi. İddiaçı hətta şəxsən gəlib pretenziya məktubunu cavabdehə təqdim edə bilərdi, çünki obyektlərinə görə qonşudurlar. Bildirir ki, əslində iddiaçının təşəbbüsü və MTK-nın razılığı ilə pilləkənləri üzərində süni beton səkinin tikilməsi nəticəsində Sevinc xanım Orucovanın cavabdehin müştərilərinə qarşı nalayiq və şiddətli davranışına görə, eləcə də iddiaçının öz təşəbbüsündən geri çəkilərək cavabdehə qarşı iddia qaldırması nəticəsində cavabdehə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh obyektini 2021-ci ilin sentyabrından bu günə qədər, 2024-cü ilin aprelinə qədər icarəyə verə bilməmişdir. Yəni cəmi 32 aydır ki, cavabdeh obyektini icarəyə verə bilmir. Çünki obyekti icarəyə götürmək istəyən fiziki və hüquqi şəxslər pilləkənlə zirzəmiyə aşağı düşərkən başlarının üzərində süni şəkildə salınmış beton səkini görəndə dərhal mənfi reaksiya verirlər. Əvvəlcə təmirsiz formada obyekti ayda 4.000 manata təklif etmişlər və şərtləri belə idi ki, obyekti təmirsiz formada icarəyə götürən şəxs obyekti öz zövqünə və biznes maraqlarına uyğun təmir edib, istifadə edə bilərdi və bu şərtlər daxilində bağlanacaq icarə müqaviləsində bu məsələlər nəzərə alınacaqdı. Lakin pilləkən üzərindəki beton təbəqə müştərilərin narazılığına səbəb olurdu deyə icarə müqaviləsini heç bir şərt daxilində imzalaya bilməmişlər. Daha sonra obyekti cavabdeh özü təmir edib icarə üçün aylıq 4.000 manat təklif etmişdir. Yenə də müştərilər obyekti icarəyə götümək istəmirdilər. Onlar əsas səbəb kimi qeyd edirdilər ki, təmirindən asılı olmayaraq, belə bir giriş-çıxışı olan obyekt üçün aylıq 4.000 manat tələb etmək həddən artıq çoxdur. Halbuki obyektin icarə haqqının 4 min manat olması həm də onunla təsdiq olunur ki, köhnə binanın söküntüsü ilə bağlı cavabdehin obyekti işləmədiyi dövrdə MTK ayda cavabdehə 1.500 manat pul ödəyirdi. Bu da (köçürmə) müqaviləsində öz əksini tapmışdır. Artıq 2 ilə yaxındır ki, cavabdeh obyekti pilləkənin üzərindəki süni şəkildə salınmış beton səkiyə və Sevinc xanım Orucovanın aqressiv hərəkətlərinə görə icarəyə verə bilmir və nəticədə yuxarıda qeyd etdiyi kimi cavabdehə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Belə ki, son 32 ay ərzində 32 x 4.000 manat = 128.000 manat maddi ziyan dəymişdir. Demək, cavabdehin icarədən əldə edəcəyi 128.000 manat əlindən çıxmış olmuşdur. Bundan başqa, illik 5 faiz olmaqla əldən çıxmış faydanı da hesablasalar (6.400 manat), cəmi 134.400 manat maddi ziyan dəymişdir. İddiaçının bu cür hərəkətləri nəticəsində cavabdehə həm də mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh iddiaçıdan bu cür hərəkətləri gözləmirdi, çünki onun özü təşəbbüs göstərmişdi və MTK-dan xahiş etmişdi ki, pilləkənin üzərində süni şəkildə beton səki salınsın və cavabdeh də qonşuluq münasibətlərinə görə iddiaçını məhkəməyə vermirdi. Lakin iddiaçı öz təşəbbüsünə qarşı gedərək cavabdehi günahkar hesab etdiyindən və məhkəməyə müraciət etdiyindən cavabdehə 10.000 manat mənəvi ziyan vurmuşdur. Mənəvi ziyanla birgə cavabdehə son 32 ayda iddiaçı tərəfindən dəyən ziyan 144.400 manat təşkil edir. Bu səbəbdən, cavabdeh İddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli etirazına əlavədə qeyd etmişdir ki, 17 aprel 2024-cü il tarixli etirazına əlavə olaraq aşağıdakı sübutu və dəlilləri diqqətə çatdırır. Belə ki, Maraqlı şəxs3 MTK-nın 06 nömrəli 18 aprel 2024-cü il tarixli yazılı məlumatını məhkəməyə təqdim edir. Məlumatdan bir daha aydın olur ki, Nəsimi rayonu Sabit Rəhman küçəsi 223, 225 ünvanda (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 179A) Maraqlı şəxs3 MTK-ya məxsus olan yaşayış binası 09 iyul 2020-ci il tarixdə istismara təhvil verilmişdir. Yəni faktiki istismara verməkdən söhbət gedir, çünki texniki pasportda binanın 2021-ci ildə istismara verilməsi göstərilmişdir. Daha sonra sözügedən MTK yazır ki, iddiaçı X2 məxsus 1-ci mərtəbədə qeyri-yaşayış sahəsinin təmirinə 2023-cü ilin fevral ayında başlamışdır. Bu baxımdan 2020-ci ildə obyektin icarəsindən söhbət gedə bilməzdi. Qeyd: Məhkəmədən xahiş edir ki, məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etirazının 5-ci səhifəsində 6-cı bəndin 4-cü cümləsində «yəni» sözündən sonrakı hissə aşağıdakı redaksiyada qəbul edilsin: «yəni 2023-cü ilin fevralında təmirə başlayıbdır.» Eyni zamanda bildirir ki, fevral ayında təmirə başlamış iddiaçı aydın məsələdir ki, 11 mart 2023-cü ildə özünə məxsus 1-ci mərtəbədə qeyri-yaşayış sahəsini icarəyə verə bilməzdi. Yəni təmir getdiyi vaxtda eyni zamanda obyekti icarəyə vermək sadəcə ən yaxşı halda iddiaçının fantaziyası və ya nağıllardakı əfsanələr ola bilər. Bu faktın özü sübut edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi 11 mart 2023-cü il tarixli icarə müqaviləsi və digər icarə müqavilələri faktiki olaraq uydurmadır, yalan əqddir və sadəcə məhkəmədə yanlış rəy formalaşdırmaq məqsədi ilə hazırlanmış icarə müqavilələridir. Yəni iddiaçı ona qarşı məhkəmədə iddia qaldırmağa hazırlaşdığından faktlara əsaslanmayan «sübutlar» yaratmaq məqsədi ilə 2023-cü ilin mart, may aylarında bu cür uydurma müqavilələr hazırlamışdır və notariusda təsdiq etmişdir. Uydurma əqdlərin mahiyyəti aşağıdakı kimidir: - Birincisi, iddiaçı belə bir faktı nəzərə almamışdır ki, o, öz obyektində 2023-cü il fevral ayında təmirə başlamışdır. İddiaçının təqdim etdiyi icarə müqavilələrindən görünür ki, iddiaçı öz obyektində təmir getdiyi dövrdə guya 3 ay müddətinə icarə müqaviləsi imzalamışdır. Təmir gedən obyekti heç kim 3 ay müddətinə icarəyə götürməz. Belə çıxır ki, icarəçi obyekti təmir müddəti üçün icarəyə götürübmüş. Yəni iddiaçının bu fikri absurddur. İkincisi, əqdin uydurma olmasının başqa bir bariz ifadəsi odur ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilənin mətni ilə «elektron notariat» avtomatlaşdırılmış informasiya sistemində olan müqavilənin mətninin çıxarışı arasında uyğunsuzluq var. Çox güman ki, iddiaçı məhkəməyə təqdim etdiyi varianta qanunsuz müdaxilə və dəyişikliklər etmişdir. Əgər müqavilənin məhkəməyə təqdim edilmiş variantına istinad olunsa, onda belə aydın olur ki, hər iki tərəf bilirdi ki, müqavilə 2023-cü ilin martın 11-də 3 ay müddətinə bağlanılıb və hər bir halda icarə müddəti müqavilənin müddəti uzadılmadan 2023-cü ilin iyun ayında bitməli idi, yəni burada qarşılıqlı razılıq belə olmuşdur. Mülki Məcəllənin 689.1-cı maddəsinə görə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Məhkəməyə təqdim edilmiş müqavilənin 7-ci bəndindəki şərt bu mənada suallar doğurur (müqavilə bir ay qabaq tərəflərin yazılı ərizəsinə müvafiq olaraq ləğv edilir), çünki müqavilənin bitmə tarixi xx.xx.2023-cü il göstərildiyindən bu tarixdən sonra müqavilənin hansı müddətə uzadılması barədə heç bir müddəa yoxdur. xx.xx.2023-cü il tarixli izahatında da göstərdiyi kimi, müqavilənin xitamı ilə bağlı başqa bir qeyd-şərt olmamışdır. Yəni icarəçi ilə iddiaçı 3 ay müddətinə müqavilə bağlaması və konkret olaraq son xitam tarixini göstərmələri indi mübahisə predmetinə çevrilmiş pilləkən qəfəsinə görə deyildir. Üçüncüsü, «elektron notariat» avtomatlaşdırılmış informasiya sistemində olan müqavilənin mətninin çıxarışından isə avdın olur ki, bu müqavilə orada göstərilən şərtə görə daha bir il müddətinə uzadılmışdır və sistemdən çap edilmiş çıxarışa görə, müqaviləyə xitam verilməmişdir və hələ də qüvvədədir. Çox maraqlıdır ki, bu müqavilənin çıxarışında məhkəməyə təqdim edilmiş variantdan fərqli olaraq, müqavilənin bir il müddətinə uzadılması barədə müddəa vardır. Bütün bunlar məhkəmənin diqqətindən yayınmamalıdır və məhkəmə bu detallara hüquqi qiymət verməlidir. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçı bu işlərin görülməsini, yəni müqavilə bağlanması işlərini digər şəxsə həvalə etdiyindən özünün bu detallardan xəbəri olmamışdır, bu faktları vəkilinə düzgün ötürə bilməmişdir və nəticədə belə bir gülməli vəziyyət yaranmışdır. Dördüncüsü, iddiaçının X10 ilə bağladığı xx.xx.2023-cü il tarixli icarə müqaviləsi hər iki variantda qüvvədə olduğu bir halda (məhkəməyə təqdim edilmiş variant və «elektron notariat» avtomatlaşdırılmış informasiya sistemində olan çıxarış) və hətta müqavilədəki 3 ay müddət bitməmiş iddiaçı xx.xx.2023-cü ildə eyni ünvanda yerləşən obyektin icarəyə verilməsi üçün "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə xx.xx.2024-cü il tarixinə qədər 43 saylı notariat ofisində növbəti icarə müqaviləsi (2-ci notariat müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilmişdir) imzalamışdır. Bu necə ola bilər? Eyni obyekt onu icarəyə götürənlərdən xəbərsiz olaraq iki ay fərq ilə ayrı-ayrı şəxslərlə - fiziki şəxs və hüquqi şəxslə ayrı-ayrı notariat ofisində icarə müqaviləsi ilə icarəyə verilibdir. Beşincisi, iddiaçı xx.xx.2023-cü ildə 3 ay müddətinə icarə müqaviləsi imzalayanda niyyəti sadəcə məhkəmə üçün fakta əsaslanmayan uydurma və ya yalan əqdlər imzalamaqla yalan «sübutlar» toplamaq olmuşdur və beləliklə onun mənafeyinə ziyan vurmaq məqsədləri olmuşdur. Qanun da bunu qadağan edir. İddiaçının məhkəməyə təqdim etdiyi icarə müqavilələri iddiaçının əsl mahiyyətini ifşa etmiş olmuşdur. Buna görə də xahiş edir ki, məsələnin hüquq mühafizə orqanlarında araşdırılması üçün xüsusi qərardad qəbul edilsin. Çünki burada ya sahibkarlara qarşı dələduzluq olunmuşdur, ya da iddiaçı qabaqcadan həmin sahibkarlarla əlbir olaraq fakta əsaslanmayan bu cür uydurma və ya yalan icarə müqavilələri hazırlamışdır. Bu cür əqdlər etibarsız hesab olunmalıdır. Göründüyü kimi, bu cür yalan əqdlər üçüncü şəxs olaraq onun mənafelərini pozur. Bu işlərdə şübhə doğuran digər məqam budur ki, icarəyə götürən 2 şəxs - fiziki şəxs və hüquqi şəxs Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindəndirlər. Bundan başqa, iddiaçı obyektinin şüşədən olan divarının qabağında içəridən kitab şkaflar yığdığından o hissədən obyektinin içərisi görünmür. Əgər həmin kitab şkaflar oradan yığışdırılsa, şəffaf şüşədən tikilmiş pilləkən qəfəsdən iddiaçının obyektinin içərisi o hissədən də tam aydın görünəcək. Daha sonra iddiaçı iddia ərizəsinin 11-ci abzasında qeyd edir ki, guya 2020-ci ildən obyektini icarəyə verə bilmir. MTK-nın yuxarıda qeyd etdyi məktubunda isə qeyd edilir ki, MTK binanı 2020-ci ilin 9 iyulunda təhvil veribdir. Yəni burada söhbət faktiki istismara verməkdən gedir, çünki texniki pasportda binanın tikildiyi il 2021-ci il göstərilmişdir. 2021-ci ildə tikilmiş binada iddiaçı öz obyektini 2020-ci ildə icarəyə necə verə bilərdi? Növbəti çaşqınlıq budur ki, S.Vurğun küçəsi 179A ünvandakı obyekt üzrə 2-ci icarə müqaviləsi qüvvədə olduğu vaxtda (müqaviləyə xx.xx.2023-də xitam verilmişdir) iddiaçı 3-cü icarəçi olan X9 ilə S.Vurğun küçəsi 179A ünvandakı obyekt üzrə xx.xx.2023-cü ildə növbəti icarə müqaviləsi bağlamışdır. Bu icarə müqavilələrinə əsasən deyə bilər ki, iddiaçı birtərəfli qaydada digər şəxslərlə gizli şəkildə müqavilələr bağlamaqla de-yure fəaliyyət göstərən digər icarəçiləri ya aldatmışdır, ya da uydurma icarə müqavilələri bağlamaq üçün onlarla qabaqcadan əlbir olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli 10/8726 saylı ekspert rəyindən görünür ki, beton təbəqə ilə örtülmüş və iddiaçının obyektinin döşəməsi altında qalan 16 m2 sahənin kimə aid olmasının müəyyənləşdirilməsi məhkəmə tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aid olmadığından, eləcə də hüquqi xarakterli məsələ olduğundan sual üzrə tədqiqat aparılmadı (1-ci sual üzrə). Cavabdehin vəsatətinə əlavə edilmiş foto-şəkillərdəki pilləkən qalıqlarının hansı məqsədlə tikilməsinin və beton təbəqə ilə örtülərək iddiaçının obyektinin döşəməsi altında qalma səbəbinin müəyyənləşdirilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olmadığından, eləcə də hüquqi xarakterli məsələ olduğundan sual üzrə tədqiqat aparılmadı (2-ci sual üzrə). Tədqiq olunan tikililərin yerləşməsinin ilkin vəziyyətinə dair layihə sənədləri mülki iş materiallarında olmadığından, cavabdehin vəsatətinə əlavə edilmiş foto-şəkillərdəki pilləkən qalıqlarının hansı obyektin istifadəsi üçün nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmamışdır (3-cü sual üzrə). Tədqiq olunan tikililərin yerləşməsinin ilkin vəziyyətinə dair layihə sənədləri mülki iş materiallarında olmadığından, eləcə də pilləkən qalıqları divarında qaldığından, cavabdehin vəsatətinə əlavə edilmiş foto-şəkillərdəki pilləkən qalıqlarının olduğu yerin dəqiq sahəsini və həmin pilləkən üçün nə qədər sahə nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmamışdır (4-cü sual üzrə). Köhnə 5 mərtəbəli binaya dair layihə sənədləri mülki iş materiallarında olmadığından, həmin köhnə 5 mərtəbəli binada iddiaçıya məxsus olmuş sahənin çıxarışına uyğun olaraq əvvəlki sahəsinin köhnə binanın hansı hissəsində olmasının müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır (5-ci sual üzrə). Yeni tikilmiş 16 mərtəbəli binada iddiaçının adına verilmiş çıxarışda iddiaçıya məxsus obyektin yeni tikilinin birinci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir (6-cı sual üzrə). Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, 223, 225 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli binanın baş planında və layihəsində binanın 1-ci mərtəbəsində yerləşən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qarşısında quraşdırılmış konstruksiya nəzərdə tutulmamışdır (7-8-ci suallar üzrə). 25 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi RİH tərəfindən razılaşdırılmış layihədə zirzəminin girişinin nəzərdə tutulduğu, lakin sonradan quraşdırılmış konstruksiyanın nəzərdə tutulmadığı müəyyən edilmişdir (9-cu sual üzrə). Mülki iş materiallarında yalnız bir layihə sənədi olduğundan, eləcə də əvvəlki vəziyyətə dair layihə sənədləri olmadığından, baş plan və layihədə zirzəminin girişinin sonradan dəyişdirilibdəyişdirilmədiyini müəyyən etmək mümkün olmamışdır (10-cu sual üzrə). Quraşdırılmış konstruksiya 25 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi RİH tərəfindən razılaşdırılmış layihədə nəzərdə tutulmadığından, həmin tikilinin Azərbaycan Respublikası Tikinti Məcəlləsinin tələblərinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş «İctimai binalar. Layihələndirmə normaları»na uyğun olmadığı müəyyən edilmişdir (11-ci sual üzrə). Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların, xidmətlərin və tikililərin qiymətləri müəyyən edilmir. Bu səbəbdən də, suallar üzrə tədqiqat aparılmamışdır (12-13-cü suallar üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının 12 iyun 2025-ci il tarixli 3-48-2F/2-1272/2025 saylı məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara görə Dövlət Arxivinin Bakı filialından hər hansı bir sənəd əldə etmək imkan xaricindədir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 18 iyun 2025-ci il tarixli 3-35/2-3637/2025 saylı məktubundan görünür ki, ünvan 18 ünvanında yerləşən tikiliyə və Maraqlı şəxs3 MTK tərəfindən inşa edilmiş tikiliyə dair layihə sənədlərinin məhkəməyə təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixli e-2(006)-169/2025 nömrəli sorğuya Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bildiririlir ki, Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. "xxxx" MMC-nin 19 iyun 2025-ci il tarixli 18/0687 saylı qiymətləndirmə hesabatından görünür ki, İddiaçının mülkiyyətində olan ünvan 12 (yeni qaydalarla: ünvan 7 ünvanda yerləşən 111,40 m2 ölçüdə qeyri-yaşayış sahəsinin 2020, 2021, 2022, 2023, 2024 və 2025-ci illər üçün (hər bir il üzrə ayrı-ayrılıqda göstərilməklə) icarə bazar dəyəri aşağıdakı kimi təşkil edir: 2020-ci il – 2.100 manat; 2021-ci il – 2.360 manat; 2022-ci il – 2.430 manat; 2023-cü il – 2.800 manat; 2024-cü il – 3.250 manat; 2025-ci il (yanvar-may) – 3.460 manat. Qiymətləndirmə xərci 500 manat təşkil edir. Maraqlı şəxs3 MTK-nın 23 iyun 2025-ci il tarixli 18 saylı məktubu ilə məhkəməyə göndərilmiş layihənin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun prospekti,Sabit Rəhman, Mədanov qardaşları, X11 küçələrinin kəsişməsində yerləşən ərazidə 15-17 mərtəbəlli (+mansardlı) yaşayış binalarının memarlıq planlaşdırma bölməsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində xx.xx.2017ci il tarixdə razılaşdırılmışdır.Lahiyədən görünür ki, binanın 3 hissəsində zirzəmiyə enmək üçün pilləkən qəfəsi göstərilmişdir. xx.xx.2024-cü il tarixli 66470 saylı qəbzdən (eManat) görünür ki, müştəri kodu **********, VÖEN **********, hesab nömrəsi **********318902 olan şəxsə 500 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 421 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisində bağlanmış 3M-882 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan, ünvan 9 ünvanda yerləşən, binanın birinci mərtəbəsindəki ümumi sahəsi 111,4 m2 təşkil edən qeyri-yaşayış sahəsini 600 manat icarə haqqı ödəmək şərti ilə xx.xx.2026-cı il tarixədək X3 icarəyə vermişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən 123 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh iddia tələbinin həcminin artırılmasına dair ərizəyə verdiyi xx.xx.2025-ci il tarixli etirazda qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-169/2025 saylı qərardadı ilə iş üzrə "xxxx" MMC Qiymətləndirmə şirkəti tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizasının saxta hesabatına əsaslanaraq tələm-tələsik iddia tələbinin həcminin artırılması barədə ərizə vermişdir. Bu saxtakarlıq ondan ibarətdir ki, "xxxx" MMC Qiymətləndirmə şirkətinin xx.xx.2025-ci il tarixli 18/0687 nömrəli qiymətləndirmə hesabatına dair verdiyi etirazda göstərdiyi kimi, "xxxx" MMC Qiymətləndirmə şirkəti özünün məlum hesabatında məhkəmə qərardadında qoyulmuş sualı təhrif etmiş, şirkət həmin suala özündən əlavələr etmiş və məhkəmənin qoyduğu sualdakı illərdən əlavə, 2024 və 2025-ci illəri də məhkəmənin sualına əlavə etmişdir. Halbuki Məhkəmənin qoyduğu sualda 2024 və 2025-ci illər qeyd edilməyib. Qiymətləndirmə hesabatında məhkəmənin qərardadı və orada qoyulmuş sual iddiaçının maraqlarına xidmət edən formada təhrif edilməklə dəyişdirildiyinə görə və həmin dəyişdirilmiş suala uyğun bir cavab verildiyinə görə hesabat saxtadır və iddiaçının bu saxta hesabata əsaslanmış ərizəsi də hüquqi və iqtisadi cəhətdən əsaslı hesab oluna bilməz və buna görə də həmin ərizə də hesabatla bərabər rədd edliməlidir. Bu fakt onunla təsdiq edilir ki, 2020-ci ildə bütün dünyada olduğu kimi, Azərbaycanda da covid-19 pandemiyası ilə əlaqədar iqtisadi fəaliyyətlər məhdudlaşdırılmışdı. O dövrdə obyektləri, demək olar ki, heç kim icarəyə götürmürdü, 2019-cu ildə icarəyə götürülən obyektləri də 2020-ci ildə təhvil verib biznes fəaliyyətlərinə son qoyurdular. Necə ola bilər ki, "xxxx" MMC Qiymətləndirmə şirkəti kimi, iddiaçı da 2020-ci il üçün öz obyektinin icarə bazar dəyəri haqqında fantastik bir rəqəm – 2.100 manat orta aylıq icarə dəyəri müəyyən edib? Covid-19-a görə o dövrdə həmin ərazidə yerləşən obyektə heç bir sahibkar risk edib 2.100 manat ödəməzdi. 2020-ci il üçün məbləğin bu qədər olması barədə "xxxx" MMC Qiymətləndirmə şirkəti heç bir sübutedici fakt və məlumat təqdim edə bilmədiyi kimi, iddiaçı tərəfindən də konkret sübutlar təqdim olunmayıb, sadəcə əsassız varlanmaq üçün özündən rəqəmlər uyduraraq, məhkəməni aldatmağa, onu isə müflis etməyə cəhd edir. İddia tələbinin həcminin artırılması barədə ərizənin əsassızlığı həm də onunla təsdiq edilir ki, "xxxx" MMC Qiymətləndirmə şirkəti kimi, iddiaçı da 2020, 2021, 2022 və 2023-cü illər üçün orta aylıq icarə dəyərini müəyyən edərkən unudub ki, Maraqlı şəxs3 MTK-nın verdiyi məktuba görə iddiaçı hələ 2023-cü ilin fevralında obyektində təmirə başlamışdır. Belə olan halda, iddiaçı hansı vicdanla və hansı məntiqlə ondan vurmadığı zərəri, özü də 2020, 2021, 2022 və 2023-cü illər üçün təmirdə olan obyekt üçün belə bir fantastik rəqəm tələb edir? Hər şeyin bir meyarı olmalıdır və hər şey qanuna, ədalətə və vicdanlılıq prinsipinə əsaslanmalıdır. Onu narahat edən məqam həm də budur ki, nəyə görə "xxxx" MMC öz hesabatında, iddiaçı isə ərizəsində olmayan «zərəri» 2020-ci ildən hesablamağa cəhd edirlər? Nəyə görə eyni məntiqlə məhkəmə öz qərardadında 2020-ci ili də əsas götürməyi təklif edib? Təqdim etdiyi faktlar əsasında bu suala hüquqi qiymət verilməlidir. Əks halda, Konstitusiyada (127-ci maddənin İİ, İV və Vİİİ bəndlərinin) və X18 Konvensiyasında təsbit edilmiş hüquqlarının, xüsusən də açıq və ədalətli məhkəmə araşdırılması hüququnun (Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin) indidən pozulmasını bəyan edə bilər. İddianın həcminin artırılması barədə ərizə həm də ona görə əsassızdır ki, bütün iddianın mahiyyəti pilləkən üzərindəki qəfəsin qanunsuz tikili olması kimi yalan, uydurulmuş, heç bir sübuta və fakta əsaslanmayan mülahizələrlə əsaslandırılır. Qəfəsin şəxsən onun tərəfindən tikilməsi barədə iddiaçı heç bir sübut və fakt təqdim edə bilmir. İddiaçının fikirləri sadəcə mülahizələrdən ibarət xüsusatlardır. Belə ki, əvvəlki ərizəsində, etirazlarında qeyd etdiyi kimi, bir daha bəyan edir ki, sözügedən qəfəs köhnə binadakı obyektində olduğu kimi Maraqlı şəxs3 MMC tərəfindən pilot layihənin sifarişçisi Nəsimi rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq tikilmiş, ona təhvil verilmişdir. Yəni Nəsimi rayon İcra Hakimiyyəti və MTK tərəfdən layihədə onun sahəsinə uyğun dəyişiklik edilmiş və pilləkən qəfəsi 5 mərtəbəli binada olduğu kimi layihələndirilmiş və Nəsimi rayon İcra Hakimiyyətində xx.xx.2017-ci ildə yenidən razılaşdırılmış, həmin sənəd 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən arxiv qovluğuna daxil edilmişdir (həmin sənədlər və layihənin özü bir daha məhkəmənin diqqətinə çatdırılır. Pilot layihənin bütün sənədləri Nəsimi rayon İcra Hakimiyyətindədir. Şəhərsalma komitəsində həmin sənədlər yoxdur və ola da bilməz). Bu fakt həm də onunla təsdiq edilir ki, onunla Maraqlı şəxs3 MTK arasından bağlanmış 8 dekabr 2017-ci il tarixli müqavilənin 2.1.8-ci bəndinə əsasən, tərəfindən binanın fasad üzrə ilkin görünüşünə heç bir dəyişiklik və müdaxilə edilə bilməz. Yəni iddiaçının iddia etdiyi kimi, əgər bu qəfəs qanunsuz tikilidirsə, demək o, müqavilənin 2.1.8-ci bəndini pozmuş hesab olunmalı idi və buna görə də MTK onu məhkəməyə verməli idi və s. Lakin təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı məhkəmə qarşısında belə bir iddia tələbi irəli sürəndə, ilk növbədə, 8 dekabr 2017-ci il müqavilənin 2.1.8-ci bəndinin tərəfindən pozulmasını sübut etməli və ortaya faktlar qoymalı idi. Məhkəmədən hədsiz dərəcədə xahiş edir ki, qətnamə qəbul edilərkən 8 dekabr 2017-ci il tarixli müqavilənin 2.1.8-ci bəndinin tərəfindən pozulub-pozulmaması məsələsinə hüquqi qiymət versin. Əks halda, iddiaçı və qiymətləndirmə şirkəti onu təkləyib, onu soymaq və ondan pul qazanmaq istəyirlər. Digər tərəfdən sözügedən müqavilənin 2.2.7-ci bəndinə görə, kooperativ, yəni Maraqlı şəxs3 MTK binanın tikintisini başa çatdırdıqdan sonra aşkar edilmiş nöqsanları və tam görülməyən işlərin tamamlanmasını təmin etməlidir. Məhz bu bəndə görə MTK ona məxsus obyektini köhnə binada olduğu kimi ona təhvil verməli olduğundan, qəfəslə bağlı işlərin layihədə razılaşdırılmasını və tikintisini özü həyata keçirmişdir. Sual olunur ki, nəyə görə iddiaçı eyni iddia tələbi ilə sözügedən MTK-ya qarşı iddia qaldırmır? Onu çəkindirən nədir? Bu qədər sübutedici sənədlər ortaya qoyduğu halda, iddiaçı nədən yalnız ondan yapışmışdır? Qətnamə qəbul edilərkən, bu suala da hüquqi qiymət verilməsini məhkəmədən xahiş edir. Ərizənin əsassızlığı həm də onunla bağlıdır ki, iddiaçı öz ərizəsinin 2-ci abzasında «2020, 2021, 2022, 2023-cü illər üçün icarənin bazar dəyəri»nə toxunsa da, yəni bu illər üzrə marağını ifadə etsə də, ərizənin növbəti abzasında hesabatdakı kimi, 2024-cü ili və 2025-ci ilin yanvar may aylarını da daxil etmişdir, yəni sadəcə hesabatdan «copy-paste» etmişdir, yəni ərizəsinə köçürmüşdür. Bu da iddiaçının ərizədəki mövqeyinin onun özünə məlum olmaması anlamına gəlir, sadəcə iddiaçı "xxxx" MMC Qiymətləndirmə şirkətinin hesabatındakı şişirdilmiş rəqəmləri görüb, ərizədəki yazısının fərqinə varmadan sadəcə onun hesabına varlanmaq xatirinə həmin rəqəmləri öz ərizəsinə daxil etmişdir. Yəni ərizə əsasında iddiaçının hərəkətlərində tamah məqsədlərinin olduğu açıq-aşkar görünür. İddiaçının «2020, 2021, 2022, 2023-cü illər» üçün təzminat tələb etməsi ən azından üç faktora görə ədalətsizlikdir: 1) iddiaçı obyektini 2023-cü ilin fevralından təmirə başlamışdır; 2) 2020-ci ildə pandemiya dövrü olmuş və ərzaq dükanlarından başqa, demək olar ki, heç yer işləməmişdir; 3) 1 saylı Bakı Ərazi İdarəsinin ona verdiyi xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********83-05301-083013 olan texniki pasportda yeni tikili olan binanın 2021-ci ildə tikilməsi göstərilmişdir. Həm də binanın istismara qəbul aktının tarixi də 2021-ci ildir. Bu hüquqi faktları nə məhkəmə, nə qiymətləndirici şirkət, nə də iddiaçı hansısa səbəbdən nəzərə almayıblar. Nəticədə hüquqlarının kobud şəkildə pozulması astanasındadır. Lakin məhkəmənin ədalətinə və səmimiyyətinə inanır və belə bir inamla da məhkəmədən xahiş edir ki, iddia tələbinin həcminin artırılması barədə ərizə saxta hesabatla bərabər rədd edilsin. Belə ki, təkcə 2020, 2021, 2022 və 2023-cü illər üzrə sübut etmişdir ki, iddia tələbi və bu illər üzrə tələb olunan məbləğlər saxtadır. Yəni 2020-ci ildə pandemiya olub, yeni tikili yalnız 2021-ci ildə istismara verilib, bu da o deməkdir ki, istismara verilməmiş binada heç kim obyekt işlədə bilməzdi, iddiaçı 2023-cü ilin fevralında hələ təmirə başlayıbmış, bu da o deməkdir ki, 2020-ci ildəki zərərdən danışmaq sadəcə ayıbdır, vicdanlı yanaşma deyildir. 2021-ci illərdə təzəcə istismara verilmiş binada iddiaçı dərhal fəaliyyətə başlamayıb. Bunu MTK-nın məktubu da sübut edir. 2022 və 2023-cü illərdə isə obyekt təmirsiz olub və heç bir iqtisadi fəaliyyəti olmayıb. Təkzib olunmaz bu faktlar onu deməyə əsas verir ki, iddianın özü mahiyyət etibarı ilə saxtadır, çünki iddiaçı vicdansızcasına əsassız iddia vermişdir və iş onun vaxtını alır. Bu mənada qiymətləndirmə hesabatının özü də saxtadır və hər ikisi rədd edilməlidir. Bu baxımdan qeyd etməlidir ki, iddiaçı vicdansızcasına əsassız iddia vermişdir. MPM-nin 120-ci maddəsinin tələblərinə görə məhkəmə vicdansızcasına əsassız iddia vermiş tərəfdən iş vaxtının itirilməsi üçün onun xeyrimə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Buna görə də, məhkəmədən bir daha xahiş edir ki, iddia tələbinin həcminin artırılması barədə ərizə daxil olmaqla iddia tələbinin özünün rədd edilməsi və onun xeyrinə iddiaçıdan ağlabatan məbləğin tutulması barədə qətnamə qəbul edilsin. Cavabdeh məhkəməyə izahat xarakterli ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində iddiaçı yazır ki, guya pilləkən üzərindəki konstruksiya qanunsuz tikilidir. Qanunsuz tikili o deməkdir ki, yəni heç bir sənədi yoxdur, sənədsizdir. 1-ci növbədə hansı tikilinin qanuni və ya qanunsuz olması sualına aydınlıq gətirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin bu norması mübahisə predmeti olan pilləkən üzərindəki konstruksiyaya-qəfəsə tətbiq edilə bilməz. Çünki pilləkən üzərindəki qəfəsin bütün sənədləri vardır və Nəsimi rayon İcra Hakimiyyəti ilə razılaşdırılmaqla MTK tərəfindən tikilmiş, 1 saylı Bakı Ərazi İdarəsində arxiv qovluğuna daxil edilmişdir. Yəni bu konstruksiya ilə bağlı rəsmi sənədlər, lazımi icazələr olduğu bir şəraitdə bu konstruksiya necə qanunsuz ola bilər? İddiaçı bunu necə sübut edir ki, bu qanunsuzdur? İddiaçı hansısa qurumdan bu tikilinin qanunsuz olması barədə hər hansı cavab məktubu alıbmı? İddia verən şəxs tikilinin qanunsuz olmasını sənədlərlə sübut etməlidir. Cavabdeh bunu sübut etməli deyil. Əsaslı sənədlər olmadan iddia qaldırıb, vaxtını alır. Hətta əgər ilkin layihədə bu konstruksiya olmayıbsa, lakin yeni layihədə bu konstruksiya razılaşdırılıbsa və müvafiq sənədlərlə təsdiq edilirsə, yenə də qanunsuz tikili sayıla bilməz. Hər bir halda pilot layihəyə cavabdeh qurum Nəsimi rayon İcra Hakimiyyətidir. Belə olan halda pilləkən üzərindəki konstruksiyanın qanunsuz olmasının iddia edilməsi və məhkəmənin bunu bu cür qəbul etməsi Mülki Məcəlləyə zidd olardı. Misal üçün deyir ki, yaxın bir tanışının İçərişəhərdə, 4-cü Maqomayev döngəsi, 4 saylı ünvanda aldığı evin heç bir sənədi yox idi, yəni qanunsuz tikili idi, özbaşına tikili idi. Lakin sonradan 1996-cı ildə Səbail rayon İcra hakimiyyətinin sərəncamı ilə həmin özbaşına tikilinin sənədləşdirilməsinə icazə verilmiş və tikili qanuniləşdirilmişdir. Bu gün Bakı şəhərində belə hallar həddən artıq çoxdur. Bu misaldan aydın olur ki, özbaşına tikili sonradan sənədləşdiriləndən sonra heç kim onu qanunsuz tikili adlandıra bilməz. Digər tərəfdən, iddiaçının obyektinin sahəsi çıxarışda 111,4 m2 olsa da, faktiki sahəsi 126,5 m2dir. İddiaçı özü bunu pretenziya məktubunda etiraf edib. İddiaçının obyektinin sahəsi nəyin hesabına artırılıb? Cavabdehin obyektinin sahəsi hesabına. Özləri 2019 və 2020-ci illərdə qəfəsin tikilməsi üçün təşəbbüs qaldırıblar ki, obyektlərinin qarşısında 2-ci qapını açsınlar. 5 il keçəndən sonra cavabdehi borclu çıxardıb məhkəməyə ərizə vermişlər. Bütün bu mülahizələrə görə iddia tələbi hər bir halda rədd edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin: 3.0.12-ci maddəsinə əsasən qurğu – müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndis-kommunikasiya təminatı sistemləri və sairə) və 3.0.32-ci inşaat konstruksiyası – bina və ya qurğularda müəyyən yükdaşıyıcı, qoruyucu və (və ya) estetik funksiyaları yerinə yetirən hissələr 14.3-cü maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməlidir. 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 81.1-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından müəyyən edildiyi kimi İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, 223, 225 (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 179A) ünvanında yerləşən daşınmaz əmlakın və Cavabdeh isə Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, 223, 225 (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 179) ünvanında zirzəmidə yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir. Cavabdehin mülkiyyətində olan zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinə giriş iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qarşısında inşa edilmiş pilləkən qəfəsi vasitəsilədir. Həmin pilləkən qəfəsinin üzərində metal-şüşə konstruksiya quraşdırılmışdır. İddiaçının tələbi cavabdehin qeyri-yaşayış sahəsinə düşən pilləkən qəfəs üzərində iddiaçının qeyri-yaşayış sahəsinin pəncərə-divarına bitişik inşa edilmiş metal-şüşə konstruksiyanın onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsinin rentabelliyinə ziyan vurması, onun sökülməsi və ötən müddət üçün itirilmiş icarə haqqının əldə çıxmış fayda olaraq maddi ziyan kimi tutulmasından ibarətdir. Məhkəmə iddiaçının cavabdehin qeyri-yaşayış sahəsinə (zirzəmiyə) enməyi təmin edən pilləkən qəfəsinin üzərində quraşdırılmış metal-şüşə konstruksiyanın sökülməsi tələbi ilə bağlı bildirir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən şəxs öz mülkiyyətində olan əmlakdan istifadə edərək onun bəhərindən faydalanmaq hüququna malik olduğu halda, hazırki iş üzrə iddiaçı mülkiyyətində olan əmlakdan onun qeyri-yaşayış sahəsinin şüşə divarına cavabdehin quraşdırdığı şüşə-metal konstruksiyanın mövcudluğundan irəli gələn maneələrə görə sərbəst istifadə edə bilmir. Cavabdehin mülkiyyətində olan qeyriyaşayış sahəsi binanın zirzəmisində yerləşir və təbii ki, həmin obyektin sahibkarlıq fəaliyyətinin daha əlverişli gəlir gətirməsi üçün vizual baxımdan cəlbediciliyi üçün belə bir konstruksiya inşa edilməsi hamıya bəlli olan haldır. Lakin, sözügedən konstruksiyanın inşası binanın müvafiq qaydada təsdiqlənmiş layihəsində əks edilməmişdir. İddiaçının bildirdiyi və cavabdehin də yazılı ərizələrində göstərdiyi kimi həmin konstruksiya iddiaçının da razılığı olmaqla sonradan inşa edilmişdir. Lakin, hər nə qədər də iddiaçının buna razılığı olsa da, mübahisəli tikilinin inşası binanın müvafiq dövlət orqanlarında təsdiqlənmiş layihəsində göstərilməli və ya sonradan da olsa, bu razılaşdırılma həyata keçirilməli idi. Lakin müəyyən edilən hal ondan ibarətdir ki, həmin tikili statusu etibarilə özbaşına tikilidir. Həmçinin qeyd etmək lazımdır ki, mikro-iqtisadi səviyyədə marketinq qaydalarında da səki ilə eyni səviyyədə girişə malik ictimai-iaşə obyektlərinin rentabelliyi pilləkən vasitəsilə girişə malik sahələrdən daha yüksəkdir. Lakin, iddiaçının belə bir imkanını onun giriş qapısına bitişik inşa edilmiş şüşə-metal konstruksiya əsassız şəkildə aradan qaldırmış olur. Aydın olan hal da ondan ibarətdir ki,qeyri-yaşayış sahəsinin kommersiya cəlbediciliyini təmin edən ən əsas amillərdən olan vitrin konstruksiya tərəfindən ümumiyyətlə bağlanmışdır. Odur ki, iddiaçı maraqlı şəxs kimi onun hüquqlarına toxunduğu üçün həmin tikilinin sökülməsinə dair iddia irəli sürmək hüququna malikdir və tələb bu hissədə əsaslıdır. Məhkəmə cavabdehin sanki həmin şüşə-metal konstruksiyanın layihədə əlavə edilməklə razılaşdırılması barədə dəlili ilə bağlı bildirir ki, Maraqlı şəxs3 MTK-nın 03 mart 2023-cü il tarixli 02/03 saylı məktubunda aydın şəkildə qeyd olunur ki, göstərilən qeyriyaşayış sahəsi ilkin layihədə pilləkən və zirzəmidəki artırması olmuşdur. Sonradan qeyriyaşayış sahəsinin köhnə uçurulan binada pilləkəni çöldə olduğuna görə, sakinin ərizəsinə baxılaraq layihədə sahəsinə uyğun dəyişiklik edilmiş, pilləkən qəfəsi 5 mərtəbəli binada olduğu kimi layihələndirilmiş və Nəsimi rayon İcra Hakimiyyətində xx.xx.2017-ci il tarixdə yenidən razılaşdırılmışdır. Eynilə də ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda da Maraqlı şəxs3 MTK-nın ünvan 5 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının layihəsində pilləkən qəfəsi ilə bağlı edilmiş dəyişikliklərə dair təqdim edilmiş sənəd arxiv qovluğuna əlavə edilmişdir. Həmçinin həmin layihədən aşkar şəkildə, kənar mütəxəssisin köməyi olmadan görmək olur ki, layihədə dəyişiklik məhz pilləkən qəfəsinin binanın çölünə çıxarılmasından ibarət olmuşdur, heç bir şüşə-metal konstruksiyanın tikilməsi və layihəyə əlavə edilməsi razılaşdırılmamışdır. Məhkəmə vurğulayır ki, həmin konstruksiyanın iddiaçının razılığı, habelə Mənzil Tikinti Kooperativinin razılığı ilə quraşdırılması onun müvafiq tikinti normalarına uyğun tikilməklə aidiyyəti orqanlarda razılaşdırılıb qeydiyyata alınmasını əvəz edə bilməz. Məhkəmə əlavə olaraq bildirir ki, cavabdehin pilləkən qəfəsini şüşə-metal konstruksiya ilə eyniləşdirməsi məntiqə uyğun deyildir. Leksikologiyaya əsasən pilləkən qəfəsi, pilləkənlərin olduğu yeri və ya pilləkənlərin özünü daşıyan konstruksiyanı bildirir. Hazırda mübahisələndirilən şüşə-metal konstruksiya isə həmin pilləkən qəfəsini daşımır, ayrıca olaraq həmin qəfəsin üzərində quraşdırılmış qurğudur. Məhkəmə cavabdehin mülkiyyətində olan zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin sökülmüş binanın hansı hisssəsində olması, hazırki binanın hansı hissəsində olması, zirzəminin hazırki iş üzrə iddiaçının sökülmüş binada mülkiyyətində olan qeyri-yaşayış sahəsinin altında yerləşib-yerləşməməsi ilə bağlı gətirdiyi dəlillər, habelə zirzəminin sökülmüş binada və hazırki binada da mövcud olması ilə bağlı, bundan başqa iddiaçının cavabdehin pilləkən qəfəsi üzərində tikilmiş səki üzərindən öz qeyri-yaşayış sahəsinə ikinci qapının açılması dəlili ilə bağlı bildirir ki, qeyd edilən edilən hazırki mübahisənin predmetini təşkil etmir və iddianın əsaslılığını aradan qaldıran dəlillər hesab edilmir. Xüsusilə də iddiaçı ilə MTK arasında bağlanmış köçürülmə müqaviləsində yeni tikiləcək binada inşa edilməklə iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin Səməd Vurğun küçəsi istiqamətində məhz ilə iki qapısının olması göstərilmişdir. Məhkəmə araşdırmasının sonuna doğru cavabdehin mübahisələndirilən şüşə-metal konstruksiyanın onun tərəfindən deyil, MTK tərəfindən inşa edilməsi ilə bağlı mövqeyi isə ümumiyyətlə qəbul edilməzdir, belə ki, məhkəmə araşdırmasının ilkin dövrlərində cavabdeh özü tərəfindən yazılmış çoxsaylı ərizələrdə konstruksiyanın tərəflərin qarşılıqlı razılığı əsasında özü tərəfindən tikilməsini bildirmişdir və həmin konstruksiyanın inşasında hazırki cavabdehin özündən başqa maraqlı şəxs müəyyən edilmir. Toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, mübahisə predmeti olan metal-şüşə konstruksiya məhz Cavabdeh tərəfindən inşa etdirilmişdir və həmin konstruksiya özbaşına tikilidir. Həmin özbaşına tikili iddiaçıya özünə məxsus olan qeyri-yaşayış sahəsini daha əlverişli şərtlərlə icarəyə verməyə, eləcə də, əmlak icarəsi bazarında formalaşmış real icarə haqqı məbləğlərinə uyğun şəkildə icarəyə verməyə maneə yaradır. Məhkəmə araşdırması dövründə cavabdehin həmin tikilinin normativ tələblərə uyğun olaraq razılaşdırılması üçün kifayət qədər imkanı olsa da, cavabdeh öz mövqeyində qalmış və yalnız pilləkən qəfəsinin razılaşdırılmasına əsaslanmışdır. Bu səbəbdən, iddia tələbi həmin konstruksiyanın sökülməsinə və həmin kostruksiyanın məhz cavabdehin hesabına sökülməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. İddiaçı iddia tələbində, eləcə də, sonradan təqdim etdiyi, iddia tələbinin həcminin artırılmasına dair ərizədə həmin qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə icarəyə verilməsi üçün hazır olduğu dövrü düzgün göstərməmişdir və cavabdeh tərəfin bununla bağlı etirazı əsaslıdır. Təqdim olunmuş sübutların məcmusu ilə müəyyən edilir ki, iddiaçı ona məxsus qeyriyaşayış sahəsinin təmirinə 2023-cü ilin fevral ayında tarixdə başlanmış və yalnız bundan sonra həmin qeyri-yaşayış sahəsi icarəyə verilmək üçün hazır vəziyyətə gətirilmişdir. Bu səbəbdən, iddiaçının bu tarixdən öncəki dövrə görə cavabdehdən vurulmuş maddi zərər tələb etməsi əsassızdır. Həmçinin iddiaçının 2020-ci ildən etibarən hazırki tarixədək əldən çıxmış fayda kimi icarə haqqının tutulmasını tələb etməsi əsassızdır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı ilk dəfə 2023-cü ilin may ayında bağlanmış müqavilə əsasında 600 manat icarə haqqı ödənilməsi şərtilə, sonradan isə 2023-cü ilin avqust ayında 1.500 manat ödənilməsi şərtilə, sonuncu dəfə isə 2025-ci ilin fevral ayında 600 manat icarə haqqı şərtilə icarəyə vermişdir. Təqdim edilmiş icarə müqavilələrinə əsasən müəyyən edilir ki, iddiaçı 2023-cü ildən etibarən qeyri-yaşayış sahəsini icarəyə vermişdir, lakin icarə haqqının məbləği icarə tərəflərinin sərbəst iradəsi əsasında müəyyən edildiyi üçün iddiaçının qeyri-yaşayış sahəsini real bazar dəyərindən daha aşağı məbləğdə icarəyə verməsinə dair dəlilləri əsassızdır. Həmçinin bağlanmış icarə müqavilələrinin sonradan məhz şüşə-metal konstruksiyaya görə ləğv edilməsinə dair sübutlar mövcud deyildir. Lakin obyektiv həqiqət naminə qeyd edilməlidir ki, cavabdeh izahatlarında özü də etiraf etmişdir ki, həmin obyektin real bazar icarə dəyəri daha yüksək məbləğ təşkil edir, hətta cavabdehin özünün də təqdim etdiyi fotoşəkillərdən iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə elanı görmək olur. Demək ki, iddiaçı davamlı olaraq həmin sahədən minimum həddə belə gəlir əldə etməkdən məhrum qalır. Əks halda sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün şəhərin əlverişli yerində yerləşən qeyriyaşayış sahəsinin istifadəsiz qalmasının səbəbini həmin qeyri-yaşayış sahəsinin görüntüsünə xələn gətirən cavabdehin inşa etdiyi şüşə-metal konstruksiyadan başqa halla izah etmək mümkün deyil. Bununla belə iddiaçının icarə haqqı ilə əlaqədar olaraq vurulmuş maddi zərərin ödənilməsi tələbi yalnız xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay qiymətləndiricinin məhkəməyə təqdim etdiyi hesabatda göstərdiyi orta bazar icarə haqqında uyğun olaraq (qiymətləndirici hesabatda 2024-cü il üçün bu məbləği 3.250 manat göstərmişdir) 3.000 manat olmaqla, cəmi 18.000 manat icarə haqqı kimi əldən çıxmış fayda hissəsində əsaslıdır və məhz bu hissədə təmin edilməlidir. Belə ki, həmin dövr üçün iddiaçının qeyri-yaşayış sahəsini icarəyə verməsi, bununla bağlı sübutlar, icarə müqaviləsi müəyyən edilmir. Bu səbəbdən, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməlidir. Məhkəmə çəkilmiş məhkəmə xərcləri ilə bağlı bildirir ki, təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı əmlakın icarə haqqının qiymətləndirilməsi üçün qiymətləndiriciyə müraciət edərək, 500 manat ödəniş etmişdir. Bundan başqa, hazırki iş üzrə iddiaçı tərəfindən 558 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, əmlakın icarə haqqının qiymətləndirilməsi üçün ödənilmiş 500 manat Cavabdeh tutularaq İddiaçının xeyrinə ödənilməli; ödənilmiş 558 manat dövlət rüsumunun 244 manat (100 manat qiymətləndirilməyən iddia və 18.000 manata görə 144 manat olmaqla) hissəsi Cavabdeh tutularaq İddiaçının xeyrinə ödənilməli; ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Belə ki, iddianın qalan hissədə əsaslı olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddiaçı tərəfindən çəkilmiş xərclərə dair sübutların təqdim edilməsi üçün iddiaçı tərəfin kifayət qədər vaxtı olmuşdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh məxsus Bakı şəhəri Nəsimi rayonu Sabit Rəhman küçəsi, 223, 225 (Yeni qaydalarla: ünvan 7 ünvanda yerləşən daşınmaz əmlakın qarşısında yerləşən özbaşına tikilmiş metal-şüşə konstruksiya tam şəkildə Cavabdeh hesabına sökülməli; dəymiş maddi ziyana görə 18.000 manat pul vəsaiti və əmlakın icarə haqqının qiymətləndirilməsi üçün ödənilmiş 500 manat Cavabdeh tutularaq İddiaçının xeyrinə ödənilməli; ödənilmiş 558 manat dövlət rüsumunun 244 manat hissəsi Cavabdeh tutularaq İddiaçının xeyrinə ödənilməli; ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri müştərək qaydada tərəflərdən tutulmalıdır. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 500 manatın 250 manat hissəsi Cavabdeh, 250 manat hissəsi İddiaçından tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba və aparılmış digər tədqiqatın dəyərini təşkil edən 100 manatın 50 manat hissəsi Cavabdeh, 50 manat hissəsi İddiaçından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Məhkəmə iddiaçının cavabdehin cərimələnməsi və cavabdehin ərizəsində göstərdiyi iş üzrə xüsusi qərardad çıxarılması barədə mövqelərinə münasibətdə bildirir ki, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxslərin cərimələnməsi və işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa iş üzrə xüsusi qərardad qəbul edilməsi qanunvericiliklə məhkəmənin səlahiyyətlərinə aid edilmiş məsələlərdir, məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq qeyd edilən məsələlərə dair qərardad qəbul edə bilər. Lakin, hazırki halda məhkəmə əsaslar müəyyən etmədiyindən qeyd edilən məsələ ilə bağlı qərardad qəbul edilməsini əsaslı hesab etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, 223, 225 (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 179A) ünvanında yerləşən daşınmaz əmlakın qarşısında yerləşən özbaşına tikilmiş metal-şüşə konstruksiya tam şəkildə Cavabdeh hesabına sökülsün. Dəymiş maddi ziyana görə 18.000 (on səkkiz min) manat pul vəsaiti və əmlakın icarə haqqının qiymətləndirilməsi üçün çəkilmiş xərc - 500 (beş yüz) manat Cavabdeh tutularaq İddiaçının xeyrinə ödənilsin. Ödənilmiş 558 (beş yüz əlli səkkiz) manat dövlət rüsumunun 244 (iki yüz qırx dörd) manat hissəsi Cavabdeh tutularaq İddiaçının xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manatın 250 (iki yüz əlli) manat hissəsi Cavabdeh, 250 (iki yüz əlli) manat hissəsi İddiaçından tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) və aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi İddiaçından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (Dövlət xəzinədarlığı Agentliyi, Kod: 21005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-169/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-169/2025
01.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver