Məhkəmə qərarları › İş №2(008)-3542/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3542/2023

12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3542/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron rayon Qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i̇ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1938-ci ildə doğulmuş anası X3 xx.xx.2023-cü ildə Abşeron rayonu, Məmmədli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş, atası X4, anası isə Abdullayevə (Ələkbərova) Adilə Həmid qızı olmuşdur. xx.xx.1938-ci ildə anadan olmuş anası Rusiya Federasiyasının vətəndaşı olsa da, 2023-cü ilin oktyabr ayında Azərbaycan Respublikasına gəlmiş və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Oktyabr küçəsi ev 4-də onunla birgə yaşamışdır. Lakin ara-sıra oğlunun ailəsi ilə yaşadığı Abşeron rayonu, Məmmədli kəndinə gedib oradakı evlərində qalmışlar. Anası xx.xx.2023-cü ildə saat 14:45 radələrində qonaq getdiyi Abşeron rayonu, Məmmədli kəndində yerləşən evdə qəflətən ürək çatışmazlığından vəfat etmişdir. Təcili tibbi yardım xidmətinə mərhum anasının adına çağırış edilmiş, lakin həkim gələnə qədər anası artıq vəfat etmişdir. Mərhum Abşeron rayonu Məmmədli kənd qəbirstanlığında dəfn olunmuşdur.Anasının anidən ölümü onu mənəvi-psixoloji cəhətdən sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından, poliklinikadan ölümü təsdiq edən sənədi ala bilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması üçün Abşeron rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda göstərmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməlidir. Ölüm haqqında şəhadətnaməni ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə maraqlı şəxs Abşeron rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ərizəçi onun xalası, mərhum X7 isə nənəsi olmuşdur. Nənəsi xalası Zemfira ilə Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evdə yaşasalar da, bəzən Abşeron rayonu, Məmmədli kəndinə xalası oğlunun evinə gedib orada qonaq qalmışlar. Nənəsinin hər hansı xəstəliyi olmamışdır, lakin xx.xx.2023-cü ildə yatıb yuxudan oyanmamışdır. Elə həmin gün Məmmədli kəndindəki qəbirstanlıqda dəfn olunmuşdur. Keçirilmiş yas mərasimlərində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ərizəçi ilə Sabunçu rayonu, Zabrat qəsəbəsində qonşudur. Çox yaxın, ailəvi münasibətləri var. Sosial şəbəkə vasitəsilə ərizəçinin anası Adilə xanımın ölməsindən xəbər tutmuşdur. Mərhumun qırx mərasimində yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ərizəçi ilə Sabunçu rayonu, Zabrat qəsəbəsində qonşudurlar. Ərizəçinin mərhum anası Adilə xanımın yaşı 85 idi, çətinliklə gəzirdi, yaddaşında problemləri var idi. Zemfiradan eşitmişdir ki, anası xx.xx.2023-cü il tarixdə Məmmədli qəsəbəsində vəfat etmişdir. Bununla əlaqədar keçirilmiş yas mərasimlərində iştirak etmişdir. Mərhum Abşeron rayonu, Məmmədli kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 Zemfira İsmayıl qızının anasıdır. İş materiallarında olan AA4516462 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, X7 xx.xx.1938-ci il tarixdə, Masallı rayonu, Qızılağac kəndində doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xidmət edən 14 saylı bölmənin təcili tibbi yardım briqadasının əməkdaşları həmin tarixdə, saat 14:45-də Abşeron rayonu, Məmmədli kəndində ünvanında qadın cinsli meyit aşkarlamışlar. İş materiallarına əlavə edilmiş Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X2 rayonu, Məmmədli kənd qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X18 "Abşeron Rayon Mərkəzi Xəstəxanasi" X15 xx.xx.2023-cü il tarixli məktubunun surətindən məlum olur ki, A.Ələkbərovanın ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamə tərəflərindən verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1938-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş X3 xx.xx.2023-cü ildə Abşeron rayonu, Məmmədli kəndində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar