Məhkəmə qərarları › İş №2(008)-3598/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3598/2023

08.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3598/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi”nin 2.1-ci bəndinin (alimentin ödənilməsi hissəsində) təsdiq edilməsi və Maraqlı şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, iki uşağa görə ümumilikdə 200 manat alimentin tutulub ərizəçiyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 22 avqust 2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2.1-ci bəndinə əsasən Maraqlı şəxs tərəfindən hər uşaq üçün 100 manat, iki uşağa görə ümumilikdə 200 manat olmaqla aliment hər ayın 22-nə qədər xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər ərizəçiyə ödənilməsi müəyyən edilir. Uşaqlar, xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 ərizəçinin yanında qalmış, alimentin ödənilməsi xx.xx.2022-ci il tarixdən hesablanır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, hal-hazıradək barışı sazişinin qeyd olunan şərti Maraqlı şəxs tərəfindən icra olunmamış, xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün barışıq sazişi ilə müəyyən edilmiş alimenti ərizəçiyə verməmişdir. Daha sonra Ərizəçi iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək, texniki səhvin aradan qaldırılaraq ərizəçi qismində Ərizəçi, maraqlı şəxs qismində isə Maraqlı şəxs qəbul etməyi xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs barışıq sazişini imzaladığını, uşaqlarla görüşdüyünü, ərizə ilə bağlı isə qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Barışıq Sazişinin 2.1-ci bəndindən görünür ki, Maraqlı şəxs tərəfindən hər bir uşaq üçün 100 manat, iki uşağa görə ümumilikdə 200 manat olmaqla alimentin hər ayın 22-nə qədər xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər Ərizəçi ödənilməsi müəyyən edilmiş, uşaqlar xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 ananın himayəsinə verilməsi və hər həftənin şənbə və bazar günləri ananın iştirakı olmadan ata ilə uşaqların görüş günlərinin müəyyən olunması və alimentin ödənilməsinin xx.xx.2022-ci il tarixdən hesablanması barədə tərəflər razılığa gəlmişlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə barışıq sazişi imzalanmış, tərəflər üzərinə öhdəlik götürmüşlər. Lakin Maraqlı şəxs sazişin şərtlərinə əməl etməmiş, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən olunmuş 200 manat alimenti ödəməmişdir. Buna görə də ərizəçi məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 305.1.17-cı maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını və işə əlavə olunan sənədləri, tərəflərin izahatını nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi ilə maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü icra edilmədiyindən, məhkəmə qaydasında məcburi icra edilməsi üçün barışıq sazişinin Maraqlı şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, iki uşağa görə ümumilikdə 200 manat alimentin tutulub ərizəçiyə verilməsi hissəsində təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat aliment tutulub ərizəçiyə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar