Məhkəmə qərarları › İş №2(008)-3606/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3606/2025

25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3606/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 (yeddi min beş yüz) manat əsas borc, hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat və 95 (doxsan beş) manat dövlət rüsumu ümumilikdə 7915 (yeddi min doqquz yüz on beş) manat tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1282 ünvanda fərdi mənzil tikintisi üçün ona ayrılması nəzərdə tutulmuş 0.0984 hektar həyətyanı torpaq sahəsini doğma xalası qızı və deyikli olduqlarına görə Abşeron rayon icra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı, Tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 nömrəli protokolu nəzərə alınmaqla baş plana uyğun olaraq Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 21 may 2003-cü il tarixli 28 nömrəli əmri ilə Cavabdeh adına formal olaraq rəsmiləşdirmişdir. Bir müddət sonra nikaha daxil olmaq fikrindən daşınsalar da, qohumluq əlaqələrində problem yaranmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1282 ünvanda yerləşən 0,0984 hektar torpaq sahəsi 10 iyun 2022-ci il tarixdə Cavabdeh adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində xüsusi mülkiyyət kimi qeydə alınmış və bu barədə ona qeydiyyat nömrəsi ********** olan Çıxarış, həmçinin torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Torpaq sahəsinin 04 may 2022-ci il tarixinə bazar qiymətinin 20000.00 (iyirmi min) manat təşkil etməsi barədə Arayış verilmişdir. 2022ci ildə İddiaçı maddi çətinlikləri yarandığından, torpaq sahəsini satmaq qərarına gəlmişdir. Torpaq formal olaraq iş üzrə cavabdeh olan xalası qızı Cavabdeh adına rəsmiləşdirildiyi üçün torpaq sahəsini satacağını Lamiyəyə bildirərək, ona etibarnamə verməsini istəmiş, cavabdeh heç bir etiraz etmədən, 02 iyul 2022-ci il tarixində Bakı şəhəri 25 saylı Notariat ofisinə gedərək iddiaçının qardaşı X7 etibarnamə vermişdir. Etibarnamə əsasda sözügedən torpaq sahəsini 7500 (yeddi min beş yüz) manata X1. 2022-ci ildə Cavabdeh Murad adlı şəxlə nişanlanaraq ailə qurmuşdur. Həmin toya onlar da dəvət edilmiş və yaxın qohum kimi toyda iştirak etmişlər. 27 avqust 2024-cü il tarixdə torpaq satdıqları şəxs Namiq Qənbərov tanımadığı şəxslərin torpaq sahəsində ölçü işləri apardığını görərək, iddiaçıya torpaq sahəsi üçün vermiş olduğu 7500 manat pulun geri qaytarılmasını istəmişdir. 31 avqust 2024-cü il tarixdə Lamiyənin həyat yoldaşı Murad, qardaşı İlyasın telefonuna mesaj göndərərək məsələnin nə yerdə olduğunu anlatmağa çalışmış, qardaşı da ona telefonla zəng edərək məsələni öyrənmişdir. Murad telefon danışığında Lamiyənin 3170 (üç min yüz yetmiş) manat borcu olduğuna görə məhkəmə tərəfindən sözügedən torpaq sahəsinə həbs qoyulduğunu bildirmişdir. Belə ki, cavabdeh “İrşad Elektroniks”dən hansısa bir avadanlıq və ya telefon almış, əslində həmin telefonu onun rəfiqəsi götürmüş, sonra da ondan məlumat almaq mümkün olmamışdır. Yaranmış borc məbləğini ödəyə bilmədikləri üçün adı çəkilən mağaza onları məhkəməyə vermiş, məhkəmə onları dəfələrlə xəbərdar etdikdən sonra mülkiyyətində olan torpağın üzərinə həbs qoymuşdur. Murad dəfələrlə mesajlarında və telefon zənglərində onlara bildirmişdir ki, 3170 (üç min yüz yetmiş) manat borcu ödənilərsə, iş bağlanar və torpaq sahəsi həbsdən çıxar. Muradın sözlərinə əsasən iddiaçı müəyyən etmişdir ki, özünün polis mayoru olan bir dostu ilə əlbir olaraq, sözügedən torpağı özləri sataraq pulunu əldə etmək üçün saysız-hesabsız yalanlar söyləmiş və bütün bunlar barədə onun səs yazılarının toplandığı disk mövcütdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 1999-cu ildə özü üçün torpaq sahələri aldığını, hamısının öz mülkiyyətində olmasını istəmədiyi üçün bir hissəsini qardaşının yoldaşının adına keçirtdiyini, cavabdehlə həmin müddətdə aralarında söz kəsildiyini torpaq sahəsini cavabdehin mülkiyyətinə keçirtdiyini, sonradan bu fikirdən daşındıqlarını, torpaq sahəsinin hələ də cavabdehin mülkiyyətində qaldığını, torpaq sahəsini satmaq fikirləri olanda, 2022-ci ildə qardaşının cavabdehlə əlaqə saxladığını, torpaq sahəsini satmaq üçün cavabdeh tərəfindən qardaşına etibarnamə verildiyini, torpaq sahəsini 7.500 manata satdığını, torpaq sahəsini satdığı şəxs çıxarış almaq istəyən zaman Cavabdeh nikaha daxil olduğu üçün yoldaşının razılığı tələb olunduğunu, cavabdeh “İrşad Elektroniks”ə 3170 manat borcu olduğu üçün torpaq sahəsi üzərinə həbs qoyulduğundan torpağı almış şəxsin 7500 manat pulu ondan geri tələb etdiyindən, torpağın mülkiyətçisi Aminovanın təqsirindən ona 7500 manat ziyan dəydiyindən, həmin məbləğin Cavabdeh alınaraq ona verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiaçı ilə cavabdeh bir müddət deyikli olduqlarını, ona görə də mübahisə gedən torpaq sahəsini cavabdehin adına rəsmiləşdirildiyini, sonra tərəflər nikaha daxil olmaq fikrindən daşındıqlarını, lakin normal qohum münasibətləri davam etdiyindən, torpaq sahəsi formal olaraq onun mülkiyyətində qaldığını, 2022-ci ildə Cavabdeh həmin torpaq sahəsinə çıxarış aldığını, iddiaçının qardaşına torpaq sahəsinin satılması ilə bağlı etibarnamə verdiyini, həmin etibarnamə əsasında 7.500 manata alqı-satqı olunduğunu, torpaq sahəsi üzərinə həbs qoyulduğundan, torpaq sahəsini alan Namiq Qənbərov 7500 manat pulu tələb etdiyini, cavabdehin “İrşad Elektroniks”ə olan 3.170 manat borcun qaytarılacağı təqdirdə, torpaq sahəsini geri qaytaracağını və iddia tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində İddiaçı uzun müddətdir ki tanıdığını, qonşu olduqlarını, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində həm ona, həm də İddiaçı torpaq sahəsi ayrıldığını, İddiaçı isə o vaxtlar deyiklisi olan Lamiyə xanımın adına torpaq sahəsini rəsmiləşdirildiyini, sonradan cavabdehin çıxarış əldə etdiyini, iddiaçı həmin torpaq sahəsini satmaq istədikdə Lamiyə xanımın əri borcları olduğunu, həmin borcun ödəniləcəyi təqdirdə torpaq sahəsini qaytarılacağı, lakin sonradan bu fikirdən də daşındığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə olunan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1282 nömrəli torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli, A№767925 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1282 ərazisində yerləşən 0.0984 ha torpaq sahəsinə dair Cavabdeh adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilən etibarnamənin surətindən görünür ki, Aminova X5 qəsəbəsi, X6 ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə aid sənədləşmə işlərini aparmağı, tikinti işlərini aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməyi, özəlləşmə prossesi ilə əlaqədar Bələdiyyə, İcra Hakimiyyəti, DƏDRX, Notariat, Bank və digər kredit təşkilatları və s. Dövlət Arxivdə təmsil etməyi, arxiv arayışını almağı, torpaq sahəsini özəlləşdirib çıxarış aldıqdan sonra 0.10 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, icarəyə verməyi, həmin tapşırıqlarla yuxarıda göstərilən təşkilatlarda nümayəndəsi olmağı, ona çatası pulu almağı, pulu yatırmağı, ərizələrə müraciət etməyi, müqavilələr bağlamağı, adından imza etməyi, digər hərəkətlər etməyi, X7 etibar etmişdir. İş materiallarına əlavə olunan Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1282 ərazisində yerləşən 0.0984 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 20 000 (iyirmi min) manat təşkil edir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə prentenziya göndərərək, vurduğu maddi ziyanın əvəzi olaraq 7500 (yeddi min beş yüz) manatı 10 iş günü ərzində ona ödəməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi iddiaçı 7500 manat maddi zərər tələb etsə də, cavabdehin hansı təqsirli hərəkəti nəticəsində ona zərər dəyməsini təstiq edəcək sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-1282 ünvanda fərdi mənzil tikintisi üçün ayrılması nəzərdə tutulmuş 0.0984 hektar həyətyanı torpaq sahəsini Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmış və bu barədə ona qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. İddiaçı həmin torpaq sahəsinin ona məxsus olmasını, formal olaraq Cavabdeh adına qeydə alındığını iddia etsə də, torpağa mülkiyyət hüququ ilə bağlı heç bir mübahisə qaldırmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının qardaşı İlyasa torpaq sahəsi ilə bağlı baş etibarnamə verilmiş, sonuncu həmin etibarnamə əsasında torpaq sahəsini 7500 manata X2. Məhkəmə iclasında iddiaçı dəfələrlə etiraf etmişdir ki, torpaq sahəsinin alqı-satqısı ilə bağlı əldə edilmiş 7500 manat puldan 1 manat da olsun cavabdehə verilməmişdir. Məhkəmə hesab edir ki, dəymiş maddi ziyanın əvəzi olaraq 7500 (yeddi min beş yüz) manatın cavabdehdən tələb edilməsi qanuni və əsaslı hesab etmək olmaz. Məhkəmə bu hallarla bağlı qeyd edir ki, iddiaçı torpaq sahəsinin satışından əldə etdiyi 7500 (yeddi min beş yüz) manat pulu cavabdehə vermədiyindən və yaxud aralarında bölüşdürmədiyindən, bununla bağlı cavabdehdən həmin pulu tələb etməsi əsassızdır. Belə ki, iddiaçı həmin torpaq sahəsini Cavabdeh nümayəndəsi kimi sataraq pulu özü aldığından, həmin pulu da alıcıya geri qaytarılmalıdır. Burada iddiaçıya dəymiş maddi ziyanın Cavabdeh tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Beləliklə məhkəmə hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə iddiaçının dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 95 manat dövlət rüsumu və hüquqi yardımla əlaqədar 15 saylı Vəkil Bürosunda vəkillə bağladığı müqaviləyə əsasən 320 (üç yüz iyirmi) manat iddiaçının özünə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar