Məhkəmə qərarları › İş №2(008)-3953/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3953/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3953/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X10 qızının, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəlidilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:

1. Cavabdeh1 "xxxx" ASC-in xeyrinə 03.04.2013-cü il tarixli 100.LN 1604.030413.00001 saylı kredit müqaviləsi üzrə 590746.42 ABŞ dolları əsas və 71662.94 ABŞ dolları faiz olmaqla, cəmi 662409.36 ABŞ dolları (milli manat ekvivalentində) məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması;

2. tutmanın Cavabdeh2 məxsus. Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, R. Axundov küçəsində 0.08 ha torpaq sahəsinə və X7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R. Axundov küçəsi, 25 saylı sahə 08 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi;

3. satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması;

4. tutma ipoteka əmlaklarına yönəldildikdə və o satıldıqda, Cavabdeh2 və X4 torpaq sahələrini tərk etməsi, boşaldılması və əmlaklara istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03.04.2013-cü il tarixli 100.LN. 1604.030413.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən illik 15 faizlə 70 ay müddətinə 350000 ABŞ dolları məbləğində kredit verilmiş, 04.09.2013cü il tarixli 1 saylı Əlavə razılığa əsasən borcalana 150000 ABŞ dolları məbləğində əlavə kredit ayrılmış, bununla da kredit xəttinin ümumi məbləği 500000 ABŞ dolları təşkil etmişdir. 03.02.2016-cı il tarixli 5 saylı Əlavə razılığa əsasən gecikmədə olan 140350,79 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə edilmiş və borcalana yeni ödəniş qrafiki açılmışdır. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R. Axundov küçəsində 0.08 ha torpaq sahəsi və X7 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində 25 saylı sahə 0.08 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Öhdəliklər vaxtında icra edilmədiyindən, 16.11.2018-ci il tarixə Cavabdeh1 03 aprel 2013-cü il tarixli 100.LN.1604.030413.00001 saylı kredit müqaviləsi üzrə banka 590746.42 ABŞ dolları əsas və 71662.94 ABŞ dolları faiz olmaqla. cəmi 662409.36 ABŞ dolları borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanı ərizəni qeydə almışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 (Bank artıq ləğv etmə prosesində olduğundan etibarnamə Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmişdir) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ASC ilə Cavabdeh1 arasında 03.04.2013-cü il tarixli 100.LN. 1604.030413.00001 saylı kredit müqaviləsi bağlanmışdır. həmin kredit müqaviləsinə əsasən cavabdehə illik 15 faizlə 70 ay müddətinə 350000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan tərəflər arasında 04.09.2013-cü il tarixli 1 saylı Əlavə razılıq imzalanmış, həmin razılığa əsasən cavabdehə əlavə 150000 ABŞ dolları məbləğində əlavə kredit ayrılmış, bununla da kredit xəttinin ümumi məbləği 500000 ABŞ dolları təşkil etmişdir. 03.02.2016-cı il tarixli 4 saylı Əlavə razılığa əsasən gecikmədə olan 140350,79 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə edilmiş, bununla da kredit xəttinin ümumi məbləği 591350,79 ABŞ dolları təşkil etmişdir və borcalana yeni ödəniş qrafiki açılmışdır. İddiaçı ASC ilə Cavabdeh2 və X8 arasında 15.04.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə və onun əlavələrinə əsasən Cavabdeh2 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R. Axundov küçəsində 0.08 ha torpaq sahəsi və X7 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov lüçəsində 25 saylı sahə ipoteka ilə yüklü edilmiş, yüklülük DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ******* №-li Çıxarışla qeydə alınmışdır. 06.11.2018-ci il tarixli 05/808 №-li maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə 590746.42 ABŞ dolları əsas və 71662.94 ABŞ dolları faiz olmaqla, cəmi 662409.36 ABŞ dolları borc yaranmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildirişlər verilmiş, həmin bildirişlər DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. «İmza» Ekspertiza Mərkəzi» MMC tərəfindən ipoteka ilə yüklü edilmiş hər iki torpaq sahəsinin likvid qiyməti 350000 manat müəyyən edilmişdir. Hazırda iddiaçı borcun tutulmasını, tutmanın ipotekaya yönəldilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə eyni zamanda tutmanın ipoteka predmetinə yönəldilməsini də qanuni və əsaslı hesab edir. Belə ki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- «İpoteka haqqında» Qanunun) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh2 və X8 ilə bank arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. "İpoteka haqqında" Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20.07.2020-ci il tarixli 01 №-li qərardadına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. Yuxarıda qeyd oluunduğu kimi, «İmza» Ekspertiza Mərkəzi» MMC tərəfindən ipoteka ilə yüklü edilmiş hər iki torpaq sahəsinin likvid qiyməti 350000 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmeti olan hər iki torpaq sahəsinin ilkin satış qiyməti 350000 manat məbləğində müəyyən edilməlidir. İpoteka ilə yüklü edilmiş torpaq sahələri satıldıqdan sonra, onların mülkiyyətçiləri oranı tərk edib boşaltmalıdılar, onlar istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatı dəyəri 350 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 tutulmalı və «İmza» Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh1 03.04.2013-cü il tarixli 100.LN 1604.030413.00001 saylı kredit müqaviləsi üzrə 590746.42 ABŞ dolları əsas və 71662.94 ABŞ dolları faiz olmaqla, cəmi 662409.36 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-in xeyrinə tutulcey, tutma Cavabdeh2 məxsus. Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, R. Axundov küçəsində 0.08 ha torpaq sahəsinə və X7 məxsus, Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsi, R. Axundov küçəsi, 25 saylı sahə 08 ha torpaq sahəsi ilə birlikdə yönəldilsin, əmlaklar açıq hərracda satılaraq tələb edilən borc ödənilsin, hər iki torpaq sahəsinin ilkin satış qiyməti 350000 manat məbləğində müəyyən edilsin, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğ Cavabdeh1 ümumi qaydada tutulsun, tutma ipoteka əmlaklarına yönəldildikdə və o satıldıqda, Cavabdeh2 və X8 torpaq sahələrini tərk edərək boşaltsınlar, onların əmlaklara istifadə hüquqları itirilmiş hesab edilsin. Aparılmış ekspertiza tədqiqatı dəyəri 350 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 tutulsun və «İmza» Ekspertiza Mərkəzinin (VÖEN **********) "xxxx" ASC, KOD 507699 VÖEN ********** Müxbir hesab AZ02NABZ******************** S.W.İ.F.T: AZRTAZ22, AZ69AZRT******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar