Məhkəmə qərarları › İş №2(008)-4018/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4018/2023

10.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4018/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Hüseynova Elnarə Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2010-cu il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X2 xx.xx.2022-ci ildə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə faciəli şəkildə boğularaq vəfat etmiş və Sabunçu rayonu Maştağa qəsəbəsindəki Pirşəhid qəbristanlığında dəfn edilmişdir. Poliklinikadan oğlu barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudur, Maştağa qəsəbəsində eyni məhəllədə yaşayırlar. xx.xx.2022-ci il tarixdə hava küləkli idi, qonşular uşaqlarla birlikdə Buzovna dənizinə getmişdilər. Qonşusu Nəcəfqulunun uşağı Mirfərhadın dənizdə boğulduğunu eşitdi. Uşaq ailənin ilk övladı idi, 10-11 yaşında olardı. Mərhumun yas mərasimində iştirak etmişdir. Maştağa qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudur, Maştağa qəsəbəsində eyni məhəllədə yaşayırlar. xx.xx.2022-ci il tarixdə hava küləkli idi, digər qonşular uşaqlarla birlikdə Buzovna dənizinə getmişdilər. Qonşusu Nəcəfqulunun uşağı Mirfərhadın dənizdə boğulduğunu eşitdi. Uşaq ailənin ilk övladı idi, 10-11 yaşında olardı. Mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun dayısıdır, 1 həyətdə yaşayırlar. Onlar uşaqlarla birlikdə Buzovna dənizinə getmişlər. xx.xx.2022-ci il tarixdə dəniz ləpəli idi, qonşunun uşağı Mirfərhad gözlərinin qabağında qəfildən yoxa çıxdı, axtardılar, tapanda uşaq artıq keçinmişdir. Ətrafdakılar təcilli tibbi yardım çağırdılar, amma uşağı ayılda bilmədilər, artıq rəhmətə getmişdi. Mərhum Sabunçu rayonu Maştağa qəsəbəsindəki Pirşəhid qəbristanlığında dəfn edilmişdir. Yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qohumdur. Keçən ilin yay ayı idi. Nəcəfqulunun oğlu Mirfərhad xx.xx.2022-ci ildə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə faciəli şəkildə boğularaq vəfat etmişdir. O, Sabunçu rayon qəbristanlığında dəfn edilmişdir. Yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 639 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 (ARSN MTEPAB PHŞ və Xəzər rayon prokurorluğunun verdiyi xx.xx.2022-ci il tarixli qərara əsasən) xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Maştağa qəsəbəsi Pirşəhid qəbirstanlığında dəfn olunmuşdur. - AZ-İ seriyalı 424932 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X8 xx.xx.2008-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Damədova soyadı verilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə öz ehtiyatsızlığından bataraq ölməsi faktına görə Bakı şəhəri Xəzər rayon prokurorluğunda toplanmış C-251/22 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı məhkəmə müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsin Xəzər rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 2010-cu il təvəllüdlü mərhum X1 meyiti xx.xx.2022-ci ildə məhkəmətibb müayinəsindən keçirilmiş və meyit dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. - AZ-İİ seriyalı 567150 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Ərizəçi, anası X6r. - qəbir daşının fotoşəklindən görünür ki, X2 xx.xx.2010-cu il tarixdə doğulmuş, xx.xx.2022-ci il tarixdə ölmüşdür. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X1 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar