Məhkəmə qərarları › İş №2(008)-4314/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4314/2023

20.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4314/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, sonuncunun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, onun və digər Cavabdeh1 nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mənzildən çıxarılması və iddiaçıların mənzilə köçürülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mənzildən çıxarılması və iddiaçıların mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailənin digər üzvlərinin ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin layihədə göstərilən sahəsi 6,9 kv.m və 12,0 kv.m olan iki 2 otağından çıxarılmaları və onların həmin iki otağa köçürülərək otaqların istifadələrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, mübahisəli mənzil ünvan 1 ünvanında 6 sot torpaq sahəsində yerləşir. Mərhum ataları X20 1996-cı ildə həmin torpaq sahəsində ilkin olaraq 17 kv.m sahəsi olan bir otaqlı ev tikmiş və ailəliklə (cavabdehlər də daxil olmaqla) köçərək həmin evdə yaşamağa başlamış və hər biri həmin mənzilə qeydiyyata alınmışlar. Ailələri böyük olduğuna görə, həmin birotaqlı mənzil darısqallıq yaratdığından, ataları bütün ailə üçün həyətdə, yəni həmin birotaqlı mənzilin yanında ayrıca bütün kommunal xidmətləri olan üçotaqlı mənzil tikmişdir ki, cəmi dörd otaqdan ibarət evin iki otağı onların, iki otağı isə cavabdehlərin olsun. Ev hazır olduqda atası da daxil olmaqla, yeddi nəfər ailə üzvü belə razılığa gəlmişlər ki, xəstəliyi ilə əlaqədar sakit həyat tərzi tələb olunan Fərman Ələsgərov ailəsi (özü, həyat yoldaşı və oğlu) ilə birlikdə həmin təzə tikilmiş üçotaqlı evə köçsünlər, onlar - dörd nəfər ailə üzvü isə, ataları ilə birlikdə müvəqqəti olaraq əvvəl tikilmiş bir otaqda qalsınlar. Fərman Ələsgərovun 2006-cı ildə vəfatından sonra onlar yenə əvvəlki kimi birotaqlı mənzildə, cavabdehlər isə üçotaqlı mənzildə yaşamağa davam etmişlər. 2010-cu ildə cavabdehlər üç otaqdan birini onların istifadələrinə verməli olduqları halda, bunu etməyərək, əksinə, onları uzun illər yaşadıqları bir otaqdan da çıxarmaq üçün mübahisələrə başlamışlar. Atalarının 2019-cu ildə vəfatından bir müddət sonra, yəni atasının yas mərasimləri başa çatdıqdan sonra, onlar cavabdehlərdən üç otaqdan birini boşaldaraq onların istifadələrinə vermələrini xahiş etmişlər. Lakin cavabdehlər buna razı olmayaraq, onları yaşadıqları bir otaqdan da çıxaracaqlarını deyərək hədələməyə başlamışlar. Hazırda onlar dörd nəfərlik ailə üzvü ilə evsiz qalmışlar, yaşamağa yerləri yoxdur. Mərhum ataları tərəfindən tikilmiş dörd otağın ikisi onlar üçün nəzərdə tutulduğundan və onlar mənzillər tikildiyi vaxtdan qeydiyyatda olmaqla həmin evdə yaşadıqlarından, mərhum ataları tərəfindən tikilərkən onlar üçün nəzərdə tutulmuş iki otağa köçərək həmin otaqlarda yaşamaq istəyirlər. Cavabdehlər isə buna imkan vermirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı3 iddia tələbini müdafiə edərək, ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, mübahisəli mənzil ünvan 2 ünvanında, 6 sot torpaq sahəsində yerləşir. İddiaçı3 atası, İddiaçı1 isə bibisidir. O, bibisigilin himayəsində həmin evdə yaşamışdır. Ona uşaqlıqda alınmış oyuncağı, fotoları və digər əşyaları hazırda oradadır. Lakin cavabdehlər onun və digər iddiaçıların həmin mənzildə yaşamalarına maneçilik törətdiklərindən, mənzilin iki otağına köçərək orada yaşamaq istəyirlər. İddiaçı qeyd olunanlara əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddiaçıların izahatlarında göstərilənləri təsdiq edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailənin digər üzvlərinin ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin layihədə göstərilən sahəsi 6,9 kv.m və 12,0 kv.m olan iki otağından çıxarılmaları və iddiaçıların həmin iki otağa köçürülərək otaqların onların istifadələrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili X14, iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)- 3945/2008 saylı qətnaməsi ilə cavabdehlərin ünvan 1 ünvanında yerləşən üç otaqlı evdən çıxarılmaları barədə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2009-cu il tarixli qərarı ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4135/2022 saylı qətnaməsi ilə X12 və İddiaçı1 cavabdehlərə qarşı evə köçürülmə, istifadə hüququnun tanınması, maneənin aradan qaldırılması barədə tələbləri rədd edilmiş, cavabdehlərin qarşılıqlı iddiaları təmin edilərək, onların həmin ünvanda 8/10 hissədən bir hissəyə köçürülmələri qət edilmişdir. Mübahisə predmeti olan tikili özbaşına tikilidir, həmin tikiliyə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-3945/2008 saylı qətnaməsi qanuni və əsaslı sayılmışdır. İddiaçıların mübahisə etdikləri tikilidə heç bir əşyaları olmamışdır və hazırda yoxdur, həmin tikilidə heç vaxt yaşamamışlar. Hazırda qüvvədə olan məhkəmə qərarlarının mövcudluğu cavabdehləri sübutetmə vəzifəsindən azad edir. Hesab edir ki, iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Göstərilənlərə əsasən, nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 iddia tələbini qəbul etməyərək nümayəndənin izahatında göstərilənləri təsdiq edib, əlavə olaraq bildirdi ki, mübahisə predmeti olan fərdi yaşayış evi mərhum əri Fərman Ələsgərov tərəfindən tikilmiş, ona görə də iddiaçılar oraya köçürülə bilməzlər. O, qeyd olunanların nəzərə alınaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ünvanında yaşamış və cavabdehlərlə qonşu olmuşdur. O, həmin ünvanda yerləşən evdə iddiaçıların yaşadığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, iddiaçılarla qonşu olmuş, onlarla gediş-gəlişləri olmuşdur. İddiaçıların hazırda köçmək istədikləri evi onların atası Əli Ələsgərov tikmişdir. Əvvəllər həmin evdə iddiaçıların yaşayıb-yaşamadığından xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, o, İddiaçı1 əridir. Həmin evi iddiaçının atası tikmişdir. İddiaçılar həmin evdə yaşamışlar. Özünün ayrıca evi olsa da, İddiaçı1 daha çox mübahisəli evdə yaşamışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-3945/2008 saylı qətnaməsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Cavabdeh2, X2 və X3 X15 və X8 qarşı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ünvanında yerləşən 70D saylı evə mülkiyyət paylarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilərək, miras əmlak olan evin 8/10 hissəsinə Cavabdeh2, X2 və X3, 2/10 hissəsinə isə X13 və X5 mülkiyyət payları müəyyən edilmişdir. Həmin qətnamə ilə eyni zamanda X13 və X5 Cavabdeh2, X4 və X6 qarşı miras əmlakın onlar arasında bərabər payda (hər birinə 1/5) bölünməsi, həmin ünvanda yerləşən torpaq sahəsinin istifadə və icarə hüquqları əsasında bərabər paylarda miras qoyanın vərəsələrinə keçirilməsi, Cavabdeh2, E.Ələsgərova və K.Ələsgərovanın həmin torpaq sahəsində yerləşən Ə.Ələsgərovun maddi vəsaiti hesabına inşa edilmiş üç otaqlı tikilidən çıxarılmaları tələbinə dair qarşılıqlı iddiaları qismən - Cavabdeh2, E.Ələsgərova və K.Ələsgərovanın ünvan 4 ünvanda yerləşən üç otaqlı tikilidən çıxarılmalarına dair hissəsi təmin edilmiş, qalan hissədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-3945/2008 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi Cavabdeh2, X2 və X1 ünvanda yerləşən üçotaqlı evdən çıxarılmalarına dair hissədə ləğv edilmiş və X13, X5 qarşılıqlı iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)- 3329/2014 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2 ilə X2 cavabdehlər X23, X11, X16, İddiaçı2 Bəhrəm oğluna qarşı kompensasiya verilməklə yaşayış sahəsindən (ünvan 5 ünvanında yerləşən 70D saylı evdən) istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)- 8459/2014 saylı qətnaməsindən məlum olur ki, Cavabdeh2 İddiaçı3 və İddiaçı2 qarşı yaşayış sahəsindən (ünvan 5 ünvanında yerləşən 70D saylı evdən) istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4135/2022 saylı qətnaməsindən görünür ki, X12 və İddiaçı1 Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə, istifadə hüqunun tanınması və maneənin aradan qaldırılması” tələbinə dair ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilərək, Cavabdeh2 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ünvanında yerləşən 70D saylı evin ona məxsus 8/10 hissədən bir hissəsinə və Cavabdeh1 azyaşlı uşaqları X17 və X26 ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ünvanında yerləşən 70D saylı evin ona məxsus 8/10 hissədən bir hissəsinə köçürülmələri qət edilmişdir. - Həmin qətnamədən görünür ki, ünvan 5 ünvanında yerləşən 70D saylı evə dair Cavabdeh2 8/10 hissədən bir hissə, X2 8/10 hissədən bir hissə, X3 8/10 hissədən bir hissə, İddiaçı1 2/10 hissədən bir hissə, İddiaçı2 2/10 hissədən bir hissə payları müəyyən edilmişdir. - Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru V.Alıyev və digər şəxslər tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan və icra məmurunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4135/2022 saylı icra sənədi icra edilmişdir və buna görə də icra sənədi üzrə icraata xitam verilmişdir. - “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş, ünvan 5 ünvanında yerləşən 70D saylı evə dair memarlıq və planlaşdırma layihəsindən görünür ki, mübahisə predmeti olan evin otaqları və sahələri göstərilmişdir: dəhliz 8,55 m2, mətbəx 6,0 m2, sanitar qovşaq 5,29 m2, yataq otağı 6,9 m2, zal 17,15 m2, yataq otağı12,0 m2. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında keçirilmiş yerli baxışda müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən, bir həyətdə girişdən sağda təmirsiz halda üç otaq və bir mətbəxdən ibarət bir ev, girişdən düz istiqamətdə eyni həyətdə beş çarpayıdan ibarət bir otaqlı ev və həmçinin həmin otaqdan sağda əlavə bir otaq vardır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı3 bacı-qardaş, İddiaçı2 isə sonuncunun oğludur. Cavabdeh2 Cavabdeh1 anasıdır, iddiaçılar İddiaçı1 və İddiaçı3 qardaşları mərhum F.Ələsgərovun isə, həyat yoldaşı olmuşdur. ünvan 1 ünvanında iki yaşayış sahəsi yerləşir. Onlardan biri bir otaqdan ibarət olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin evə dair Cavabdeh2 8/10 hissədən bir hissə, E.Ələsgərovanın 8/10 hissədən bir hissə, K.Ələsgərovanın 8/10 hissədən bir hissə, İddiaçı1 2/10 hissədən bir hissə, İddiaçı2 2/10 hissədən bir hissə payları müəyyən edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(008)-4135/2022 saylı qətnaməsi ilə Cavabdeh2 həmin evin ona məxsus 8/10 hissədən bir hissəsinə və Cavabdeh1 azyaşlı uşaqları X17 və X26 ilə birlikdə həmin evin ona məxsus 8/10 hissədən bir hissəsinə köçürülmələri qət edilmişdir. Həmin qətnamə icra olunmuşdur. Həyətdə yerləşən evlərdən digəri isə, özbaşına tikili olmaqla iddiaçıların atası X20 tərəfindən inşa edilmişdir və həmin evin sahələri 6,9 kv.m və 12,0 kv.m olan iki otağı hazırkı məhkəmə baxışının predmetini təşkil edir. Hazırda həmin ev üç otaq və bir mətbəxdən ibarət olmaqla, cavabdehlərin istifadəsindədir. İddiaçılar isə, həmin tikilinin ataları tərəfindən inşa olunduğunu, yaşamağa başqa yerlərinin olmadığını, məhkəmə qətnaməsinə əsasən cavabdehlərin bir otaqlı evə köçürüldüklərini bildirib, cavabdehlərin özbaşına tikilinin sahələri 6,9 kv.m və 12,0 kv.m olan iki otağından çıxarılmalarını və özlərinin oraya köçürülmələrini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehlərin ev üzərində hüquqlarının mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, onların iddiaçıları həmin evə buraxmamaları qanunsuzdur. Evə buraxılmama o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. İddiaçıların evdən istifadə hüquqlarının olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəyidi) bu halda, cavabdehin istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa, fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, həmin tikili cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlərin həmin həyətdə mövcud olan bir otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə məhkəmə qətnaməsi icra edildiyindən, yəni cavabdehlər həmin evə köçürüldüklərindən, bərabərlik prinsipinə uyğun olaraq, iddiaçıların da mərhum ataları (İddiaçı2 isə babası) tərəfindən inşa edilmiş özbaşına tikiliyə köçürülərək, orada yaşamaq hüquqları vardır. Bunun əksi yanaşma, yəni iddiaçıların sözügedən evə köçürülmələrindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə onu da nəzərə alır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4135/2022 saylı qətnaməsi ilə mərhum Əli Ələsgərovun gəlini Cavabdeh2 və nəvəsi Cavabdeh1 azyaşlı uşaqları ilə birlikdə onun almış olduğu fərdi yaşayış evinə köçürülmələri təmin olunduğundan, mərhum Əli Ələsgərovun övladları və nəvəsinin onun tərəfindən inşa edilmiş özbaşına tikiliyə köçürülmələrindən imtina edilməsi ədalətlilik prinsipinin pozulması olardı. Belə olan təqdirdə, iddiaçıların ünvan 1 ünvanında yerləşən 3 otaqdan, 1 dəhlizdən, 1 mətbəxdən, 1 sanitar qovşaqdan ibarət fərdi yaşayış evinin sahələri 6,9 kv.m və 12,0 kv.m olan iki otağında yaşamalarını təmin etmək məqsədi ilə, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oradan çıxarılmalı, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 qeyd olunan fərdi yaşayış evinə köçürülməli, həmin otaqlar onların istifadələrinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməklə, onlardan həmin rüsumu ödəmiş İddiaçı1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 3 otaqdan (yataq otaqlarının sahəsi 6,9 m2 və 12,0 m2, qonaq otağının sahəsi 17,15 m2), 1 dəhlizdən (sahəsi 8,55 m2), 1 mətbəxdən (sahəsi 6,0 m2), 1 sanitar qovşaqdan (sahəsi 5,29 m2) ibarət fərdi yaşayış evinin (özbaşına tikilinin) sahələri 6,9 kv.m və 12,0 kv.m olan iki otağından çıxarılsınlar. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən yuxarıda göstərilən 3 otaqdan ibarət fərdi yaşayış evinin (özbaşına tikilinin) sahələri 6,9 kv.m və 12,0 kv.m olan 2 otağına köçürülsünlər və onların həmin evdən sərbəst şəkildə istifadə etmələrinə maneələr cavabdehlərə qadağan edilsin. 100 (bir yüz) manat dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməklə, onlardan İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar