Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4441/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "avtomobil alınması üçün ödənilmiş 17600 ABŞ dolları məbləğində 2011-ci il buraxılış ili olan "Mersedes-E" markalı istismara yararlı nəqliyyat vasitəsinin iddiaçının adına "nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi" əsasında alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "cavabdehdən iddiaçının xeyrinə dəyəri 17600 ABŞ dolları məbləğində olan avtomobilin alınması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək iddia tələbini "avtomobil alınması üçün ödənilmiş 17600 ABŞ dolları məbləğində 2011-ci il buraxılış ili olan "Mersedes-E" markalı istismara yararlı nəqliyyat vasitəsinin iddiaçının adına "nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi" əsasında alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmiş və həmin ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. İddiaçı öz tələbini belə əsaslandırmışdir ki, xalça biznesi ilə məşğul olmaqla onun 30000-40000 ABŞ dolları məbləğində pula ehtiyacı yaranmış və 2016-cı ilin iyul ayının axırlarında Bakı şəhəri Babək prospektidə yerləşən "Dədəmin" avto salonunda bu barədə tanışı Cavabdeh bildirərək hansı köməkliyi edə biləcəyini soruşmuşdur. Cavabdeh bildirmişdir ki, nəqd pulu yoxdur, lakin tələb olunan dəyərdə avtomobil verə bilər ki, o, avtomobilləri satıb əldə edəcəyi pul ilə öz işlərini görə bilsin, bir şərtlə ki, əvəzində hər hansı daşınmaz əmlakı girov qoysun. Cavabdeh ona "X34", "Opel" və "Mersedes-E" markalı xarici minik avtomobillərini təklif etmiş, onlar ona lazım olan 52000 ABŞ dolları müqabilində ilkin olaraq "Range Rover" markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili 26500 ABŞ dollarına qiymətləndirməklə razılaşaraq Bakı şəhəri 6 saylı notariat kontorunda avtomobil üzərində sərəncam vermə hüququnu təsdiq edən etibarnamə təsdiqlənmiş və eyni zamanda, o, özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini dair kredit və ipoteka müqaviləsi üzərindən cavabdehin xeyrinə yüklü etmişdir. Cavabdeh qalıq 25500 ABŞ dolları borc pula "Mersedes-E" markalı 2012-ci il buraxılışlı avtomobil verməli idi, lakin avtomobilin sahibi ilə razılaşa bilmədiyindən əvəzində "Opel-İnsignia" markalı **- TV-*** dövlət qeydiyyat nişanlı avtomobili 13000 ABŞ dolları qiymətləndirməklə ona təklif etmiş və qalan pulun əvəzi olaraq başqa maşın verəcəyini vəd etmişdir. Avtomobilin mülkiyyətçisi X4 xx.xx.2016-cı ildə Bakı şəhəri 6 saylı notariat kontorunda onun adına etibarnamə vermişdir. Cavabdeh üçüncü avtomobili ona verə bilmədiyindən aralarında olan borcu ümumilikdə 39500 ABŞ dolları məbləğində müəyyən etmişlər. Bir müddət sonra o, cavabdehə 7000 ABŞ dolları məbləğində pul qaytarmış və faktiki borc 32500 ABŞ dolları məbləğində qalmışdır. Onun qalan borcu cavabdehə qaytara bilməməsi səbəbindən mübahisə yaranmış və xx.xx.2017-ci il tarixli 7E-28446 nömrəli kredit müqaviləsi üzrə 52000 ABŞ dolları məbləğində borcun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan evə yönəldilməsi üçün Sabunçu Rayon İcra Şöbəsinin sifarişi əsasında ev "xxxx" MMC tərəfindən keçirilən hərracda 63750 manata tələbkara təklif edilmiş və nəticədə tələbkarla alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-375/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın yekunları barədə 19/01 nömrəli protokol və xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7875/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın yekunları barədə 19/01 nömrəli protokolunun və xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PB-də icraatda olan araşdırma materialı üzrə iddiaçının borcunun 52000 ABŞ dolları deyil, 32500 ABŞ dolları olduğu müəyyən edilmişdir. Cavabdeh ondan 17600 ABŞ dolları məbləğində artıq pul vəsaiti əldə edərək 3-cü avtomobilin verilməsini təmin etməmiş və cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı iddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh isə iddianı etiraf etmədi və izahatında bildirdi ki, o, iddiaçıya "Mersedes-E" markalı avtomobil verməsi ilə bağlı üzərinə heç bir öhdəlik götürməmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, cavabdeh iddiaçıya 52000 ABŞ dolları məbləğində borc pul vermiş, iddiaçı krediti xx.xx.2016-cı ilədək cavabdehə qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə aldığı pulu qaytarmadığına görə Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən xx.xx.2017-ci ildə icra qeydi verilərək Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı Cavabdeh qarşı aralarında bağlanmış xx.xx.2016-cı il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6845/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11033/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göstərilən qətnamədən kassasiya şikayəti verilməmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi xx.xx.2019-cu ildə 100000 manat qiymətlə ilkin hərraca çıxarılmış, lakin hərrac baş tutmamış və xx.xx.2019-cu ildə ev 15% aşağı qiymətə, yəni 85000 manata təkrar hərraca çıxarılmışdır. Lakin ev təkrar hərrac zamanı da satılmadığına görə təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmaqla tələbkara təklif edilmiş və tələbkarın, yəni Cavabdeh mülkiyyətinə keçmişdir. İddiaçı Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" MMC-yə və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı "xxxx" MMC tərəfindən keçirilmiş hərracların nəticələrinin etibarsız hesab olunması, həmin evlə bağlı "xxxx" MMC tərəfindən qəbul edilmiş qiymətin ləğv olunması, yeni qiymətləndirmənin keçirilməsi, icra işinin dayandırılması barədə qətnamə, Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin və hərracı keçirən "xxxx" MMC-nin əməkdaşlarının cinayət əməlləri barədə cinayət işi başlamaq barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı, X3, X6, X13 və X14 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması, ona dəymiş 10000 manat ziyanın ödənilməsi, İddiaçı, X7, X15, X21, X22 və onların yetkinlik yaşına çatmayan ailə üzvlərinin (X23 xx.xx.2007, X25, xx.xx.2012, X19 xx.xx.2010) ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-375/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə 19/01 nömrəli Protokol və xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ilk iddia tələbinin qalan hissədə və müstəqil tələb irəli sürən üçüncü şəxsin qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7875/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-375/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin ilk iddianın qismən təmin olunaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019- cu il tarixli hərracın yekunları barədə 19/01 nömrəli Protokolun və xx.xx.2019-cu il tarixli "hərracın yekunları üzrə alqı-satqı müqaviləsi"nin etibarsız hesab edilməsi, həmçinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv olunması, ilk iddia tələbinin həmin hissədə də təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin olunması, İddiaçı, X1, X5, X9, X10, habelə sonuncuların azyaşlı uşaqları olan xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2010-cu il təvəllüdlü X8 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə onların həmin evdən çıxarılmaları, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3184/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7875/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişə görə, Cavabdeh xx.xx.2022-ci ildə 20000 ABŞ dolları, xx.xx.2022-ci ildə 17000 ABŞ dolları, xx.xx.2022-ci ildə 13000 ABŞ dolları İddiaçı aldığı pulu əvəzləşdirməsi ilə əlaqədar özünə məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında İddiaçı adına rəsmiləşdirmişdir. Tərəflər, aralarında olan mübahisə, o cümlədən məhkəmə mübahisəsi bu razılaşma əsasında həll edildikdən sonra hər biri digərinə qarşı müqavilənin predmeti olan yaşayış sahəsinə dair tələb və iddiasının olmadığını bəyan etmişdir. İşdə olan, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 52000 ABŞ dolları məbləğində borc pul verir. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər və borcalan krediti xx.xx.2016-cı ilədək borcverənə qaytarmağı öhdəsinə götürür. İşdə olan, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə 20000 ABŞ dolları, xx.xx.2022-ci ildə 17000 ABŞ dolları, xx.xx.2022-ci ildə 13000 ABŞ dolları İddiaçı aldığı pulu əvəzləşdirməsi ilə əlaqədar özünə məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında İddiaçı adına rəsmiləşdirmişdir. Tərəflər bu barədə razılığa gəlmişlər. Razılaşma əsasında tərəflərin arasında olan mübahisə, o cümlədən məhkəmə mübahisəsi bu razılaşma əsasında həll edildikdən sonra tərəflərin hər biri digərinə qarşı müqavilənin predmeti olan yaşayış sahəsinə dair tələb və iddiasının olmadığını bəyan edir. Məhkəmə baxışı zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, hər iki tərəflə tanışdır. 2016-cı ildə İddiaçı pul lazım olmuş, o bu barədə Cavabdeh bildirmiş, sonuncu razılaşmış, o, İddiaçı ilə birlikdə Bakı şəhəri Babək prospektində yerləşən "Dədəmin" avtosalonuna gəlmiş və Natiqlə söhbət etmişlər. Natiq "Range Rover" və "Mersedes-E" markalı avtomobil verməyə söz vermiş və bu 2 avtomobili 52000 ABŞ dollarına qiymətləndirmişlər. Tərəflər arasında borc müqaviləsi yazılmış və İddiaçı məxsus olan ev girov götürülmüşdür. 2-3 gün sonra Natiq bildirmişdir ki, "Mersedes-E" markalı avtomobilin sahibi razılaşmır. Elçinin razılığı ilə Natiq Elçinə "Range Rover" və "Opel İnsignia" markalı 2 avtomobil vermiş və üçüncü avtomobil verməyi də vəd etmişdir. Elçin avtomobilləri satıb pula çevirməli idi. Bir müddət sonra Elçin pulun bir hissəsini ödəmiş, daha sonra üçüncü maşınla bağlı söhbətlər getmiş, lakin Natiq üçüncü maşın verməkdən imtina etmiş və tərəflər arasında mübahisələr başlamışdır. İddiaçı hazırkı iddia tələbini bununla əsaslandırır ki, onun biznesi ilə əlaqədar nəqd pula ehtiyacı yaranmış, o, cavabdehdən borc istəmiş, lakin cavabdeh nəqd pul deyil, ona 3 ədəd avtomobil verməyi öhdəsinə götürmüş, onun məqsədi həmin avtomobilləri satıb pul əldə etmək və sonra cavabdehə avtomobillərin dəyərini ödəmək olmuşdur. Kredit və ipoteka müqavilələri də bu əqdi pərdələmək məqsədilə bağlanmışdır. Lakin cavabdeh ona cəmi 2 avtomobil vermiş, üçüncünü verməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi mübahisəli hüquq münasibətləri əşyaların nisyə satışına dair normalara uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.3-cü maddəsində deyilir ki, satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 441-ci maddəsində isə deyilir ki, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. (441.1-ci maddə) Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (441.2-ci maddə) Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. (441.3-cü maddə) Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. (441.4-cü maddə) Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. (441.5-ci maddə) Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində deyilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdən göründüyü kimi, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2016-cı il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab olunmasını xahiş etmiş, lakin həmin iddia Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6845/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11033/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sonuncu qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirdiyi əqdlərin yalan olmasını, başqa əqdi pərdələmək üçün bağlandığını iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, beləliklə, əqdlərin etibarsızlığı ilə bağlı tələblərin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Məhkəmə hesab edir ki, sözügedən qətnamənin tərəflər üçün preyudisial əhəmiyyəti olduğuna görə həmin qətnamə ilə müəyyən edilmiş faktlar iddiaçı və cavabdeh tərəfindən hazırkı iş üzrə məhkəmə prosesində mübahisələndirilə bilməz və onların yenidən sübut edilməsinə zərurət yoxdur. Belə olan halda, sözügedən kredit və ipoteka müqavilələrinin təkrarən şübhə altına alınması, həmin müqavilələrin tərəflər arasında avtomobil alqı-satqısı ilə əlaqədar bağlanmış əqdi pərdələmək üçün bağlandığının iddia olunması yolverilməzdir. Ona görə də hazırkı iddianın təmin edilməsi üçün əsas yoxdur və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "avtomobil alınması üçün ödənilmiş 17600 ABŞ dolları məbləğində 2011-ci il buraxılış ili olan "Mersedes-E" markalı istismara yararlı nəqliyyat vasitəsinin iddiaçının adına "nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi" əsasında alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2(008)-4441/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4441/2023
29.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver