Məhkəmə qərarları › İş №2(008)-5257/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5257/2025

21.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5257/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində göstərildiyi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində göstərildiyi barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağladığı xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Maraqlı şəxs öz ailəsinə, uşağının maddi cəhətdən təmin olunmasına tam məsuliyyətsiz yanaşdığından, ondan alimentin tutulması tələbi ilə bağlı mediasiya prosesinə başlamışdır. Uzun danışıqlardan sonra tərəflər arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Sazişin 1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, ikinci tərəf yəni Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəlliüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 3-dək maaşının 40 faizini sabit pul məbləğində aliment olaraq ödəməyi öhdəsinə götürür. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtləri bu günədək icra edilmir və o, sazişin icra edilməsindən yayınır. Barışıq sazişinin şərtlərinin icra edilməməsi yetkinlik yaşına çatmayan uşaqlarının qanunla qorunan hüquq və mənafelərinin birbaşa pozulmasıdır. Məhkəmənin nəzərinə çatdırır ki, hazırkı dövrdə o, uşaqlarına qulluq etdiyi üçün övladlarının dolanacaq xərclərini tam təmin edə bilmir. Bununla yanaşı bildirir ki, yetkinlik yaşına çatmayan övladlarının saxlanması üçün xərclər tələb edildiyindən, uşaqlarının gündəlik xərcləri artdığından və o, bu xərcləri təkbaşına təmin edə bilmədiyindən, rəsmi nikahlarından olan uşaqlarının saxlanması üçün cavabdeh də valideynlik vəzifələrini həyata keçirərək, aliment ödəməlidir. Belə ki, övladlarının qidası, geyimi, istirahəti və s. xərcləri pul tələb edir. Eyni zamanda, Maraqlı şəxs övladının maddi cəhətdən təmin edilməsində ümumiyyətlə iştirak etmir. Göstərilənlərə əsasən, ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul edərək izahatında bildirdi ki, borcları çoxdur, ona görə çatdırıb alimenti ödəyə bilmir, uşaqların saxlanması üçün əlindən gələn qədər köməklik edəcəkdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri 11 saylı X1 Qızbəsti İlham qızı, Maraqlı şəxs və mediator X7 arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00425 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf birinci tərəfə xx.xx.2025-ci il tarixdən başlayaraq övladı(ları) xx.xx.2009-cü il doğum tarixli X4 və xx.xx.2014-cü il doğum tarixli X2 yetkinlik yaşına çatanadək, hər ayın 3-nə qədər, maaşının və başqa gəlirlərinin 40% nisbətində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır, birinci tərəf ikinci tərəfə yuxarıda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaqdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.2009-cu ildə və X5 xx.xx.2014-cü ildə doğulmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3-cü maddəsinə görə, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Beləliklə, işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü şəkildə icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları və ya tərəflərin izahatları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilərək, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/11/2025-00425 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir:

1. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi xx.xx.2025-ci il tarixdən başlayaraq, övladıları xx.xx.2009-cü il doğum tarixli X4 və xx.xx.2014-cü il doğum tarixli X2 yetkinlik yaşına çatanadək, hər ayın 3-nə qədər, maaşının və başqa gəlirlərinin 40% nisbətində aliment ödəməyi öz öhdəsinə götürür.

2. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır, birinci tərəf ikinci tərəfə yuxarıda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaqdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ərizənin təmin edildiyini nəzərə alaraq, hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsə aid edilməli və ondan alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/11/2025-00425 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi xx.xx.2025-ci il tarixdən başlayaraq, övladları xx.xx.2009-cü il doğum tarixli X4 və xx.xx.2014-cü il doğum tarixli X2 yetkinlik yaşına çatanadək, hər ayın 3-nə qədər maaşının və başqa gəlirlərinin 40% nisbətində aliment ödəməyi öz öhdəsinə götürür.

2. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır, birinci tərəf ikinci tərəfə yuxarıda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaqdır. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs aid edilməklə, ondan alınaraq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar