Məhkəmə qərarları › İş №2(008)-5611/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5611/2025

12.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5611/2025 12.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 Seyfəddin oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi X3 iştirakı ilə Ərizəçi X3 Maraqlı şəxs qeyd edilməklə mediyasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X6 mediyasiya prosesinin nəticəsində xx.xx.2025-ci il tarixli MŞB/8/2024- 02824 saylı barışıq sazişinin təsdiq olunması barədə qərar qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə nikahları rəsmi dövlət qeydiyyatına alınmaqla qanuni nikaha daxil olmuşlar və bu barədə Sabunçu rayon Qeydiyyat Şöbəsinin «nikahın bağlanması haqqında akt qeydləri kitabı»nda 29 may 2009-cü il tarixində 556№-ilə qeyd aparılmışdır. Birgə nikahlarından 16 iyun 2011-cı il təvəllüdlü X7 və adında bir övladları doğulmuşdur. Cavabdehlə 2024-cü ilin sentyabr ayına qədər bir yerdə yaşamaqla ümumi təsərrüfat aparmışlar, hazırda onunla ümumi təsərrüfatımız yoxdur və Sabunçu rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(008)-4809/2024 saylı qətnaməsinə əsasən rəsmi olaraq nikahıları pozulmuşdur. Həmin vaxtdan bu günə qədər olan müddətdə azyaşlı uşaları onunla qalır, və onun himayəsindədir, onun maddi təminatını tək həyata keçirir. Cavabdeh Maraqlı şəxs uşağın saxlanması üçün ona hər hansı məbləğdə maddi və mənəvi köməklik eləmir. Qeyd edilən hallar cavabdehin bir valideyn kimi üzərinə düşən vəzifə və öhdəlik!ikləri yerinə yetirmədiyini tam sübut edir. Bu halları nəzərə alaraq hesab edir ki, aralarında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiqlənməsinə zərurət vardır. Qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən sadələşdirilmiş icraat qaydasında həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi nəzərdə tutulmuşdur. Cavabdehlə bağlanmış xx.xx.2025-cü il tarixli, MŞB/8/2024-02824 saylı barışıq sazişinə əsasən azyaşlının onun yanında qalması və onun saxlanılması üçün 2025-ci il yanvar ayından başlayaraq hər ay 246 manat olmaqla alimenti ödəməyi öz öhdəsinə götürmüşdür. ’’Mediasiya Haqqında” qanunda müəyyən olunmuş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda,ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin o, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi X6 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalı və saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bir uşaları var: xx.xx.2011-ci il təvəllüdlü X7 (Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsi- AA4744011-FİN-8EXC9ZS) X6 ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli MŞB/8/2024-02824 nömrəli barışıq sazişi təsdiq edilmişdir. Sazişə əsasən tərəflər Birinci tərəf: X6 Bu Sazişi imzalandıqdan sonra ikinci tərəf (Sabiq həyat yoldaşı) Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs ona xx.xx.2025-ci il tarixdən etibarən ona hər ayın 20-den 30-dək 246 (iki yüz qırx altı) AZN məbləğində sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. İkinci tərəf: Nəcəfov X2 tərəf (Sabiq həyat yoldaşı) X6 ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf X5 xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 20-dən 30dək 246 (iki yüz qırx altı) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuşdur. Hazırda ərizəçi həmin barışıq sazişinin təsdiq edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddələrinin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı məddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.1-ci maddəsinə görə, bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 86-cı maddəsinə görə, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə görə, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində X6 ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli MŞB/8/2024-02824 nömrəli barışıq sazişi aşağıdakı qaydada təsdiq edilməlidir: Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən etibarən ona hər ayın 20-den 30-dək, xx.xx.2011-ci il təvəllüdlü X4 yekinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mediyasiya prosesinin nəticəsində X6 ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli MŞB/8/2024-02824 nömrəli barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən etibarən ona hər ayın 20-den 30-dək, xx.xx.2011-ci il təvəllüdlü X4 yekinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar