Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6002/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi Ziyafət oğlunın iştirakı ilə, Ərizəçi Ziyafət oğlunun ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə (maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi) mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ziyafət oğlu ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 13.04.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Ziyafət oğlu ərizəsini müdafiə edərək bildirdi ki, anası X3 13.04.2021-ci il tarixdə yaşadıqları evdə vəfat etmişdir. Təcili və X5 xidmətinə anasının adına çağırış etsələr də, həkimlər gələnədək anası keçinmişdir. Anasının ani ölümü mənəvi və psixoloji cəhətdən onu və ailə üzvlərini həddən artıq sarsıtdığından və hüquqi savadı olmadığından, anasının ölümü haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Hazırda evin sənədləşdirilməsi ilə əlaqədar olaraq, anasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Bu məqsədlə, qeydiyyat şöbəsinə müraciət etmiş, lakin imtina cavabı verilmişdir. O, qeyd etdiklərinə əsasən, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi məktubla məhkəməyə müraciət edərək, mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, o, ərizəçinin qaynıdır. Mərhum 13.04.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində - yaşadığı evdə vəfat etmişdir. Həmin vaxt orada olmuşdur. Təcili və X5 xidmətinə çağırış etsələr də, həkim ölümdən sonra gəlmişdir. Mərhum həmin gün dəfn edilmişdir. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirdi ki, ərizəçinin bacısı oğludur. 13.04.2021-ci il tarixdə anası zəng vuraraq, nənəsinin vəfat etdiyini bildirmiş və ondan gəlməsini istəmişdir. Evə çatanda nənəsinin öldüyünü görmüşdür. Mərhum həmin gün 8-ci km qəbiristanlığında dəfn edilmişdir. Dəfn mərasimində yaxından iştirak etmişdir. Mərhum nənəsi yaşlı olmaqla, 80-dən artıq yaşı olmuşdur. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-751/15 saylı, 14.07.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalıdır. Tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyindən, ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 Bakı şəhər Baş Səhiyyə İdarəsinin 26 nömrəli Şəhər Poliklinikasının 249 saylı, 02.07.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, 1941-ci il təvəllüdlü X1 həmin poliklinikada ambulator kartası olmadığı üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan Təcili və X5 Stansiyasının 13 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 13.04.2021-ci il tarixdə, saat 11:50 dəqiqədə ünvan 1 ünvanında X1 meyiti aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 47 saylı, 02.07.2021ci il tarixli arayışdan görünür ki, X3 8-ci kilometr qəbirstanlığında 13.04.2021-ci il tarixdə dəfn edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi Ziyafət oğlunun atası X4, anası X2r. İş materiallarında olan AZE seriyalı, 03707054 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 14.02.1941-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. İş materiallarında olan məzardaşının fotoşəkli ilə də 14.02.1941-ci il təvəllüdlü X1 13.04.2021-ci il tarixdə vəfat etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanı imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi Ziyafət oğlunun anası 14.02.1941-ci il təvəllüdlü X3 13.04.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun qəfil ölümündən sarsıntı keçirən yaxın qohumları tibb müəssisəsindən ölümü təsdiq edən müvafiq tibbi sənədi ala bilmədiklərindən, hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, 14.02.1941-ci il təvəllüdlü X1 13.04.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14.02.1941-ci il təvəllüdlü X1 13.04.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6002/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6002/2021
08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver