Məhkəmə qərarları › İş №2(008)-6227/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6227/2024

28.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6227/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı, İddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi Vəkil2 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əməkhaqqı və əmək haqqının gecikdirilməsinə görə hər gün üçün 1% hesablamaqla zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin işdən azad olunmağı barədə 01 iyul 2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi iş buraxmağa görə əmək haqqının və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1% hesablanmaqla zərərin ödənilməsi, mediasiya xərclərinə görə ödədiyi 60 manat, hüquqi xidmət göstərilməsi üçün ödədiyi 300 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1983-cü ildə Naxçıvan Muxtar Respublikasının, Sədərək (Şərur) rayonu, Dəmirçi kəndində doğulmuş, Ali təhsilli Hüquqşünasdır. 2019-cu ildən Cavabdeh MMC-də hüquqşünas vəzifəsində işləmişdir. İşlədiyi müddətdə vəzifə təlimatlarını layiqincə, vicdanla yerinə yetirmiş, işində hər hansı nöqsana yol verməmişdir. 26 iyun 2024-cü il tarixində (qeyri-iş günündə) cavabdeh hüquqi şəxsin direktoru Fuad Seyfullayev onu və MMC-də ambardar işləyən X1 cağıraraq, hazırki MMC-nin digər təsisçi ilə aralarında olan razılaşmaya əsasən ayrılacaqlarını bildirmişdir. Özü isə "xxxx" Şirkəti açır. Buna görə də onlar 27 iyun 2024-cü il tarixdən 01 iyul 2024-cü il tarixinə kimi tutduqları vəzifədən azad olunmalarına dair ərizə yazmalarını, onların 01 iyul 2024-cü il tarixdən yeni açılacaq "xxxx" Şirkətinə işə götürəcəklərini vəd etmişdir. Onlar direktorun sözlərinə inandıqları üçün onun dediyi formada ərizələrini yazmışlar. Lakin bir qədər sonra digər təsisçi ilə əlaqə yaradan zaman məlum olmuşdur ki, təsisçilər arasında ayrılma ilə bağlı heç bir sözləşmə yoxdur. Onlar direktor tərəfindən aldadıqlarını başa düşüb dərhal, elə həmingün 01 iyul 2024-cü il tarixdən işdən azad olmaları ilə bağlı ərizələrinin etibarsız hesab edilməsi barədə ərizə yazıb MMC-nin Lamiyə xanıma təqdim etmişlər. Lamiyə xanım ərizəni onlardan alsa da, qəbul etməsinə dair rəsmi sənəd vermədiyinə görə onlar 28 iyun 2024-cü il tarixdə ərizənin bir nüsxəsini Express xüsusi sürətli poçt vasitəsi ilə Fuad Seyfullayevin özünə göndərmişlər. X6 məktubların mətnindən məlumatlı olduğu üçün qəbul etməmiş, məktubun alınmasından imtina edilmişdir. Hətta cavabdehə kollektiv müraciət ünvanlayaraq, işdən çıxarılmağının Əmək Qanunvericiliyinə zidd olduğunu bildirərək, işə bərpa olunmalarını xahiş etmişlər. Həmin müraciət F.Seyfullayev tərəfindən qəbul edilmişdir. İddiaçı 01 iyul 2024-cü il tarixdə F.Seyfullayevin əmri ilə işdən azad edilmişdir. Həmin əmr və əmək kitabçası bu günədək ona təqdim edilməmişdir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etmişdir, danışıqlar aparmaq əvəzinə sanki onun şəxsiyyətini alçaltmağa çalışmışdır. Həmin müddətdə də işdən çıxma əmrinin ona təqdim edilməsi təmin edilməmişdir. İşdən çıxarılmağı qanunsuz hesab edir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmumuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil1 da iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi Vəkil2 etiraz ərizəsini təqdim edərək, iddia tələbini qəbul etmədiyini bildirməklə, izahatını onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən iddia edilən hallar tam əsassızdır, belə ki, iddiaçının verdiyi ərizəyə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh təşkilat iddiaçının ərizəsinə əsasən qanuni olaraq, onun işdən azad olunması barədə əmr vermişdir. Eyni zamanda iddiaçı hüquqşunas işlədiyi müddətdə işini layiqincə yerinə yetirməmişdir. İddiaçı cavabdehin nümayəndəsi olmasına baxmayaraq, şirkətin adından verilmiş məhkəmə müraciətləri üzrə proseslərdə iştirak etməmiş, iddia tələblərini və şikayətləri birbaşa olaraq şirkətin adından vermişdir. Bununla bağlı olaraq hakim Akif İskəndərovun sədrliyi ilə keçirilən 2(103)-4693/2024 nömrəli məhkəmə icraatında iddiaçı ümumiyyətlə iştirak etməmiş, onun yerinə Cavabdeh MMC əlavə olaraq digər bir vəkillə hüquqi yardım haqqında müqavilə bağlamaq məcburiyyətində qalmış və vəkil X8 işdə iştirak etmişdir. Cavabdeh MMC öz fəaliyyətinə xitam verdiyi üçün həmin şirkətdə fəaliyyət göstərən işçilərin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəllənin 70-ci maddəsinə uyğun olaraq xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında, şirkətin işçisi olan Niyaməddin Sadıqov və İddiaçı Cavabdeh MMC-nin direktoru Fuad Seyfullayev tərəfindən yalnış məlumat verilərək işdən çıxarıldıqlarını, bununla bağlı 26 iyun 2024-cü il tarixində qardaşı İddiaçı ona zəng vuraraq məlumat verdiyini, qardaşına təsisçilər arasında ayrılma ilə bağlı heç bir razılaşmanın olmadığını işdən çıxarılmaları ilə bağlı vermiş olduqları ərizənin etibarsız hesab edilməsini dediyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, iddia qismən təmin ediməlidir. İddiaçı xxxxxxx000100 nömrəli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də “hüquqşünas” vəzifəsində işləmişdir. 01 iyul 2024-cü il tarixli 003/X/2024 nömrəli əmrə əsasən, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş “əmək müqaviləsinə xitam verilməsi” barədə 01 iyul 2024-cü il tarixli 003/X/2024 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh MMC-də “hüquqşünas” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən 01 iyul 2024-cü il tarixindən xitam verilmiş, işçinin 03 sentyabr 2019-cu il tarixindən 01 iyul 2024cü il tarixinə qədər istifadə edilməmiş 145 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 01 iyul 2024-cü il tarixli əmr qanunsuzdur və ləğv edilməlidir. Belə ki, İddiaçı 26 iyun 2024-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Fuad Seyfullayev tərəfindən aldadılaraq, başqa işə kecirilməsi ilə bağlı işdən çıxması barədə ərizə verməsi və 26 iyun 2024-cü il tarixli ərizədə onun 01 iyul 2024-cü il tarixdən öz ərizəsi əsasında işdən azad olunması xahiş olunmuşdur. Lakin 1 (bir) gün sonra aldadıldığın başa düşən iddiaçı 27 iyun 2024-cü il tarixli işdən çıxma barədə 26 iyun 2024cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə Cavabdeh MMC-nin rəhbərliyinə müraciət etmiş, ərizəsinə cavab verilmədiyindən 28 iyun 2024-cü il tarixdə kollektiv şəkildə ərizə ilə şirkətin direktoru X3 xüsusi sürətli poçt vasitəsi ilə göndərilmiş və onun tərəfindən qəbul edilməsi ilə bağlı iş materiallarında qəbz mövcutdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi işçi İddiaçı 27 iyun 2024 və 28 iyun 2024cü il tarixlərində onun 01 iyul 2024-cü il tarixindən işdən azad edilməsi barədə vermiş olduğu ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyinə müraciət etsə də, işin araşdırılan hallarından məlum olur ki, qərəzli şəkildə ərizənin qəbul edilməsi yubadılaraq, yalnız 01 iyul 2024-cü il tarixdə işdən çıxarılma barədə əmr imzalandıqdan sonra ərizənin qəbul edilməsi göstərilmişdir. Halbu ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Bununla bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olma barədə ərizə verilməsi bu işçinin iradə ifadəsidir və İddiaçı aldadıldığını bildiyi vaxtdan ərizədə işdən azad olunması barədə 01 iyul 2024-cü il olmadan 27 iyul 2024-cü il tarixində vermiş olduğu ərizəsini etibarsız hesab edilməsi barədə ikinci bir ərizə vermişdir. İddiaya qarşı verilmiş etirazda İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən xitam verildiyi qeyd olunmuşdur. İddiaçı Cavabdeh MMCdə hər hansı intizam məsuliyyətinə cəlb edilməsi, bu barədə onun izahatının alınması və iş yerində hansısa kobud pozuntu etməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Eləcə də, İddiaçı müdriyətin verdiyi əmrə görə öz ərizəsinə əsasən işdən azad olunduğu üçün məhkəmə nümayəndənin etirazını mübahisənin predmetinə uyğun hesab etməməklə əsassız hesab edir. Əksinə 29 avqust 2024-cü il tarixli İnzibati cərimənin tətbiq edilməsi barədə ******* nömrəli qərara əsasən Cavabdeh MMC-nin direktoru Fuad Seyfullayev işçiləri olan Niyaməddin Sadıqov və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunsalar da onlara son haqq hesabın yubadılması, yəni xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərə köçürülməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən 1700 manat cərimə edilmişdir. İddianın qismən təmin olunması ilə bağlı yəni əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1% hesablanmaqla zərər ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin maddənin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. İş materiallarından göründüyü kimi İddiaçı məcburi iş buraxmaya görə əmək haqqının verilməsi və əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1% hesablanmaqla zərər ödənilməsi ilə bağlı xahiş etmişdir. İş materiallarından göründüyü kimi iddiaçıya son haqq-hesab və ödənilməmiş 145 günlük məzuniyyət pulu hesablanaraq verilmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən iddia bu hissədə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli Plenum Qərarında bir daha vurğulanmışdır ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsində göstərilir ki, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Şərh olunanlardan göründüyü kimi cavabdeh idarə tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməmiş, işçi İddiaçı işdən çıxmağa dair ərizəsini etibarsız hesab etməsi barədə ərizə versə də, bunu nəzərə almamış, işçinin razılığı olmadan onu ərizəsinə əsasən işdən azad etmişdir. Ona görə də, iddia işə bərpa olunmağa dair hissədə təmin edilməli, əmək haqqının yubadılmasına görə 1% ödənc tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə iclasında müəyyən edilmiş yuxarda göstərilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh idarə iddiaçını heç bir qanuni əsas olmadan, eləcə də işdən çıxarma qaydalarını pozmaqla qanun pozuntusu ilə işdən azad etmişdir. Şərh olunanları nəzərə alan məhkəmə nəticəyə gəlir ki, iddiaçının pozulmuş hüquqları bərpa olunmalı, Cavabdeh MMC-nin İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “A” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 01 iyul 2024-cü il tarixli 003/X/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də hüquqşünas vəzifəsinə işə bərpa olunmalı, 01 iyul 2024-cü il tarixindən məhkəmə qətnaməsi qəbul olunan günə kimi məcburi iş buraxmağa görə əmək haqqı hesablanaraq ona ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 iyul 2024-cü il tarixdən xitam verilməsi barədə 003/X/2024 nömrəli Əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də hüquqşünas vəzifəsinə bərpa edilsin. İddiaçı 01 iyul 2024-cü il tarixindən məhkəmə qətnaməsi qəbul olunan günə kimi məcburi iş buraxmağa görə əmək haqqı hesablanaraq ödənilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci və hüquqi xidmət göstərilməsi üçün 300 (üç yüz) manat cavabdehdən tutularaq, iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar