Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6363/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 19.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, atası X6 19.07.2021-ci il tarixdə Pirşağı qəsəbəsində yaşadıqları evdə vəfat etmişdir. Onlar təcili və X4 xidmətinə çağırış etmiş, lakin həkimlər gələnə qədər atası keçinmişdir. Atasının ürəyində problemi olmuş, bir dəfə infarkt keçirmişdir. Atasının ani ölümü mənəvi və psixoloji cəhətdən onu və ailə üzvlərini həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından atasının ölümü haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Evin sənədləşdirilməsi ilə əlaqədar olaraq atasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Atasının ölümü haqqında akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması, ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır. O, qeyd etdiklərinə əsasən, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, ərizəçinin dostu və qonşusudur. 19.07.2021-ci il tarixdə axşam saatlarında dostları zəng edərək, ərizəçinin atası X3 vəfat etdiyini bildirmişlər. Mərhum həmin gecə Xızı rayonu, Şorabad qəbiristanlığında dəfn edilmişdir. Mərhumun sağlığında ürək xəstəliyindən əziyyət çəkməsi ona məlumdur. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, ərizəçi onun ən yaxın dostudur, atası da ərizəçinin mərhum atası ilə dost olmuşlar. Ərizəçinin bacısın həyat yoldaşı Zöhrab 19.07.2021-ci il tarixdə gecə saatlarında ona zəng edərək, X3 vəfat etdiyini bildirmişdir. Onlara çatanda mərhumun dəfn edilməsi üçün Xızı rayonuna aparıldığını görmüşdür. Özü də dəfn mərasimində iştirak etmişdir. Mərhum sağlığında ürək xəstəliyindən əziyyət çəkmiş, infarkt keçirmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirdi ki, ərizəçinin anasının xalası oğlu və bacısının həyat yoldaşıdır. 19.07.2021-ci il tarixdə ərizəçinin atası X3 vəziyyətinin pisləşdiyini eşidib onlara getmişdir. Evə çatanda mərhum hələ keçinməmişdir. Təcili və X4 xidmətinə çağırış etsələr də, həkimlər gələnə qədər vəfat etmişdir. Mərhum həmin gecə Xızı rayonu, Şorabad qəbiristanlığında dəfn edilmişdir. Dəfn mərasimində yaxından iştirak etmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 1783-05/15 saylı, 28.07.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmalıdır. Tibb müəssisəsinin sənədini təqdim edə bilmədiyindən, ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Təcili və X4 Stansiyasının 14 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 19.07.2021-ci il tarixdə, saat 18:00 dəqiqədə ünvan 1 ünvanda 59 yaşlı X3 meyiti aşkar edilmişdir. İş materiallarında olan Xızı rayonu, Şorabad Bələdiyyəsi tərəfindən verilmiş 18 saylı, 02.08.2021-ci il tarixli arayışdan görünür ki, 19.07.2021-ci il tarixdə vəfat etmiş X1 rayon Şorabad qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan XİV-ЖГ seriyalı, 270908 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi atası X6, anası X2r. İş materiallarında olan AZE seriyalı 16507693 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X6 30.11.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu RİHB-nın Pirşağı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1043 saylı, 09.08.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X6 vəfat etdiyi 19.07.2021-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatsız yaşamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanı imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçinın atası 30.11.1961-cü il təvəllüdlü X6 19.07.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilərək, X3 19.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 19.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6363/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6363/2021
14.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver