Məhkəmə qərarları › İş №2(008)-679/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-679/2025

12.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-679/2025 12.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Heydərov Mərdan Xudayar oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "X2 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: l. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən Cavabdeh əmlakları ilə birlikdə çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşməsi barəd’ ərizə verərək, Cavabdeh ona məxsus olan ünvan 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin Cavabdeh hesabina sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı Bələdiyyəsinin 12 iyul 2005-ci il tarixində keçirilmiş yığıncağının 21 nömrəli protokoluna əsasən Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi ona ayrılmış, həmin torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı Bələdiyyəsi 14 iyul 2005-ci il tarixli, 45 nömrəli sərəncam vermişdir. Qeyd olunan torpaq sahəsinin alınması üçün Balaxanı Bələdiyyəsinin hesabına 14 iyul 2005-ci il tarixdə ******* manat pul ödənilmişdir. Lakin 1-ci qrup əlil olduğuna, Füzuli rayonundan məcburi köçkün olduğuna və heç yerdə işləmədiyinə görə maddi imkanı olmadığından həmin torpaq sahəsində fərdi yaşayış evi tikə bilməmiş, lakin hər il gedib torpaq sahəsinə baxmışdır. “COVİD-19" pandemiyası və xəstəliyi ilə əlaqədar 2020-ci ildən 2024-cü ilin fevral ayınadək torpaq sahəsinə gedə bilməmişdir. 2024-cü ilin fevral ayında torpaq sahəsinə baxmağa gedən zaman ona məxsus olan torpaq sahəsində iki tikili mövcud olduğunu, tikililərdən biri yaşayış sahəsi, digəri isə qaraj sahəsi olmuşdur. İstifadəsində olan torpaq sahəsində inşa edilmiş evə yaxınlaşaraq, evin kim tərəfindən tikilməsini aydınlaşdırmış və həmin evin Cavabdeh məxsus olması məlum olmuşdur. O, sənədlərini göstərərək bu torpaq sahəsi ona məxsus olduğunu bildirsə də, cavabdeh yaşayış sahəsini 26.000 manata Rasim adlı şəxsdən aldığını bildirmişdir. Cavabdeh aldığı torpağın sənədini ona göstərən zaman məlum olmuşdur ki, Rasim Bakı şəhəri, Sabunçu rayonu, Yeni Balaxanı yaşayış massivi, Odlar Yurdu küçəsi, 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsini deyil, ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsini iş üzrə cavabdeh olan Mətanət adlı şəxsə satmışdır. Sonradan dəfələrlə cavabdehə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Yeni Balaxanı yaşayış massivi, Odlar Yurdu küçəsi, 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən çıxmasını bildirsə də, cavabdeh torpaq sahəsini boşaltmaqdan imtina etmişdir. O da məcburiyyət qarşısında qalaraq hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2026-ci il tarixində yazılı formada iddiaya etiraz verərək, İddiaçı, Cavabdeh qarşı ünvan 4 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin Cavabdeh hesabına sökülməsi tələbinə dair iddiasının əsassız olduğunu, onun hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ll. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, torpaq sahəsinin iddiaçıya aid olduğunu və hazırki iddia tələbi ilə müraciət etməyə subyektiv hüququ olduğunu bildirərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaçının nə sahiblik, nə də istifadə hüququ olmadığını, torpaq sahəsinin dövlət mülkiyyəti olduğunu, onun hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olmadığını deyərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "X2 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X6, mütəxəssis rəyindən də göründüyü kimi torpaq sahəsinin dövlət mülkiyyəti olduğunu və onlara məxsus torpaq sahəsində inşa edilən tikili ilə bağlı yaxın zamanda qanunsuz tikililərin sökülmasi tələbi ilə məhkəməyə müraciət olunacağını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. lll. İşin faktiki halları: İş materiallarında olan xx.xx.2005-ci il tarixli Bakı şəhəri, Sabunçu Rayonu Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş 45 nömrəli sərəncama əsasən vətəndaş İddiaçı şəxsi yaşayış evi tikmək üçün Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 1639 nömrəli xx.xx.2024-cü il tarixli arayışa əsasən, Füzuli rayonundan məcburi köçkün Vəliyev X3 rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov, ev 2, mənzil 30 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-36911/2025 nömrəli mütəxəssis rəyinə əsasən, mübahisəli sahədə tikilinin qeydiyyatı barədə məlumat aşkar edilmədiyi, sahənin “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyət torpağına aid olduğu bildirilmişdir. İş materiallarında olan xx.xx.2021 tarixli notariat hərəkətinə əsasən, X7 tərəfindən X5 Bakı şəhəri, Sabunçu Rayonu Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və üzərindəki tikilinin özgəninkilişdirilməsi, kadastr planı, sənədləşdirmə işləri aparmağı həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, reyestrdən çıxarışı almağı, tikinti işlərini, icarə haqqı ödəməyi, notariat ofislərdə alqı-satqını rəsmiləşdirməyi, bağışlamağı, bu narədə müqaviləni imzalaması, rüsum ödənilməsi, pulu almağı və bu tapşırığın yerinə yetirilməsiylə əlaqədar adından ərizə verməsi və digər hərəkətlər etməsi etibar edilmişdir. lV. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi torpaq sahəsi üzərində mülkiyyət və onun növlərini müəyyən edir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyindən göründüyü kimi mübahisəli torpaq sahəsi Dövlət mülkiyyətində olduğu halda, Balaxanı Bələdiyəsi tərəfindən İddiaçı yaşayış evi tikmək üçün verilmişdir. İddiaçın həmin torpaq sahəsinə dair hər hansı hüququ təsdiq edən sənəd məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, İddiaçı adına həmin torpaq sahəsi ilə bağlı sahiblik və ya istifadəsində olmasını təsdiq edən sərəncam, mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan həmin sahənin zəbt olunması və ya boşaldılaraq geri qaytarılması barədə tələblə məhkəməyə müraciət etməyə İddiaçı subyektiv hüququ yoxdur. Çünki, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair sənəd təqdim etməmişdir. İddiaçı yalnız torpaq sahəsinin məhz ona ayrıldığını və ya sahə ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Yəni hüquq haqqında mübahisələrdə iddiaçı mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını- mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Bu səbəbdən vindikasiya iddiasını irəli sürən şəxs Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən ilk növbədə özünün mülkiyyətçi olduğunu sübut etməlidir. Əks halda həmin normalara söykənən tələblər təmin edilə bilməz. Göründüyü kimi, hüquq haqqında mübahisələrdə tələb edilən əşya üzərində tərəflərin hüquq sahibi olub-olmaması önəm kəsb edir və iddianın həllinə təsir göstərir. Hazırki halda isə sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından, irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı tələb irəli sürən zaman iddia tələbini onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsi Bələdiyyə tərəfindən ona verilmiş, torpaq sahəsi ona məxsusdur. İş materiallarından ümumiyyətlə torpağın bələdiyyə torpaqlarına aid olmadığı, dövlət mülkiyyətində olması müəyyən edildiyindən, bələdiyyənin həmin əraziyə sərəncam verməsi istisna olunur və İddiaçı tərəfindən bələdiyyə tərəfindən torpaq sahəsinin dair verilmiş çizgi, həmin torpaq sahəsi ilə üst-üstə düşmür. Bütün bu göstərilənlər bir daha göstərir ki, İddiaçı göstərilən torpaq sahəsi ilə bağlı iddia irəli sürməsi üçün subyektiv hüquqa malik deyildir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. V. Nəticə: Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia tələbi ərizəsi rədd edilsin. Dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş vəsait iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar