Məhkəmə qərarları › İş №2(008)-946/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-946/2023

10.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-946/2023 10.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, anası – 04 iyun 1958-ci il təvəllüdlü X4 06 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası – 04 iyun 1958-ci il təvəllüdlü X4 06 oktyabr 2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilində vəziyyəti pisləşmiş və onlar TTY çağırmışlar. Lakin TTTYS-nın həkim briqadası gələnə qədər artıq anası vəfat etmişdir və TTTYS-nın 1 saylı bölməsinin həkimi onlara yalnız ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdir. Anası xeyli vaxt idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi və Milli Onkologiya Mərkəzində kimya terapi, şüa və s. bu kimi müalicələr alırdı. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün yaşadıqları ərazinin 12 saylı şəhər poliklinikasına müraciət etmişdir. Lakin anası orada xəstə kimi qeydiyyatda olmadığına görə poliklinika onlara imtina məktubu verdi. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X5 ifadəsində bildirmişdir ki, X2 ilə Bakı şəhəri Nərimanov rayonu Böyükşor ünvanında qonşu olmuşdur, mərhum oğlu ilə orada yaşamış, ərizəçi isə Sabunçuda yaşayır. X2 iki ilə yaxın onkoloji xəstəlikdən əziyyət çəkirmiş, o, 06 oktyabr 2022-ci il tarixdə rəhmətə getmişdir, Rəhmətə gedəndə o, orada olmuş, yas mərasimlərində iştirak etmiş, mərhum Əhmədlidə dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X10 ifadəsində bildirmişdir ki, X2 ilə Bakı şəhəri Nərimanov rayonu Böyükşor ünvanında qonşu olmuşdur, mərhum oğlu ilə orada yaşamış, ərizəçi qardaşıgilə gəlib-gedirmiş, mərhum onkoloji xəstəlikdən əziyyət çəkirmiş, oktyabr ayının 5-i təcili yardım çağırmışlar, mərhum xəstəxanaya aparıldıqdan sonra geri qaytarılmış, oktyabr ayının 6-sı gecə 1-ə işləmiş rəhmətə getmişdir. Rəhmətə gedəndə o, orada olmuş, yas mərasimlərində iştirak etmiş, mərhum Əhmədlidə dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X12 ifadəsində bildirmişdir ki, X2 ilə Bakı şəhəri Nərimanov rayonu Böyükşor ünvanında uzun müddət qonşu olmuşlar, mərhum oğlu ilə yaşayırmış, mərhum oktyabr ayının 6-sı rəhmətə getmişdir. Mərhum onkoloji xəstəlikdən əziyyət çəkirdi. Yas mərasimlərində iştirak etmiş, mərhum Əhmədlidə dəfn olunmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - V-ЖГ seriyalı 474538 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X3, anası X6r. - 03/94 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1958-ci ildə doğulmuş X8 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Əhmədli qəsəbə qəbirstanlığında valideynlərinin yanında dəfn olunmuşdur. Hal-hazırda qəbirüstü daşı mövcuddur. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş 2788-05/15 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından ölüm faktını müəyyən etmək mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - qəbir daşının fotoşəklindən görünür ki, X8 xx.xx.1958-ci il tarixdə doğulmuş, xx.xx.2022-ci il tarixdə ölmüşdür. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Təcili və X7 Stansiyasının 06 oktyabr 2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X1 və X7 gələnə qədər ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X4 06 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X4 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 04 iyun 1958-ci il tarixdə Ermənistan Respublikasının Meqri rayonunda doğulmuş X4 06 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 04 iyun 1958-ci il təvəllüdlü X4 06 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar